Məhkəmə qərarları › İş №2(1-8)-984/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-984/2026

19.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-984/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, X5 ilə Cavabdeh arasında bağlanmış ##.##.2012-ci il tarixli nikah pozulduqdan sonra tərəflərin övladları X1, X2 və X6 anaları X5 yanında saxlanılmışdır.

2. ##.##.1990-cı il tarixli Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə *** nömrəli əmrə əsasən X4 fərdi ev tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır.

3. ##.##.2016-cı il tarixli etibarnaməyə əsasən mülkiyyətçi X4 və X7 Fatma Nazim qızına Abşeron rayon, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,10 ha torpaq sahəsindən yalnız 0,018 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi etibar etmişdir.

4. Hazırda mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazsisində yerləşən 3 otaqlı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə - 2016-cı ildə tikilmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, hüquqi statusuna görə özbaşına tikilidir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X2, ##.##.2018-ci il təvəllüdlü X6 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazsisində yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, evləndikdən sonra Sabunçu rayonunda cavabdehin qaçqın kimi olduğu evdə yaşayıblar. 2016-cı ilin iyun ayında isə mübahisəli evə köçmüşlər. Həmin ev 3 otaqlıdır və o 2021-ci ilin sentyabr ayınadək bu evdə yaşamışdır. 2021-ci ilin sentyabr ayında evdən könüllü çıxmışdır.

7. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev sənədsizdir. Təxminən 2014-cü ildə 1,8 sot torpaq üçün Tapdığa 9000 manat verilmişdir. Həmin torpaqdan ev tikməyə başlamış, 2016-cı ildə həmin evə köçmüşlər. 2021-ci ilin sentyabr ayınadək iddiaçı bu evdə yaşamışdır. Həmin ev 3 otaqlıdır. Iddiaçı özü evdən uşaqları ilə birgə könüllü getmişdir. 4 ildən çoxdur ki, iddiaçı barışıq istəməmişdir və evə köçmək üçün cəhd etməmişdir. Etibarnamə verilən zaman o Ağstafa rayonunda olduğuna görə bu səbəbdən Tapdıq etibarnaməni iddiaçının adına vermişdir. Özü yenidən evlənmək istəyir buna görə də iddiaçının mübahisəli evə köçürülməsinə razı deyildir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, iddiaçının atasıdır. Torpağı Tapdıqdan 9000 manata almışdır. Özü 2016-cı ildə evi tikməyə başlamış və təxminən 4-5 ay sonra tərəflər o evə köçmüşdür.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, iddiaçının qohumudur. Sözügedən ev 2016-cı ildə Nazim və Tapdıq tərəfindən tikilmişdi. Lakin pul veriləndə, materiallar alınanda o iştirak etməmişdir. Ev tikilən ildə, yəni 2016-cı ildə tərəflər həmin evə köçmüşdür.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bu evdə 4 ildir ki, yaşamır və bu müddət ərzində evə köçmək üçün heç bir cəhd etməmişdir. Məhkəmə cavabdehin yenidən ailə qurmağı planlaşdırdığını və iddiaçının 4 il ərzində evə köçməyə cəhd etmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin oluna bilməz.

12. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur ona görə ki, onun azyaşlı uşaqları ilə köçmək istədikləri yaşayış evi birgə nikah dövründə əldə edilmiş, torpaq sahəsini isə atası almışdır. Iş üzrə cavabdeh Cavabdeh onun köçmək istədiyi yaşayış evinin mülkiyyətçisi deyil, həmin yaşayış evi birgə nikah dövründə və onun atasının vəsaiti hesabına alınmış, bu barədə X7 ##.##.2016-cı il tarixdə Abşeron rayon, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,10 torpaq sahəsindən yalnız 0,018 ha torpaq sahəsinə ona notarial qaydada müvafiq etibarnamə verilmişdir. Bundan sonra isə, onunla atası tərəfindən yaşayış evinin tikilməsinə 26.000 manat vəsait xərclənmiş və o, ailəsi ilə birlikdə həmin yaşayış evində yaşamışdır. Onun cehiz əmlakları, geyim və qızıl-zinyət əşyaları hazırda da həmin yaşayış evindədir. Habelə, həmin evin kommunal xidmətlə bağlı müqavilələri onunla bağlanılmışdır. Hazırki vəziyyətdə, o, köçürülməsini tələb etdiyi yaşayış evinin mülkiyyətçisi olmasa da, faktiki olaraq həmin evin kömmunal xidmət haqqları onun adınadır. Eyni zamanda, cavabdehlə birlikdə həmin yaşayış evi üzərində gələcəkdə mülkiyyət hüquqlarını qeydə aldırmaq hüquqları vardır. Məhkəmə cavabdehin hüquqlarını qoruduğu kimi, onun hüquqlarını da qorumalı və ər-arvad arasında ayrı-seçkiliyə yol verməməlidir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazsisində yerləşən 3 otaqlı fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə tikilmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, hüquqi statusuna görə özbaşına tikili hesab olunur. Ona görə də mübahisəli evin birgə nikah dövründə tərəflərdən birinin adına qeydə alınması və ya müəyyən müddət ərzində yaşayış sahəsindən istifadə etməyən tərəfin bu hüququ itirməsi prizmasından çıxış etməklə mübahisənin həll edilməsi istisna olunur. Hazırkı mübahisə həll edilərkən mübahisəlifərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə tikildiyi, həmin tikilinin inşa olunmasında tərəflərin əməyinin və zəhmətinin (tam və ya hissəvi) mövcud olduğu nəzərə alınmalıdır

17. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək, mübahisəli tikilinin tərəflərin birgə nikah dövründə inşa edilməsinin iş üçün əhəmiyyətli hal olduğunu nəzərə almamış, əvəzində iddiaçının mübahisəli evdə 4 ilə yaxın müddət ərzində yaşamamasını əsas götürmüş, bu müddət ərzində evə köçmək üçün heç bir cəhd etmədiyini, habelə cavabdehin yenidən ailə qurmağı planlaşdırdığını qeyd edərək düzgün olmayan qənaətə gəlmiş, bununla da maddi hüquq normalarını səhv tətbiq etmişdir.

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iş üçün əhəmiyyəti olan halları düzgün araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun şəkildə qiymət verməmişdir.

19. Belə ki, tərəflərin birgə nikahından doğulmuş ##.##.2013-cü il təvəlldlü X1, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X6 münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı da iddiaçının mövqeyindən bəlli oldu ki, əslində onun həqiqi niyyəti heç də 20 il əvvəl tərk etdiyi yataqxana otağında yaşamaq ehtiyacı deyil, özəlləşdirilməsinə nail olmaq və bundan sonra digər nikah münasibətlərindən olan oğluna da hüquq tanıtmaq istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiası arasında ziddiyyət yaranır. Çünki, bu işləri görmək istədiyini bəyan etmək, məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan cavabdehlərlə ya məhkəmədən kənar həll edə bilərdi yaxud da indiyədək həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət etməli idi.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 35, 36.3, 37.1, 37.2-ci, Mülki Məcəllənin 164, 165, 166.3, 1801, 180.2, 180.3 və 560.1-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il № */**** saylı Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Qətnamədən cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən tikilinin tərəflərin birgə zəhməti və vəsaiti hesabna inşa olunduğunu müəyyən etsə idi belə iddiaçının sözügedən fərdi yaşayış evinə köçürülməsi barədə mövqe sözügedən Plenum qərarına (“Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024cü il tarixli) ziddir. Belə ki, Plenum qərarının formalaşdırdığı təcrübə ona əsaslanır ki, özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan tərəf digər tərəfdən ümumi əmlakın inşa olunmasına sərf olunmuş vəsaitin onun payına düşən hissəsini tələb etmək hüququ qazanır. Lakin, sözügedən plenum qərarı iddia tələbi əsasında şəxsin özbaşına tikiliyə köçürülməsinə dair bir hüquqi proseduru nəzərdə tutmamışdır. Işə baxan məhkəmə isə sözügedən plenum qərarını hazırki mübahisəyə düzgün tətbiq etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə tikilmiş və həmin tikilinin inşa olunmasında tərəflərin birgə əməyi və zəhməti (tam və ya hissəvi) mövcuddur. Iddiaçı sözügedən fərdi yaşayış evinin inşasına və torpağın alınmasına heç bir vəsait sərf etməmiş, sözügedən torapın alınması və evin inşasını cavabdeh öz şəxsi vəsaiti hesabına etmişdir. Həmçinin, iddiaçı 5 ildir ki, sözügedən evdə yaşamayan keçmiş ailə üzvü kimi həmin evdən istifadə hüququnu itirmişdir. Işə baxan apellyasiya instansiyası məhkəmə isə bu halları araşdırmamış və əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

27. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

28. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

29. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

30. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

31. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

32. Maddə 180.1-180.3. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

35. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

36. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).

37. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

38. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

39. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

40. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər..

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il № */**** saylı Qərarı.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Cavabdeh verilmiş kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar