Məhkəmə qərarları › İş №2(102)-1091/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1091/2019

20.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1091/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.10.2018-ci il tarixli 2(106)2606/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar rayon məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.ƏLiyev, iş № 2(022)-365/2018) İddiaçı Cavabdeh qarşı 43 baş dişi damazlıq qoyunun, 38 baş quzunun, onlar olmadıqda cəmi dəyərini təşkil edən 12.200 manatın cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh hər birinin orta bazar dəyəri 150 manat olan 43 baş ana qoyunun, onlar olmadıqda dəyərinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.B.Babayev, N.F.Mirzəyev və T.X.Heydərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci ilin avqust ayında ona məxsus 47 baş ana qoyunu və 6 baş keçini onların artımının aralarında bölünməsi şərti ilə saxlanılması üçün Cavabdeh verməsini, 2017-ci ilin iyul ayında heyvana baxmaq istədikdə cavabdehin heyvanl arı satmasını ona məlum olmasını və cavabdeh tərəfindən ona yalnız 5 qoyunun qaytarılmasını əsas göstərməklə cavabdehdən 43 baş dişi damazlıq qoyunun və yaxud onların dəyərini təşkil edən 6800 manatın, eləcə də 38 baş quzunun (artım kimi) və yaxud onların dəyərini təşkil edən 5320 manatın, cəmi 12.200 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmaların a baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin 7-ci səhifəsində olan 28 oktyabr 2017-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 16 yanvar 2015-ci il tarixdə İddiaçı bəhərə yarıbayarı şərik olmaq şərti ilə 48 baş ana qoyunu və 6 baş keçini saxlamaq üçün qəbul etdiyini, onlardan 5 baş ana qoyunu və 9 baş keçini 28 oktyabr 2017-ci il tarixdə İddiaçı təhvil verdiyini, hazırda İddiaçı məxsus 43 baş ana qoyunların 1 başının qiymətinin 150 manat olmasını etiraf etmişdir. Həmin qəbzi hər iki tərəf imzalamışdır. Cavabdeh kassasiya şikayətində qəbzi sərxoş vəziyyətindən istifadə olunmaqla ona imza etdirilməsini, əslində isə qoyunların əsasən xəstəlikdən tələf olmasını bildirsə də, kollegiya hesab edir ki, həmin dəlillər iş materialları ilə təsdiq olunmadığından əsaslı sayıla bilməz. Belə ki, işdə qoyunların həqiqətən də xəstəlikdən tələf olunmasını təsdiq edən heç bir sübut yoxdur. Qəbzin sərxoş vəziyyətindən istifadə edilməklə ona imzalatdırılması isə iddianın əsassız sayılması barədə nəticəyə gəlmək üçün əsas vermir. İş üzrə müəyyən olunmuş dur ki, mübahisə predmeti olan heyvanlar cavabdehin təklifi əsasında baxılması üçün ona verilmiş, lakin həmin heyvanlardan (qoyunlardan) yalnız 5-i iddiaçıya qaytarılmışdır. Qalan 43 baş qoyunu isə cavabdeh baxılması üçün qəbul etsə də onları iddiaçıya qaytarmamaqla öhdəliyinə əməl etməmişdir. Bununla əlaqədar kollegiya Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən normalarının tələblərinə əsaslanaraq, həmin heyvanların, onlar olmadıqda isə dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsini əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, qanunun tələblərinə və tərəflərin qarşılıqlı münasibətinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri onun lə ğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar