Məhkəmə qərarları › İş №2(102)-1260/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1260/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1260/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair 21.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1680/2024 nömrəli mülki iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında qohumluq münasibətləri olmuş, İddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd “CD” diskdə olan səs yazılarına əsasən, Cavabdeh İddiaçı 3.000 manat borcunun olması müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.000 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh XX ilə 5 il 6 ay ərzində ünvan 1 ünvanda yerləşən məntəqədə ət kəsimi və satışı ilə məşğul olmuşlar. Aralarında olan qarşılıqlı razılığa görə iri və xırda buynuzlu malı kəsərək ona vermişdir. Bu müddət ərzində ümumilikdə 872 iri buynuzlu, 830 ədəd isə xırda buynuzlu mal kəsərək ona vermişdir. Bunun müqabilində cavabdeh ona heç zəhmət haqqı verməmişdir. Nəzərə çatdırır ki, bu iri və xırda buynuzlu malı kəsərək cavabdehə vermiş cavabdeh isə sataraq gəlir əldə etməklə ona borcunu qaytarırdı. Lakin, sonra zamanla cavabdehlə aralarında yaranan narazılıqdan sonra cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Aralarında olan razılığa görə cavabdeh ona 11 min manat ticarət işindən borclu qalmış, 2 min manat isə sonradan nağd şəkildə verdiyi borc məbləğir. Ümumilikdə cavabdehin ona 13.000 manat məbləğində borcu var. Dəfələrlə ondan borcunu tələb etdikdə cavabdeh həmin məbləği tövlə xərci hesablamışdır. Halbuki, cavabdehə tövlə haqqı olaraq 19.600 manat pul ödəmişdir. Onu da bildirmişdir ki, cavabdehdən dəfələrlə borcunu tələb etməyinə baxmayaraq o, müxtəlif bəhanələr gətirdiyi üçün məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh göstərmişdir ki, iddiaçı onun qohumudur. 2017-ci ildə Bakı şəhərində birlikdə ət mağazası və tövləni 500 manata icarəyə götürərək şərik işləmişlər. 2 ay şərik işlədikdən sonra ayrılmışlar. Bundan sonra iddiaçı heyvan gətirərək kəsib ona satmış, o isə əti mağazada satdıqdan sonra onun pulunu ödəmişdir. 2017-ci ildən 2023-cü ilin aprel ayına qədər bu cür işləmişlər. Hər gün iddiaçıdan 150-180 kq nisyə ət almı şdır. Hər ayın sonunda iddiaçı ilə hesablaşmış və iddiaçıdan hər ay təxminən 15 baş dananı nisyə almış, dananın hər birinin qiyməti 1.500 manat ətrafında olmuşdur. 2023-cü ilin aprel ayında mağaza bağlanmış və iddiaçıdan ayrılmışdır. Həmin vaxt onun nisyədə 6.000 manat pulu olmuşdur. Bu səbəbdən nisyədən pulu alıb 3.000 manatı iddiaçıya verəcəyi barədə telefonda demişdir. 2023-cü ilin mart ayında iddiaçı nisyə olaraq 11 baş iri buynuzlu heyvan almış və pulunu ödəmişdir.

5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1129/2024 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın təmin edilərək, cavabdehdən 13.000 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat, cəmi 13.130 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir k i, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 21.319 manat dəyərində nisyə olaraq 11 baş iri buynuzlu heyvanları satmaqla üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam olaraq ödəməmiş və 13.000 manat borclu qalmaqla öhdəliklərini icra etməmişdir. Beləliklə, cavabdeh Mülki Məcəllənin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan məlum olmuşdur ki, 2017-ci ildən 2023-cü ilin mart ayına qədər tərəflər arasında nisyə alqı-satqı olmuş, hər ayın sonunda onlar hesablaşmışlar. İddiaçı cavabdehə 2023-cü ilin mart ayında 21319 manat dəyərində iribuynuzlu mal satmışdır. Cavabdeh məhkəmədə izahat verərkən 11 baş malı 2023-cü ilin mart ayında iddiaçıdan aldığını etiraf etmiş, lakin pulunu ödədiyini sübut edə bilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 567 və 600.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 124cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının vermiş olduğu ifadəsini əsas götürsə də orada olan uyğunsuzluğa fikir verməmişdir. Belə ki, iddiaçı qeyd etmişdir ki, guya o mağazanın və tövlənin saxlanması üçün 19.600 manata yaxın pul ödəmişdir. Halbuki, həmin vaxt tövləyə görə ödənilən icarə haqqı 200 manat mağazaya görə isə 300 manat olmuşdur. Mağazaya görə cavabdeh tövləyə görə isə iddiaçı icarə haqqı ödəmişdir. İcarə haqqını isə cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən verilmiş izahatdan da görünmüşdür ki, cavabdeh borcu olmadığını iddiaçıya bildirmiş və qeyd etmişdir ki, iddiaçıya borcu yoxdur sadəcə onun dediyi pul icarə haqqı kimi ödənilmişdir. İddiaçı isə izahatında guya 5 il 6 ay müddətində 19.600 manat icarə haqqı ödədiyini bildirib. Halbuki, 200 manat ayda icarə haqqı ödənilmişdirsə bu 5 il 6 ay müddətində 19.600 manat etmir. Onun ödəyəcəyi 200 manat pul onun qeyd etdiyindən az məbləğ təşkil edir. Cavabdeh tərəfindən verilmiş izahatda qeyd edilib ki, onun iddiaçıya heç bir borcu yoxdur sadəcə iddiaçı icarə haqqının verilməsi üçün xərclənmiş pulu istəmiş o isə onu verməkdən imtina etmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, həmin vaxt iddiaçı heyvanları tövlədə saxlamış və buna görə icarə haqqı ödənilmişdir. Məhkəmə tərəfindən istinad edilən səs yazısı isə yarımçıq formada olmuş və onun sonları kəsilmişdir. İddiaçı guya orada söyüş olduğunu qeyd etmiş lakin orada heç bir söyüş olmamışdır. Sadəcə sonda ona xeyri etməyən fikirlər olduğunda həmin hissəni kəsmişdilər. Həmin səs yazısından da göründüyü kimi orada 13 mindən söhbət getmir. Cavabdeh qeyd etmişdir ki, həmin vaxtı onda tərəflərin arasında olan mübahisə ilə bağlı soruşulmuş və cavabdeh qeyd etmişdir ki, onlar arasında olan borc 3000 manat olan borcunu nisiyəsi olsa da həmin nisiyəni almadan özündə iddiaçıya olan pulunu qaytardığını bildirmişdir. Sadəcə həmin səs yazısı kəsildiyindən orada olan fikirləri tam olaraq müəyyən etmək mümkün deyildir. Bundan başqa birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçıdan 11 baş heyvan aldığınl etiraf etmiş və bunu iddianın sübut edilməsi ki mi qiymətləndirmişdir. Halbuki, həmin heyvanın alınması hələ onun pulunun ödənilməməsi anlamına gəlmir. Cavabdeh tərəf hesab edir ki, məhkəmə tərəfindən diskdə olan natamamlıq araşdırılmamış və sonda yalnış nəticəyə gəlinmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1680/2024 nömrəli mülki iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və M.Ə.Mustafayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, cavabdehdən 3.000 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manatın tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

12. Apellyasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki işdə mübahisə nisyə verilmiş iribuynuzlu mal qaranın dəyəri olan məbləğin qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bu baxımdan sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə verilmiş əmlaka görə qalan borc məbləğinin verilməsi və verilən pulun məbləğini id diaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəf pulun verilməsinə dair sübutlarını, yəni Cavabdeh pulu qaytarmamasına dair səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sübutla müəyyən edilmişdir ki, cavabdehin aldığı mala görə yaranmış 3000 manat borcun qaytarılmaması sübuta yetirilmişdir. Bununla belə Cavabdeh sonradan həmin pulu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu kollegiyaya təqdim etməmişdir. Belə ki, məhkəmə kollegiyasına iclasında iddiaçının və cavabdehin razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları və iddiaçının telefonu vasitəsilə təqdim edilmiş audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları”ndan ümumilikdə müəy yən olunmuşdur ki, cavabdehin aldığı nisyə mala görə yaranmış borcu iddiaçıya cəmi 3000 manatdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş “səs yazısı”nda cavabdeh tərəfindən 3000 manat borcun olması mübahisələndirilməmiş və həmin borcun hissə-hissə olaraq ödənilməsi bildirilmişdir. Göründüyü kimi, həmin səs yazısında tərəflər arasında 13.000 manat məbləğində borcun olması və ya həmin məbləğin cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilməmişdir. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazıları”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-b irinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər. İşin müəyyən olunmuş halları iddianın qismən təmin edilməsini şərtləndirir. Belə ki, cavabdeh qeyd edilən səslərdə 3000 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq iddia tələbini tam həcmdə təmin etmişdir. Cavabdeh isə ümumiyyətlə borcunun olmadığı və pulu tam qaytardığını bildirmişdir. Lakin, həmi n pulların qaytarılmalı olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 385.1, 386.1, 567, 600.1 və 600.4-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına, habelə MPM-in 14.1, 14.2, 77.1, 88, 106.1, 119.1, 217.3, 218.1, 218.3, 384, 385 və 388-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və o na qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 567, 600.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına, MPM-in 14.1 və 14.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, dəfələrlə cavabdehlə əlaqə saxlayaraq pulunu tələb etsə də, o müxtəlif bəhanələr gətirərək öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Apellyasiya instansiyası məhkəmə si maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi hərtərəfli araşdırmamış, məhkəməyə təqdim etdiyi səs yazılarına və digər mötəbər sübutlara əsaslanaraq onun xeyrinə qətnamə qəbul etməli oldugu halda bunu etməyərək ədalətsiz qətnamə qəbul etmışdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müd dətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəs ində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudularında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məh kəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə mübahisə nisyə verilmiş iri buynuzlu mal qaranın dəyəri olan məbləğin qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bu baxımdan sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə verilmiş əmlaka görə qalan borc məbləğinin verilməsi və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

38. İddiaçı, pulun verilməsinə dair sübutları, yəni cavabdehin pulu qaytarmamasına dair səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sübutla müəyyən edilmişdir ki, cavabdehin aldığı mala görə yaranmış 3.000 manatın qaytarılmaması sübuta yetirilmişdir. Bununla belə cavabdeh həmin pulu iddiaçıya qaytarması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları və iddiaçının telefonu vasitəsilə təqdim edilmiş audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları” ilə müəyyən olunmuşdur ki, cavabdehin aldığı nisyə mala görə iddiaçıya olan borcu 3.000 manat təşkil edir.

39. İddiaçı tərəfindən sübut kimi təqdim edilmiş “səs yazısın”da cavabdeh tərəfindən 3000 manat borcun olması mübahisələndirilməmiş və həmin borcun hissə-hissə olaraq ödənilməsi bildirilmişdir.

40. Göründüyü kimi, həmin səs yazısında tər əflər arasında 13.000 manat borcun olması və ya həmin məbləğin cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almayaraq iddia tələbini tam həcmdə təmin etmişdir.

41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(104)-1680/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar