Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1173/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik, qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr, birinci növbədə vərəsələr, birgə nikah dövründə əldə edilmiş əmlak, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə q arşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1536/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Baxılan iddia, iddiaçıların mərhum atasından qalmış mirasın bölünməsi barədədir.
2. İddiaçıların valideynləri X9 və X1 nikahda olmuş və onların nikahı 2**2-ci ildə pozulmuşdur.
3. Bundan sonra Yaşar İbrahimov 2**4-cü ildə iş üzrə Cavabdeh2 ilə nikaha daxil olmuş, həmin nikahdan 2**9-cu ildə İbrahimova Şəlalə adlı uşaqları doğulmuşdur.
4. Yaşar İbrahimov xx.xx.2021-ci ildə vəfa t etmişdir. 5. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi (bundan sonra – mübahisəli ev) 16.10.2**7-ci ildə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsasında tam mülkiyyət hüququ ilə Yaşar İbrahimova məxsus olmuşdur. Həmin əmlak, 18.09.2**7-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 2**3-cü ildə vəfat etmiş atası X3 ona keçmişdir.
6. Cavabdeh2 Yaşar İbrahimovdan miras qalmış evdən və torpaq sahəsindən payının müəyyən edilməsi üçün notariat ofisinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, mübahisəli əmlak Yaşar İbrahimovla cavabdehin birgə nikah dövründə əldə etdiyi əm lak kimi qiymətləndirilərək əmlak üzərində 5/8 hissədə Cavabdeh2, 1/8 hissədə isə X2 payı müəyyən edilmiş, 2/8 hissə isə açıq saxlanılmışdır.
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 müraciəti əsasında xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə miras əmlakın açıq saxlanılmış hissəsi hər birinə 1/8 hissə olmaqla iddiaçılar arasında bölünmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 2V230, 2V-232 və 2V-251 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mübahisəli ev üzərində paylarının bərabər müəyyən edilməsinə dair qətnamə çıxarılmas ını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev X5 mülkiyyətinə valideynlərindən vərəsəlik əsasında keçmişdir və onun mülkiyyətində olmuşdur. İddiaçılar həmin evdə doğulmuş və ataları analarından boşanan günədək, yəni 24.12.2**2-ci ilədək həmin evdə yaşamışlar. Valideynləri ayrıldıqdan sonra iddiaçılar analarının himayəsində yaşamışlar. İddiaçılar Yaşar İbrahimov vəfat etdikdən sonra xx.xx.2022-ci ildə Bərdə Regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə gələrək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edərkən, onlara məlum olmuşdur ki, atasının ikinci arvadı Cavabdeh2 və övladı X6 xx.xx.2022-ci il tarixdə miras əmlakın 6/8 hissəsini qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Notarius demi şdir ki, mübahisəli əmlak onların atalarının mülkiyyətinə 16.10.2**7ci il tarixdə keçdiyindən və həmin dövrdə ikinci arvadı ilə nikahda olduğundan miras əmlakın 4/8 hissəsi onundur, qalan 1/8 hissə isə yenə onun və 3 uşağın arasında bölünmüşdür. Lakin həmin ev mərhum atalarının valideynlərindən miras qaldığından, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmir. Bu barədə notariusa bildirsələr də, notarius onların haqlı tələbinə məhəl qoymayıb onların hər birinə 1/8 hissədə paya dair şəhadətnamə vermişdir. Miras qoyanın mülkiyyətində olan 1998-ci il buraxılışlı VAZ-21061 markalı avtomaşın həqiqətən ikinci arvadı ilə birgə nikah dövründə əldə edildiyindən həmin avtomaşın üzərində paylarının 1/8 hissəsi ilə razıdırlar. Ancaq fərdi yaşayış evi atalarına valideynlərindən miras qaldığınd an həmin əmlak üzərində payları bərabər hesab olunmaqla, hər birinə 1/4 hissə pay verilməlidir.
10. Cavabdeh, eyni zamanda X2 qanuni nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılar həmin evdə yaşamamışlar. Ərinin ölümündən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmiş və fərdi yaşayış evinə 5/8 hissə onun, 1/8 hissə qızı X2 mülkiyyət hüququ tanınmış, 2/8 hissə isə X5 mülkiyyətində saxlanılmışdır. Həmin yaşayış evində yaxşılaşdırma işləri aparmış, evi təmir etmişdir. Ona görə də hesab edir ki, iddiaçıların tələbləri əsassızdır.
11. Bərdə Rayon Məhkəməsinin 2(021)-2405/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Məhərrəm Allahverdiyev) iddia tələbi təmin edilərək, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofi si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş, X5 mülkiyyətində olmuş, Bərdə şəhəri, Füzuli küçəsi 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 70 kv.m yaşayış, 107.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə Cavabdeh2, 1/4 hissəsinə X2 vərəsəlik hüquqları tanınması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, dörd otaqdan ibarət yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak o lmamış, X5 mülkiyyətinə atasından vərəsəlik qaydasında 18 sentyabr 2**7ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında keçmişdir. Bu səbəbdən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, mübahisəli ev üzərində tərəflərin bərabər payları müəyyən edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1151.1, 1151.2, 1159, 1160, 1243, 1246-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməmiş, nə də mirası qəbul etməmişlər. Bu səbəbdən, onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etməli, daha sonra notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalı, yalnız bundan sonra vərəsə kimi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli idilər. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçılarin 2**2-ci ildən sonra nə ataları X9 ilə, nə də hazırki mübahisənin predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaqla heç bir əlaqələri olmamış, həmin vaxtdan Mingəçevir şəhərində analarının yanında və himayəsində yaşamışlar. Məhkəmə həmçinin nəzərə almamışdır ki, o Yaşar İbrahimovun həyat yoldaşı olduğu üçün mübahisəli əmlakda onun ½ hissə payda məcburi payı vardır.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1536/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanovun sədrliyi və məruzəsi ilə, İslam Həsənov və Afiq Hüseynzadədən ibarət tərkibdə).
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, işin 108-109-cu vərəqələr ində olan iddiaçıların notariat ofisinə yazdıqları xx.xx.2021-ci il tarixli ərizələrlə müəyyən edilir ki, onlar xx.xx.2021-ci ildə vəfat etmiş ataları X4 qalmış mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmişlər və bununla da cavabdeh tərəfin iddiaçıların mirası qəbul etməmələrinə dair dəlili təkzib olunmuşdur.
18. Bu səbəbdən, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli ev birgə nikah dövründə əldə edilmiş əmlak olmadığından, həmin əmlak üzərində 4 nəfər vərəsənin bərabər pay hüququ vardır.
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1243, 1255-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 (Vəkil 2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayət apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli evin Yaşar İbrahimova atasından miras olaraq keçməsi mötəbər sübutlarla əsaslandırılmamışdır.
22. Kassasiya şikayətinin digər dəlilinə görə, iddiaçıların xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin həqiqiliyi məhkəmələr tərəfindən araşdırılmamışdır.
23. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2, 1243, 1246, 1291, 1299-cu, həmçinin Azərbaycan Respublikası MPM-in 14.2, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
28. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
29. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
31. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbəd ə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);...
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1247. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
35. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
36. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
37. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
38. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hə ddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassasiya şikayətinin dəlillə rində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
51. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
52. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
53. Bu mənada mirasın kütləsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Ona görə də mirasın bölünməsi tələblərində həll olunmalı məsələlərdən biri – mirasın nədən ibarət olması, yəni mirasın kütləsinin müəyyən olunmasıdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay da daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəliklər i və sairdir.
54. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
55. İşə baxmış məhkəmə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini Yaşar İbrahimovdan qalmış mirasın kütləsinə aid etmişdir. Çünki həmin əmlak, Yaşar İbrahimovun atası X7 məxsus olmuş, 2**3-cü ildə Qiyas İbrahimov vəfat etdikdən sonra 18.09.2**7-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Yaşar İbrahimovun mülkiyyətinə keçmiş və onun mülkiyyət hüququ 16.10.2**7-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin mübahisəli evi miras qoyanı n ayrıca mülkiyyəti hesab etməsi, Ailə Məcəlləsinin 34.1-ci maddəsini tələblərinə uyğundur.
56. Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, mübahisəli evin Yaşar İbrahimova atasından miras olaraq keçməsi mötəbər sübutlarla əsaslandırılmamışdır. Kassatorun bu dəlili əsassızdır. Çünki yuxarıda qeyd olunduğu kimi miras əmlak kimi tanınmış ev üzərində mərhum Yaşar İbrahimovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya ə ldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
57. Bundan başqa, kassator dəlillərində “iddiaçıların xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin həqiqiliyinin araşdırılmadığını” göstərmişdir. Lakin kassatorun bu dəlilinin özü əsaslandırılmayıb. Kassator bu şəhadətnamələrin həqiqiliyini məhz nəyə əsasən şübhə altına aldığı müəyyən deyil.
58. İddiaçıların mirası qəbul etməməsi barədə kassatorun dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd edilmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarını n pozulmasına səbəb olar.
59. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
60. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
61. Göründüyü kimi vərəsəlik hüququ (miras əmlakdan pay almaq hüququ) xüsusi qəbul müddətinə bağlı tutulmur. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu qayda həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və h azırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.
62. Kollegiya həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1536/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.