Məhkəmə qərarları › İş №2(102)-14/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-14/2020

15.01.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-14/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Əsgərov Natiq Fərhad oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(009)-1256/2019 saylı qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(002)-5973/2016 saylı mülki iş) iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən, məruzəçi), İ.Şirinov və A.İmanov, 2(103)-9397/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1256/2019 saylı iş üzrə 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, iddiaçı x1 məxsus ******* nömrəli əmək kitabçasına onun x2 01.07.2005-ci ildən 02.07.2012-ci ilədək müxbir vəzifəsində işləməsi barədə qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2005- ci ildən x2 işləməsi haqqında qeydin ona məxsus ******* nömrəli əmək kitabçasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Əsgərov Natiq Fərhad oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddiaçı x1 cavabdeh x2 qarşı “əmək kitabçasına qeydlərin edilməsi” tələbinə dair iddiasını təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edərək x1 əmək kitabçasına onun x2 01.07.2005-ci ildən 02.07.2012ci ilədə k müxbir vəzifəsində işləməsi barədə qeydlərin aparılması öhdəliyini cavabdehin üzərinə qoyan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilməyən tələbdə iddia edilən 2005-2012-ci illər ərzində iddiaçının cavabdeh kompaniyada işləməsi faktı işin halları ilə müəyyən edilir və bu şahid ifadələri, həmçinin CD-lərdə olan videoçəkilişlərlə müəyyən edilir. Eyni zamanda iddiaçı iddia müddətini buraxmamışdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları düzgün təbiq edilməməklə qəbul edilmişdir. İş materiallarında olan x1 adına olan ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, o, 02.07.2012-ci il tarixdən x2 redaktor v əzifəsinə qəbul edilmiş, 02.02.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan x2 Xırdalan şəhər Vəkil Bürosuna ünvanladığı 02.04.2019cu il tarixli məktubundan görünür ki, 02.07.2012-ci il tarixdə x1 ilə x2 arasında əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a) maddəsinə əsasən 02.02.2017-ci il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir. Müraciətdə qeyd olunan tarixlərdə, yəni 2005-2017-ci il tarixlərdə x1 x2 işləməsinə dair yuxarıda göstərilən məlumatlardan başqa hər hansı bir məlumat x2-nın arxivində müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Xırdalan şəhər Vəkil Bürosuna ünvanladığı **********0 nömrəli, 04.04.2019-cu il tarixli məktubundan görünür ki, x1 2005-2012-ci illər ərzində x2 işləməsi ilə bağlı, 2013-cü ilin 27 dekabr tarixinə qədər quvvədə olan əmək qanunvericiliyində əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması müəyyən edilmədiyi üçün x1 həmin dövrə aid əmək fəaliyyətləri barədə məlumatın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin Xırdalan şəhər Vəkil Bürosuna ünvanladığı **********8 nömrəli, 06.04.2019-cu il tarixli məktubundan görünür ki, x2 adlı sığortaedən İdarənin uçot və məlumat bazasında müəyyən edilməmişdir. Təqdim olunmuş x2nın məhkəmənin sorğusuna 2325 saylı, 02.05.2019-cu il tarixli cavab məktubundan görünür ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə görə teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılır. Odur ki, sorğuda qeyd olunan tarixlərdə qeydə alınmış video materiallar halhazırda x2nın arxivində mövcud olmadığından, həmin video materialların məhkəməyə təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası h esab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. İş materiallarından göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında hüquq münasibətləri əmək kitabçasında qeydlərlə bağlı əmək mübahisəsi nəticəsində yaranmışdır. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı 2005-ci il tarixdən 2012-ci il tarixədək cavabdeh kompaniyanın müxtəlif departamentlərində ayrı-ayrı vəzifələrdə işləməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. 01 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 27 dekabr 2013-cü il tarixinə qədər qüvvədə olan 2-ci bəndinin tələbinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Əmək Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 6-cı maddəsinin “d” bəndinə görə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Həmin Məcəllənin 9-cu maddəsinə görə işçi, digər hüquqlarla yanaşı sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ; həmin Məcəllənin 10-cu maddəsinə görə də digər vəzifələrlə yanaşı əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifəsi vardır. Həmin Məcəllənin 11-ci maddəsinə görə işəgötürənin, digər hüquqlarla yanaşı bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə görə əmək müqavilə ləri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi iscidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə görə işçi ilə işəgötürən arasındakı əmək münasibətləri yalnız yazılı formada bağlanmış əmək müqaviləsi ilə yaranır və 2005-2012-ci illər arasındakı tərəflər arasında hər hansı əmək müqaviləsinin mövcud olması aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı x1 ilə cavabdeh x2 arasında əmək müqaviləsi 02.07.2012-ci il tarixində fərdi qaydada, yazılı formada bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndlərinə görə iddiaçı, 02.07.2012-ci il tarixində x2-da redaktor vəzifəsinə işə qəbul edilmiş, bu müqavilə 02.07.2012-ci il tarixindən 02.10.2012-ci il tarixinədək 3 (üç) ay müddətinə bağlanmış və iddiaçı 02.07.2012-ci il tarixindən işə başlamışdır. Həmin əmək müqaviləsi iddiaçının özü tərəfindən şəxsən imzalanmışdır. Əmək Məcəlləsinin tələbinə uyğun olaraq da göstərilən müddət qurtardıqdan sonra həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətdə uzadılmış hesab olunmuşdur. İddiaçı əmək müqaviləsini 02. 07.2012-ci ildə bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olub, onu imzalamış, 7 il ərzində onu mübahisələndirməmiş və bununla da həmin əmək müqaviləsinin qanuniliyini və əsaslılığını qəbul etmişdir. Lakin iddianı təmin edən apellyasiya məhkəməsi işin bu halını aydınlaşdırmamış və buna hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normaları düzgün tətbiq edilməməklə qəbul edildiyi üçün ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar