Məhkəmə qərarları › İş №2(102)-1673/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1673/2024

14.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1673/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-284/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən birinci Ca vabdeh2 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sumqayıt şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 21.45.1 nömrəli qərarına əsasən, Mənzil İstismar Kontorunun 41/302 saylı, xx.xx.1981-ci il tarixli məktubu və “Orqsintez”in 41 saylı, xx.xx.1981-ci il tarixli protokoluna uyğun olaraq, 1971-ci ildən rəngsaz işləyən İddiaçı və 8 nəfərdən ibarət ailə üzvləri, Sumqayıt şəhəri Nasosnu (indiki Z.Tağıyev) qəsəbəsində yerləşən, 5 nömrəli evin, 77,36 kv.m-dən ibarət yaşayış sahəsi olan 24 nömrəli mənzillə təmin edilmişlər.

2. Sumqayıt şəhər X15 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, H/148 nömrəli orderə əsasən, Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24, İddiaçı və 7 nəfərdən ibarət ailə üzvlərinə verilmişdir.

3. Ölüm haqqında şəhadətnamələrdə aparılmış qeydlərə əsasən, X5 isə xx.xx.1999cu il tarixdə, X4 isə xx.xx.2002-ci il tarixdə ölmüşlər.

4. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən, Bəxtiyar Ələkbərov 3 nəfər ailə üzvü ilə Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-də 1982-ci ildən yaşamış və 1989-cu ildən daimi qeydiyyata alınmışdır. Lakin xx.xx.2017-ci ildə vəfat edib.

5. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birli yinin 21 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş və qonşular tərəfindən tərtib edilərək imzalanmış 01 iyun 2022-ci il tarixli Akta əsasən, Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-də yaşayan və qeydiyyatda olan İddiaçı mənzilində adları qeyd olunan vətəndaşlar uzun müddətdiryaşamırlar. Cavabdeh2 1993cü ildə ailə həyatı qurub və bu evdən mərhum həyat yoldaşı X5 ilə birlikdə köçüb. Məryəm Ələkbərova və Cavabdeh1 bu ünvanda heç vaxt yaşamayıblar. Cavabdeh1 və uşaqları Ümid Əhmədli, Nuray Əhmədli bu ünvanda heç vaxt yaşamayıblar.

6. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 nikahı xx.xx.2014-cü il tarixlə Bambaşı icra nümayəndəliyində qeydə alınmışdır. xx.xx.1973 -cü il təvəllüdlü X1 ölümü xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

7. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər və ya birinci, ikinci cavabdeh, yaxud ad, soyad) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və azyaşlılar X2, X3, X12 və X8 Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-ə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 3, mənzil 24-də yerlə şməklə sahəsi 77,36 kv.m. olan 5 otaqdan ibarətdir. Sumqayıt şəhər X15 İcrayyə Komitəsinin 16 fevral 1982-ci il tarixli 21.45.1 saylı Qərarına əsasən mənzil iddiaçıya və 8 nəfər ailə üzvlərinə ayrılmış, bu qərar əsasında iddiaçının adına order verilmiş və həmin vaxtdan iddiaçı qeyd edilən mənzildə yaşamaqla pasport qeydiyyatındadır. Cavabdehlərdən Cavabdeh2 iddiaçının vəfat etmiş oğlu Bəxtiyar Ələkbərovun həyat yoldaşıdır. O, 20 ildən artıqdır ki, bu mənzili daimi olaraq tərk etmiş, özü və övladları bu mənzildə yaşamırlar, başqa bir ünvana daimi olaraq köçmüşlər. Digər Cavabdeh1 da iddiaçının vəfat etmiş oğlu Elçin Ələkbərovun qızıdır. O, da bu mənzili daimi olaraq tərk etmiş, köçmüş, ailə həyatı qurmuş və mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir, uşaqları ilə başqa ünvanda yaşayır. Cavabdehlərin uzun müddət bu mənzildə yaşamamalarına baxmayaraq onların uşaqlarının hələ də mənzildə qeydiyyatda qalmaları bir icarədar kimi iddiaçının həmin mənzil üzərində hüquqlarını həyata keçirməyə, mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. İddiaçı bu şəxslərin formal qeydiyyatları səbəbindən mənzili öz adına özəlləşdirə bilmir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4352/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata cavabdehlər Məryəm Ələkbərovaya və Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır.

10. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, işdən göründüyü kimi iddiaçı cavabdehlərlə yanaşı yetkinlik yaşına çatmayan Məryəm Ələkbərova və Cavabdeh1 da ünvan 3, mənzil 24-ə istifadə hüququna xitam veri lməsini xahiş edir. Lakin, həmin şəxslər cavabdehlərin heç birinin ailə üzvləri deyillər. Yəni, cavabdehlərə münasibətdə onların da mənzilə istifadə hüquqlarına xitam verilməsi mümkün deyildir. Məryəm Ələkbərova və Cavabdeh1 yetkinlik yaşına çatmadıqlarından müstəqil olaraq iş üzrə cavabdeh kimi də çıxış edə bilməzlər. Məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq inzibati orqana müraciət edərək Məryəm Ələkbərova və Cavabdeh1 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş edə, imtina cavabı aldığı təqdirdə isə müvafiq tələblə inizbati məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə, həmin şəxslərin mübahisəli mənzilə istifadə hüquqlarına mülki icraat qaydasında baxıla bilməz.

11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 22(060)-4352/2022 nömrəli, 23 sen tyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü Ümid Əhmədlinin, xx.xx.2017-ci il təvəllüdlü Nuray Əhmədlinın Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 5 mənzil 24-ə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehlər və xx.xx.2004-cü il təvəllüdlü Məryəm Ələkbərova, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2014-cü il təvəllüdlü Ümid Əhmədli və xx.xx.2017-ci il təvəllüdlü Nuray Əhmədli hazırda mübahisəli ünvan 2 ünvanında qeydiyyatdadırlar. Mübahisəli mənzil xx.xx.1982-ci il tarixli order əsasında iddiaçıya verilmişdir. Cavabdeh2 iddiaçının gəlini, Cavabdeh1 isə nəvəsidir. Cavabdehlər mübahisəli mənzildə yaşamışlar və icarədarın ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Lakin, hal-hazırda cavabdehlər mübahisəli mənzili tərk etmişlər. Onların mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmış və mənzildə formal olaraq qeydiyyatda qalmışlar.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia qismən təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəllə sinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

15. Qətnamədən birinci Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd olunması haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarına istinad etsə də, mənzilə istifadə hüququna xitam verilməsi ilə yaşayış sahəsindən qeydiyyatdan çıxarılmanın hüquqi əsaslarına fərq qoymamışdır. Hansı ki, onun mənzildən istifadə hüququna xitam verilirsə, həmin mənzildə yaşamağının səbəbi araşdırılmalı idi. Məhkəmədə iştirakı təmin olunmadığından, mənzildən iddiaçılar tərəfindən qovulduğuna hüquqi qiymət verilməmişdir. Hazırda mübahisəli mənzildən qovulmasına görə Sumqayıt şəhəri ərazisində gecəqonduda kirayə yaşayır. Bundan başqa, aralarında olan münasibətlər 2000-ci ilə kimi mövcud olsa da, məhkəmə qətnamədə göstərir ki, guya aralarında olan münasibətlər 2000-ci ilin sentyabr ayının 1dən sonra yaranmışdır. Bu isə məhkəmə tərəfindən maddi hüquq normasının pozulmasıdır. Məhkəmə ancaq, iddiaçının yalan izahatlarına əsaslanmışdır. Onun məhkəmə müdafiə hüququ pozulmuşdur. Məhkəmə tərəfindən “Yaşayı ş yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdursa, belə nəticəyə gəlmək olar ki, mübahisənin predmeti ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aid olmuşdur. Məhkəmə tərəfindən onun daimi yaşayış yeri müəyyən olunmadığından xx.xx.2009-cu ildən qüvvədə olmuş yeni Mənzil Məcəlləsinin maddələrinə düzgün istinad olunmamışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instnasiyası məhkəməsi) 2(105)-770/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Səyyad Qafari) birinci instansiya məhkəməsinin qətnaməsi birinci Cavabdeh2 apellyasiya şikayəti üzrə qismən, ona aid hissədə ləğv edilmiş, bu hissədə yeni qətnamə qəbul edilər ək cavabdeh Əkbərovya aid hissədə iddia tələbi təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münaisbətlərinə düzgün maddi hüquq norması tətbiq edilmiş, lakin işin halları tam aydınlaşdırılmamış, qeyd olunan maddi hüquq normasının tələbləri baxımından işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sübutetmə yükü düzgün müəyyən edilməmişdir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi müvafiq qərar əsasında iddiaçı və onun ailə üzvlərinə (o cümlədən cavabdehin ərinə) verilmişdir. Cavabdeh2 iddiaçının oğlu ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu tarixdən həmin yaşayış sahəsinə gəlin köçmüş, birgə nikahdan uşaqları anadan olmuş, həmin yaşayış sahəsində ailə üzvləri və iddiaçı ilə birlikdə yaşamış, 1999-cu il tarixdə isə əri oğlu vəfat etmişdir. Cavabdeh həmin yaşayış sahəsində pasport qeydiyyatındadır.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi,başqa yaşayış sahəsinə malik olması halını əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddia tələbinə etiraz edərək, həmin yaşayış sahəsini m əcburiyyət qarşısında qalaraq tərk etdiyini,iddiaçı ilə qohum olduqlarını, aralarında münaisbətlər gərgin olduğundan məcbur olaraq həmin evi tərk etdiyini, qardaşının evində yaşadığını, özünün başqa yaşayış sahəsinin olmadığını, əri vəfat etdikdən sonra həmin evi tərk etdiyini, himayəsində sağlamlıq imkanları məhdud olan uşağının da olduğunu, həmin yaşayış sahəsinə ehiyacının olduğunu, həmin evdə pasport qeydiyyatında olduğunu, başqa yaşayış yerinin və qeydiyyatda ola biləcək yerinin olmadığını bildirmişdir.

20. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qeyd olunan mənzil qanunvericiliyinin tələbinə əsasən mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının və cavabdehin ərinin qanuni sahinliyində olduğundan, cavabdeh onun ailə üzvü olmaqla, köçüb onunla və iddiaçı ilə birlikdə həmin yaşay ış sahəsində yaşadığından, 1992-ci il tarixdən həmin yaşayış sahəsində daimi pasport qeydiyyatında olduğundan (hansı ki qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır) cavabdehin həmin yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır (Mənzil Məcəlləsinin 53, 123-cü maddəsinin dispozitiv şərtləri baxımından).

21. Qeyd olunmalıdır ki, indiki halda hazırkı mülki iş üzrə mübahisələndirilən hissədə cavabdehin həmin yaşayış sahəsini daimi tərk edib-etməməsi, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması və başqa yaşayış sahəsinə malik olub-olmaması halları araşdırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən hissədə qeyd olunan hallar üzrə sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia təl əbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi, başqa yaşayış sahəsinə malik olması, qeyd olunan yaşayış sahəsinə ehtiyacının olmaması kimi halları sübut etmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən həmin halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Qeyd edilən halla bağlı iddiaçı tərəfindən sübut qismində yalnız yazılı akt təqdim edilmişdir ki, məhkəmə həmin sübut vasitəsi ilə bağlı onu qeyd etmişdir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsinin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir.

22. B undan əlavə, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş digər sübut vasitəsi ilə bağlı onu qeyd etmişdir ki, Cavabdeh2 adına abonent kodunun qeydiyyata alınmasına dair “Sumqayıt Sukanal” İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Qeyd olunan hal Cavabdeh2 həmin yaşayış sahəsini daimi olaraq könüllü tərk etməsi halını birbaşa təsdiq edən sübut kimi çıxış etmir. Bundan əlavə, cavabdeh öz izahatında həmin ünvanda yerləşən yaşayış yerinin qardaşına məxsus olduğunu, su sonradan çəkildiyindən onun adına qeydiyyata alındığını bildirmişdir. Həmçinin, iddiaçı öz izahatında cavabdehin yaşadığı evin onun qardaşı tərəfindən verilməsi halını bildirmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin sübut vasitəsi də mübahisələndirilən hi ssədə iddia tələbinin əsası kimi istinad edilən halları təsdiq etməmişdir. Həmçinin, məhkəmə onu qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır, yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli,hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, cavabdehin həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdehin uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin həmin evdə yaşamamasının məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır.

23. Qeyd olunmalıdır ki, cavabdehin həmin mənzilə istifadə hüququ mövcud olduğundan, həmin istifadə hüququna yalnız cavabdeh həmin yaşayış sahəsini könüllü olaraq daimi tərk etdiyi, həmin yaşayış sahəsinə ehtiyacının olmadığı, başqa daimi yaşayış sahəsinə malik olduğu hallarda mümkün olardı. İndiki halda isə iddia tələbini əsası qismində çıxış edən həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mülki iş üzrə mübahisələndirilən hissədə birinci instansiy a məhkəməsi tərəfindən qeyd olunan hallar tam aydınlaşdırılmamış, həmin hallara düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarilə iş üzrə həmin hissədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh2 aid hissədə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 217.2, 217.3, 384.0.2, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instanisyası məhkəməsində birinci icraat:

25. Qətnamədən iddiaçı (Vəkil1) k assasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə prosesində mərhum həyat yoldaşı Elçin Ələkbərovla mübahisəli mənzili 90-cı illərdən tərk etdiyini, qardaşının onlara aldığı fərdi evdə yaşadığını, su sayğacının da adına olduğunu, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarıldığı üçün şəxsiyyət vəsiqəsinin etibarsız olması onun üçün problemlər yaratdığını, hazırda isə Bakı şəhərində qardaşının mənzilinə qeydiyyata düşdüyünü, lakin Sumqayıt şəhərində faktiki yaşadığını üçün Bakı şəhərinə gedib-gəlməsinin çətin olduğunu bildirmişdir. Lakin bu hallar cavabdehin mübahisəli mənzi lə istifadə hüququnun itirilmiş hesab olunmasına əsas verən sübutlar və dəlillər olduğu halda məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qətnamədə qeyd etmişdir ki, guya cavabdehin uzun müddət mübahisəli mənzili tərk edərək daimi köçməsi sübut edilməmişdir. Halbuki bütün sübutları bir kənara qoyduqda cavabdehin öz izahatı (mənzili 90-cı illərdən tərk etməsi, sənədsiz evdə həmin vaxtdan yaşaması, 2-ci dəfə faktiki nigahla ailə qurması və 24 yasında Validə adında qızının olması, bu illər ərzində mübahisəli mənzilə gəlib yaşamaması, iddia qaldırmaması, gedərkən bütün əmlaklarını aparması, mənzilə yalnız qeydiyyatının saxlanılması və s. kimi) qaldırılmış iddia tələbinin əsaslı olmasına dəlalət etdiyi halda məhkəmə bu qanunsuz qətnaməni qəbul etmişdir. Məhkəməyə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən hallarla bağlı yetərincə sübutlar təqdim etmiş, şahidlər dindirilmiş və cavabdeh özü də məhkəmədə ailə həyatı qurduqdan bir müddət sonra mübahisəli mənzili tərk etməklə hazırda yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən evdə yaşadığını bildirmiş, problemin yalnız həmin evə qeydiyyata düşə bilməməsi səbəbindən baş qaldırdığını demişdir. Onun bu mənzili könüllü tərk etməsinin sübutu 30 ilə yaxın bir müddətdə bu mənzilə köçürülmə ilə bağlı hər hansı bir orqana müraciət etməməsi,məhkəmədə iddia qaldırmaması ilə izah olunur. Əksinə o, 2-ci dəfə ərə getmiş və həmin şəxsdən də onun X9 adında bir övladı olmuşdur. Həmin qızı da ailə həyatı qurmuşdur. Bu faktı cavabdeh özü də məhkəmədə etiraf etmiş və işdə olun sənədlərlə də təsdiq olun ur. Göründüyü kimi cavabdehin bu mənzili uzun müddətdə könüllü tərk etməsi,başqa yaşayış məntəqəsinə köçməsi, 2-ci dəfə ərə getməsi və ondan da övladının olması, hazırda da başqa ünvanda yaşaması, tərəflərin izahatları, işdə olan sübutlar (akt, şahid ifadələri, cavabdehin yaşadığı ünvan barədə Sukanalı idarəsinin arayışı və s.) ilə təsdiq olunur, məhkəmə işdə olan aktın mötəbərliyinə şübhə edirdisə, o həmin aktı imzalayan şəxsləri və ərazi MİS-nin əməkdaşlarını məhkəməyə dəvət edib dindirə bilərdi, lakin məhkəmə bunu etməmiş, bir dəfə təyin edilmiş məhkəmə iclasında bu mübahisəyə qeyri-obyektiv qiymət vermişdir, hətta aktda qeyd olunan faktı cavabdeh özü məhkəmədə etiraf etdiyi halda məhkəmə aktın mötəbərliliyini şübhə altına almışdır. Məhkəmənin qeyri obyektiv mövqeyinin sübutu xx.xx.2023 -cü il tarixdə aparılmış məhkəmə prosesinin audiovideo yazısıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2968/2023 nömrəli, 09 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov) apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - Cavabdeh2 aid hissədə ləğv edilməsi, işin eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.

28. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, yaşayış sahəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinin saxlanması məsələsi isə Mənzil Məcəlləsinin 60 və 87-ci maddələri ilə tənzimlənirdi. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hi ssəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanırdı. Qanunverici qeyd olunan qaydaları təsbit edərkən hüquqlarının pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmədə baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Lakin işdən məlum olur ki, qeyd edilən məsələlər işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırmamışdır.

29. Məhkəmə kollegiy ası qeyd etmişdir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh2 əri (iddiaçının oğlu) Elçin Ələkbərov 1996-cı ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 1999-cu ildə vəfat etmiş, Cavabdeh2 hələ əri Elçin Ələkbərovun sağlığında sonuncu ilə birlikdə mübahisəli mənzildən çıxaraq, başqa yerə köçüb, həmin yerdə yaşamağa başlamış, Elçin Ələkbərov vəfat etdikdən bir müddət sonra başqa şəxslə faktiki ailə münasibətləri qurmuş və bu münasibətlərdən bir uşaq dünyaya gəlmişdir. Cavabdeh hazırda Bakı şəhərində qeydiyyatdadır, qardaşı tərəfindən ona verilmiş evdə yaşayır və həmin evin sudan istifadəyə görə abonent kodu 2016-cı ildən onun adınadır. Cavabdeh ötən 30 ilə yaxın müddət ərzində mübahisəli mənzilə gəlib yaşamamış və iddiaçıdan sözügedən hüququnun təmin edilməsini tə ləb etməmiş, bu barədə məhkəmədə iddia qaldırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin işin sadalanan hallarını nəzərə aldıqdan sonra da cavabdehin mübahisəli yaşayış sahəsində uzun müddətdə yaşamaması halının iddiaçı tərəfindən sübut olunmalı olduğunu və sonuncunun bununla bağlı heç bir mötəbər dəlilə istinad etmədiyini bildirməsi, həmin məhkəmənin sübutetmə yükünün tərəflər arasında düzgün bölüşdürməməsinin nəticəsi olmuşdur.

30. Məhkəmə kollegiyası izah etmişdir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər şəxsin uzun illər ərzində mübahisəli mənzildə yaşamadığı mübahisə yaratmırsa, o halda onun həmin yaşayış yerini daimi tərk etməməsi və evdə yaşamamasının məhz sonuncunun könüllü iradəsi əsasında baş verməməsi faktlarının sübut olunması yükü yerini dəyişərək, qeyd olunan əsası irəli sürən tərəfin öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsini doğurmuş olmuşdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını 2(105)-284/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiya məhkə məsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 əri (iddiaçının oğlu) Elçin Ələkbərov 1996-cı ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 1999-cu ildə vəfat etmiş, Cavabdeh2 hələ əri Elçin Ələkbərovun sağlığında sonuncu ilə birlikdə mübahisəli mənzildən çıxaraq, başqa yerə köçüb, həmin yerdə yaşamağa başlamış, Elçin Ələkbərov vəfat etdikdən bir müddət sonra başqa şəxslə faktiki ailə münasibətləri qurmuş və bu münasibətlərdə n bir uşaq dünyaya gəlmişdir. Cavabdeh başqa ünvanda qeydiyyatdadır, qardaşı tərəfindən ona verilmiş evdə yaşayır və həmin evin sudan istifadəyə görə abonent kodu 2016-cı ildən onun adınadır. Cavabdeh ötən 25 ilə yaxın müddət ərzində mübahisəli mənzilə gəlib yaşamamış və iddiaçıdan sözügedən hüququnun təmin edilməsini tələb etməmiş, bu barədə məhkəmədə iddia qaldırmamışdır. Digər tərəfdən, cavabdehin mübahisəli mənzildən məcburi qaydada çıxarılması iş materialları və məhkəmə iclasında işin araşdırılmış halları ilə təsdiqini tapmır və cavabdehin ötən müddət ərzində mənzilə köçürülməsi barədə məhkəmə qaydasında mübahisə açmaması onun mübahisəli mənzillə əlaqəsini kəsməsini göstərir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 1999-cu ildən mübahisəli mənzildə yaşamadığından, o, müb ahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Bu səbəbdən onun ünvan 3 ünvanına yerləşən 24 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi əsaslıdır.

36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 münasibətdə iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

37. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43 və 60-cı, Mülki Məcəllənin 152.2-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 77.3, 88, 218.3, 372.6, 372.7, 384.0.1 və 402-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:

38. Qətnamədən birinci Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Kollegiyası iddiaçının onun həyat yoldaşı rəhmətə getdikdən sonra onunla münasibətlərinin pisləşməsini və ona qarşı qərəzli olmasını nəzərə almamışdır. Bu səbəbdən sonuncu övladım olan 1-ci qrup müddətsiz əlil, fiziki qüsurlu X10 iddiaçının onu evdən sıxışdırmasına görə atası evində dünyaya gəlməsini, iddiaçının qərəzli olaraq onu evdən getməyə məcbur etməsini araşdırmamışdır. Həmin illərdə idiaçı ilə ailə münaqişə si zəminində bu mənzildən məcbur olaraq çıxmışlar. Yəni onun üzrlü şəbədən iddiaçının onu incitməsi və həyat yoldaşının vəfatı ilə əlaqədar bu vəziyyətdən yararlanaraq ona məxsus əmlaklarını evdən çıxardıb ora-bura dağıtmışlar. O, əmlaklarını küçədən yığaraq kirayə evlərdə yaşamışdır. Hazırda isə tavanından su daman darısqal və divarları uçmaqda olan, yarasız bir özbaşına tikilidə İ qrup şikəst qızı ilə məcbur olub yaşayır. O, və ailə üzvləri 1996-1999-cu illər arasında dəfələrlə evə qayıtmaq istəsələr də iddiaçı mübahisəli mənzilə qayıtmalarının qarşısını almaq məqsədi ilə evi qıfılla bağlayaraq, rayonda yaşamışdır. Bu neçə illərdə mübahisəli mənzil bağlı olduğu üçün və münaqişəli vəziyyətə görə onlar məcburiyyət qarşısında bu mənzildə yaşaya bilməmişlər. Həmçinin qeyd olunmalıdır ki, məh kəmə kollegiyası işin təkrar apellyasiya baxışında vəkilin işdə iştirakını qadağan etmiş, vəkildən orderi olmasına baxmayaraq, təkrar apellyasiya baxışına yeni order tələb edərək, cavabdehin məhkəmə prosesində vəkillə iştirak etmək və yüksək keyfiyyətli hüquqi yardım almaq kimi konstitusiyon hüqüqununu pozmuşdur. Hansı ki, iddiaçı məhkəmədə öz vəkili ilə iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

40. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

43. Maddə

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri h esab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

44. Maddə

54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

45. Maddə

60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

46. Maddə

87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Re spublikasının Qanunu.

47. Maddə

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

48. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyy ən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

49. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələr dən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

57. Maddə 414.2. Kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə əsaslandırılmış vəsatət kassasiya şikayəti, yaxud işdə iştirak edən şəxsin kassasiya şikayəti ilə bağlı etirazı və ya izahatı ilə birlikdə verilə bilər.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

61. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə birinci Cavabdeh2 tərəfindən tam mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsinin aktı yalnız ona aid hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ h issəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

67. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təs diq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

69. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əsas etibarilə qeyd edilən, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması, işin hallarının sübut olunmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın gör ünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

70. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

71. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

72. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

73. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin, məhkəmə kollegiyasının təkrar apellyasiya baxışında vəkilin işdə iştirakını qadağan etməsi, vəkildən orderi olmasına baxmayaraq, təkrar apellyasiya baxışına yeni order tələb edərək, cavabdehin məhkəmə prosesində vəkillə iştirak etmək və yüksək keyfiyyətli hüquqi yardım almaq kimi konstitusiyon hüqüqununu pozması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsas sızdır. Belə ki, işə yenidən baxmış apellyasiya instansiya məhkəməsinin məhkəmə baxışına dair məhkəmə iclası protokollarında, kassasiya şikayətində qeyd olunan həmin hallar əksini tapmamış, birinci Cavabdeh2 və onun vəkili tərəfindən məhkəmə iclası protokoluna hər hansı qeyd verilməmişdir. Kassasiya şikayətində qeyd olunanların əksinə olaraq isə, işə yenidən baxmış apellyasiya instansiya məhkəməsinin məhkəmə baxışına dair məhkəmə iclası protokollarından görünür ki, iddiaçı və cavabdehlər məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edərkən, iddiaçı məhkəməyə vəsatət verərək vəkilinin iştirak etməməsi səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işin təxirə salınmasına etiraz etsələr də, təxirə salınmış xx.xx.2024-cü il tarixli məh kəmə iclasında Cavabdeh2 öz müdafiəçisinin iştirakını təmin etməmiş və vəkilin iştirakı olmadan işə baxılmaması ilə bağlı hər hansı vəsatət verməmişdir.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Birinc i Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-284/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar