Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1405/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. İddiaçı, Cavabdeh1 ilə 14 mart 1996-cı ildə nikaha girmiş və bundan sonra Cavabdeh2 istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Bu nikahdan 26 iyun 1997-ci il təvəllüdlü Hüseyn Əsgərov doğulmuşdur.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli X saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 nikahı pozulmuşdur.
3. Hazırda iddiaçı yaşadığı evə buraxılmadığını bildirməklə həmin yaşayış sahəsinə köçürülməsini istəyir, cavabdehlər isə buna etiraz edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə daimi yaşadığı, sah əsi 12 kv.m olan otağın istifadəsinə verilməsi və köməkçi sahələrin ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun iştirakı ilə ünvan 1 ünvanında 1 otaqlı fərdi yaşayış evinin tikintisi genişləndirilmişdir. Tikinti işləri uzun müddət davam etmişdir. Hazırda mübahisələndirilən fərdi yaşayış evi 2 mərtəbədən və 7 otaqdan ibarətdir. Evin 1-ci mərtəbəsində 4 otaq və 1 zal, 2-ci mərtəbəsində isə 3 otaq 1 zal mövcuddur. Mübahisələndirilən ev mülkiyyət hüququ ilə heç kimə məxsus deyil. Cavabdeh1 ilə nikahları pozulmazdan xeyli əvvəl onlar arasında ailə münasibətləri kəsilmişdir. Cavabdeh2 onu daim sıxışdırmış, onun evdən getməyinə çalışmış, bu məqsədlə müxtəli f formalı münaqişələr yaratmaqdan çəkinməmişdir. Cavabdeh1 ilə onun arasında nikah pozulduqdan sonra isə Cavabdeh2 aqressivləşmiş, onu evdən çıxarmaq üçün daha da fəallaşmış, bu məqsədlə hər axşam həyət darvazasını arxadan bağlayaraq onu evə buraxmır. Bu vəziyyət bir neçə dəfə təkrarlanmışdır. Bu barədə özü və atası hüquq-mühafizə orqanlarına, o cümlədən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. 21 avqust 2019-cu il tarixdə isə Cavabdeh2 həyət darvazasını ümumiyyətlə açmayaraq onu evə buraxmamışdır. Həmin vaxtdan müxtəlif qohumlarının evində yaşayır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir, həmin evdə daimi yaşadığı sahəsi 12 kv.m olan otağının istifadəsinə verilməsi və köməkçi sahələrin ümumi istifadədə saxlanılması barədə qətnamə qəbul edilməsi zəruridir. İşin faktiki hallarında və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında fərdi yaşayış evinə köçmüşdür. Evin yeni yaşayış otaqları onun iştirakı ilə inşa edilmişdir. Evdə pasport qeydiyyatındadır və fasiləsiz olaraq orada yaşamışdır. Cavabdeh2 bütün zamanlarda onun mübahisəli evdə yaşamağına maneçilik törətmiş və 21 avqust 2019-cu il tarixdən isə onu evə buraxmır. Odur ki, onun mübahisəli evə köçürülməyi və evin ən çox istifadə etdiyi 12 kv.m sahəsi olan otağının onun istifadəsinə verilməsi, həmçinin köməkçi sahələrin ümumi istifadədə qalması zəruridir. Belə ki, Cavabdeh2 münaqişəli vəziyyət yaratmağa meyillidir və o, mənzilə köçdükdən sonra onunla münaqişəli vəziyyət yaradacaqdır. Odur ki, evdə istifadə qaydaları yaradılması zəruridir.
6. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə torpaq sahəsini 1994-cü ildə almışlar. 1995-ci ildə isə evi tikib başa çatdırmışlar. İddiaçı gəlin köçərkən digər oğlunun evinə köçmüş bir müddət yaşadıqdan sonra isə kirayə köçmüşlər. Bir ildən sonra isə mübahisəli mənzilə köçüb yaşamışlar. Mübahisəli mənzil iddiaçının qeyd etdiyi kimi təmirli deyil. İddiaçı 17 il heç bir yerdə işləməmişdir və belə olan halda o evdə onun hər hansısa təmir işləri aparması mümkün deyil. İddiaçı 2013-cü ildə evlərdə xadimə olaraq işləməyə başlamışdır. 1994-cü ildən bu günə qədər ev eyni vəziyyətdədir. İddiaçının oğlu anasının evə gəlməsini istəmir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim B.Qasımov) 12 dekabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Məhkəmə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mübahisəli evdə yaşayan şəxslərlə eyni şərtlər daxilində yaşamaq imkanı olmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) 01 sentyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin X saylı mülki iş üzrə qəbul etdiyi 12.12.2019-cu il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. Tələbin əsaslı hesab edilməsi üçün iddiaçının sözügedən evə əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köç ürülmə üçün əsas olsun. İddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin İddiaçı vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə əsaslı təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu halların təsdiqi barədə heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, evə köçürülmə barədə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kass asiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:
16. Maddə 43, hissə İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
17. Maddə 60, hissə İ. Hər kəsin hüquq və az adlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
18. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
19. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Kollegiya aşağıdakılara əsasən mübahisəli evin İddiaçı vəsaiti hesabına əldə edilməsi və ya orada əsaslı təmir-tikinti işlərinin aparılması hallarının təsdiqlənmədiyinə görə iddianın rədd edilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
28. İşin hallarından görünür ki, iddiaçı mübahisəli evə 1996-cı ildə Cavabdeh2 oğlu ilə Cavabdeh1la ailə qurması ilə bağlı cavabdehlərin razılığı ilə köçmüş və onlar 2019-cu ilədək birgə ailə kimi həmin ünvanda yaşamışlar. İddiaçı bildirir ki, cavabdehlər onu həmin evə buraxmırlar, başqa yaşayış yeri yoxdur, qohumlarının evində yaşayır.
29. Kollegiya hesab edir ki, iddiaçının başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evə köçürülməsi tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı.
30. Çünki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir (§ 16-17).
31. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələ rin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsi nin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.
32. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmər əliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur.
33. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşıldıqda ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə edilə bilər.
34. Kollegiya hesab edir ki, mübahisəli evin özbaşına tikili olmasına, habelə evin İddiaçı vəsaiti hesabına əldə edilməməsinə və ya orada əsaslı təmir aparılmamasına istinad olunmaqla iddiaçının sözügedən evə köçürülməsi tələbinin rədd edilməsi, təxminən 23 il ərzində mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış və tikiliyə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.
35. Odur ki, işin müəyyən edilmiş halları (o cümlədən mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi) nəzərə alındıqda, iddia tələbinin hüquqi əsası kimi tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt - 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri nəzərdən keçirilə bilər (analogiya qaydasında).
36. Həmin normaların məzmunundan görünü r ki, xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri həmin sahəyə dair onunla bərabər bütün hüquq və vəzifələrə malikdirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (§ 18-19).
37. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müd dət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də iddiaçının sözügedən yaşayış sahəsində cavabdehlərlə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Belə olan halda, əgər başqa yaşayış yeri yoxdursa, iddiaçının həmin evə buraxılmaması qanuni və əsaslı sayıla bilməz.
38. Kollegiya nəzərə alır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin ev özbaşına tikili olduğundan tərəflərin hər hansı birinin ona münasibətdə əşya (mülkiyyət və s.) hüququ yoxdur. Həmin evə buraxılmayan iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı təqdirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdehlər mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabərlik prinisipinin pozulmasına səbəb olardı.
39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bu hallar isə qətnamənin ləğv edilməsi üçün əsasdır (§ 23-24).
40. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.