Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1110/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1110/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(103)-2765/2018 saylı qətnaməsindən Cavabdeh və vəkili X1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(056)-3422/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.N.Pənahov) İddiaçı Cavabdeh qarşı “əsas borca görə 15.000 manat, illik 5 faiz olmaqla faiz borcuna görə 1.500 manat, cəmi 16.500 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən əsas borca görə 15.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(103)-2765/2018 saylı qətnaməsi ilə (hakimlər T.X.Heydərov sədrlik edən, məruzəçi, N.F.Mirzəyev və Z.B.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sabirabad rayon məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X qətnamədən kassasiya şikayəti vermişlə r. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “əsas borca görə 15.000 manat, illik 5 faiz olmaqla faiz borcuna görə 1.500 manat, cəmi 16.500 manat pul tələbinə dair” iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, cavabdehə 01 may 2014-cü il tarixdə 15.000 manat borc pul vermişdir. Aralarında bağlanmış 20 oktyabr 2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh sözügedən pul məbləğini aldığını etiraf edərək 20 oktyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Aralarındakı borcun etirafı müqaviləsi notarial qaydada təsdiq edilməklə reyestrdə qeyd alınmışdır. Cavabdeh həmin məbləği qaytarmağı öhdəsinə götürsə də, pulu qaytarmaq istəmir, artıq telefonlara və çağırışlara cavab vermir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh və vəkili X məhkəmə iclasının vaxtı və yeri haqq ında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdehin iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş borcunun olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, iddiaçı qətn amə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir, cavabdeh isə kassasiya şikayətində qətnaməni iddia ərizəsinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehin kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki,20 oktyabr 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş “borcun etirafı haqqında” müqaviləyə əsasən cavabdehin iddiaçıdan 15.000 manat məbləğində borc pul aldığını etiraf etmiş və həmin pulu 12 ay müddətinə, yəni 20 oktyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Eləcə də işin 25 vərəqində olan yazılı ərizədən görünür ki, cavabdeh iddiaçının ona qarşı olan 15.000 manat pul tələbini qəbul etmiş və həmin hissədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında da iddiaçıya 15.000 manat borcunun o lmasını etiraf etmişdir (iş vərəq 27). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda mülki qanunverciliyin tələbinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci mad dəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və maddi hüquq normalarına əsaslanaraq cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsinə görə iddiaçı qarşısında 15.000 manat pul öhdəliyinin yaranması barədə düzgün qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda apellyasiya şikayətinin dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iclasda iştirak etmiş, iddianı qismən qəbul etmiş və bu barədə məhkəməyə yazılı ərizə vermi şdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri baxımından da əsassızdır. Belə ki, həmin maddənin mənasına görə, iddianın cavabdeh tərəfindən etiraf edilməsi iddianın təmin olunması üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edib hesab edir ki, o, kassasiya şikayətində iddiaçıdan 15.000 manat deyil, bütövlükdə 10.000 manat borc pul almasını göstərib iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edi r və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və vəkili X1 kassasiya şikayətitəmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli, 2(103)-2765/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1110/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1110/2019
26.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver