Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1376/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmə barədə əmrin ləğv edilməsi, işə bərpa” barədə iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1376/2022 (Açar sözlər: əmək müqaviləsinə xitam verilmə barədə əmrin ləğv edilməsi, işə bərpa) Bakı şəhəri 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1871/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tə rəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı (bundan sonra - iddiaçı) 25.11.1981-ci ildən “Azərbaycan DRES”-də müxtəlif vəzifələrdə işləmiş və 06.05.2013-cü il tarixdən cavabdeh "xxxx" MMC-də (bundan sonra – cavabdeh və ya işəgötürən) X1 və Avtomatika sexində Texnologiya avadanlıqların avtomatik idarəolunmasına xidmət sahəsində aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin direktorunun 19.03.2020-ci il tarixli, DƏ/38 nömrəli "xxxx" MMCnin yeni təşkilatı strukturunun tətbiqi” barədə əmrinə əsasən, MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar istehsal- təsərrüfat fəaliyyətinin səmərəliyinin daha da yük səldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə mövcud təşkilat struktur əsasında və 01.02.2020-ci il tarixdə "xxxx" ASC-nin Prezidenti tərəfindən tətbiq olunmuş 994 ştat vahidindən ibarət yeni təşkilatı struktur formalaşdırılmalıdır. 25.09.2020-ci il tarixli, 211/8 nömrəli əmrlə MMC-də istehsalın səmərəliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştatların müəyyən edilməsi və ixtisar olunacaq işçilər barədə obyektiv və əsaslandırılmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Komissiyanın 24 fevral 2021-ci il tarixli iclasında X1 və Avtomatika sexində mövcud ştatları yeni təşkilati struktura uyğunlaşdırmaq üçün 12 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən 04.03.2021-ci il tarixdə adı çəkilən sexdə ştat vahidlərinin, həmin ştatlarda çalışan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin”b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək, müvafiq qərar qəbul edilməsi barədə MMC-nin Həmkalar İttifaqı Komitəsinin sədrinə müraciət olunmuş və Komitənin 15.03.2021-ci il tarixli iclasında sex üzrə siyahıda adları qeyd olunan 12 ştatın və həmin ştatlarda çalışan işçilərin ixtisar edilməsinə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə 03.05.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə 26.02.2021-ci il tarixli xəbərdarlıq göndərilmiş, 03.05.2021-ci il tarixli, 217/Ş nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmiş və əmək haqqı, son haqq-hesab və işdənçıxma müavinəti kimi 1821,71 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə cavabdehin 03 may 2021-ci il tarixli, 217/Ş nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə hər hansı inzibati məsuliyyətə cəlb edilməmiş, töhmət almamışdır. Son zamanlar cavabdeh əsassız və qərəzli olaraq sexdə işləyən təcrübəli 18 nəfər işçini işdən çıxarmağı məqsəd qoyaraq, ona və digər işçilərə bir aylıq müddətə əmək müqaviləsi bağ lamağı təklif etmişdir. Təklifi qəbul etmədiklərinə görə, cavabdeh onları 03.05.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad etmişdir. Hesab edir ki, ştatların ixtisarına zərurət olmadığından, həmin əmr qanunsuz və əsassızdır. Eyni zamanda, ştatların ixtisarı ilə əlaqədar qanunsuzluğa yol verilərək, peşəkarlığa qiymət verilməmiş, bununla əlaqədar attestasiya keçirilməmiş, işdə saxlanmalı olan işçinin üstünlüyünə düzgün qiymət verilməmişdir. Cavabdeh isə, iddiaya qarşı etiraz təqdim edərək, işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin (hakim M.Kərimova) (bundan sonra – birinci instan siya məhkəməsi) 2(051)-1139/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, MMC-də yeni təşkilatı strukturun tətbiqi, texnoloqiyanın inkişafı ilə əlaqədar işəgötürən ştatların ixtisarının zərurliyi nəticəsinə gəlmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən ştatların sayını ixtisar etmək işəgötürənin əsas hüquqlarından biridir. İş materiallarından görünür ki, MMC-də yeni təşkilati strukturunun tətbiqi ilə əlaqədar istehsalın səmərələyinin və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə komissiya yaradılmış, komissiya zərurəti olmayan ştat vahidlərini müəyyən etmişdir. Əmək Məcəlləsinin 7 8-ci maddəsinə əsasən də işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İddiaçı tərəfindən isə ondan aşağı səviyyədə peşəkarlığı olan eyni ştatı tutmuş işçinin ixtisar zamanı işdə saxlanması barədə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı ixtisar zamanı işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün attestasiya keçirilmədiyini bildirsə də, ştatların ixtisarı ilə attestasiyanın nəticəsi olaraq səlahiyyətli orqanın qərarına müvafiq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvinə dair hallar müxtəlifdir. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11“b”, 68.1, 70“b”, 71.1 77.1, 77.2, 78.1, 78.2, 80.1, 80.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya sı məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının uzun illər qüsursuz və fasiləsiz işləməsini nəzərə almadan, yüksək texnilogiya və informatikadan anlayışı və təcrübəsi olan və işdən azad olunanadək bu təcrübəni digər işçilərə öyrədən yüksək ixtisaslı mühəndis kimi onu ştat ixtisarı adı ilə əmək qanunvericiliyində nəzərdə tutulmayan hər hansı bir komissiyasının rəyi ilə işdən azad etmiş, bununla da hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh, ixtisar zamanı hansı səbəbdən məhz iddiaçının ştatının ixtisar olunmasının zəruriliyini əsaslandırmadan, işçilərin peşəkarlıq səviyyəsinə qiymət vermədən və yeni texnologiyanı kimin daha yaxşı bilməsini və daha keyfiyyətli yerinə yetirməs ini yoxlamadan qərəzli şəkildə onu işdən azad etmişdir. Digər tərəfdən, məhkəmə iclasında şahid qismində dindirilmiş sex rəisinin və HİK-nin sədrinin iddiaçının yüksək texnologiyaları və komputer texnikasını bildiyini, rəhbərliyin göstərişi əsasında belə rəy verdiklərini etiraf etmələrinə baxmayaraq, məhkəmə iclas protokolundan izahatları təhrif olunmuşdur. Cavabdeh isə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ixtisar olunanadək sexdə Texnologiya avadanlıqların avtomatik idarəolunmasına xidmət sahəsində çaılışan iki aparıcı mühəndisdən biri olmuşdur. Hər ikisinin ali təhsilli və eyni ixtisas dərəcəsinə (11-ci) malik olmasına baxmayaraq, digər mühəndis daha peşəkardır, çünki verilən xidməti tapşırıqları daha tez, keyfiyyətlə yerinə yetirməklə, ekstremal şə raitdə qərar verməyi bacarır, müasir elektron qurğuların işləmə prinsiplərini və təlimatlarını bilməklə, həmin cihazları təmir edə bilir, həmçinin avdanlıqların mühafizə və texnoloji sexmlərinin işinin proqramlaşdırılması, nəzarət-paylayıcı sistemlərin əlaqə sxemlərini, iş prinsiplərini bilir. Ona görə də, onun peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilmişdir. İddiaçı isə verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirə bilmir, yüksək və orta təzyiqli silindirlərin tənzimləyici klapanlarının, həmçinin atıcı klapanların tənzimlənməsini və işçi xarakteristikalarının çıxarılmasını, nəzarət paylayıcı sistemlərin əlaqə sxemlərini bilmir. Ona görə də, onun peşəkarlıq səviyyəsi aşağı qiymətləndirilmiş və ixtisara düşmüşdür. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1871/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli, qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ondan aşağı səviyyədə peşəkarlığı olan eyni ştatı tutmuş işçinin ixtisar zamanı işdə saxlanması və məhkəmə iclasına şahid kimi dəvət olunmuş MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinin və sex rəisinin izahatlarının təhrif edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının istinad etdiyi hallar cavabde hin mübahisələndirilən əmrinin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi üçün əsaslı deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, prosessual məsələlər Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh isə, kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaya və apellyasiya şikayətinə qarşı etirazları ilə eyni dəlilləri irəli sürmüşdür. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiy indən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
11. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandı r (bənd “b” və “ə”). Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər (bənd “b”). Maddə 70.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 70.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 77.1 İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə b ağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun ola raq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayət i təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticə lənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya vurğulayır ki, qeyd edilən dəlillər mülahizə xarakterli olm aqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1871/2021 nömrəli iş üzrə 14 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.