Məhkəmə qərarları › İş №2(102)-1300/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1300/2021

01.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1300/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia vermək üçün subyektiv hüquq və sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin nümayəndəsi Əlimuradov Ömər Məhəmməd oğlunun, vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbinə dair Şəki Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1715/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu Müskürlü kəndində yerləşən 2,67 hektar torpaq sahəsi Cavabdeh (bundan sonra – cavabdeh) xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair plan və ölçüsü sənədi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin özbaşına tutaraq (zəbt edərək) istifadə etdiyi Ağdaş rayonu, Xosrov Bələdiyyəsinin ehtiyat fonduna məxsus olub rayonun Aral iki kəndinin örüş ərazisindən 2,76 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ehtiyat fonduna məxsus olub rayonun Aral iki kənd örüş sahəsinin 2,67 hektar ərazisini Göyçay rayonunun Müskürlü kənd sa kini cavabdehin adına işlənmiş ********** qeydiyyat nömrəli xx xxxxxx 2017-ci il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsas göstərməklə cavabdeh özbaşına zəbt edərək istifadə edir. Həmin torpaq sahəsi Göyçay rayonu Müskürlü kənd torpaq sahələri ilə sərhəddə yerləşir və həmin sərhədləri yaxınlıqdan keçən drenə birləşdirilmiş sirəkeş kimi istifadə olunmuş xəndək ayırırdı. Cavabdeh həmin xəndəyi dolduraraq əkin sahəsinə birləşdirmişdir. Torpaq sahələrinin kordinatlarını müəyyən edilərək tanıdılması üçün aidiyyəti qurumlara müraciət olunmuş və mütəxəssislər dəvət olunaraq ölçü işləri aparılsa da, cavabdeh ölçü işlərinin düzgün aparılmadığını bəhanə edərək torpaq sahəsindən çıxmamışdır. Cavabdeh zəbt etdiyi torpaq s ahəsindən könüllü olaraq çıxmaq istəmir. Məhz bu səbəbdən həmin torpaqdan istifadə edə bilmirlər. Cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunsuz hərəkətləri bu günədək davam edir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisə edilən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil və iddiaçıya hər hansı bir aidiyyatı yoxdur. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddia tamamilə əsassızdır. Mübahisə edilən torpaq sahəsi onun adınadır.

5. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdehin mülkiyyətinə hüquqların dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il tarixli RX ******* nömrəli çıxarışla qeydiyyata alınmış, **********60 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 2,67 ha torpaq sahəsinin koordinatları naturaya köçürülərkən həmin torpaq sahəsinin 1,70 ha hissəsi, İddiaçı mülkiyyətində olan Aral iki kəndi ərazisində yerləşən 2,76 ha kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

6. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020ci il tаrixli, 2(014)-72/2020 saylı qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin özbaşına tutaraq (zəbt edərək) istifadə etdiyi Ağdaş rayonu Xosrov Bələdiy yəsinin ehtiyat fonduna məxsus olub rayonun Aral iki kəndindin örüş uqodiyalı 2,76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,70 hektar hissəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə son qoyulması, iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 75,72 manat cavabdehdən tutularaq LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi, iddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1, 157.2, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad edərək gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddi açıya məxsus Ağdaş rayonu Xosrov Bələdiyyəsinin ehtiyat fonduna məxsus olub rayonun Aral iki kəndindin örüş uqodiyalı 2,76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,70 hektar hissəsi cavabdeh tərəfindən zəbt edilərək istifadə edildiyi mütəxəssis rəyi ilə müəyyən edildiyindən, iddia qismən təmin edilməli, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş 1,70 hektar hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulmalı, həmçinin iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc ödənilmiş tələbin məbləğinə mütanasib olaraq cavabdehdən tutulmalıdır.

8. Qətnamədən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakiml ər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ayaz Mahmduov, Ələddin Məcidov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnаməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, işə əlavə edilmiş çıxarışa əsasən (§ 1). Göyçay rayonu Müskürlü kəndində yerləşən 2,67 hektar torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair cavabdehin adına plan və ölçü sənədi də verilmişdir (§ 1).

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmadığı üçün hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv h üququ yoxdur. Mülkiyyətçinin adından iddia qaldırmaq hüququ da yoxdur.

12. Məhkəmə qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araş dırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər (§ ).

13. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, icarəsində, istifadəsində olmasına dair hər hansı mötəbər sübut növü təqdim etmədiyindən iddia ərizəsi rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin həqiqətən də Ağdaş rayonu Xosrov bələdiyyəsinin ehtiyat fonduna məxsus olması Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir ərazi şöbəsinin mütəxəssislərinin rəyi ilə də öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələbinə görə bələdiyyələrin ehtiyat fonduna aid torpaq sahələri üzərində sahiblik hüququ torpaq sahəsinin yerləşdiyi bələdiyyələrin səlahiyyətləridir. Göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının ehtiyat fonduna məxsus olduğuna və həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edildiyinə görə və eləcə də bələdiyyə həmin torpaq sahəsinin qanuni sahibi olduğuna görə, yəni həmin iddia tələbini qaldırmağa subyektiv hüququ olduğuna görə haqlı olaraq həmin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və qeyd edilən mötəbər sübutlarını sübutlarını məhkəməyə təqdim etmişdir. Lakin işə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası işə baxarkən yuxarıda qeyd edilən işin həqiqi hallarını, iddiaçı ilə cavabdehin qarşılıqlı qonşuluq münasibətlərini, eləcə də apellyasiya şikayətində qeyd edilən dəlilləri tam, hərtərəfli və obyektiv araşdırmamış, apellyasiya şikayətini təmin etməklə və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Etir az onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin dəlilləri əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi Əlimuradov Ömər Məhəmməd oğlu və vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. İddiaçı sədri məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 20.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

21. Azərbayca n Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarı: 25. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri ilə bağlı qeyd edir ki, MPM-nin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. İş materiallarında olan sənədlərə əsasən mübahisəli tor paq sahəsinin cavabdehin mülkiyyətində olması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsinin cavabdehin deyil, Bələdiyyənin mülkiyyətində olmasına dair nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsi hər hansı bir sübut təqdim etməmişdir. Torpaq sahəsi hələ bələdiyyələr fəaliyyətə başlamamışdan əvvəl, torpaq islahatı zamanı vətəndaşlara verilən pay torpaqrına aiddir. Bu hal həmin torpaq sahəsinə bələdiyyənin hüquqlarının əmələ gəlməsini istisna edir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1715/2020 nömrəli iş üzrə xx xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar