Məhkəmə qərarları › İş №2(102)-169/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-169/2025

11.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-169/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X10 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4362/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakı ları müəyyən etmişlər:

2. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1111G saylı fərdi yaşayış evində yaşayan İddiaçı (abonent kodu: **********09999) istehlakçı kimi təbii qazla təmin olunur;

3. X9 sayğaca qədər 20 mm-lik yeraltı dəmir borunun yeraltı hissəsindən plastik boru vasitəsi ilə qeyri qanuni əlavə xətt çəkərək təbii qazdan qeyri qanuni istifadə etməsi barədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li akt tərtib olunmuşdur;

4. Abonentin saldosuna əsasən, qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulması əsas gətirilərək İddiaçı 6220,8 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat cərimə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaç ı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 6.220,8 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat debitor borcun silinməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1111G saylı fərdi yaşayış evini 11 yanvar 2019-cu ildə alqı-satqı müqaviləsinə əsasən almış və həmin evin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olması barədə dövlət reyestrindən Çıxarış da almışdır. X1 alsa da, həmin evə çəkilmiş qaz xəttinə görə **********09999 saylı abonent kodu Əliheydərov Rahilin adına olmuşdur. 2019-cu ildən həmin evdə yaşamağa başlamış, evə çəkilmiş qazın abonent kodunun onun adına keçirilməsi üçün cavabdehə müraciət etməsə də, həmin qazdan istifadə etmiş və qaza görə pulu v axtında ödəmiş, onun yaşadığı evdə heç bir zaman sayğacdan kənar qaz xətti olmamışdır. Cavabdehin əməkdaşları 13 noyabr 2023cü il tarixdə onun evinə gələrək sayğacı dəyişdirmiş və “Zenner G4T Smart” markalı yeni sayğac quraşdırmışlar. Həmin tarixdən yeni sayğacı quraşdırsalar da, sayğacın işləməsi üçün smartkart ona verilməmiş və əsas gətirilmişdir ki, 10 may 2023-cü il tarixdə onun evinə sayğacdan kənar qaz xətti aşkar edilmiş və ona görə də ona 6220,8 manat zərər hesablanmışdır. O, heç zaman qazdan qanunsuz istifadə etməmiş, onun evində qanunsuz qaz xətti olmamışdır. Cavabdeh bu vaxta qədər onun evindən qanunsuz xətt aşkar edilməsi barədə və bu aktın tərtib edilməsi barədə ona məlumat verməmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1318/2024 nömrəli 2 may 2024-cü il tarixli q ətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). xx.xx.2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunur ki, “abonent sayğaca qədər 20 mm-lik yeraltı dəmir borunun yeraltı hissəsindən plastik boru vasitəsi ilə qeyri qanuni əlavə xətt çəkərək təbii qazdan qeyri qanuni istifadə edir.” Lakin iş materiallarında qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qa zın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

9. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abunə koduna hesablanmış borc məbləğinin silinməsi barədə iddia tələbi təmin edilməlidir.

10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 614.3, 1096.1-1096.2-ci, “İstehl akçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 18.0.1, 26, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 6-2.1, 11.6, 13.8, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaları”nın 5.1-ci bəndinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, əməkdaşlar tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4362/2024 nömrəli 9 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X12 - sədrlik edən və məruzəçi, X13 və X14) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının qaz xəttinə sayğacdan kənar qoşulduğuna görə təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını göstərsə də, bu halı təsdiqləyən yalnız xx.xx.2023-cü il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt işdə mövcud olmuş, eyni zamanda bir vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən yaxud qanunsuz qoşulma halının olduğu görünməyən sayğac fotoşəkili əlavə edilmişdir. İşdə olan bu akt üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə, ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Cavabdehin əmək daşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair akt tərtib edir yaxud digər akt olmasa da bunu bəyan edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Yəni həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi video-yazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma cavabdeh tərəfdən nədənsə bu video yazı apar ılmamışdır.

15. Bundan əlavə, cavabdehin tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt iddia tələbinə etirazı əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu akt məhz iddiaçının sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Cavabdeh tərtib etdiyi akta əsasən 6220,8 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat zərər vurulduğunu görürdüsə, bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 8-1-ci maddəsinin imperativ tələbi üzrə hansı səbəbdən tədbir görmədiyinin, yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri- qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir (iş materiallarında vardır). İstehlakçı tərəfindən qanunsuz çəkilmiş qaz xətti Cavabdeh İB əməkdaşları tərəfindən dərhal qazpaylayıcı şəbəkədən ayrılmış, təbii qazın verilişi isə dayandırılmışdır. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişd ir. Qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (tələbnamə, abonent saldosu, fotoşəkil) Birliyə vurulmuş zərəri sübut edir. Çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malikdir.

18. İddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun olması iş materialları na əsasən müəyyən edilmir. Sübutetmə yükü iddiaçının üzərində olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) sübut edilməsi təmin edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın alğısatqı müqaviləsindən” görünür ki, satıcı X2 rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1111G saylı ünvanında yerləşən fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Lakin hazırda iddiaçının iddia tələbində borcunun silinməsini tələb etdiyi abonent kodu üzrə ünvan Səbail rayonu, Badamdar qəsəbəsi, 3- cü yaşayış massividir. Həmin ünvanda isə istehlakçı hesabı alğı-satqı müqaviləsinə əsasən satıcı olan X4 deyil, Rahil Əliheydərovun adınadır. İş materiallarında isə çıxarışda göstərilən ünvanla borcun silinməsi tələb edilən ünvanın eyni olmasına dair hər hansı sübut mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 11 (hissə 6) Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan is tifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Maddə 13 (hissə 8-1) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız t ərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya hesabladığı borc “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş, qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü ilə bağlı prosedura uyğun olmamışdır. Ona görə də iddia qanuni və əsaslıdır.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Məhkəmə tərkibi kassasiya şikayətinin iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması barədə dəlilini də əsaslı saymır ona görə ki, Bakı Regional Qazın Satışı Deper tamentinin xx.xx.2024-cü il tarixli, 14-2-2-4/2-H-2xx-xx/2024 nömrəli məktubu ilə abonentin saldosunda qeyd edilən **********09999 istehlakçı hesabının X6 Sistemində müvafiq dəyişiklik edilərək İddiaçı adına dəyişdirilməsi təsdiq edilmişdir.

36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların də lillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4362/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar