Məhkəmə qərarları › İş №2(102)-1649/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1649/2023

01.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1649/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” publik hüquqi şəxsə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, müddətli əmək müqaviləsi, tərəflərin hüquq bərabərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” publik hüquqi şəxsə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7880/2022 nömrəli, 27 dekabr 2022-ci i l tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1988-ci ildən “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu”nda (bundan sonra – cavabdeh, publik hüquqi şəxsdir) əmək fəaliyyətinə başlamışdır. 2. 22.12.2021-ci il tarixdə cavabdehlə iddiaçı arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə yenidən 3 ay müddətinə, xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

3. Cavabdehin 401T saylı xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin direktoru X2 iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 2000 manat cərimə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi barədə 401T saylı, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, onun “Zahılıq şöbəsinin” tibb bacısı vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma saatına görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatda xx.xx.1988-ci ildən əmək fəaliyyətinə başlamış və bu müddət ərzində bir dəfə də olsun töhməti olmamışdır. 2021-ci ildə onu digər şöbəyə köçürmüşlər, daha sonra isə növbədə olduğu müddətdə və növbəni təhvil verəndən sonra növbəti gün xx.xx.2022-ci il tarixdə, əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən qanunsuz azad etmişlər. Hüquqi savadı olmadığı üçün onunla bağlanan müddətsiz müqavilə ləğv olunmuş, bunun əvəzində müddətli müqavilə bağlanmışdır.

7. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı uzun illər xəstəxanada işləmiş, onunla 22 dekabr 2021-ci il tarixdə 3 ay müdd ətinə əmək müqaviləsi bağlanmış və məlumat verilmişdir ki, həmin müqavilə müddətlidir. Həmin tarixdən sonra hər üç ay tamam olduqca müqavilə eyni müddətə uzadılmışdır. Lakin iyun ayında onunla müqavilə öhdəliyinin müddəti bitdiyi üçün, barəsində əmr verilmiş və o, tutduğu vəzifəsindən azad edilmişdir. Əmr qanunidir, hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının uzun illər iş təcrübəsi olması nəzərə alınmış, ona sterilizasiya şöbəsində iş təklif olunmuş, lakin o, həmin şöbəyə getməkdən imtina etmişdir.

8. İşə baxılarkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2567/2022 nömrəli iş üzrə 29 sentyabr 2022- ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia təmin edilməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

11. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 45, 47, 68, 73-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, onun 1988-ci ildən müddətli əmək müqaviləsi bağlandığı günə və ondan sonra tutduğu vəzifəsi eyni olmuşdur. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması nəzərdə tutulmamış, onu iradəsinə zidd, qanunsuz olaraq vəziyyətini ağırlaşdıran müqaviləyə imza atmağa məcbur etmişlər. Digər tərəfdən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən işin daimi xarakterə malik olması qabaqcadan bəlli olmuşdur. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli araşdırmadan qanunsuz və əsassız nəticəyə gəlmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7880/2022 nömrəli iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinc i instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia təmin edilmişdir.

15. Məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin İ və İV hissələri, 47-ci maddəsinin «f» bəndinin tələbləri baxımından hesab etmişdir ki, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

16. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də, hazırkı əmək müqaviləsinin məzmunu baxımından iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabd eh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür.

17. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı rədd edərkən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad etməsini əsaslı saymamış və qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşıma sından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

18. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqav iləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.

19. İş üzrə iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan suiistifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır.

20. Məhkəmənin qənaətinə görə, 30 illik iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddət inə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

21. Məhkəmə iddiaçının X3 müraciəti nəticəsində aparılmış araşdırma üzrə cavabdehin inzibati xəta haqqında məsuliyyətə cəlb olunmasını iddiaçının əmək hüquqlarının pozulduğunu bir daha təsdiq edən hal kimi nəzərdən keçirmişdir.

22. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, iddiaçı 1988-ci ildən fasiləsiz və etirazsız olaraq eyni iş yerində eyni vəzifədə iş lədiyindən, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilmədiyindən iddia tələbləri əsaslıdır və təmin edilməlidir.

23. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 3 (5), 45(1), 45 (4), 45 (5), 47 (“f” bəndi), 73(1)-cü, MPM-in 14.1, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2 ) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar çıxarılması və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsindən göründüyü kimi, iddiaçı özü ərizə ilə müraciət edərək onu annestezist vəzifəsindən azad olunaraq Zahılar şöbəsinə keçirilməsini xahiş etmişdir. Qeyd olunan ərizə əsasında xx.xx.2021-ci il tarixli əmrlə iddiaçı 3 aylıq müddətli əmək müqaviləsi əsasında anestezist vəzifəsindən Zahılıq şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. Göründüyü kimi, hər iki tərəf müqavilə bağlayan zaman öz iradə ifadələrini sərbəst bildirmişdir, heç kəs qanunsuz olaraq iddiaçın ın müqaviləsini müddətli etməmiş, heç kəs onun vəzifəsini onun iradəsindən kənar dəyişməmişdir. Əksinə, onun öz ərizəsi ilə bütün bunlar həyata keçirilmişdir. Hətta müqavilənin müddəti bitdikdə ona müddətini artırmaq təklif olunmuş, lakin, o, müqavilənin artırılması üçün hər hansı addım atmamışdır. Bunu onun xx.xx.2022-ci il tarixli ərizəsindən də görmək olur. İddiaçı özü bildirmişdir ki, işindən razıdır və müqaviləsinə xitam verilməsinin səbəbi özünün buna razılıq verməməsidir. Lakin bu hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində öz əksini tapmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı pozuntuya yol verilməmiş, qanun çərçivəsində bütün prosedurlar həyata keçirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki halla rına uyğun olmamaqla, qanunsuz və əsassız olmuş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərin pozulmuş, düzgün tətbiq edilməmiş, mübahisənin obyektiv həlli üçün mühüm, diqqətə layiq xüsusatlara hüquqi qiymət verilməmiş, MPM-in 14,1, 14.2, 88, 106, 108, 217.1, 217.4, 372.1 və 327.7-ci maddələrinin, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərinə riayət olunmamışdır. Bundan başqa, məhkəmə iddia tələbinin təmin olunması nəticəsinə gəlsə də, dövlət rüsumunu cavabdehdən tutmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

27. Maddə 3 (5). Əmək müqaviləsi (kontraktı)– işəg ötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

28. Maddə 45 (1). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

29. Maddə 45 (4). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

30. Maddə 45 (5). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

31. Maddə 47 (f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

32. Maddə 73 (1). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araş dırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7880/2022 nömrəli iş üzrə 27 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar