Məhkəmə qərarları › İş №2(102)-1414/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1414/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1414/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı YY cavabdeh DD qarşı iş üzrə QƏRARİ iş № 2(102)-xxxx/21 (Açar sözlər: evdən çıxarılma) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-xxx/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh DD tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxx2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı YY cavabdehlər DD qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan1, onun qanuni və şəxsi mülkiyyətində olan XXXXXX yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı YY iddia tələbini onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxx 2019-cu il tarixli, Seriya DJ xxxxx nömrəli Çıxarışa əsasən onun Ünvan2, 0,22 ha torpaq sahəsi üzərində 94,8 kv.metr xüsusi mükiyyət üzrə fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi onun adına tam və torpaq sahəsi isə o ğlu ilə isə ümumi birgə paylı mülkiyyətdədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə xx xxxx 2019-cu il tarixdə reyestr nömrəsi xxxxxxxxxx-xxxxxx olan texniki pasport hazırlanıb verilmişdir. Mingəçevir şəhərində qeydiyatda olan qardaşı DD onun mülkiyyətində olan evə qanunsuz daxil olaraq orada yaşamağa başlamışdır. Qardaşı Telman həmin evdə qanunsuz yaşamaqla həmin evdə xoşagəlməz əməllərə və əxlaqsız hərəkətlərə yol vermişdir. Dəfələrlə cavabdehin mülkiyyətində olan evdən çıxarılmasını tələb etsə də o, buna məhəl qoymamış, həmin evin ata mülki olmasını bəhanə edərək qərəzli olaraq həmin evdən çıxmaqdan imtina etmişdir. O, qardaşının qanunsuz hərəkətləri ilə bağlı Şəki rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəki ŞRPŞ-nin TB-nin xx.xx.2020-ci il tarixli qərarı ilə ərizəsi üzr ə cinayət işinin başlanılması rədd edilmişdir. Polis şöbəsində qardaşı verdiyi izahatında da göstərmişdir ki, xx.xx.2020-ci il tarixədək həmin mülkiyyətindən olan evdən çıxacaqdır. Həmin mülk onların ata mülkü deyildir. Ata mülkləri XXXXXXXX. Həmin ata mülkləri hesab edilən torpaq sahəsi hazırda tamamilə boşdur. 1978-ci il tarixdə atası bütün xərcləri çəkməklə qardaşı Ç toy etmiş, qızıl-ziynət əşyaları almış və həmin tarixdən də ona çatan miras payının əvəzi olaraq Mingəçevir şəhərindən ev almış və həmin vaxtdan da Mingəçevir şəhərində yaşamışlar. O, 1980-ci il tarixdən iş yerinin dəyişməsi ilə bağlı XXXXXXX ünvanına köçmüşdür. Həmin vaxtdan da həmin kənddə olan hazırda mübahisə predmetinə çevrilən evi tikmişdir. Həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Sonradan valideyinlərini də həmin evə gətirmişdir. Valideynləri də onun ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. 2005-ci il tarixdə atası ölmüş və onun bütün dəfn xərclərini o özü çəkmişdir. Hazırda qoca anası onunla birlikdə yaşayır. Qardaşı tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evinə olan müdaxilə onun qanunla qorunan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Qardaşı Telman həmin fərdi yaşayış evindən könüllü şəkildə çıxmadığına görə məcbur qalıb ona qarşı iddia qaldırmışdır. Bundan əlavə, DD mülkiyyətində xüsusi mülkiyyət hüququ üzrə 64.2 kv.metr olan Ünvan1 ünvanında evi vardır. Həmin evə dair ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli Seriya DJ xxxxx nömrəli Çıxarış verilmişdir. Bundan da əlavə ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli Seriya HG xxxx nömrəli Çıxarışdan görünür ki, DD adına XXXXX ünvanında 0,12 ha xüsusi mülkiyyət hüququ üzrə torpaq sahəsi də vardır. Cavabdeh Ç olan qardaşı təxminən 1978-ci ildən ayrılaraq XXXX şəhərində yaşamağa başlamışdır. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx-2020-ci il tarixli 2(075)-xxx/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilərək, Cavabdeh Ç xxx-cü ildə anadan olmuş Ünvan1 qeydiyyatda olan DD ƏMDK yanında DƏDRX-nin xx saylı XXXXX tərəfindən verilmiş Seriya DF, xxxx nömrəli çıxarış üzrə YY qanuni və şəxsi mülkiyyətində olan XXXXX kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Birinci ins tansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh qanunsuz olaraq iddiaçının mülkiyyətində olan evə daxil olmuş və hal-hazırda iddiaçının razılığı olmadan qeyd edilən mübahisəli mənzildə yaşayır. Bu isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulması və məhdudlaşdırılması deməkdir. Buna görə də iddiaçı cavabdehin qeyd edilən mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4-cü, Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh DD apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılıb araşdırılması üçün birinci inst ansiya məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif Eyvazov - sədrlik edən və məruzəçi, Rafail Əliyev, İmanverdi Şükürov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin xxx xxx 2020-ci il tarixli, 2(075)-xxx/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin qənaəti ilə eyni qaydada əsaslandırmışdır. Cavabdeh DD qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh DD (vəkili V əkil C) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normalarının bilə-bilə pozulduğu və məhkəmənin nəticəyə gəlməsi barədə motivlərə və hansı dəlillərə əsasən-şikayətin təmin edilməsinə üzgün hüquqi qiymət verilməməsi, nəticədə həmin qərarın hüquq pozuntusu ilə çıxarıldığını müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsi apelyasiya şikayətində göstərilmiş əsas və dəlillərin heç birinə hüquqi qiymət verməmiş, faktiki olaraq işi araşdırmamış, sadəcə birinci instansiya məhkəməs inin qətnaməsini müzakirə etməklə kifayətlənmişdir. Onun məhkəmə iclasına dəvət olunması barədə ünvanına heç bir bildiriş və ya SMS xidməti vasitəsilə mobil nömrəsiə heç bir xəbərdaredici məlumat daxil olmamışdır. Əgər bu rəsmi qaydada araşdırılarsa öz təsdiqini tapa bilərdi. X1 məhkəməsi birinci instansiya məhkəməsi ilk öncə prosessual hüquq normalarını kobud surətdə pozulub pozulmamsını yoxlamalı idi. Çox təəssüf ki, məhkəmə bunu etməmişdir, bu səbəbdən də onun hüquqları pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı YY, cavabdeh DD və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Madd ə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kas asiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə ilkin olaraq qeyd edir ki, kasasiya şikayəti formal olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh kasasiya şikayətində gah Bakı Apelyasiya Məhkəməsi tərəfindən işin araşdırılmadığını, apelyasiya şikayətinin dəlillərinə qiymət verilmədiyini göstərmiş, gah da Şəki Apelyasiya Məhkəməsi tərəfindən pozuntuya yol verilməsini bildirmişdir. Bununla belə, iddiaçı ape lyasiya kollegiyası tərəfindən hansı pozuntulara yol verilməsini əsaslandıra bilməmişdir. Cavabdehin digər dəlili isə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilməməsinə apelyasiya kollegiyasının qiymət verməməsi olmuşdur ki, kasasiya yoxlaması zamanı bunun tam əksi müəyyən edilmişdir. Çünki apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən görünür ki, iddiaçının qeyd edilən dəlilinə apelyasiya kollegiyası tərəfindən qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DD tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-xxx/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar