Məhkəmə qərarları › İş №2(102)-1162/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1162/2025

21.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1162/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2(103)- 6331/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisidir. Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanlarında yerləşən yaşayış evləri şəxsi mülkiyyət hüququ ilə İddiaçı (1/3 pay) və X3 (2/3 pay) adına onların paylarına uyğun olaraq qeydiyyata alınmış və 02 nömrəli reyestr kitabının 195-ci səhifəsində xx.xx.1985-ci il tarixdə 30/628 qeydiyyat nömrəsi ilə qeyd edilmişdir.

2. Cavabdeh (bundan sonra “cavabdeh”) ünvan 3 ünvanında qeydiyyatdadır, 2003cü ildən faktiki İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətində olan evdə yaşayır.

3. Cavabdeh iddiaçının oğlunu faktiki nikahda olan arvadıdır.

4. İddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını istəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən (bundan sonra “mübahisəli ev”) cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli evdə iddiaçı ilə birgə cavabdeh də yaşayır. Cavabdeh iddiaçının ailə üzvü deyil və onun evində pasport qeydiyyatına alınmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçıya məxsus yaşayış sahəsini tərk etməkdən imtina edir. Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdehin iddiaçının evində qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, əmlakına dair sərbəst sərəncam vermə, sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Yaranmış vəziyyət iddiaçının bir mülkiyyətçi kimi öz konstitusion hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsini zəruri etmişdir.

7. Cavabdeh iddiya etiraz edərək göstərmişdir ki, evdə 2003-cü ildən, yəni gəlin gəldiyi vaxtdan yaşayır. Əri ilə rəsmi nikahı yoxdur. Ötən ilin iyun ayına kimi iddiaçı onlarla yaşamayıb, çünki iddiaçı oğlu ilə yola getmirdi. Həmişə iddiaçı digər oğlu ilə yaşayıb, lakin sonradan həmin oğlu ilə də yola getmədiyi üçün oradan çıxıb bu evə gəlib. Heç vaxt iddiaçıya hörmətsizlik etməyib.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(004)-2419/2024 saylı, 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, cavabdehin ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. (hakim Fəridə Rzayeva)

9. Birinci instansiya məhkəməsi müəyyən etmi şdir ki, ünvan 1 (əvvəl: Bakı şəhəri, Serebrovskiy qəsəbəsi, Bazar küçəsi) ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğlu ilə faktiki münasibətlərə daxil olaraq 2003-cü ildə iddiaçının mənzilinə köçmüşdür. Tərəflər arasında bağlanmış, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamını təsbit edən, notarial qaydada təsdiqlənən yazılı razılaşma yoxdur. İddiaçı Konstitusiya ilə təsbit edilmiş və təminat altında olan mülkiyyət hüququndan tam şəkildə yararlana bilmir. Belə ki, cavabdeh buna hər hansı hüququ mövcud olmadığı halda iddiaçının mülkiyyətində olan mənzildə yaşayır, iddiaçının mənzili tərk etməsi tələbini yerinə yetirmir, nəticə etibarı ilə iddiaçı mülkiyyətində olan məzildən sərbəst şəkildə istifadə edə bilmir

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə ilə bağlı münasibətlər 2003-cü ildə yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə Mülki Məcəllənin aidiyyəti maddi hüquq norması olan 228ci maddəsinin müddəaları tətbiq edilməlidir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə yaşamasına haqq qazandıran müvafiq müqavilənin bağlanması və digər qanuni hallar aşkar edilmir. Belə ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiy yətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

12. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərtdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mənzilin mülkiyyətçisi olan iddiaçı ilə mənzildə yaşayan cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mü bahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır.

14. Birinci instansiya məhkəməsimövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157.4-cü, 228-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008- ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahsiəli evdə cavabdedhin vətəndaş nikahında olduğu əri və iki uşağı da yaşayır. Uşaqlardan biri yetkinlik yaşına çatıb, bir hələ çatmayıb. İddiaçının məntiqinə görə onunla yaşayan cavabdehin ailə üzvləri deyil, yalnız cavabdeh maneə törədir. Dirə ailə üzvlərinin çıxarılması bu iddianın predmeti deyildir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin öhdəsində yetkinlik yaşına çatmayan X4 vardır. Beləliklə, məhkəmə faktiki olaraq kompensasiya ödəmədən yetkinlik yaşına X2 istifadə hüququna xitam vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2(103)-6331/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2419/2024 saylı, 20 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir. (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Xumar Mərdanova)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə mənzildə yaşayan cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yara nmadığından birinci instansiya məhkəməsi mənzilin mülkiyyətçisi olan iddiaçının tələbi əsasında onun həmin mənzildən çıxarılması barədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə uyğun olaraq cavabdehin həmin mənzildən istifadə hüquqlarının mövcud olmadığı qənaətinə gəlinməli və mülkiyyətçinin tələbi təmin edilməlidir. Uşaqların da yaşayış yerləri qanunu nümayəndələri olaraq analarının yanında müəyyən edildiyindən onun çıxarıldığı halda onunla birlikdə qalmalıdırlar.

20. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyə ti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsini tətbiq etdiyi eyni maddi hüquq normalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin və ona etirazın dəlilləri

22. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellaysiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, işə baxan məhkəmə mübahis əli mənzildə cavabdehin vətandaş nikahında yaşadığı həyat yoldaşı X5, birgə nikahdan olan uşaqları yetkinlik yaşına çatmış X4 və X1 yaşamasına, onların bir ailə olması faktına əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmi n hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən madd i və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndi rmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

32. Belə ki, iddia tələbi cavabdehin mənzildən çıxarılması barədədir. İddiaçı cavabdehin heç bir hüququ olmadığı halda onun mülkiyyətində olan evdə yaşmasına, bununla da onun mülkiyyət hüququna maneə yartmasına istinad etmişdir.

33. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə də cavabdeh buna hər hansı hüququ mövcud olmadığı halda iddiaçının mülkiyyətində olan evdə yaşayır, cavabdeh iddiaçının mənzili tərk etməsi tələbini yerinə yetirmir, nəticə etibarı ilə iddiaçı mülkiyyətində olan məzildən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdehin mübahisəli mənzildə yaşamasına haqq qazandıran müvafiq müqavilənin bağlanması və digər qanuni halların mövcudluğu aşkar edilmir. Halbuki Mülki Məcəl lənin Maddə 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

34. Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Cavabdehin mübahisəli evə 2003-cü ildə köçməsi, həmin evin elə zamandan iddiaçının mülkiyyətində olması müəyyən edildiyi üçün qanunvericiliyin tələbinə görə həmin münasibətlərə 2000-cu il 01 sentyabrdan qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsiinin tətbiq edilməsini məhkəmə kollegiyası düzgün sayır. Üstəlik, iddiaçı mülkiyyətçi olaraq mülkiyyətinə yaranan maneəyə son qoymağı tələb edə bi lər.

36. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddia tələbinin təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

37. Məhkəmə kollegiyası cavabdehin Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmələr hüquq münasibətinin 2003-cü ildə yaranmasını, yəni cavabdehin mübahisədə adı keçən evə 2003-cü ildə gəlməsini, həmin vaxt bu evin iddiaçının mülkiyyətində olmasına müəyyən ediblər. Buna görə də mübahisəyə həmin vaxt tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qiymət verilməsi həm prosessual qanunvericiliyin, həm də analoji işlərdə hansı hüququn tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlərdə ifadə edilmiş hüquqi mövqeləri baxımından düzgün olmuşdur.

38. Cavabdehin istinad etdiyi Mənzil Məcəlləsi isə 2009-cu il 01 oktyabrdan sonra yaranmış hüquq münaisəbtlərinə şamil edilir ki, hazırki işdə də bu münasibətlər həmin vaxtadək, yəni 2003-cü ilə qədərki dövrdə yaranıb. Buna görə də qeyd edilən Mənzil Məcəlləsinin normaları hazırkı işdə tətbiq edilə bilməzdi və bunu tətbiq etməməklə də məhkəmələr düzgün nəticəyə gəlmişlər.

39. Mübahisəli evdə cavabdehdən başqa, digər şəxləsirin də yaşaması, məhkəmələrin bu hala diqqət yetirməməsi barədə dəlilə gəldikdə isə, bu dəlil hazırki iddia tələbinin hər hansı başqa formada həllinə təsir göstərmir.

40. Bu baxımdan, kassasiya şikayətinin dəlilləri əsassız dır.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6331/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar