Məhkəmə qərarları › İş №2(102)-1266/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1266/2023

14.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1266/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh3 və q. qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətini verən şəxsin tələbi göstərilməyibsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il ta rixli, 2(006)-xx/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-574/2022 nömrəli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(102)-3143/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2021-ci il tarixli, 2(103)-574/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022- ci il tarixli, 2(103)-xxxx/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(006)-xx/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək ipotekanın ilkin satış qiyməti 76.500 manat müəyyən edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək (vəkil və nümayəndə Vəkil tərəfindən imzalanmışdır) Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)5799/2022 saylı qətnaməsini ləğv edərək kassasiya şikayətinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməlidir. -417-ci maddəsində kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri göstərilmişdir. Həmin maddəyə əsasən: 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yax ud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər; 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya kollegiyası kassasiya şikayətini öyrənərkən müəyyən etmişdir ki, kassasiya şikayəti verən şəxs tələbini aydın göstərməmişdir. Azərbaycan Respublikasının MPM-in 417-ci maddəsinin təhlilindən məlum olur ki, kassasiya şikayəti verən şəxs şikayətində apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini tələb edərkən MPM-in 417.1.3-417.1.6-ci maddələrində göstərilmiş prosessual hərəkətlərdən də hansının (məs., apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi kimi) edilməsini istədiyini tələbində göstərməlidir. Lakin buna baxmayaraq kassasiya şikayəti verən şəxs tələbini “Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(103)-5799/2022 saylı qətnaməsini ləğv edərək kassasiya şikayətinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi” kimi ifadə edərək kassasiya şikayətinin məzmununa dair tələbə riayət etməmişdir. Azərbaycan Respublikasının MPM-in 408.1.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab verməməsi kassasiya şikayətinin qaytarılması əsası kimi qeyd edilib. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələbinə cavab verməyən kassasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasla r yoxdur. Odur ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(103)-xxxx/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş (vəkil və nümayəndə Vəkil tərəfindən imzalanmışdır) kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar