Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1454/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:avtomaşın yolunda aparılan tikinti işlərinə qadağa qoyulması və yoldan istifadəyə edilən maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(104)205/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-042A saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Həsənov Məhəmməd Ədil oğluna (iddiaçının atası) və ailə üzvlərinə Gədəbəy rayonu Poladlı kəndi ərazisində 0.53 ha torpaq sahəsi verilmişdir;
2. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-041A saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Gədəbəy rayonu Poladlı kəndi ərazisində 0.33 ha torpaq sahəsi verilmişdir;
3. Gədəbəy rayon Aqrar İslahat Komissiyas ının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-041B saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Gədəbəy rayonu Poladlı kəndi ərazisində 0.09 ha torpaq sahəsi verilmişdir;
4. Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)-30/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Həsənov X1 Maya Əşrəf qızına qarşı ona məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yoluna Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır;
5. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyab r 2021-ci il tarixli, 2(104)2617/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(042)-30/2021 nömrəli qətnaməsi dəyişdirilmədən, İddiaçı apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən evinə gedən avtomaşın yolunda cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulması və cavabdehlər tərəfindən yoldan istifadə edilməsinə yaradılan hər cürə maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir Gədəbəy rayonu, Poladlı kəndində cavabdehlərlə yaxın qonşuluqda yaşayırlar və onun evinə gedən avtomaşın yolu cavabdehlərə məxsus evin həyətindən keçir. Evlə avtomaşın yolunun ara məsafəsi 3.5 metrdir. Cavabdehlərlə son dövrə qədər mehriban yaşamışlar və aralarında narazılıq olmamışdır. 2020-ci ildə cavabdehlər avtomaşın yolunun onların həyətindən keçən hissəsinə darvaza qoymuş və ona bildirmişlər ki, onların toyuq cücələri həyətdən kənara çıxıb gedir. O həmin darvazanın qoyulmasına etiraz etməmiş və bir müddət həmin darvazanı açıb-bağlamaqla öz evinə gedib-gəlmişdir. Sonra cavabdehlər ona “sən gündə iki-üç dəfə bura ilə maşın sürüb gedib gəlirsən belə olmaz” deyə bildirmişlər və onların aralarında narazılıqlar yaranmağa başlamışdır. O, ilkin o laraq bu məsələnin dinc yolla həll edilməsi məqsədi ilə Poladlı kənd İƏD-üzrə nümayəndəsi Q.Alıyevə və Qaraməmmədli Bələdiyyəsinin sədri M.Həsənova məlumat vermişdir. Həmin şəxslər tərəfindən mübahisə edilən avtomaşın yoluna baxış keçirilmiş və cavabdehlərə bu əməllərindən əl çəkmələri bildirilmişdir. Lakin məsələnin həll edilməsi mümkün olmamışdır. O, məcburiyyət qarşısında qalaraq “avtomaşın yoluna qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrə qadağa qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin işə baxan hakimi tərəfindən mübahisəli yola baxış keçirilmiş, eyni zamanda mütəxəssis gəlmiş və sonda iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi onunla əsas landırılmışdır ki, cavabdehlər öz toyuq-cücəsinin başqa yerə getməməsi üçün mübahisəli torpaq sahəsinə darvaza qoymuş və onun (iddiaçının) həmin yoldan sərbəst şəkildə istifadə etməsinə cavabdeh heç cürə maneəçilik törətmir. Bu qətnamədən sonra cavabdehlər birmənalı şəkildə onun həmin yoldan istifadə etməsinə qadağa qoydular. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş və həmin mülki işə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən 26 oktyabr 2021-ci il tarixdə baxılaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində qeyd edilmişdir ki, guya mübahisə edilən avtomaşın yolu cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən keçir. Halbuki mülki işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisə edilən yolun cavabd ehlərin mülkiyyətinə aid olan torpaq sahəsi olub-olmamasını sübut etmək mümkün olmamışdır. Cavabdehlər hal-hazırda onun evinə gedən avtomaşın yoluna daş tökərək bünövrə düzəldib nə isə tikmək istəyirlər. O, bununla bağlı yenidən aidiyyəti üzrə yerli qurumlara müraciət etsə də, lakin nəticə əldə olunmamışdır.
8. Cavabdehlər iddia tələbinə etiraz edərək göstərmişlər ki, 2020-ci il tarixdə iddiaçı onlara qarşı ona məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomaşın yolunun cavabdehlər tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomobil yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gədəbəy rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)-30/2021 saylı qətna məsi ilə iddiaçının iddiası əsassız olduğu üçün təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(104)2617/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)- 30/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı isə yenidən məhkəmədə iddia qaldırmışdır. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 26 saylı qərarına əsasən JN-042A KOD 50523018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi əsasında Həsənov Məhəmməd Ədil oğluna və onun ailə üzvlərinin mülkiyyətinə 0.53 ha torpaq sahəsi verilmişdir. İddiaçı ona məxsus olan Gədəbəy rayonu, Po ladlı kəndində yerləşən 0.53 ha torpaq sahəsində yerləşən evinə gedən avtomobil yoluna guya onlar tərəfindən müdaxilə edildiyini göstərmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 26 saylı qərarına əsasən JN-041A KOD 50523018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi əsasən cavabdehə 0.33 ha və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il taixli, 26 saylı qərarına əsasən JN041B KOD 50523018 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsinə əsasən cavabdehə 0.09 ha həyətyanı torpaq sahələri verilmişdir. İddiaçının mübahisələndirdiyi yol cavabdehin torpaq sahəsindən keçir. Mübahisəli yol onun evinin qapısının yanından keçir. Ona görə də həmin yoldan istifadə onların fərdi yaşayış evində istifadəsinə maneə yaradı r. Həmin avtomobil yolu 1975-ci ildən mövcuddur. Lakin hazırda həmin yoldan iddiaçı tərəfindən istifadə onların fərdi yaşayış evindən istifadəsinə maneə yaratdığından, iddiaçının yoldan istifadəsinə icazə vermir. Həmçinin iddiaçının fərdi yaşayış evinə özünə məxsus torpaq sahəsindən yol açmaq imkanı vardır. Ona görə də iddiaçının onlara məxsus olan torpaq sahəsindən keçən avtomobil yolundan istifadəsinə icazə verməyəcəkdir. O, özünə məxsus torpaq sahəsində tikinti işləri aparır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.
9. Gədəbəy Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(042)-131/2022 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia təmin edilərək iddiaçının Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən mübahisəli avtomaşın yolunda cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulması və cavabdehlər tərəfindən iddiaçının həmin yoldan istifadə etməsinə edilən hər cür maneələrə son qoyulması qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, gediş-gəliş üçün avtomobil yolunun açılmasını tələb etdiyi torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən sənəd olmasa da, həmin torpaq sahəsinin ona məxsusluğu mübahisələndirilmir. Belə ki mübahisəli torpaq sahəsinə dair iddiaçının mərhum atasının adına şəhadətnamə tərtib olunmuş və həmin torpaq sahəsinə Həsənov Məhəmməd Ədil oğlu, onun ölümündən sonra isə oğlu İddiaçı faktiki sahiblik etmişdir.
11. Bu baxımdan iddiaçının (mərhum atasının) həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının həmin torpaq sahəsinə gedən avtomaşın yolunda tikinti işlərinin aparılmasına qadağa qoyulması və yoldan istifadəsinə edilən maneələrə son qoyulması ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüququ vardır.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər mübahisəli avtomaşın yolunun onlara məxsus torpaq sahəsində keçdiyini bildirsələr də mütəxəssis arayışına və ekspert məlumatına əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə gedən mübahisəli yolun cavabdehlərin mülkiyyətində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
13. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Resp ublikası Konstitusiyanın 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-ci maddələrinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki əvvəla, iddiaçının mülkiyyətində böyük t orpaq sahəsi vardır. O başqa tərəfdən də avtomobil yolu çəkə bilər, lakin onun həyətindən keçməyi daha əlverişli hesab edir və digər yerdən özünə yol açmağın xərcini çəkmək istəmir. Onun həyətindən yol kimi istifadə edilməsi qeyd etdiyi səbəblərdən bir mülkiyyətçi kimi onun mənafeyinə toxunur. Birinci instansiya məhkəməsi əsassız olaraq qətnamədə göstərmişdir ki, gediş-gəliş üçün avtomobil yolunun açılmasıının tələb edildiyi torpaq sahəsinin iddiaçı mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən sənəd olmasa da, lakin həmin torpaq sahəsinin ona məxsusluğu mübahisələndirilməmişdir. Belə ki mübahisəli torpaq sahəsinə dair iddiaçının mərhum atasının adına torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib olunmuş və həmin torpaq sahəsindən Həsənov Məhəmməd Ədil oğlu, onun ölümündən sonra isə oğlu İddiaçı faktiki istifadə etmişdir. Bu baxımdan iddiaçının (mərhum atasının) həmin torpaq shaəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alaraq, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Nəzərə alınmamışdır ki, əvvəla həmin yolun keçdiyi torpaq sahəsi heç vaxt mübahisələndirilməmişdir. Sonrası isə həmin torpaq sahəsinin onun mülkiyyətində olması ona verilmiş sənədlərdən aydın görünür. Hazıradək keçirilmiş məhkəmələrdə heç bir mütəxəssis və ya ekspert rəy verməmişdir ki, iddiaçının orada gözlənilən mülkiyyət hüququ vardır. Çünki həmin torpaq sahəsi heç vaxt iddiaçının atasının istifadəsində olmamışdır. Göründüyü kimi birinci instansiya məh kəməsi ədalətsiz və əsassız qətnamə çıxartmışdır.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(104)205/2023 saylı qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və L.Süleymanov) apellyasiya şikayəti təmin edilərək iş üzrə Gədəbəy rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil yolunun iddiaçının mülkiyyətində olması mülki iş materialları ilə sübuta yetirilməmişdir. Bunun əksinə olaraq iddiaçı apellyasiya baxışı zamanı hazırkı məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, onun evinə gedən yol cavabdehlərə məxsus torpaq sahəsind ən keçir. Bundan əlavə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, lakin hal-hazırda Gədəbəy rayonu ərazisində aparılmış yerquruluşu ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı işlər həyata keçirilməsi, həmin işlər başa çatdıqdan sonra “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.5 bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsi il ə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəyi səbəbi ilə ekspertiza tədqiqatının keçirilməsi mümkün olmamışdır.
18. Məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bir xüsusatı qeyd etmişdir ki, hazırkı iddiadan əvvəl Həsənov X1 Maya Əşrəf qızına qarşı Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yoluna Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır. Həmin iş üzrə İddiaçı tələbini onunla əsaslandırmışdı r ki, onun fərdi yaşayış evinə gedən avtomaşın yolu Cavabdeh1 həyətyanı torpaq sahəsindən keçir. Onun evinə gedən avtomaşın yolu cavabdehin həyətinə gələn yolla eynidir. Evinə gedən avtomaşın yolunu Cavabdeh1 metal setka ilə darvaza qoyaraq bağlamışdır.
19. Həmin iş üzrə iddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı açılmasını tələb etdiyi yolun üzərində Cavabdeh1 tərəfindən bağlama cəftəsi və qıfılı olmayan darvaza qoyulmuşdur. Yol İddiaçı məxsus həyətyanı sahə ilə Cavabdeh1 oğluna məxsus yaşayış evinin qapısından 3.5 m məsafədə keçərək İddiaçı həyətinə doğru gedir. Yəni iddiaçının qeyd etdiyi avtomobil yolu cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşir. Həmin yoldan iddiaçının istifadəsinə heç bir maneə yaradılmır. Cavabdeh həmin darvazanı qonşusunun toyuq-cücəsi və mal-qarası ona məxsus əkin sahəsinə ziyan vurmaması üçün qoymuşdur.
20. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsində darvaza qoyulması İddiaçı məxsus evə gedən avtomobil yolunu bağlamır. Bu səbəbdən də iddiaçının tələbi əsassızdır.
21. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə, habelə MPM-nin 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, onun evinə gedən avtomobil yolunun sxematik planının və Gədəbəy rayonu, Poladlı kəndinin kompleks yerquruluşu layihəsindən çıxarışın olmasına və həmin yola cavabdehlər tərəfindən tikinti işləri aparılması üçün daş tökülərək yolun bağlanmasına gətirib çıxarmasına, bununla da onun həmin yoldan istifadəsi məhdudlaşaraq öz mülkiyyətindən rahat və maneəsiz şəkildə istifadə etmək hüququnun pozulmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərək, onun öz mülkiyyətindən rahat və maneəsiz şəkildə istifadə etməyini qeyri-mümkün etməklə xüsusi mülkiyyət hüquql arının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdehlərin vəkili Vəkil2 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiy yətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmi n edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
30. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 169.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiy yət hüququ məhdudlaşdırıla bilər.
33. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
34. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
35. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola...keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilə rkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
36. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
38. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düz gün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə
88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub.
50. Belə ki işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər qonşudurlar və onlar Gədəbəy rayonu, Poladlı kəndində yaşayırlar, həmin kənddə iddiaçının qanuni istifadəsində 0.53 ha, cavabdehlərin qanuni istifadələrində isə 0.33 ha və 0,09 ha torpaq sahələri vardır. Qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)-30/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “fərdi yaşayış evinə gedən avtomobil yoluna cavabdehlər tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomobil yolunun əvvəlki vəziyyətə qaytarılması və maneələrin aradan qaldırılması” barədə iddiası rədd olunub. Həmin qətnamədən görünür ki, m übahisəli yola yerində baxış keçirilib və müəyyən olunub ki, iddiaçının açılmasını tələb etdiyi yolun üzərində cavabdeh tərəfindən bağlama cəftəsi və qıfılı olmayan darvaza qoyulub. Avtomobil yolu cavabdehə məxsus həyətyanı sahə ilə ona məxsus yaşayış evinin qapısından 3.5 metr məsafədən keçməklə iddiaçının həyətinə doğru gedir. Yəni iddiaçının iddia etdiyi avtomobil yolu cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşir. Həmin yoldan iddiaçının istifadəsinə heç bir maneə yoxdur. Cavabdeh həmin darvazanı qonşunun toyuq-cücə və mal-qarasının ona məxsus əkin sahəsinə ziyan vurmaması üçün qoymuşdur. İddiaçı həmin darvazanı açıb-bağlamaqla yoldan istifadə edə bilər. Ona görə də iddia rədd olunmalıdır.
51. Hazırda iddiaçı, ona məxsus evə gedən avtomobil yolunun cavabdehlərə məxsus evin hə yətindən keçdiyini, evlə avtomobil yolunun ara məsafəsinin 3.5 metr olduğunu, 2020-ci ildə cavabdehlərin avtomobil yolunun onun həyətindən keçən hissəsinə darvaza qoyduqlarını, həmin darvazanın qoyulmasına etiraz etmədiyini, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əvvəlki iddiasının yoldan istifadəsinə cavabdehlər tərəfindən hər hansı maneə yaradılmadığı üçün rədd edildiyini, hazırda cavabdehlər onun evinə gedən avtomobil yolunun üzərinə daş tökərək yoldan istifadəsinə maneə törətdiklərini göstərib evinə gedən yolun üzərində cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağan qoyulmasını və cavabdehlər tərəfindən yoldan istifadə edilməsinə yaradılan hər cür manelərə son qoyulmasını iddia edir.
52. Cavabdehlər isə iddiaçının mübahisələndirdiyi yolun onların torpaq sahəsindən keçdiyini, iddiaçının həmin yoldan istifadə etməsinin onların fərdi yaşayış evindən istifadəsinə maneə yaratdığını, həmin avtomobil yolunun 1975-ci ildən mövcud olduğunu, lakin hazırda iddiaçının həmin yoldan istifadəsinin onların fərdi yaşayış evindən istifadəsinə maneə yaratdığını, bu səbəbdən də iddiaçının yoldan istifadəsinə icazə vermədiklərini, həmçinin iddiaçının evinə özünə məxsus torpaq sahəsindən yolun açılmasının mümkün olduğunu və öz torpaq sahəsində tikinti işləri apardıqlarını göstərib iddiaya etiraz etmişlər.
53. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia etdiyi avtomobil yolunun cavabdehlərə məxsus torpaq sahəsindən keçdiyini, iddiaçının həmin yoldan istifadəsinə cavabdehlər tərəfindən heç bir maneə yaradılmadığını, cavabdehlərin dəmir darvazanı qonşusunun toyuq-cücəsinin və mal-qarasının onlara məxsus əkin sahəsinə ziyan vurmaması üçün qoyduqlarını, cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinə dəmir darvazanın qoyulması iddiaçıya məxsus evə gedən avtomobil yolunu bağlamadığını, bu faktların artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduğunu və bu səbəbdən də hazırkı iddia tələblərinin əsassız olduğu qənaətinə gəlsə də kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
54. Belə ki tərəflərin izahatlarına görə iddiaçının yaşadığı ev 1975-ci ildə inşa edilib və həmin vaxtdan iddiaçı, ailə üzvləri ilə birlikdə mübahisəli yoldan istifadə edir. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə aktı, habelə Gədəbəy rayonu, Qaraməmmədli bələdiyyəsinin 21 noyabr 2021-ci il tarixli arayışı ilə də təsdiq olunur və həmin arayışdan görünür ki, iddiaçının yaşadığ ı ev 1975-ci ildə inşa edilib, həmin tarixdən evə gedən mübahisəli yol işlək vəziyyətdə olub cavabdeh həmin yolu 2020-ci ilin iyul ayında qanunsuz olaraq bağlayıb. Hazırda həmin yol bağlıdır və iddiaçının evinə, həyətyanı torpaq sahəsinə başqa sahədən alternativ yolu yoxdur.
55. Hazırkı iddia tələbində iddiaçı evinə və həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun üzərinə cavabdehlər tərəfindən daş tökülərək həmin yoldan istifadəsinə maneə yaradıldığını iddia etdiyi və bu halı cavabdeh özü də inkar etmədiyi halda apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdikləri bu hallarla bağlı lazımi araşdırma aparmayıb və qanuni qüvvəyə minmiş məhkəmə aktından sonra tərəflər arasında gediş-gəliş yolu ilə bağlı əmələ gəlmiş mübahisənin nədən ibarət olm asını aydınlaşdırmayıb.
56. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, cavabdehlər tərəfindən iddiaçının evinə və həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun üzərinə tökülmüş daşın onun gediş-gəliş yoluna mane olub-olmadığını, həmin yoldan istifadəsini hər hansı formada məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdırmadan, habelə iddiaçının öz torpaq sahəsindən və fərdi yaşayış evindən ictimai yola başqa keçidinin olub-olmadığını yerində yoxlamadan, yalnız cavabdehin izahatı, ekspertin arayışı və hazırkı mübahisəyədək qəbul olunmuş məhkəmə aktı ilə müəyyən olunmuş hallara əsaslanaraq iddianı rədd etmişdir. Halbuki, iddiaçının cavabdehə qarşı hazırkı tələbi sözügedən məhkəmə aktının qəbulundan sonra yoldan istifadəsinə yaradılan yeni maneələrlə (yolun üzərinə daşin tökülməsi ilə) ba ğlıdır.
57. Daha sonra apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirlən yoldan istifadəsinə cavabdeh tərəfindən hər hansı maneə yaradılmadığını qeyd etsə də, bu hal bilavasitə cavabdehin özünün izahatı ilə inkar olunur. Belə ki cavabdeh iddiaya etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının iddia etdiklərini təsdiq edərək qeyd etmişdir ki, iddiaçının mübahisəli yoldan istifadə etməsi onun fərdi yaşayış evindən istifadəsinə maneə yaradır və tikinti işlərini özünə məxsus torpaq sahəsində aparır və bu səbəbdən də iddiaçıya yoldan istifadəsinə icazə vermir.
58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının ictimai yola zəruri keçidinin cavabdehə məxsus həyətyanı torpaq sahəsindən keçməsi, habelə həmin yolun (keçidin) ona məxsus fərdi yaşayış evi nin 3.5 metr məsafəsindən adlaması, cavabdehin həmin yolu bağlaması və iddiaçının həmin yoldan istifadəsini hər hansı formada məhdudlaşdırması üçün əsas ola bilməz. Çünki yuxarıda sadalanan normaların mənasına görə Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Eyni zamanda əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola...zəruri keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir.
59. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq iddiaçının öz torpaq sahəsindən və fərdi yaşayış evindən ictimai yola başqa əraz idən keçidinin olub-olmaması, mübahisəli yolun açılmasının cavabdehə zərər vurub-vurmaması, rəsmi sənədlərə, habelə Gədəbəy rayonu, Poladlı kəndinin sxematik planına əsasən 1975ci ildən tikilmiş iddiaçıya məxsus evə zəruri keçidin (yolun) mübahisəli ərazidən olub- olmaması və ya haradan olması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən mübahisəli avtomobil yolunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sxematik planına, o cümlədən Qaraməmmədli bələdiyyəsinin 21 noyabr 2021-ci il tarixli arayışına və fotoşəkillərə hüquqi qiymət verməyib.
60. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazları nın əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
61. Eyni zamanda hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlü yü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
62. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün y alnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
63. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslılıq baxımından Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Qətnamənin əsaslılığı dedikdə - qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı m ünasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb kassasiya şikayətində göstərilən digər dəl illəri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(104)-205/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.