Məhkəmə qərarları › İş №2(102)-1545/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1545/2019

28.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1545/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(005)1620/2018 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) iddiaçı x1 cavabdehlər x2 və x3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, mənzildən və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, mənzildən və pasport qeydiyyatından çıxarılmaları tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7953/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Eyvazov, S.Hacıyev və F.Talışinski) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(005)-1620/2018 saylı qətnaməsi qismən - yəni cavabdeh x3 ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılmasının təmin olunmaması hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunması, cavabdeh x3 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evindən çıxarılması, qətnamənin qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, qətnamənin x3 ünvan 1 saylı fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. İddiaçı x1kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7953/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 (bundan sonra, 1-ci cavabdeh) və x3 (bundan sonra, 2-ci cavabdeh) qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, mənzildən və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, mənzildən və pasport qeydiyyatından çıxarılmaları barə də qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildən ünvan 1 ünvanında yaşayır. 2009-cu ildə həyat yoldaşı vəfat etmişdir. Həmin vaxt yas mərasiminə yığılmış 8000 manat pulu oğlu x2 həyat yoldaşı x3 oğurlayaraq Sumqayıt şəhərinə qaçmış və sonralar özü də bunu etiraf etmişdir. Gəlini olan cavabdeh x3 daima evdə qəsdən oğlanları və onun arasında nifaq salır. Onun 70 yaşı vardır, təqaüddə olmağına baxmayaraq işləyir. 2017-ci ilin sentyabr ayında x3 evdən 1000 manat məbləğində pul oğurlamış, lakin bunu etiraf etmir. Bundan əlavə, 12 yanvar 2018-ci il tarixində onun digər gəlini x4 şərləmək və adını ləkələmək üçün tanımadığı bir əlili öyrədib evə göndərmişlər ki, guya gəlini x4 həmin əlildən 200 manat pul alıb və geri qaytarmır. Həmin tarix də bu hadisənin qarşısını almaq üçün polisə müraciət etmiş və iş 18 saylı Nərimanov rayon Polis Bölməsi tərəfindən araşdırılmışdır. Məlum olmuşdur ki, həmin əlili doğma oğlu x2 öyrədib. Hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan evdən istifadə hüquqları itirilməli və onlar evdən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7953/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edil məsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MM-nin 228.2-ci maddə sinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MM-nin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşa yış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, 2-ci cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları yaranmamışdır. Bununla yanaşı, 2-ci cavabdeh hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də iddiaçının ailə üzvü hesab edilmir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyət çisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı) Həmçinin, qeyd edilməlidir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması isə onun əmlakdan istifadə hüquqlarının mövcudluğunu təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qe ydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zama nda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, 2-ci cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malik dir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu səbəbdən də, iddia ərizəsi 2-ci cavabdehə münasibətdə yaşayış sahəsindən çıxarılma hissədə əsaslı olmuş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 1-ci cavabdehə qarşı hissədə rədd etməklə maddi hüquq normalarının tətbiqi baxımından düzgün hüquqi nəticəyə gəlmişdir. Çünki, 1-ci cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının olması aşkardır. Həmin hüquqa isə MM-nin 228.2-ci maddəsinə əsasən müvafiq qaydada kompensiya ödənilməklə xitam verilə bilər. MM-ni n 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. MM-nin 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Мəhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini qismən - yəni iddianın 2-ci cavabdehə münasibətdə yaşayış sahəsindən çıxarılmasının rədd olunması hissədə ləğv edilməsi, iddianın həmin hissədə 2-ci cavabdehə münasibətdə təmin olunması, qətnamənin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən mad di hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar