Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1400/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X5, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-1711/2019, hakim İ.N.Abbasova) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 6.500 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11817/2019, hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski, R.Ə.Eyvazov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8.850 ABŞ dolları və 1.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə istinad etsə də, həmin hökmdə vurulan zərərin ondan tutulması ilə bağlı heç bir göstəriş yoxdur. Lakin apellyasiya məhkəməsi həmin hala ümumiyyətlə hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehin onun etibarından sui-istifadə edərək 6.500 ABŞ dolları məbləğində pulunu mənimsədiyinə və həmin əmələ görə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilinərək məhkum edildiyinə, eyni zamanda ondan 2.350 ABŞ dolları, bir müddət sonra isə 1.000 manat borc aldığına, lakin həmin məbləğləri də qaytarmaqda boyun qaşırdığına istinad edərək hazırki tələbi irəli sürmüşdür. İddia tələbinin 2.350 ABŞ dolları və 1.000 manat məbləğində borcun tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən öhdəliyinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün qanunvericilikdə qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır. Qanuni qüvvəyə minmiş xx xxxxxxx 2018-ci il tarixli məhkəmə hökmündə göstərilmişdir ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə etməklə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, sonuncuya ümumilikdə 6500 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziy an və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya məhkəməsi işin qeyd eidlən faktiki halları ilə bağlı məhkəmə hökmünün mövcudluğunu nəzərə alaraq hesab etmişdir ki, bu xüsusatlar üzrə əlavə araşdırma aparmağa zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4 -cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü və hazırki kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1400/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1400/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver