Məhkəmə qərarları › İş №2(102)-1431/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1431/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1431/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən irəli gələn zərər, vicdanlılıq, istehlakçı hüquqları, məlumatlandırmaq vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6526/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sifarişçi qismində İddiaçı (bundan sonra – iddiaçı) ilə icraçı qismində Cavabdeh1 (bundan sonra – MMC və ya cavabdeh) arasında bağlanmış 8 iyul 2021-ci il tarixli “Xaricdə təhsil proqramı (2021)” barədə müqaviləyə əsasən icraçı sifarişçinin xaricdə ali təhsil müəssisəsinə - Avropa universitetlərinə (bakalavr, magistratura və doktorantura) pilləsinə müraciət (apply) prosesinin təşkil edilməsini, sifarişçi isə həmin xidmətin əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri 800 manat nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən sifarişçinin viza proseduru uğursuz olduqda i craçı mümkün olduğu təqdirdə sifarişçinin viza prosedurunu ikinci dəfə həyata keçirilməli və ya başqa ölkələrdə təhsil seçimləri təklif etməlidir (bənd 3.1.5.2). Əgər sifarişçi bütün sifarişləri həyata keçirildikdən sonra sifarişçinin xaricdə təhsil almağı mümkün olmazsa, 500 AZN depozit məbləğ sifarişçiyə geri qaytarılacaq (bənd 3.1.5.3). İcraçının xaricdə təhsil proqramına qatılmaq istəyən sifarişçilərini məlumatlandırmaq icraçının vəzifəsidir (bənd 3.2.1). 2. 11 avqust 2021-ci il tarixində “Lodz” Universiteti tərəfindən iddiaçının qardaşı xx.xx.2004-cü il təvəllüdlü Təmkin Mirzəzadənin xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək “Beynəlxalq və siyasi elmlər” ixtisası üzrə bakalavr pilləsinə qəbul məktubu (arayış) verilmişdir. 3. 15 sentyabr 2021-ci il tarixində X2 Respublik asına getməsi üçün viza verilməsindən imtina edilmişdir.

4. Bundan sonra Cavabdeh2 iddiaçıya X3 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw” da 1 illik hazırlıq ingilis dili kursu təklif etmiş, iddiaçı təklifi qəbil edib və müvafiq ödənişlər edidlikdən sonra qardaşı Polşa Respublikasına gedərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin kursu bitirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona dəymiş maddi ziyana görə 12.000 manat, mənəvi ziyana görə 3.000 manat və 135 manat dövlət rüsumu olmaqla, cəmi 15.135 manat pulun alınıb, ona ödənilməsi barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər ilə onun arasında bağlanmış müqaviləyə əsasən cavabdehlər qardaşı X4 universitetlərindən birinə bakalavr, magistr və doktorantura təhsili üçün göndərəcəklərini öz öhdələrinə götürsələr də, öhdəliyi yerinə yetirməmişlər. Daha sonra aralarında olan müqaviləyə əsasən şifahi razılaşmaya görə Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini “Foundation” proqramı üzrə xaricdə təhsil almağa göndərəcəyini vəd etmiş və bu barədə tədbir görərək, onu “Foundation” proqramı üzrə Polşaya təhsil almağa göndərdiyini bildirmişdir. Nəticədə onlar cavabdeh şirkətə və onun rəhbəri kimi özünü təqdim edən Cavabdeh2 inanmış və Polşada yerləşən universitetə tələb olunan ödənişləri etmiş və qardaşının uçuş üçün xərclərini də ödəyərək Polş aya göndərmişlər. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh2 onu aldadaraq, qardaşı X5 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw” da ingilis dili kursuna göndərib. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan dəyib. Belə ki, “Foundation” proqramı üzrə təhsil almaq gələcəkdə bakalavr dərəcəsi üzrə təhsilə başlamaq deməkdir. X6 ölkələrində bakalavr təhsili almaq üçün 12 illik təhsil zəruridir və bir illik “Foundation” proqramı 11 illik təhsili bitirmiş şagird üçün mütləqdir. Lakin sadə “ingilis dili” kursunun bakalavr dərəcəsi üzrə təhsilə başlamaq üçün heç bir əhəmiyyəti yoxdur və vaxt itkisindən başqa bir şey deyildir. Həmin kursa Cavabdeh2 qardaşı Mirzəzadə Təmkini göndərdiyi üçün həm 2.950 avro (həmin günü n məzənnəsinə əsasən 6.000 manat) illik təhsil haqqı, 2000 manata qədər bir neçə dəfə gedib gəlmək üçün çəkilmiş bilet xərcləri, sığorta xərcləri, təxminən orada qaldığı müddətdə 3.200 manat kirayə pulu, digər yaşamaq üçün xərclər və 800 manat bağladığı müqavilə üçün ödənişlər və s. digər xırda xərclər olmaqla, ona ümumilikdə 12.000 manat maddi ziyan dəymişdir. Həmçinin qardaşı X1 sadəcə ingilis dili kursunda oxuduğunu eşitdikdə, 1 il müddətində, yəni qardaşının Polşada olduğu müddətdə insan üçün ən dəyərli qeyri-maddi nemət olan vaxtının boşa getdiyini qəbul etmək onun və ailəsi üçün çox çətin olmuş, bundan sonra çox böyük psixoloji sarsıntı keçirmiş, həkimlərə müraciət etmiş və mənəvi ziyan çəkmişdir.

7. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, bildirmişdi r ki, tərəflər arasında bağlanmış müqavilə öhdəlikləri yerinə yetirilib. Belə ki, universitetdən qəbul cavabı alınıb, amma tələbənin ingilis dili səviyyəsi aşağı olduğuna görə viza verilməyib. Cavabdeh2 universitetə müraciət edib, bu halda universitet cavabdehdən tələbənin dil kursu, yoxsa “foundation” proqramı üzrə təhsil alıbalmayacağını soruşub. Cavabdehin iddiaçını aldatmasına dair heç bir sübut yoxdur. Belə ki, universitetdən sənəd gəlib, həmin sənədə baxıb asanlıqla başa düşmək olur ki, bu dil kursudur, həmçinin tələbənin 1 il ərzində həmin universitetdə nə üzrə təhsil aldığını bilməməsi isə ağlabatan deyildir. Səs yazılarından aydın olur ki, tələbə 1 il müddət sonra yenidən cavabdehə müraciət edərək İtaliyada təhsil almaq istədiyini bildirmiş, cavabdeh isə ona kömək etmək istəmişdir. Tələbənin 1 il sonra cavabdehə müraciəti şifahi olmuş, heç bir müqavilə bağlanmamışdır. Mənəvi ziyana münasibətdə isə iddiaçı iddia ərizəsində özünün mənəvi ziyan çəkdiyini bildirsə də, mənəvi ziyan Təmkinə dəyə bilərdi, ona yox. Dələduzluğa gəldikdə isə Cavabdeh2 bir çox tələbənin xaricdə təhsilə almasına vasitəçi olmuş şəxsdir. Cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirmiş, heç kimi aldatmamışlar.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-2429/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Ünsüyyət Mirzəyeva) ilə iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, müqavilə öhdəlikləri yerinə yetirilmişdir. Belə ki, xarici ali təhsil müəssisəsinə müraciət edilmiş, qəbul alınmış, lakin tələbəyə viza veri lməsindən imtina edilmişdir. Yəni müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmişdir.

10. Məhkəmə hesab edir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə işə əlavə edilmiş iddiaçı ilə Cavabdeh2 arasında 02 oktyabr 2021-ci il tarixdə olan “whatsapp” tətbiqi vasitəsilə olan yazışmadan görünür ki, Cavabdeh2 “conditional offer letter/proforma ınvoice” başlıqlı sənədi iddiaçıya göndərmişdir. Həmin məktubda proqramın adının “ingilis dili üzrə hazırlıq kursu” olduğu aydın göstərilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iş üzrə “maddi ziyanın tutulması” tələbi təmin edilmədiyindən, “mənəvi ziyanın tutulması” tələbinin təmin olunması da bilavasitə i lk tələbdən asılı olduğundan, həmin tələb də təmin edilə bilməz. Məhkəmə, həmçinin cavabdehin barəsində xüsusi qərar çıxarılmasına əsas olmadığı barədə qənaətə gəlmişdir.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 386.1, 425.1, 442, 777.1, 779.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1, 80, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarında ifadə edilmiş hüquqi mövqelərə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Məhkəmə yalnız cavabdehin xeyrinə sayıla biləcək hissələrə toxunmaqla qərəzli olmuşdur. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş aşağıdakı sübutlardan göründüyü kimi cavabdehlər onları aldadaraq qardaşını “Foundation” proqramı üzrə tədrisə göndərib: 1) “The Khudafereen” tərəfindən “foundation proqramı ilə təhsilə başlayan tələbəmiz Təmkin bəyi təbrik edirik” qeydi olan yazılı fotoşəkil sosial şəbəkədə paylaşılmışdır. 2) İş materiallarına əlavə edilmiş Cavabdeh2 İddiaçı ünvanladığı səs yazılarında o, qeyd edir: “- tələsiklik oldu, bir gün ərzində qəbul alınmalı idi, həmin vaxt bir universitet açıq idi, universitetlə əlaqə saxladım, qiyməti sizə dedim, dil kursu deməmişəm, mən dil kursu üzrə fəaliyyət göstərmirəm, dərəcə, yəni bakalavr, magistratura üzrə fəaliyyət göstərirəm, siz məndən tələb etdiyinizi mən də universitetdən tələb edə bilərəm”; “- mənə transkript, ingilis dili təhsili ilə bağlı arayış və universitetdə 1 il oxuması ilə bağlı sənəd lazımdır ki, universitetə qəbul alım, mənə kredit lazımdır, universitet də bildirir ki sən rekvizitləri ver, universitet tərəfindən tələbənin neçə saat, necə dərs keçməsi ilə bağlı kredit verilsin”; “ – İtaliya qəbul üçün gərək daha tez başlayardıq, amma əlimdən gələni edəcəyəm”.

15. İş materiallarına əlavə edilmiş İddiaçı və Cavabdeh2 arasında olan elektron yazışmalardan ümumi olaraq görünür ki, Cavabdeh2 universitetin onu da “Foundation” üzrə qəbul olunduğuna dair aldatdığını etiraf edir, həmçinin qeyd edir ki, o kredit v ə ya səviyyə ilə bağlı arayış almağa çalışacaq. Bu sübutlardan da göründüyü kimi cavabdeh iddiaçını aldadaraq qardaşını “Foundation” proqramı üzrə təhsilə göndərib.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-6526/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Elşən Kazımov və Kamran Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı halda cavabdehin onun qardaşını “Foundation” proqramı üzrə tədris üçün xaricə göndərməsi barədə öhdəlik götürməsinə dair sübut verməlidir, lakin iddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qardaşının 1 il müddətində Polşada İngilis dili kursunda oxuduğunu eşitdiyində və qardaşının vaxtının boşa sərf edildiyi ona məlum olduqda o, böyük psixoloji sarsıntılar keçirmiş, həkimlərə müraciət etmişdir. Məhkəmə iddianı yalnız bir əsasla rədd etmişdir. Qətnamədə qeyd edilmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsi mövcud olmuşdur və həmin müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilmişdir. Məhkəm ələr tərəflər arasındakı müqavilənin 3.1.5.3-cü bəndini nəzərə almamışdır. Belə ki, işin hallarından da göründüyü kimi cavabdehlər tərəfindən guya universitetə qəbul alınmış, lakin vizada qardaşı Mirzəzadə Təmkin kəsilmişdir. Belə olan halda, cavabdehlər iddiaçıya 500 manat depoziti geri qaytarmalı idi. Bundan sonra münasibətlər yenidən qurulmalı, ya da müqaviləyə xitam verilməli idi. Həmçinin cavabdehlərlə aralarında olan müqavilənin 3.1.5.2-ci bəndinə əsasən sifarişçinin viza proseduru uğursuz olduqda icraçı mümkün olduğu təqdirdə sifarişçinin viza prosedurunu ikinci dəfə həyata keçirilməli və ya başqa ölkələrdə təhsil seçimləri təklif etməlidir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlardan da göründüyü kimi cavabdeh 500 manat depoziti qaytarmamış, müqavilə münasibətləri yeni təkli flə, yəni “Foundation” proqramı üzrə tədris üçün davam etmişdir. Məhkəmə yalnız cavabdehin xeyrinə sayıla biləcək hissələrə toxunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh1 MMC kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlak ının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin m əzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

29. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublika sının Qanunu

30. Maddə 13, bənd

1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir....

31. Maddə 13, bənd

4. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Prosessual M əcəllə

32. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara ə sasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydası nda ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

42. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Baxılan iş üzrə məhkəmələr tərəfindən iddiaçı və cavabdeh MMC və onun işçisi olan digər Cavabdeh2 arasında tapşırıq müqaviləsinin yarandığı müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən MMC iddiaçının qardaşını Avropa universitetlərinə bakalavr, magistratura və ya doktorantura pilləsinə müraciət prosesini təşkil etməsini, iddiaçı isə bunun əvəzində müqavilə ilə müəyyən edilmiş məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə, həmçinin nəzərdə tutulmuşdur ki, əgər sifarişçi bütün sifarişləri həyata keçirildikdən sonra sifarişçinin xaricdə təhsil almağı mümkün olmazsa, 500 manat depozit məbləğ sifarişçiyə geri qaytarılacaq (§ 1).

50. İddiaçının qardaşı cavabdeh MMC-nin fəaliyyəti nəticəsində Polşa ali təhsil müəssisəsinə qəbul alsa da, həmin ölkə səfirliyi tərəfindən viza verməkdən imtina olunduğu üçün bu, mümkün olmamışdır. Sonradan Cavabdeh2 iddiaçıya X3 Respublikasında yerləşən “University of Economics and Human Sciences in Warsaw” da 1 illik hazırlıq ingilis dili kursu təklif etmiş, iddiaçı təklifi qəbil edib və müvafiq ödənişlər edidlikdən sonra qardaşı Polşa Respublikasına gedərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin kursu bitirmişdir.

51. Hal-hazırda iddiaçı cavabdeh tərəfin “foundation” proqramı üzrə qardaşını xaricdə təhsil almağa göndərəcəyini vəd etdiyini, lakin onu aldadaraq, ingilis dili kursuna göndərdiyini iddia edərək, müqavilə üzrə verdiyi ödənişin və kursa getmək üçün çəkdiyi xərclərin və mənəvi zərərin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir.

52. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, iddiaçının qardaşının ingilis dili kursuna getdiyi barədə məlumatlı olduğunu, bununla razılaşdığını, ona görə də cavabdeh tərəfin iddiaçıya heç bir zərər vurmadığını bildirir.

53. İddiaçının tə ləbinin qanuni əsasını Mülki Məcəllənin 443-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Mülki Məcəllənin 443.7-ci maddəsi isə nəzərdə tutur ki, əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

54. Bu baxımdan hazırkı iş üzrə iddia tələbinə dair mübahisənin həlli ilk növbədə hansı tərəfin müqavilə üzrə öhdəliyini pozmasından asılıdır.

55. İlk növbədə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış təhsil xidməti müqaviləsinə əsasən cavabdeh tərəf iddiaçının qardaşını Avropa universitetlərinə bakalavr, magistratura və ya doktorantura pilləsinə müraciət prosesini təşkil etməsini öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında bağlanmış müqavilə çərçivəsində iddiaçının qardaşının Avropa universitetlərinə bakalavr, magistratura və ya doktorantura pilləsində təhsil almaq üçün getmədiyi işin mübahisəsiz halıdır.

56. Cavabdeh tərəfin iddiaçı ilə aralarında yaranmış münasibətlər çərçivəsində onun qardaşına ingilis dili kursu təklif olunması ilə bağlı mübahisəli hal ondan ibarətdir ki, iddiaçı əslində ona həmin təklifin foundation şəklində təqdim edildiyini və yalnız kursu bitirdikdən sonra bunun sadəcə dil kursu olduğunu bildiyini, cavabdeh tərəf isə iddiaçının əvvəlcədən ona edilən təklifin sadə dil kursu olduğu barədə məlumatlı olduğunu b ildirir.

57. İddiaçı birinci instansiya məhkəməsinə tələbini təsdiq edən sübut qismində WhatsApp mobil tətbiqi üzərindən Cavabdeh2 ilə apardığı yazışmalardan və qardaşının foundation proqramı ilə təhsilə başlaması ilə bağlı MMC-nin öz sosial şəbəkə profilindəki paylaşımından çıxarış təqdim etmiş və birinci instansiya məhkəməsi həmin sübutları iş materiallarına əlavə etmişdir.

58. MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) v ə mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

60. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətlənd irilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

61. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi yuxarıda qeyd olunan çıxarışlara ümumiyyətlə qiymət verməmişdir.

62. Bununla yanaşı, məhkəmə mübahisənin həlli ilə bağlı tətbiq edilməli olan müqavilə müddəalarını və maddi hüquq normalarını də nəzərə almamışdır.

63. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış 8 iyul 2021-ci il tarixli “Xaricdə təhsil proqramı (2021)” bar ədə müqavilədə nəzərdə tutulmuşdur ki, əgər sifarişçi bütün sifarişləri həyata keçirildikdən sonra sifarişçinin xaricdə təhsil almağı mümkün olmazsa, 500 manat depozit məbləği sifarişçiyə geri qaytarılacaq.

64. Eyni zamanda müqavilənin 3.2.1-ci bəndinə əsasən icraçının xaricdə təhsil proqramına qatılmaq istəyən sifarişçilərini məlumatlandırmaq vəzifəsi nəzərdə tutulmuşdur.

65. Həmçinin təhsil xidmətləri fəaliyyəti ilə peşəkarlıqla məşğul olan cavabdeh tərəfin onun xidmətindən istifadə edən müştəriləri (sifarişçiləri, istehlakçıları) onlara təqdim olunan məhsul barədə lazımi qaydada məlumatlandırmaq vəzifəsi Mülki Məcəllənin tərəflərin öz vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər o lmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmək, müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinmək (§ 25, 26) vəzifələrindən irəli gəlir.

66. Eyni zamanda qanunvericilik istehlakçılarla xidmət münasibətlərinə daxil olan mülki dövriyyə iştirakçılarının üzərinə əlavə vəzifələr də qoyur. Belə ki, istehlakçıların sifarişi əsasında müqavilə üzrə xidmət göstərən satıcı (icraçı) istehlakçını maraqlandıran işin, xidmətin qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadə si üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat vermək vəzifəsi daşıyır. İcraçı istehlakçıya göstərdiyi xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Bununla bağlı yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan xidməti almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır (§ 30, 31).

67. O da qeyd olunmalıdır ki, mülki qanunvericilik zərərin vurulmasında qarşı tərəfin təqsirli olmasından asılı olmayaraq müəyyən hallarda zərərin həcminin müəyyənləşdirilməsi baxımından zərərçəkənin davranışının da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə (§ 23) əsasən zərərçəkənin davranışı da zərərin y aranmasına və (və ya) həcminin artmasında səbəb olmuşdursa, onda mübahisəyə baxan məhkəmə zərərin həcmini müəyyən edərkən bu halı nəzərə almalıdır.

68. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan müqavilə müddəalarının, maddi və prosessual hüquq normalarının pozulması (nəzərə alınmaması) ilə qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır. MPM-in 392.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayan apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını qanuni və əsaslı hesab edərək, dəyişdirilmədən saxlayarsa mütləq şəkildə apellyasiya şikayətinin hüquqi qiymət verilməsi tələb edən dəlillərinə münasibət bildirməli və həmin dəlillərin rədd olunması barədə mövqeyini əsaslandırmalıdır.

69. Ona görə də iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan müqavilə müddəalarına və maddi hüquq normalarına müvafiq qiymət verməklə mübahisəni həll etməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6526/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar