Məhkəmə qərarları › İş №2(102)-1302/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1302/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1302/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5947/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) barəsində, ondan müxtəlif vaxtlarda və müxtəlif yerlərdə pul vəsaiti alıb qaytarmamaqları əsası ilə Yasamal RPİ-yə şikayət edərək həmin şəxslərin barəsində tədbir görülməsini xahiş etmişdir.

2. Yasamal RPİ-nin İŞ-nin 18 yanvar 2020-ci il; 15 dekabr 2020-ci il; 27 fevral 2021-ci il; 09 avqust 2021-ci il;19 iyun 2022-ci il; 26 dekabr 2022-ci il; 13 aprel 2023-cü il; 17 noyabr 2023-cü il və 31 dekabr 2023-cü il tarixli qərarları qəbul edilərək, cavabdehlərin yerinin müəyyən edilib tapılmasının və onlardan izahat alınmasının mümkün olmaması əsası ilə CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərarların hər biri Yasamal rayon pr okurorluğu tərəfindən ləğv edilmişdir. Sonuncu dəfə Yasamal RPİ-nin İŞ-nin 26 fevral 2024-cü il tarixli qərarı ilə, eyni əsasa istinad edilməklə CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pul borcunun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərlə Bakı Dövlət Universitetində dərs dediyi müddətdə tanış olmuş və onlar onun tələbələri olmuşdur. Cavabdehlər qısa müddət ərzində onun etibarını qazanaraq özlər ini səmimi göstərmiş, hətta onun müxtəlif vaxtlarda xeyir və şər işlərində iştirak etmişlər. Cavabdehlər müxtəlif vaxtlarda hissə-hissə, ayrı-ayrılıqda ondan borca pul almış və evlərinin söküntü zonasına düşdüyünü və oradan pulu alanda verəcəklərini öhdəsinə götürmüşlər. Cavabdehlərdən Cavabdeh1 Texniki Unuversitetinin yanında 500 manat, bağ evində 1000 ABŞ dolları, Lider TV-nin yanında 3500 manat, “26-lar bağı” adlanan ərazidə 300 manat və 8 nömrəli məktəbin yanında 200 manat olmaqla hissəhissə pul vermişdir. Cavabdehlərdən Cavabdeh2 isə onun Aysel adında rəfiqəsinə onun yanında “Gənclik” metro stansiyası, “Mcdonalds” restoranının yanında 5000 manat və 1200 manat, “Elmlər Akademiyası” metro stansiyasının yanında 1200 manat, Texniki Universitetin yanında 7000 manat, “Semaşko” xəstəxanasını n yanında iki dəfə hər birində 3000 manat, cəmi 6000 manat, bacısı Mehrin üçün 4000 manat, bacısı Mehrin üçün 3000 manat, rəfiqəsi Xədicə xanımdan borca alıb Cavabdeh2 iki dəfə 2000+5000 olmaqla 7000 manat vermiş, tələbəsi Ülviyyədən 2000+5000 olmaqla cəmi 7000 manat borca alıb vermiş, gəlini Fəridədən isə iki dəfə 1200+1300 olmaqla 2500 manat, 1400 ABŞ dolları və 500 manat pul vəsaitini 8 nömrəli məktəbin yanında olmaqla hissə-hissə borca vermişdir. Hazırda dəfələrlə xəbardar etməyinə baxmayaraq pulu geri qaytarmırlar. Məcbur olub Yasamal RPİ-nə şikayət etmişdir. Lakin cavabdehləri izahatları alınması üçün tapa bilməmişlər və işin mülki xarakterli olduğunu hesab edərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışlar.

5. Birinci instansiya məhkəməsində cavabdehlər işt irak etməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(004)3168/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları məbləğində, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən 27 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanlanmış sorğu əsasında yaranmış zərurətlə bağlı iddiaç ının müraciəti əsasında toplanmış materialın məhkəməyə təqdim olunması xahiş olunmuş, sorğuya müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi iddiaçının müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialı xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. İddiaçının müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialdan görünür ki, müxtəlif tarixlərdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar qəbul edilmiş, araşdırma zamanı Cavabdeh3, Cavabdeh1 və Aysel adlı qadının olduğu yeri müəyyən edib izahatının alınması üçün Yasamal RPİ-nin 27-ci PB-nə tapşırıqlar verilmiş, lakin onların tapılıb izahatının alınması mümkün olmamışdır. İddiaçının müraciəti əsasında toplanmış HK1/19 nömrəli materialda iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500 manat və 1000 ABŞ dolları məbləğində, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübuta rast gəlinməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386, 1091.1, 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o məhkəmədən obyektiv araşdırma tələb edərək, tərəflərin məhkəməyə çağırılmasını xahiş etmişdir. Qətnamədə qeyd olunmuşdur ki, “...iddiaçı... iddia ərizəsində qeyd edilən faktları, yəni Cavabdeh1 4500manat və 100 ABŞ dolları məbləğində, Cavabdeh2 isə 43500 və 1400 ABŞ dolları məbləğində pulu mənimsədiyini, qaytarmadığını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.” Daha sonra qətnamədə qeyd olunmuşdur ki, məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, cavabdehlərin yerini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan borc verilmiş pullar barədə onun qohumlarının, ətrafının da xəbəri olmuşdur. O, həmin şəxsləri də məhkəməyə dəvət etmək istəyir. Təəsüf ki, birinci instansiya məhkəməsində bu mümkün olmamışdır. O şikayətində nə vaxt, hansı şəraitdə bu pulları verdiyini uzun-uzadı yazmaq istəmir. O, həqiqətən də, cavabdehlərə göstərdiyi pulları ve rmiş, təəsüf ki, onun əlində yazılı qəbzlər yoxdur. Onların arasında şifahi borc müqaviləsi olmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5947/2024 nömrəli mülki iş üzrə 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta ye tirə bilməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır. Hazırkı iş üzrə yeganə araşdırılmalı hal iddiaçının ərizəsində və izahatında qeyd olunan xüsusatlardır. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Lakin hazırkı vəziyyətdə ümumiyyətlə hər hansı bir sübut mövcud deyildir ki, iddiaçının izahatı ilə yanaşı yoxlanılaraq qiymətləndirilsin.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 427.1, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, MPM-in 77.1, 88, 416, 417.1.3 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə əsası olmadığından, eyni zamanda iddiaçı tərəfindən dəfələrlə hüquq-mühafizə orqanlarına cavabdehlərin əməlləri barədə şikayətlər etdiyini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi onların əməllərini ən azından əsassız varlanma kimi qiymətləndirməli idi. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı 87 yaşında yaşlı və köməksiz bir qadındır. Hər hansı bir hüquqi əsas olmadan cavabdehlərin iddiaçının xeyrinə əldə etdiklərini geri qaytarmaq vəzifəsinin də olduğunu nəzərə almamış, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə polisin qərarlarını prokuror dəfələrlə ləğv etmiş, bununla belə əməldə cinayət tərkibinin olduğu açıq-aşkar göründüyü halda apellyasiya instansiyası məhkəməsi xüsusi qərardadla cinayət işinin başlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

22. Maddə 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc verən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

23. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

27. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üç ün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə t utulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuna və işin faktiki halları üzrə təqdim olunmuş sübutlara tam uyğundur. Bu baxımdan qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddianın rədd edilməsi barədə məhkəmələrin mövqeyi əsaslı olmuşdur. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Konstitusiya Məhkəməsinin qərarlarında sərgilədiyi mövqeyə görə də, hüquqi həqiqət prins ipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki proses sual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı) 42.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslara söykənmiş, kassasiya şikayətinin dəlilləri isə əsasən işin faktiki təkrar qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə ziddir. 43.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5947/2024 nömrəli 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar