Məhkəmə qərarları › İş №2(102)-1693/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1693/2020

19.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1693/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdeh x2 və onun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən ha kim A.Paşayeva) iddiaçı x1 cavabdeh x2 qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)11795/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçı x1 uşaqları x3 və x4 ilə birlikdə ünvan 1evə köçürülməsi, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun və uşaqları x3nun və x4nın ünvan 1 evə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh x2 və onun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayar aq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçının mərhum atası x5 məxsus olmuşdur. İddiaçının atası 2010-cu ildə vəfat etmişdir. Hal-hazırda mübahisəli mənzildə iddiaçı x1 uşaqları x3 və x4 ilə daimi pasport qeydiyyatındadır. İddiaçı 2001-ci ildə x6 ilə ailə qurmuş və birgə nikahdan iki uşaqları – 2003-cü ildə x3 və 2 006-cı ildə x4 dünyaya gəlmişlər. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçı x1 uşaqları ilə birlikdə ünvan 1 evə köçürülmələri hissəsində rədd etməklə səhv nəticəyə gəlmişdir. Müəyyən edilmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri 2001-ci il tarixədək yarandığından, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228- ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair ” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin maddədə qeyd olunur ki, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 2001-ci ildə ailə quraraq həmin evdən köçməsi, yəni daimi yaşamaq niyyə ti ilə oranı tərk etməsi və qısa müddətlərdə orada yaşasa da bu halın müvəqqəti xarakter daşımasına istinad etməklə iddia tələbini mənzilə köçürülmə hissəsində rədd etmişdir. Halbuki işin faktiki halları ilə müəyyən edilmişdir ki, hal-hazırda mübahisəli mənzildə iddiaçı x1 uşaqları x3 və x4 ilə daimi pasport qeydiyyatındadır və iddiaçıya məxsus əşyalar da həmin mənzildədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müd dətə tərk edirsə, o, yaşayış yerini itirmir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi mənzilə köçürülmə hissəsində əsaslı olmuş, lakin iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə iddiası əsassızdır. Belə ki, iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi ünvan 1 ev statusuna görə özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mənzilə istifadə hüququnun tanınması hissəsind ə təmin edilə bilməz. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bi r əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar