Məhkəmə qərarları › İş №2(102)-1222/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1222/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1222/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2757/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnamə sindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(060)-10650/2015 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank) hazırkı iş üzrə Cavabdeh, habelə X2 və xxx qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Bankla Cavabdeh arasında bağlanmış 08 dekabr 2012-ci il tarixli və 17 sentyabr 2014-cü il tarixli kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər Cavabdeh və xxxxBankın xeyrinə 08 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 17.043,63 ABŞ dollarının, 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 15.318,55 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi, mənzil satıldıqdan sonra orada yaşayan şəxslərin 1 ay ərzində mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İpoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 39/04 nömrəli protokol və “Hərracın yekunları üzrə əmla kın alqı-satqısı” barədə 20 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 7, mənzil 45 (bundan sonra – mübahisəli mənzil) 31.875 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.7-ci maddəsinə əsasən Bank tərəfindən əldə edilmişdir. Hazırda mübahisəli mənzil Bankın mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh və X3 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsas landırılmışdır ki, mənzil Bankın mülkiyyətindədir. Cavabdehlər mənzildə pasport qeydiyyatındadırlar. Onların mənzildə qeydiyyatda qalması mənzillə bağlı bir sıra hüquqların həyata keçirilməsində çətinliklər yaradır. Cavabdehlərin formal qeydiyyatı ilə əlaqədar Bank əlavə mənzil və kommunal xərcləri ödəməyə məcbur olur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, cavabdeh Banka olan borcundan ödəniş etmişdir. Maddi vəziyyəti ağır olduğu üçün borcunu ödəyə bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-3621/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia t əmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlərin Banka heç bir aidiyyətı yoxdur, cavabdehlər mənzilin əvvəlki sakinidirlər və onların həmin mənzildə qalması mülkiyyətçinin maraqlarına ziddir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli və onlar mənzildən çıxarılmalıdırlar. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.4, 385.1, 442, 448.1, 572.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-ci, “İpoteka haqqında” Qanunun 59.3-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğvini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2757/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnam əsi apellyanta aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qeyri-obyektiv, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qətnamə işin hallarına uyğun deyildir və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Cavabdehin mübahisəli mənzildən başqa yaşayış yeri yoxdur. İddianın təmin olunması Konstitusiya ilə təsbit edilmiş layiqli həyat səviyyəsinin təmin edilməsi prinsipinin pozuntusu ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29). Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamanda kassasiya şikayət ində istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” hazırkı işə tətbiq edilə bilməz. Çünki Siyahının qeyd hissəsində onun ipoteka ilə yüklü edilmiş əmlaklara şamil edilmədiyi birbaşa göstərilmişdir Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 2(105)-2757/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar