Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1340/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusunun cavabdehin hüquqazidd hərəkəti (yaxud hərəkətsizliyi) və təqsiri nəticəsində vurulmasının sübuta yetirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi və müəyyən hərəkətlərə qadağa qoyulması tələbinə dair Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-515/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 9 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli, 53 nömrəli məktubunda M.Muxtarov 9-cu binanın 5 saylı mənzilinin (bundan sonra – mübahisəli mənzil) birinci mərtəbəsində yaşayan İddiaçı (bundan sonra – iddiaçı) şikayəti ilə bağlı baxış keçirildiyi və baxış zaman ikinci mərtəbənin dam hissəsindən gələn yağışın su borusu ilə ümumi həyətə töküldüyünü mübahisələndirdiyi qeyd olunmuşdur. İkinci mərtəbənin ümumi açıq keçid meydançasında Cavabdeh(bundan sonra – cavabdeh) tərəfindən qoyulmuş dibçəkdəki gülləri sulayan vaxtı suyun aşağıya tökülməsinə iddiaçı öz etirazını bildirmiş, güllərin götürülməsini təkid etmişdir. Cavabdeh isə birmənalı olaraq öz narazılığını bildirmişdir. MKİS-nin rəhbərliyi bildirmişdir ki, bunu ancaq məhkəmə yolu ilə həll etmək olar.
2. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 9 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir ki, mübahisəli mənzilə baxış keçirildiyi zaman mənzilin təmirə ehtiyacı olduğu müəyyən olunmuşdur.
3. Səbail RPİ-nin 9-cu PB-nin xx.xx.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən iddiaçının qonşusu cavabdeh tərəfindən ölümlə hədələnməsinə dair ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd e dilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 37 ünvanında yaşayan cavabdehdən mübahisəli mənzilə dəfələrlə su axıdılması nəticəsində bərbad vəziyyətə gətirilməklə, iddiaçıya vurduğu ziyana görə 500 manat, 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, həmçinin cavabdehə ikinci mərtəbədəki ümumi açıq keçid meydançasında gül dibçəklərinin yığışdırılması, onların suvarılmasına qadağanın qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə 1973-cü ildən yaşayır və mənzilin üstündə ikinci mərtəbə 37-ci mənzildə yaşayan qonşusu olan iş üzrə cavabdehin müxtəlif hərə kətləri nəticəsində, həmçinin qəsdən onun mənzilinə su axıdılması ilə, həmin evdə yaşadığı bütün dövr üzrə, sonuncu dəfələrlə maddi və mənəvi ziyan çəkmiş, hal-hazırda da çəkməkdədir. Dəfələrlə cavabdehə edilən xatırlatmalar və müraciətlər heç bir nəticə vermir. Cavabdehin dəfələrlə yuxarıdan onun mənzilinin içərisinə və giriş hissəsinə su axıdılması nəticəsində mənzilinin tavanı, divarları və döşəmənin divara yaxın hissələri təmirsiz və bərbad vəziyyətə düşmüşdür ki, mənzilin kosmetik üsulu ilə təmirinə zəruri ehtiyacı vardır. Bundan başqa cavabdeh ikinci mərtəbədəki ümumi açıq keçid meydançasında əklikləri və dibçəkləri qoyaraq, həmçinin suvararaq suyu aşağı həyət hissəsinə, yəni onun üstünə tökdüyündən o, ziyan çəkir. Cavadehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə vurulan ziyan iddiaçı tərəfindən hal-hazırda tikinti materiallarının, ustanın zəhmət haqqının ölçülməsi ilə orta hesabla 500 manat miqdarında dəyərləndirilir.
6. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ülviyyə Şükürova) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmə iddia tələbinin rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli aktdan mübahisəli mənzilinin təmirə ehtiyacı olduğu qeyd edilsə də, həmin ünvanda yerləşən mənzilə suyun axıdılması, qeyd edilən zərərin cavabdeh tərəfindən, yəni cavabdehin hüquqazidd hərəkəti (yaxud hərəkətsizliyi) və təqsiri nəticəsində vurulması təsdiq olunmamışdır.
8. Belə ki, 9 saylı Mənzil-kommunal İstismar sahəsinin nümayəndələri (mühə ndis və bələdçilər) tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktda mənzilin təmirə ehtiyacı olduğu qeyd edilsə də, mənzilin təmirə ehtiyacının yaranmasına səbəb olan hallar aktda göstərilməmişdir. Göründüyü kimi, həmin aktda da göstərilən zərərin məhz cavabdeh tərəfindən vurulması birbaşa təsdiq olunmamışdır. Həmçinin həmin aktla hüquqa zidd əməlin olması (suyun mənzilə axıdılması) da təsdiqlənməmişdir.
9. Birinci instansiya məhkəməsi mübahisənin hüquqi həlli üçün mübahisəli mənzilin yerləşdiyi ünvanda yerli baxış təyin etmiş və yerli baxış zamanı MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün vacib olan dispozisiya şərti-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə də aşkar edilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia nın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 27787 saylı ekspert rəyində qedyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 9 saylı evin 37 saylı mənzil iddiaçının mənzilinin üst mərtəbəsində yerləşməsinə bax mayaraq həmin mənzillər biri-birinin üstündə yerləşmədiyini və mənzillər arasında digər mənzillərin yerləşdiyini, eyni zamanda iddiaçının mənzilinin (dəhliz, mətbəx tikilisinin) üst hissəsi binanın ikinci mərtəbə səviyyəsində olan ümumi istifadədə olan açıq eyvan yerləşdiyini nəzərə alaraq cavabdehə məxsus 37 saylı mənzildən mübahisəli mənzilə suyun axmadığı müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, mübahisəli mənzilin mətbəx-dəhliz tikilisində yaranmış qüsurlar ümumi istifadədə olan açıq eyvana yığılan təbii çöküntülərdən əmələ gəlməsi ehtimal olunur.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçının mənzilinə suyun axması nəticəsində vurulmuş ziyanın cavabdehin təqsiri nəticəsində vurulması halı sübutlarla təsdiqlənməmiş və bu səbəbdən cavabdehin delikt öhdəliyi çərçivəsində məsuliyyətə cəlb olunması əsaslı sayıla bilməz.
16. Həmçinin iddiaçı tərəfindən ona dəymiş zərərin məhz cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. İddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
21. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.
24. Cavabdeh məhkəmə kollegiy asının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-515/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov