Məhkəmə qərarları › İş №2(102)-1441/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1441/2022

17.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1441/2022 17.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1441/22 (Açar sözlər: mənzilin boşaldılması və təhvil verilməsi) Bakı şəhəri, 17 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)11552/2021 nömrəli, 06.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci giriş, 14-cü mərtəbədə yerləşən 2 otaqdan ibarət, sahəsi 98,8 kv.m olan 102 saylı mənzil ilkin olaraq 30.03.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2, 22.01.2009-cu il tarixli müqaviləyə əsasən isə, İddiaçı satılmışdır. Müqaviləyə görə mənzilin dəyəri kimi Cavabdeh2 tərəfindən 49.400 manat, İddiaçı tərəfindən isə 60.268 manat məbləğində pul MTK-ya ödənilməli idi. Hal-hazırda sözügedən mənzildə Cavabdeh2 yaşayır.

2. Əliyev X1 Qədirovaya satılmış mənzilin əslində 12-ci mərtəbədə yerləşdiyini, onunla bağlanmış müqavilənin əvvəlki tarixə bağlanması, mənzilin ilk dəfə ona satılması əsası ilə hazırki m übahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh1 MTK-nın binasının 1 girişində 14-cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində Cavabdeh1 MTK-nın binasının 1-ci girişində 14-cü mərtəbəsində yerləşən, 2 otaqdan ibarət, ümumi sahəsi 98,8 kv.m olan, 102 nömrəli mənzilin iddiaçıya təhvil verilməsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(004)-4902/2021 nömrəli qətna məsi ilə (hakim G.Babazadə) iddia rədd edilmişdir.

5. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 08.10.2021-ci il tarixli məhkəmə sorğusuna gələn cavab məktubuna əsasən, Cavabdeh2 və İddiaçı tərəfindən istintaq dövründə hər hansı müraciət daxil olmadığından həmin şəxslər ********* nömrəli cinayət işi üzrə (Cavabdeh1 MTK-nın rəhbər işçilərinin barəsində aparılan cinayət işində) zərərçəkmiş qismində tanınmamışlar.

6. Məhkəmə qeyd etmişdir ki, mübahisəli 102 nömrəli mənzilə dair ilkin müqavilənin (30.03.2007-ci il) cavabdehlə bağlanması, cavabdeh tərəfindən mənzilin təhvil alınması və hal-hazırda orada yaşaması həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir. Odur ki, cavabdehin mənzildən məhrum edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından əmin olmalıdır. Heç kəs hüquqlarının pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə mübahisəli mənzilin 2018-ci ildə verildiyini, əslində onun mənzilinin 12-ci mərtəbədə yerləşən mənzil olduğunu bildirsə də, iş materiallarında olan sübutlarla bu öz təsdiqini tapmır. Belə ki, 30.03.2007-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə ilə müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında müqavilə 30.03.2007-ci il tarixdə bağlanmışdır. Eyni zamanda, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan görüntüləri mötəbər, təkzibolunmaz sübut olaraq qəbul etməmişdir. Belə ki, diskdə cavabdehə mübahisəli mənzilin və ya digər bir mənzilin 2018-ci ildə verilməsi öz təsdiqini tapmır.

8. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) 06.12.2021-ci il tarixli, 2(103)11552/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(004)-4902/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəmə si birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli 102 nömrəli mənzilə dair ilkin müqavilənin (30.03.2007-ci il) cavabdehlə bağlanması, cavabdeh tərəfindən mənzilin təhvil alınması və hazırda orada yaşaması həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir.

11. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin dəyərinin tam ödənilməsi barədə sübut təqdim etməmiş, belə ki, müqaviləyə əsasən mənzilin dəyəri 60268 manat təşkil etdiyi halda, iddiaçı cəmi 57000 manat ödəmişdir. Belə olan halda isə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinin dispozisiya şərtləri baxımından mülkiyyət hüququ əldə etməmişdir, belə ki, həmin normaya görə, yalnız mənzil, bağ, qaraj və ya başqa koop erativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

12. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə 2 müqavilə olduğu halda, məhkəmələr yalançı əqdin ortaya çıxarılması üçün ekspertiza təyin etməmişdir. Mənzilin məbləğinin müqavilə üzrə göstəriləndən az ödənilməsinin səbəbi cavabdeh MTK tər əfindən güzəşt məbləği tətbiq olunmasıdır. Məhkəmələr tərəfindən cavabdeh MTK-nın məcburi iştirakı təmin edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər da vam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

28. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

29. İşin müəyyən edilmiş halları bundan ibarətdir ki, cavabdeh MTK tərəfindən mübahisəli mənzil iki şəxsə satılmışdır. Cavabdehlə mübahisəli mənzilə dair müqavilə daha əvvəl bağlanmış, cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmiş və mənzil cavabdehə təhvil verilmişdir. Cavabdeh həmin mənzili təmir etdirmişdir və hazırda da həmin mənzildə yaşayır.

30. Göründüyü kimi, iddiaçının iddia etdiyi mənzil cavabdehin qanuni mülkiyyətində və istifadəsindədir. Mənzilə dair cavabdehlə bağlanmış müqavilənin arxa tarixə bağlanması, saxta olması halını iddiaçı sübuta yetirə bilməmişdir. Nə qədər ki, bu hal sübuta yetməyib, yəni cavabdehlə bağlanmış müqavilənin etibarlı müqavilə olması aradan qalxmamışdır, onda iddia təmin oluna bilməz.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

32. Kassasiya şikayətinin mənzilin məbləğinin müqavilə üzrə göstəriləndən az ödənilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili işin faktiki halları ilə bağlıdır ki, Kassasiya Məhkəməsində işin faktiki halı araşdırılmır. Mülki Prosessual Məcəll əyə (§22) əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Cavabdehlə bağlanmış müqavilənin arxa tarixə bağlanmasını müəyyən etmək üçün məhkəmələr tərəfindən ekspertiza təyin edilməməsi ilə bağlı dəlillə bağlı qeyd olunur ki, əvvəla, belə bir ekspertiza keçirilməsi üçün həmin əqdi şübhə altına alan sübutlar təqdim edilməlidir. İddiaçı belə sübutlar təqdim etməmiş, məhkəmə həmin müqavilənin mötəbərliliyini şübhə altına alan hallar müəyyən etməmişdir. Bundan başqa, həmin MTK-da bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı cinayət işi istintaq olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Y əni, həmin MTK-da iddiaçının istinad etdiyi halların mövcudluğu mübahisələndirilmir, həmin şirkət tərəfindən bir mənzilin bir neçə nəfərə satılması adi hal olmuşdur. Həm də analoji mübahisələrə baxılması təcrübəsi göstərir ki, mövcud müqavilələrin hansının daha əvvəlki tarixə bağlanmasını müəyyən etmək üçün zəruri ekspertizaların keçirilməsi hal-hazırda mümkün deyil. Odur ki, aşağı instansiya məhkəmələri müvafiq ekspertiza təyin etməməklə, prosessual qənaət prinsipinin tələblərini gözləmişdir.

34. Həmçinin, iddiaçının nəzərinə çatdırılır ki, o, cavabdeh MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

35. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, kassas iya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§20-§22)

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11552/2021 nömrəli, 06.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar