Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-365/2026 03.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli 2(036)-37/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Bağırov Elşən Əli oğlunun ərizəsinin təmin edilməməsinə dair İmişli Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli 2(036)-37/2017 qərardadından verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli 2(036)-37/2017 saylı qətnaməsi ilə Əsgərov Fəxrəddin Mislim oğlu, Əskərov Amid Əliqulu oğlu, Bağırov Elşən Əli oğlu və Süleymanov Hüseynəli Rəcəb oğlundan müştərək qaydada 16130,65 ABŞ dolları məbləğində əsas, 4995,99 ABŞ dolları faiz, 7440,24 ABŞ dolları cərimə borcu, cəmi 28566,88 ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “AccessBank” QSC-nin xeyrinə verilməsi qət edilmişdir. Bağırov Elşən Əli oğlu İmişli Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 16.01.2017-ci il tarixli qətnaməsinə əsasən ondan, Əsgərov Fəxrəddin Mislim oğlundan, Əskərov Amid Əliqulu oğlundan və Süleymanov Hüseynəli Rəcəb oğlundan müştərək qaydada 16130,65 ABŞ dolları əsas borc, 4995,99 ABŞ dolları faiz borcu, 7440.24 ABŞ dolları cərimə borcu olmaqla cəmi 28566,88 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Accesbank” QSC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İmişli Rayon Məhkəməsinin 16.01.2017-ci il tarixli qətnaməsi ona verilməmişdir. O, 2025-ci ilin dekabr ayında belə bir qətnamə olduğunu bilmişdir. Bundan sonra o, sözü gedən qətnamənin surətini almaq üçün İmişli Rayon Məhkəməsinə müraciət etmiş və qətnamənin surəti ona rəsmi olaraq 17.12.2025-ci il tarixdə təqdim edilmişdir. O, xəstə olduğu üçün, həmçinin iş üzrə sübutları toplamağı ilə bağlı və eyni zamanda hüquqi savadsızlıq üzündən qətnaməndən şikayət üçün nəzərdə tutulan 1 ay müddəti ötürmüşdür. İmişli Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli 2(036)-37/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan Bağırov Elşən Əli oğlu şikayət verərək onun ləğv edilməsini və müddətin bərpa olunması barədə ərizənin təmin edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 26 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bağırov Elşən Əli oğlu 21 noyabr 2024-cü il tarixdə İmişli Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli 2(036)-37/2017 saylı qətnaməsindən məlumatlı olmuş, həmçinin İmişli Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qətnaməsi 15 dekabr 2025-ci il tarixdə poçt vasitəsi ilə Bağırov Elşən Əli oğluna çatdırılmış, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, Bağırov Elşən Əli oğlunun cavabdeh qismində məhkəməyə çağırılması və müvafiq qətnamənin Bağırov Elşən Əli oğluna göndərilməsinə dair poçt göndərişləri 17 dekabr 2025-ci il tarixdə Bağırov Elşən Əli oğluna təqdim edilmişdir. Bağırov Elşən Əli oğlunun həmin qətnamədən şikayət vermə müddətinin son günü 15 yanvar 2026-cı il olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Habelə MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Golder Birləşmiş Krallığa qarşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beləliklə, məhkəmə tərkibi bildirir ki, iş materiallarına əsasən Bağırov Elşən Əli oğlu İmişli Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli 2(036)-37/2017 saylı qətnaməsini 17 dekabr 2025-ci il tarixdə əldə etmişdir. MPM-in 135.5-ci maddəsinin tələbləri baxımından prosessual müddətin hesablanması həmin gündən başlanıldığından apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət 15 yanvar 2026-cı il tarixdə artıq başa çatmışdır. Bundan əlavə, o da diqqətə çatdırılmalıdır ki, Bağırov Elşən Əli oğluna 16 yanvar 2017-ci il tarixli məhkəmə iclasının vaxtı barədə 26 dekabr 2016-cı il tarixli məktub ünvanlanmış, buna baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İşdən də göründüyü kimi, Bağırov Elşən Əli oğlu eyni zamanda prosessual hüquqlarından vaxtında və lazımi qaydada istifadə etməyərək öz ziyanına çıxarılmış qərara hər hansı maraq göstərməmiş və qəbul edilmiş həmin qərarın əldə edilməsinə cəhd belə etməmişdir. Qeyd edilməlidir ki, MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, İmişli Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli 2(036)-37/2017 saylı qərardadından Bağırov Elşən Əli oğlu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin İmişli Rayon Məhkəməsinin 16 fevral 2026-cı il tarixli 2(036)-37/2017 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-365/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-365/2026
03.04.2026 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver