Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-128/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı QƏRARİ (Açar sözlər: istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, özbaşına tikilinin sökülməsi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşamaq hüququna kompensasiya ödənilməklə xitam verilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-687/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala rayonu, Göyəm kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, çoxillik əkmələr məqsədli 0,1290 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) xx.xx.2017-ci il tarixli notariat qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və X1 mübahisəli torpaq sahəsindən və həmin torpaq sahə sində yerləşən tikilidən çıxarılmaları qət edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-291/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 2(033)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və X1 mübahisəli torpaq sahəsinin üzərində olan tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
4. Qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh2 uzun müddət yaşadığı evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə, cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə, inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. İddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququnu əldə etməsini sübuta yetirə bilməmişdir. Tikili orada daimi yaşamış cavabdehin, onun uşaqlarının yaşayış yeridir, iddiaçının mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları əmələ gəlməmişdir.
5. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur.
6. Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları (həyətyanı) təyinatlı 0,2609 ha torpaq sahəsi 6/30 hissə X6, 6/30 hissə X3, 6/ 30 hissə X7, 6/30 hissə Cavabdeh2, 6/30 hissə X2 məxsus olmaqla paylı mülkiyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı, həmçinin ayrıca icraatda cavabdehlər Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 azyaşlı uşaqlar X4 və X5 ilə birlikdə Zaqatala rayonu Göyəm kəndində yerləşən, mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 3.600 manat (36 ay X 100 manat) kompensasiya verməklə xitam verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbləri onunla əsaslandırılmışdır ki, əvvəlki tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə məhkəmə xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən mövcud tikilidə cavabdehlərə dolayısı ilə yaşamaq hüququ vermişdir. Məhkəmənin qətnaməsi ilə tərəflərin arasındakı mübahisə həll edilməmiş, əksinə daha da mürəkkəb vəziyyət yaranmışdır.
10. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir.
11. İşlər bir icraatda birləşdirildikdən sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh2 azyaşlı uşaqları: X4 və X5 ilə mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 m anat kompensasiya verməklə xitam edilməsinə, həmin torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəməyə təqdim edilmiş, "xxxx" MMC-nin FY 12-015/22 saylı xx.xx.2022-ci il tarixli hesabatında Zaqatala rayonu Göyəm kəndində yerləşən yaşayış sahələrinin kirayə dəyərinin aylıq 100 manat təşkil etdiyi qeyd edilmişdir.
13. İddiaçı əlavə ərizələrində və məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, cavabdeh yüngül həyat tərzi keçirir. Bununla əlaqədar inzibati məsuliyyətə cəlb edilsə də öz hərəkətlərindən əl çəkmir. Doğma övladlarını başlı-başına buraxıb gedir. Kənd sakinləri buna görə ondan cavabdehi torpaq sahəsindən çıxarmasını tələb etmiş, əks halda əxlaqsız yuvası saxlaması ilə bağlı onun özündən şikayət edə cəklərini bildirmişlər. Sakinlər cavabdehin hərəkətlərindən müxtəlif orqanlara şikayətlər etmişlər. Lakin həmin orqanlar da, cavabdehin islah olunmasına nail olmadıqlarından, kənd sakinləri şikayətlərinin onun cavabdehə himayədarlığı səbəbindən həll edilmədiyini düşünüb, onunla münasibət saxlamaq istəmirlər. Mülkiyyətindən faktiki məhrum olmuş vəziyyətdədir və nə qədər ki, cavabdeh onun torpaq sahəsindəki tikilidə yaşayır, torpaq sahəsindən təyinatı üzrə istifadəsi imkansızdır. Hətta fəhlə kimi işə cəlb etmək istədiyi kişilər belə ailələrində söz-söhbət yaranacağı qorxusundan onun torpaq sahəsinə ayaq basmaq istəmirlər. Özbaşına tikinti torpaq sahəsinin bir hissəsini tutur. Odur ki, iddianın təmin edilməlidir.
14. Cavabdeh2 nümayəndəsi, Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyər ək göstərmişdir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsində yerləşən tikiliyə görə mülkiyyətini təsdiq edən sənədi yoxdur. Cavabdeh2 uşaqları ilə birlikdə iddiaçının mübahisələndirdiyi torpaq sahəsində yerləşən tikiliyə məhkəmə qərarı əsasında köçürülmüşdür. İddiaçının iddianı vermək üçün subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. 15. 02.03.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərmişdir ki, Cavabdeh2 onun keçmiş arvadı olmuşdur və onunla birgə nikahdan doğulmuş uşaqları X4 və X5 məhkəmə qərarına əsasən Cavabdeh2 himayəsinə verilmişdir. Mübahisələndirilən tikili və həmin tikilinin yerləşdiyi torpaq sahəsi atası tərəfindən iddiaçıya 2006-cı ildə satılmışdır. Atası 2010-cu ildə iddiaçıdan xahiş etmişdir ki, o və Cavab deh2 həmin tikilidə hər ay 100 manat verməklə kirayədə qalsınlar. İddiaçı buna razılaşmış və onlar həmin tikiliyə köçüb yaşamağa başlamışlar. İddiaçı ödəyə bilmədikləri kirayə haqqını da onlara bağışlamışdır. Tikilinin sökülməsinə etiraz etmir.
16. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(033)-40/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh2 azyaşlı uşaqları X4 və X5 ilə birlikdə mübahisəli torpaq sahəsində yerləşən tikilidə (yaşayış sahəsində) yaşamaq hüququna 4500 manat kompensasiya ödənilməklə xitam verilməsi, həmin torpaq sahəsində özbaşına inşa edilmiş qanunsuz tikilinin sökülməsi, iddianın Cavabdeh1 münasibətdə rədd olunması qət edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, mübahisəl i torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin mövcudluğu və cavabdehin orada yaşaması səbəbindən iddiaçının torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi mümkün deyil.
18. Cavabdeh2 da təklif olunan kompensasiyanın miqdarını mübahisələndirməmiş, iddiaya etirazını iddiaçının hazırkı tələblərlə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması ilə əsaslandırmış və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Qanunvericiliyin kompensasiya ödəmək öhdəliyi mülkiyyətçi olmayan şəxslərə də aiddir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 180 və 240-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 12, 13, 34, 73 və 80-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsində icraat
20. Cavabdeh2 аpellyаsiyа şikаyəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
21. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş üzrə toplanmış materiallardan, tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisələrinə dair məhkəmə qərarlarından müəyyən edilir ki, sökülməsinə qərar verilmiş yaşayış evi cavabdehə, torpaq sahəsi isə iddiaçıya məxsusdur. İddiaçı torpaq sahəsini əldə edən zaman orada həmin yaşayış evinin olduğunu və yaşayış evində cavabdehin uşaqları ilə birlikdə yaşadığını bilmiş, torpaq sahəsinin bu qaydada yüklü olduğundan xəbəri olmuş və bu vəziyyətlə razılaşaraq torpaq sahəsini almışdır. Məhkəmə iddianı təmin edərkən kompensasiya məbləğinin cavabdehin istifadə hüququna xitam verilməsi üçü n yetərli olduğunu bildirmiş, digər tərəfdən isə kompensasiyanın fərdi yaşayış evini sökmək və torpaq sahəsində təyinatı üzrə xiyar, pomidor əkmək üçün və məhsuldarlığı artırmaq üçün kompensasiya verilməsi qərarına gəlmişdir. Göstərilən ikili mövqe mübahisənin həlli baxımından bir-biri ilə uzlaşmır. Belə ki, məhkəmə ilk növbədə müəyyən etməlidir ki, sökülməsi tələb olunan ev üzərində hansı tərəfin hansı hüququ vardır. İddiaçının yaşayış hüququna xitam verilməsi üçün verdiyi kompensasiya ilə əlaqədar evin sökülməsi tələbində nə dərəcədə haqlıdır. Daha sonra məhkəmə qeyd olunan mübahisəni qiymətləndirərkən işin faktiki hallarına düzgün qiymət verməmişdir. Sökülməsi tələb olunan ev üzərində cavabdehin sahiblik və əşya hüququ olmasına baxmayaraq cavabdehlərin həmin evdə istifadə hüququnun olma sı qənaətinə gələrək ona xitam verilməsinə kompensasiya ödəməklə mümkün olması qənaətinə gəlmişdir. İstifadə hüququna xitam verilməsinə dair iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur. Hazırki vəziyyətdə cavabdeh qanunvericiliklə müəyyən olunmuş qaydada yaşayış evi üzərində sahiblik və əşya hüququ əldə etmişdir. Əgər cavabdehin həmin yaşayış evində yalnız istifadə hüququ olsaydı və iddiaçı hazırkı iddia ilə müraciət etmiş olsaydı o zaman cavabdehin istifadə hüququnun kompensasiya məbləği müzakirə oluna bilərdi. Cavabdehin və uşaqlarının həmin yaşayış evi üzərində sahiblik və əşya hüququ daimi xarakterlidir. Məhkəmənin təklif etdiyi 4500 manat ilə belə bir mənzilin, yaşayış evinin, tikili inşa edilməsinin mümkün olmaması hamıya bəlli olan bir haldır. Odur ki, işə baxan məhkəmə öz mövqeyini dəqiqləşdirməli və qətnaməsini buna uyğun əsaslandırmalı idi. Məhkəmə burada yaşayış evinin sökülməsi ilə istifadə hüququna xitam verilməsi məsələsini qarışdıraraq, qarışıq bir vəziyyət yaratmışdır. Məhkəmə qətnamə qəbul edərkən mübahisəli torpaq sahəsində olan tikililərin kim tərəfindən inşa edilməsini, tikili üzərində iddiaçının hər hansı hüququnun mövcud olmadığını, onun bu tikili ilə bağlı sərəncam hüququnun olmamasını nəzərə almamışdır. Məhkəmənin mövqeyinə görə iddiaçının təklif etdiyi 4500 manat kompensasiya hesabına yaşayış evinə malik olan cavabdeh həmin yaşayış evi əvəzinə başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməli, bu məbləğ qutardıqdan sonra isə evsiz qalmalıdır. Bu hərəkət isə faktiki olaraq yaşayış sahəsinə malik olan vətəndaşların mən zildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. İddiaçı özünəməxsus torpaq sahəsində torpaq sahəsini əldə etməmişdən əvvəl həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin olduğunu bilərək və həmin evdə cavabdehlərin yaşadıqlarını bilərək torpaq sahəsini aldığına görə üzərində yerləşən yaşayış evini sökmək üçün sərəncam vermək hüququna malik deyildir.
22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) аpellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.
23. Apellyasiya instansiyası mə hkəməsi ilk növbədə nəzərə almışdır ki, mübahisə predmeti olan tikililərin mübahisəli torpaq sahəsində iddiaçın həmin sahəni əldə etdəsindən əvvəl mövcud olduğu, cavabdehlərin həmin evdə 2007-ci il tarixdən yaşaması, Cavabdeh2 keçmiş əri Cavabdeh1la münasibətləri pisləşdikdən sonra da həmin tikilidə yaşaması iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Cavabdehin mübahisəli torpaq sahəsində yaşamasına etiraz məhz cavabdehin onun keçmiş ərindən boşanmasından sonra baş vermişdir. İddiaçı ilə cavabdehin keçmiş ərinin hazırkı işlə bağlı mənafelərinin bir-birinə uyğunluğu təsdiq edilir. Bu baxımdan mövcud vəziyyətdə cavabdehlərin tikililərdən çıxarılması tələbi təmin edilə bilməz. Ən azı cavabdehlərin uzun müddət yaşadığı, yalnız keçmiş əri ilə n ikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə onların əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə mübahisə predmeti olan tikililər üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikililərdən çıxarılması barədə iddiası təmin edilə bilməz. Belə ki, Cavabdeh2 uzun müddət yaşadığı evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə, cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə, inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. İddiaçı tikiliyə əşya hüququ əldə etməsini sübuta yetirə bilməmişdir. Cavabdehin mübahisəli tikilidən çıxarılması barədə iddia başqa məhkəmə araşdırmasının predmeti olmuş və həmin məhkəmə araşdırmasında iddiaçının hazırda sökülməsini və digər bir iddia üzrə kompensasiya ödənilməklə çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququ əldə etmədiyi təsdiq edilmişdir. Bununla bağlı qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə tərəflər üçün preyudisial xarakter daşıyır.
24. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi tikilinin sökülməsi ilə bağlı hissədə iddianı qismən də olsa təmin edərkən, tikiliyə olmasa da, torpaq sahəsinə iddiaçının hüququ olduğuna və tikilinin mövcudluğunun iddiaçının mülkiyyət hüquqlarını pozduğuna isti nad etmişdir. Halbuki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnu əldə edərkən tikilinin mövcudluğundan xəbərdar olmaqla mülkiyyət hüququnun pozulmasından da məlumatlı olmuşdur. Lakin torpaq sahəsini yüklü olduğunu bilərək qəbul etmiş, ötən illər ərzində də bu barədə heç bir hərəkət etməmiş, cavabdehin keçmiş ərindən boşanmasından sonra onun evdən çıxarılmasını tələb etmişdir. Bu hal Cavabdeh2 qarşı irəli sürülmüş tikilinin sökülməsi tələbinin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.6, 157.2, 180.1, 180.4, 228.1, 228.2, 239.2, 560, 572-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin olunmasını və ya işi baxılması üçün başqa apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Mülkiyyətin müdafiəsi ilə bağlı qanuni əsaslarla məhkəmədə iddia qaldırmaq, hüquqdan, o cümlədən mülkiyyət hüququndan “sui-istifadə” hesab edilə bilməz. Həmçinin sənədləşdirmə gözləntisi olmayan qanunsuz tikilinin sökülməsi müqabilində bazar qiymətinə uyğun kompensasiya təklif edilməsi başqasına zərər vurma kimi qiymətləndirilə bilməz. Əks yanaşma Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş 26-cı (insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) 60-cı (hüquq və azadlıqların inzibati və məhkəmə təminatı), 71-ci (insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrinə ziddiyyət təşkil edir. Nəzərə almaq lazımdır ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ hər hansı məqsədlə ayrıca qərarla məhdudlaşdırılmamışdır. İddiaçının cavabdehə qarşı əvvəllər verdiyi “tikilidən kompensasiya verilmədən çıxarılma” tələbi məhkəmə tərəfindən təmin edilməmiş, hazırda isə iddiaçı mülkiyyətində olan torpaqda yerləşən tikilinin sökülməsi və cavabdehin torpaqdan çıxarılması müqabilində bazar qiymətinə uyğun kompensasiya verməklə tələb edir. Tərəflər arasındakı əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri p reyudisial əhəmiyyətə malik olsa da, hazırkı iddia tələbinin predmeti və əsasları başqadır.
28. Cavabdeh qanunsuz tikiliyə yaşamaq üçün köçürülmüş şəxsdir və mülkiyyətçi olan iddiaçı üçün əlverişsiz olan bu vəziyyət əbədi olaraq davam edə bilməz, indiki vəziyyətdə iddiaçının mülkiyyət hüququ ən kobud şəkildə pozulmaqda davam edir.
29. Cavabdehin yaşayış sahəsindən istifadə etmək ehtiyacı olmasına baxmayaraq, iddiaçı mülkiyyətində olan torpaq sahəsini yüklülükdən (mahiyyət etibarilə servitutdan) azad etmək üçün Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında göstərildiyi kimi “bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.” qaydasını nəzərə alaraq, bazar qiymətinə uyğun kompensasiya təklif etmişdir. Birinci instansiya məhkəməsində işə baxılark ən cavabdeh təklif edilən kompensasiyanın məbləğini mübahisələndirmədiyindən məhkəmə iddiaçı tərəfindən işə əlavə edilmiş mütəxəssis rəyini və iddiaçının kompensasiyanın məbləğini artırmasını nəzərə alıb, məbləği ədalətli hesab edərək, iddianı təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində təklif edilən kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olmadığını göstərərək, müvafiq ekspertiza təyin etməsini təklif etməsinə baxmayaraq, mübahisənin ədalətli və tam həll edilməsi üçün vacib olan bu hal araşdırılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllə
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən ö z əmlakını geri tələb edə bilər.
35. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
36. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
37. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
38. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 39. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:...560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
40. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il qərarı
41. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasi ya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müd dətdir ki, tanınmış hüquqdur. Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
51. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesa b edir ki, baxılan iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən özbaşına tikilidən Cavabdeh2 və azyaşlı uşaqlarının çıxarılması əvəzində onlara başqa yerdə müvəqqəti yaşamaq üçün kompensasiya təklif etmiş və tələbini Mülki Məcəllənin 228.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Həmin maddə mülkiyyətçiyə məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin bu hüququna xitam verilməsini tələb etmək imkanını təsbit edir.
52. Hüquqa qeyd olunan əsasla xitam verilməsi tələbinə dair mübahisələrə baxarkən məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğunu, hüququna xitam verilməsi tələb olunan şəxslərin yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyini və təklif olunan kompensasiyanın is tifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğunu müəyyən etməlidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
54. Bu baxımdan işə baxmış apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli tikilinin mülkiyyətçisi olmadığını, özbaşına tikili o lduğu üçün cavabdehlərin də ona istifadə hüquqlarının yaranmadığını, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 tikilidən çıxarılması tələbinə dair iddianın rədd oldunduğunu nəzərə alaraq, hazırkı iddianı qanuni və əsaslı olaraq rədd etmişdir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli torpaq sahəsi üzərində qanunsuz tikilinin iddiaçı torpaq sahəsini əldə etməmişdən əvvəl inşa edildiyi, cavabdehin bunu, habelə evdə cavabdehlərin yaşadıqlarını bildiyi və bunu qəbul etdiyi müəyyən edilmişdir.
55. Bu baxımdan məhkəmə mövcud vəziyyətdə haqlı olaraq iddiaçının Cavabdeh2 yalnız müəyyən müddət başqa yerdə yaşamaq üçün kompensasiya ödəməklə onun tikilidən çıxarılmasını tələb etməsini mülki hüquqlardan vicdanla istifadə etmək və dürü stlük qaydalarına uyğun hesab etməmişdir.
56. Bununla yanaşı, Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən əsaslarla qaldırılmış hazırkı iddianın rədd olunması, iddiaçını ona məxsus torpaq sahəsində yerləşən tikilini inşa etmiş şəxslərin bununla bağlı çəkilmiş xərclərini kompensasiya etməklə onların tikilidən çıxarmaq və mübahisə halında həmin tələblə məhkəməyə müraciət etmək imkanlarından məhrum etmir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-687/2023 nömrəli mülki iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.