Məhkəmə qərarları › İş №2(103)-4241/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4241/2025

22.07.2025 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4241/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(011)-5915/2018 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qərardaddan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın ləğv edicisi olan Fond bankın adından Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən xx.xx.2025-ci il tarixdə Rayon Məhkəməsinə apellyasiya şikayəti vermişdir. O eyni zamanda “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsini və müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin həmin qətnamədən xəbəri olmamış, o, qətnamədən xəbər tutan kimi xx.xx.2025-ci il tarixdə Rayon Məhkəməsinə müraciət etmiş və qətnamə ona xx.xx.2025-ci il tarixdə verilmişdir. Qətnaməni aldıqdan sonra isə o, qanunda nəzərdə tutulmuş 1 müddət ərzində qətnamədən apellyasiya şikayəti vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməsini, prosessual müddətin cavabdeh tərəfindən üzürlü səbəbdən buraxıldığı üçün müddətin bərpa edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bankın ləğv edicisi olan Fond həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin rədd edilməsini və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, iş üzrə qəbul edilmiş qətnamənin cavabdehin faktiki yaşadığı ünvana göndərilmiş, lakin poçt xidməti zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi ilə zərfi Rayon Məhkəməsinə qaytarmışdır. Lakin cavabdehin verdiyi apellyasiya şikayətindən görünür ki, cavabdehin ünvanı dəyişilməmişdir. “Prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi isə bu halı araşdırmamışdır. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 7 il bundan əvvəl müvafiq icra şöbəsinə göndərilmiş qətnamədən və onun əsasında verilmiş “İcra vərəqəsindən” iddiaçının ötən 7 il ərzində məlumatsız olması inandırıcı deyil. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və cavabdehin verdiyi “buraxılmış prosessual müddətinin bərpa edilməsi haqqında” ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Rayon Məhkəməsi, xx.xx.2025-ci il tarixli qərardadı qəbul edərkən cavabdehin ərizəsində göstərilən dəlillər ilə razılaşmışdır. Məhkəmə isə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.3.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). İş materiallarından görünür ki, qətnamə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilsə də, müvafiq poçt şöbəsi tərəfindən zərfin üzərinə edilmiş “bu ünvanda yaşamır” qeydi ilə qətnamə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bundan sonra, Rayon Məhkəməsi iş üzrə xx.xx.2018-ci il tarixdə qəbul edilmiş qətnamənin qüvvəyə minməsini nəzərə alaraq qətnamə əsasında tərtib etdiyi icra vərəqəsini icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərmiş, Xətai Rayon İcra Şöbəsi isə xx.xx.2019-cu il tarixdə qəbul etdiyi qərarla “İcra vərəqəsi” üzrə icra icraatına başlamışdır. Bunun üstündən 6 il keçdikdən sonra isə cavabdeh qətnamədən apellyasiya şikayəti və “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə vermişdir. Cavabdehin “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizəni təmin etmiş Rayon Məhkəməsi isə 6 ildən artıq müddət ərzində icraya yönəlmiş icra vərəqəsi üzrə icra hərəkətlərini həyata keçirən müvafiq İcra Şöbəsindən icra işini almamış, icra hərəkətləri ilə bağlı cavabdehin qətnamədən və ya qətnamə əsasında verilmiş “İcra vərəqəsindən” hansı tarixdən etibarən xəbərdar olması xüsusatını yoxlamamışdır. Halbuki icra işinə baxış keçirilməklə cavabdehin qeyd olunan qətnamədən eləcə də icra hərəkətlərindən həqiqətən hansı tarixdə məlumatı olmasını müəyyən etmək və ərizəyə bundan sonra mahiyyəti üzrə baxaraq obyektiv qərar qəbul etmək mümkün olardı. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qərardad ləğv edilsin. Cavabdeh hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 avqust 2018-ci il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu və onun tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə yenidən baxılması üçün iş Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar