Məhkəmə qərarları › İş №2(102)-1194/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1194/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1194/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-11321/2019 saylı qətnaməsindən iddiaçı “X3” Bakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.A.Qasımov, iş № 2(010)-2248/2019) iddiaçı “X3” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2009-cu il tarixdə bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik istifadə dərəcəsi 22 faiz olmaqla 40.600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bununla əlaqədar ipoteka müqaviləsi bağlanmış və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Borclu öhdəliyinin icrasını lazımınca təmin etmədiyi üçün 2010-cu ildə bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borca görə 37.789,19 manat tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmişdir. 2019-cu ilin mart ayında bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit borcunun tutulmasına dair qətnamənin indiyə kimi icra olunmamasını, həmin borcun xx xxx 2010-cu il tarixə kimi hesablanmasını, göstərilən vaxtdan xx xxxxxx 2019-cu il tarixə kimi keçən 104 ay ərzində Mərkəzi Bankın müəyyən etdiyi 5 faizin hesablanmaqla həmin müddət üçün cavabdehin banka 14.190,27 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin cavabdehdən bankın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, qanunun qüvvəsinin düzgün tətbiq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçın ın nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx x xxx 2009-cu il tarixli Qərarına əsaslanaraq cavabdehlərə qarşı hazırkı iddia tələbini qaldıraraq öhdəliyin vaxtında icra edilməməsi nəticəsində yığılmış faiz borcunun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə öd əyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, ö hdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında həmçinin yeni – tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqav iləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-nin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyinin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyi və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyi, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yeti rərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Apellyasiya instansiyası məhkəməsi qətnamənin icraya yönəldilməsindən sonra müvafiq icra hərəkətlərinin yerinə yetirilməsini və ipoteka predmetinin hərraca çıxarılmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehlərin qətnaməni icra etməkdən boyun qaçırmaları, eləcə də qətnamənin qərəzli olaraq icra edilməməsi nəticəsinə gəlmək üçün əsaslar yoxdur və bu səbəbdən onlar Mülki Məcəllənin 449.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilməzlər. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar