Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1283/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məcburi işburaxma üçün əmək haqqı və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7132/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli əmrin ləğv edilməsi, X1 "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən 56 manat rüsum, vurulmuş mənəvi zərərin əvəzi 10.000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli əmr əsasında məcburi işburaxma müddəti üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı ödənilməsi; hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 56 manat, vurulmuş mənəvi zərərin əvəzi 10.000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, o, əmək münasibətlərinə, qanun-qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmazlıqlara yol verməmiş bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzl əşdiriməsi, iş vaxti avtomobil vasitəsilə onun övladını evdən götürərək müəllim yanına hazırlığa aparmasını, sonra isə evə geri gətirməsini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq edilmişdir. Cavabdeh tərəfindən qətnamə və qərarların icrasına könülsüzlük nümayiş etdirildiyini gördükdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə iş yerinə gedərək mövcud vəziyyətlə maraqlanmaq istəmişdir. Orada ona İnsan Resursların şöbə rəhbəri X3 və İcraçı direktor müavini X6 tərəfindən hədə-qorxu edilmiş, problemlər yaradacaqlarını və burada işləməyinin mümkün olmayaçağını bildirmişlər. Bundan sonra cavabdehin işçiləri tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə icazə verilmədiyini öyrənmiş və dərhal Əmək Müfəttişliyinə şikayət etmişdir. İşlə bağlı Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmış və yekunda cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnməsi barədə məlumat verilmişdir. Qanunu pozmaqları azmış kimi, həmin şəxslər ailə üzvlərinə kobud, qeyri-etik davranış nümayiş etmişlər və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ofisindən evə qayıtdıqdan sonra atasının səhhətində ciddi narahatlıq yaranmış və onlar Təcili tibbi yardıma müraciət etmək məcburiyyətində qalmışlardır. Bununla bağlı Mediasiya təşkilatından arayış almışdır və 56 manat ödəniş etmişdir. Eyni zamanda bildirmək istəmişdir ki, "xxxx" MMC ilə əvvəlki məhkəmə mübahisəsi zamanı Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 1135/2022 nömrəli iş olmuşdur. Qeyd olunan iş üzrə xx.xx.2022-ci il tarixində vəkil ilə müqavilə bağlamış və həmin müqavilənin dəyəri cavabdehdən tələb etmək imkanı olmamışdır. Həmin müqavilənin dəyəri 300 manat olmuşdur. Bununla yanaşı hazırki iş üzrə Vəkil ilə müqavilə bağlamış və həmin müqavilənin də qəbzi qoşmaya əlavə ediləcəkdir. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur. Bunlarla yanaşı bildirmək islətmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 2 ildən artıq müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmışdır. Bütün bunlara baxmayaraq heç bir nəticəyə nail olmamış və bu da onun mənəvi zərərini dərinləşdirmişdir. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə d ə, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Ona vurulan mənəvi zərərin həcmi 10000 manatdır. Həmçinin, cavabdeh tərəfindən məhkəmə elektron sisteminə əlavə edilən xx.xx.2023-cü il tarixli 69/k nömrəli əmrdən aydın olur ki, xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli xitam əmri ləğv edilmiş və İddiaçı "xxxx" MMC-də insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilmişdir. Buna əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2023 tarixli qərarı olmuşdur.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3492/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqının ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin mənəvi zərərin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam t əmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-7132/2023 nömrəli, 4 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mənəvi zərərin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Baxılan işdə tələb iki hissədən ibarətdir: məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, 10.00 0 manat isə qeyri-əmlak xarakterli, yəni mənəvi ziyan. Qeyriəmlak xarakterli tələb əmlak xarakterli tələbdən doğur və təminatı ilk növbədə birinci tələbin əsaslı olub-olmamasından asılıdır, ona görə də həmin tələbi müstəqil tələb kimi dəyərləndirmək olmaz. Bu baxımdan da hazırkı iş üzrə iddianın qiyməti əmlak xarakterli tələbin, əmək haqqı məbləğinə əsasən müəyyən edilməlidir ki, həmin məbləğ də 5.000 manatdan azdır.
9. İddiaçı tərəfindən baxılan iş üzrə mübahisələndirilən hissə isə qeyri-əmlak tələbinin təmin olunmayan hissəsi ilə bağlıdır.
10. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxsl ər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
11. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
12. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələ bləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
13. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
14. Baxılan iş üzrə əmlak xarakterli iddia tələbinin qiyməti qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olmuş və ümumiyyətlə qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Bu baxımdan iddiaçının mübahisələndirdiyi hissə üzrə qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
15. MPM-in 417.1 və 417.1.7-ci mad dələrinə əsasən kassasiya instansiya məhkəməsi tərəfindən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7132/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin, mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.