Məhkəmə qərarları › İş №2(102)-1646/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1646/2019

18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1646/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ evi və torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, beh müqaviləsinin və reyestr çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103)7805/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı – Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 454A saylı bağ evinə və onun 0,12 torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 arasında bağlanmış 18.04.2016-cı il tarixli alqısatqı müqaviləsinin, 14.04.2016-cı il tarixli beh müqaviləsinin və alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 13.05.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışın et ibarsız hesab edilməsi, tərəflərin müqavilədən əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 16.04.2018-ci il tarixli 2(011)3166/2018 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 05.09.2018-ci il tarixli 2(103)7805/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103 )-7805/2018 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası mülki işi araşdırarkən apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, tərəflərin izahatlarının işdə olan sübutlarla ziddiyyət təşkil etməsini qiymətləndirməmişdir. Məhkəmənin gəldiyi, mübahisələndirilən müqavilənin yalan əqd olduğu sübut olunmur kimi bu nəticəsi qanuni əsaslara deyil, yalnız subyektiv mülahizələrə söykənən bir ehtimalıdır. Belə ki, işdə olan bu sübutlara - notariatın nümayəndəsinin, notariatda 28.12.2016-cı il tarixdə baş verən halın, sənədləşdirmə işlərinin Cavabdeh1 razılığı ilə İddiaçı ilə X adlı şəxsin arasında alqı-satqı əməliyyatının aparılmasına cəhd edilməsi və bununla bağlı zəruri olan sənədlərin toplanılması və imzalanması, forma 1 arayışı üçün dövlət rüsumunun ödənilməsi, bağ evinə yeni alıcı kimi X adlı şəxsin adına əmlakın icbari sığorta şəhadətnaməsini yazılması və s. halları düzgün araşdırmadan bütün bunlara qiymət verməmişdir. İstər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin keçirilmiş iclaslarında Cavabdeh1nun özünün, onun nümayəndəsinin izahatlarından başqa mülki işin materiallarına əlavə edilmiş və tədqiq edilmiş bütün hallar və sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı bağ evi almamışdır. Cavabdeh1 və onun mərhum atası Möhübbəddin İbrahimov (Firqət kişi) ayı 5% olmaqla 80.000 ABŞ dolları məbləğində pul və saitini İddiaçı faizə vermişdir. Bununla da onların arasında Lombard faiz borc münasibətləri qurulmuşdur. Bunun təminat üsulu kimi də İddiaçı bağ evini formal olaraq Cavabdeh1 nun adına keçirilməsi təklif olunmuşdur. İddianın təmin edilməməsi haqqında qətnamə çıxaran məhkəmə kollegiyası yuxarıda göstərilən faktları və işin faktiki hallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin, tərəflərin izahatlarının işdəki digər sübutlarla yoxlanılması və qiymətləndirilməsinə dair MPM-nin 106.1-ci maddəsinin tələblərinə əməl etməmiş və nəticədə qanuna zidd qətnamə çıxarmaqla qeyd edilən maddələrin tələblərini pozmaqla yanaşı həmin Məcəllənin 217-220-ci maddəsinin də tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh1 vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, mübahisəli daşınmaz əmlakla bağlı cavabdehlə iddiaçı arasında notarial qaydada təsdiq olunmuş 14.04.2016-cı il tarixli beh müqaviləsi, daha sonra isə 18.04.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı iddia edir ki, əslində tərəflər arasında kredit münasibəti olub, alqı-satqı müqaviləsi başqa müqaviləni - girov (ipoteka) müqaviləsini pərdələmək üçün bağlanılıb. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddianın əsası sübut olunmur. Alqı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış, notarius tərəfindən təsdiq olunmuşdur. Odur ki, alqı-satqı müqaviləsinin yalan əqd olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. İşdə sübutlar (iddiaçın ın izahatı, şahidlərin ifadəsi və s.) olsa da, məhkəmə bu sübutlara əsaslanaraq alqı-satqı müqaviləsini yalan əqd hesab edə bilməz, çünki həmin məlumatları verən şəxslər mübahisənin nəticəsində maraqlıdırlar. Müqavilədə əmlakın qiymətinin bazar qiymətindən aşağı göstərilməsi faktı da öz-özlüyündə müqavilənin yalan əqd sayılmasına əsas ola bilməz. Çünki Mülki Məcəllənin 390-cı maddəsinə əsasən tərəflər müqavilənin məzmununu, o cümlədən əşyanın müqavilə qiymətini azad surətdə müəyyən edə bilərlər. Məhkəmə kollegiyası məruzəçini və Cavabdeh1 vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1 və 491.2-ci maddələrinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəal ar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daşınmaz əmlaka dair beh və alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin pozulması halı müəyyən edilməmişdir. Mülki Məcəllə nin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsinin (o cümlədən beh müqaviləsinin) borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həl li üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitə lərinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəy yən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar v ə tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və y a qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən də lillər isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli 2(103)7805/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar