Məhkəmə qərarları › İş №2(102)-131/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-131/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-131/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 Şahmar oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-131/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh2 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-1728/2021 saylı qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh2la "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Cavabdeh2 məhkəmədə İddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia verərək, İddiaçıla "xxxx" MMC arasında ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı mənəvi zərərə görə 5.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron rayon məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, Cavabdeh2la "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsin də yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK həvalə edilməsi və ilk iddianın qalan hissədə rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 20 mart 2007-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsini bir kv.metri 1.000 manat olmaqla, cəmi 119.000 manata İddiaçı satıb və sonuncunun adına pay haqqını tam məbləğdə ödənilməsinə dair maliyyə arayışı verib. Bundan sonra, "xxxx" MMC 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən sözügedən qeyri-yaşayış sahəsini bir kv.metri 543 manat olmaqla, cəmi 61.640 manata Cavabdeh2 satıb və sonuncunun adına pay haqqını tam məbləğdə ödəməsinə dair maliyyə arayışı verib. Göründüyü kimi İddiaçı 20 mart 2007-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyi andan sözügedən qeyri-yaşayış sahəsi onun sahibliyinə, istifadəsinə keçib. Belə olan halda "xxxx" MMC özünə aid olmayan qeyri-yaşayış sahəsini və ya ona dair pay haqqını Cavabdeh2 sahibliyinə, istifadəsinə verməklə mülki qanunvericiliyin tələblərini pozub. Ona görə də ilk iddia Cavabdeh2la "xxxx" MMC arasında bağlanmış 03 fevral 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK həvalə edilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda qarşılıqlı iddia ilk iddianın tam rədd olunmasına yönəldiyindən, habelə qarşılıqlı iddia ərizəsində göstərilən hallar m əhkəmədə sübuta yetirilmədiyindən və 11 dekabr 2019cu il tarixli ekspert rəyi ilə təkzib edildiyindən rədd edilməlidir. Cavabdeh2 hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəsinə gəlincə isə iddia müddəti şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırki halda İddiaçı öz hüququnun pozulduğunu 15 iyun 2019-cu il tarixli ərizə ilə Cavabdeh1 MTK müraciət etdikdən sonra sonuncunun 18 iyun 2019-cu il tarixli cavab məktubunu aldıqdan sonra bilib. Belə olan halda İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməyib. Daha sonra, İddiaçı hərəkətləri nəticəsində Cavabdeh2 5.000 manat məbləğində mənəvi zərər dəyməsi mülki iş materialları ilə müəyyən olunmur. Ona görə də qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 377.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, G.A.Quliyev və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G. F.Tağızadə sədrlik edən, məruzəçi, L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin ediləmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329.1, 331.1, 339.1, 375.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iş tirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili Nümayəndə məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Əqdlərin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilib göstərilib. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin mənasına görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş x idmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Əvvəla, kassasiya instaniyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişlər üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb. Belə ki, kassasiya instansiyası məhkəməsi əvvəlki qərarında q eyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin ilk dəfə 20 mart 2007-ci ildə İddiaçıla bağlanmasını və həmin sahəyə dair pay haqqının onun tərəfindən tam ödənilməklə Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, həmin sahəyə sahiblik və istifadə hüququ əldə etməsini və belə vəziyyətdə həmin sahəyə dair 4 il 11 aydan sonra Cavabdeh2la da müqavilənin bağlanmasının qanunsuz olmasına istinad edib və müqavilənin etibarsız sayılmasının qanuni əsası kimi Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsaslanıb. Kassasiya instansiyası məhkəməsi, aşağıdakılara görə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılıb. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə İddiaçıla daha əvvəl bağlanıb və sonuncu məhz bu fakta əsaslanaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. İlk iddia tələbi üzrə Cavabdeh2 isə onunla 03 fevral 2012-ci il tarixdə müqavilə bağlanarkən İddiaçıla bağlanmış 20 mart 2007-ci il tarixli müqavilənin mövcud olmamaqla 2012-ci ildən sonra bağlanmasını əsas göstərərək, həmin müqavilənin etibarsız sayılmasını tələb edib və bu zaman 20 mart 2007-ci il tarixli müqavilənin etibarsız sayılması üçün əsas verən ciddi dəlillər irəli sürüb. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin dəlillər üzrə heç bir araşdırma aparmayıb. Həmin dəlillərin yoxlanılacağı təqdirdə sübut olunması İddiaçıla bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə nəticələnə biləcəyini nəzərə alaraq, kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə qanuni və ədalətli qərarın qəbul edilməsi üçün həmin dəlillərin yoxlanılması və MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq surətdə qiymətləndirilməsi mütləq təmin olunmalı idi. Eyni zamanda, işdən görünür ki, Cavabdeh2 həm qarşılıqlı iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürdüyü bütün dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada yoxlanılmayıb, onlara müvafiq hüquqi qiymət verilməyib və ümumiyyətlə hansı dəlillərə əsasən apellyasiya şikayətinin təmin edilmədiyi qətnamədə göstərilməyib. Halbuki, MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etməd iyini qətnamədə göstərməlidir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, apellyasiya şikayətində sadalanan dəlillər yoxlanılmadan yalnız müqavilənin bağlanma tarixinə istinad olunmaqla mübahisənin həlli qanuni sayıla bilməz. Daha sonra, kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyriyaşayış sahəsinə dair İddiaçıla müqavilənin bağlandığı 20 mart 2007-ci il tarixdən xeyli müddət keçməsinə baxmayaraq onun qeyri-yaşayış sahəsinə iddia etməməsi, Cavabdeh2 qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi tələbinə dair iddiası üzrə işə baxılarkən (09 aprel 2018-ci il tarixdə) məhkəmə iclasında MMC-nin qanuni təmsilçisi kimi iştirak edən Rafiq Nəsirovun 20 mart 2007-ci il tarixli müqavilənin mövcudluğu barədə susması, həm İddiaçı, həm də Cavabdeh2la bağlanmış müqavil ələrin əlyazma ilə icra olunmuş hissələrinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2019-cu il tarixli rəyinə əsasən eyni şəxs tərəfindən icra olunması, binanın 14 mərtəbəli binaya rekonstruksiya olunmasının 2012-ci ildə baş verməsinə baxmayaraq İddiaçıla bağlanmış müqavilədə binanın 14 mərtəbəli kimi göstərilməsi, İddiaçıla müqavilə bağlanan dövrdə qeyri-yaşayış sahəsinin hazırda yerləşdiyi “V” blokunun ümumiyyətlə mövcud olmaması və sair kimi dəlilləri yoxlamamaqla apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etməyib. Halbuki, MPM-nin 88 və 218.1-ci maddələrinin mənasına görə, qətnamə çıxarıldıqda məhkəmə ilk növbədə sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən e dilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir, həmçinin, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Göründüyü kimi qətnamə, işin həqiqi halları tam yoxlanılmadan, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilən göstərişlər tam, hərtərəfli və obyektiv araşdırılmadan, sübutların qiymətləndirilməsinə birtərəfli yanaşılmaqla çıxarılıb. Kassasiya instansiyası məhkəməsi həmçinin əvvəlki qərarında qeyd etmişdir ki, əqdlərin etibarsız sayılmasının əsasları və qaydası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən ol unub. Qanunun bu normasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göstərilən vəziyyətdə ilk və qarşılıqlı iddia tələbləri üzrə qəti nəticəyə gəlmək mümkün olmadığından, qətnamə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində göstərilir ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən, işdən görünür ki, apellyasiya instansiyası öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla deyil, tamam başa işə aid olan sübutlara istinad etməklə əsaslandırıb və qətnamədə buraxılmış yanlışlığı nəinki düzəltməyə çalışıb, əksinə Cavabdeh2 qətnamədən verdiyi kassasiy a şikayətini mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Halbuki, MPM-nin 217.4, 228.1 və 228.2-ci maddələrinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalı və çıxarılmış qətnaməni elan etmiş hakim, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyil, lakin işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə də qətnamədə buraxılmış yanlışlıqları düzəldə bilərdi. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün ləğv edilməlidir. Həmin maddənin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə- onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Daha sonra, işdən görünür ki, "xxxx" MMC tərəfindən 03 fevral 2012-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının V blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 119 kv.metr olan qeyri-yaşayış sahəsi bir kv.metri 543 manat olmaqla, cəmi 61.640 manata Cavabdeh2 satılıb və sonuncunun adına pay haqqını tam məbləğdə ödəməsinə dair maliyyə arayışı verilib və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi, İddiaçı iddia tələbi üzrə sözügedən müqaviləni etibarsız hesab etsə də, həmin müqavilə üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin də tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Mülki qanunvericilikdə əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitsiyanın rədd edilməsi dedikdə- tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa düşülür. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində mülki hüquq pozuntusu olduğu halda tətbiq olunur. Eyni hüquqi mövqe “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 4 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd edilib ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya d igər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Y uxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(105)-1728/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar