Məhkəmə qərarları › İş №2(103)-4844/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4844/2025

08.08.2025 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4844/2025 08.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı iş üzrə (açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Məhkəmə katibi Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-7/2025 nömrəli qətnaməsindən BOA Agency ASC-in apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçı1 ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 153315-1- 17977 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixə banka borclu olduğu 20.190,85 ABŞ dolları məbləğində əsas borc, 2.445,58 ABŞ dolları məbləğində faiz borcu, 123,40 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə isə 22.759,83 ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Optima” minik markalı, qara rəngli, mühərrik G4NADH705346, ban KNAGN419BD5416588 olan **-FM-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsatin İddiaçı1 ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-7/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. BOA Agency ASC xx.xx.2025-ci il tarixdə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçı "xxxx" (Azərbaycan) ASC-in hüquqi varisi BOA Agency ASC ilə əvəz edilməsini xahiş etmişdir. BOA Agency ASC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-7/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verib qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 362. Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-7/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti işdə iştirak etməyən BOA Agency ASC tərəfindən verilmişdir. Mülki işin materiallarından daha sonra müəyyən olunur ki, BOA Agency ASC xx.xx.2025-ci il tarixdə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçı "xxxx" (Azərbaycan) ASC-in hüquqi varisi BOA Agency ASC ilə əvəz edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi bu ərizəyə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə iclasında baxmadan və müvafiq qərardad qəbul etmədən, ona ünvanlanan ərizəni iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Apellyasiya şikayətinin ilkin mərhələdə mümkünlüyünü yoxlamaq vəzifəsi daşıyan birinci instansiya məhkəməsi isə ona ünvanlanan ərizəyə münasibət bildirmədən işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 58, 361, 363, 364, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(008)-7/2025 nömrəli qətnaməsindən BOA Agency ASC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar