Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1713/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1713/22 Açar sözlər: evə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2048/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərtər rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 2005-ci il tarixli, 02 nömrəli qərarı ilə X1 və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün Tərtər şəhərində yerləşən 0,03 ha torpaq sahəsi verilmişdir (Torpağın mülkiyyətə verilməsinə dair JN-2383A KOD 61101004 nömrəli şəhadətnamə). İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 25 sentyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların 2 övladı anadan olmuşdur – 15.09.2008-ci il təvəllüdlü Hüseynli Səid və 26.09.2011-ci il təvəllüdlü Hüseynli Bəxtiyar. X3 29 yanvar 20 20-ci il tarixdə ölmüşdür. İddiaçı ilə Cavabdeh1 nikahına 17 mart 2021-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları Səid və Bəxtiyar ilə birlikdə Tərtər şəhəri, Vaqif küçəsi, 5 nömrəli fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) köçürülməklə yaşayış hüququnun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2007-ci ildə ailə qurmuş, 25.09.2008-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Ailə qurduqdan sonra qayınatası Sabir Hüseynova məxsus mübahisəli evə gəlin köçmüş və orada yaşamışdır. 11 iyun 2020-ci il tarixdə e vi tərk edən zaman cehiz əşyaları həmin evdə qalmışdır. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərmişdir ki, iddiaçını ailə üzvü saymır, onunla birgə yaşamaq mümkün deyildir. Uşaqları üçün aliment ödəyir. Ev mərhum atasına məxsus olmuş, sonradan vərəsəlik qaydasında anasına (digər cavabdehə) keçmişdir. Özünün evi yoxdur. Digər Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə birgə yaşamaq mümkün deyildir. Mübahisəli evi mərhum əri hələ 1976-cı ildə tikdirmişdir. İddiaçının və oğlunun orada yaşamasına razı deyil. Evin heç bir mülkiyyət sənədi yoxdur. Məhkəmədə tədqiq olunmuş Tərtər Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26.07.2020-ci il ta rixli, 1224 saylı arayışda qeyd olunmuşdur ki, iddiaçı 11.06.2020-ci il tarixədək mübahisəli evdə yaşamışdır. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(061)75/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Bayramov) iddia tələbi qismən təmin edilərək, iddiaçının uşaqları 15 sentyabr 2008-ci il təvəllüdlü Səid və 26 sentyabr 2011-ci il təvəllüdlü Bəxtiyar ilə birlikdə gəlin köçdüyü, cavabdehlərin yaşadığı mübahisəli evə köçürülməsi qət edilmiş, tələbin qalan hissəsi rədd olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi əsas tutmaqla hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2008-ci ildə yarandığından, mübahisəyə Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə Mülki Məcəllənin 228.3-cü, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 43-cü maddələrinə istinadla hesab etmişdir ki, cavabdehlər tərəfindən ev üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənəd təqdim olunmadığından, onlar iddiaçının əvvəl yaşadığı mübahisəli evə köçürülməsinə etiraz edə bilməzlər. İstifadə hüququnun tanınması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisəli ev dövlət reyestrində qeydə alınmadığından tələbin həmin hissəsi təmin oluna bilməz. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər apel lyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçının evdən getməsi səbəbləri araşdırılmamış və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə tənbeh tətbiq olunması nəzərə alınmamışdır. İşin apellyasiya icraatı zamanı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, ailə qurduqdan 1 ay sonra Bakı şəhərinə köçərək kirayədə yaşamışlar. Bakı şəhərindən qayıtdıqdan sonra Tərtər şəhərində kirayədə yaşamış, 2018-ci ildə isə anasının yaşadığı evə gəlmişlər. Hazırda iddiaçı ilə ayrılmışlar və nikahları pozulmuşdur. Odur ki, birinci instan siya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissədə ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, mübahisəli ev 2 otaqdan ibarətdir və evin hüquq müəyyənedici sənədləri yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissədə ləğv edilməsini və həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, ailə qurduqdan sonra qayınatasına məxsus evə gəlin köçmüşdür. Bir ildir uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır və həmin evdə qeydiyyatdadır, lakin cehiz əşyaları cavabdehl ərə məxsus evdə qalmışdır. Yaşamağa başqa yeri yoxdur, ona görə cavabdehlərə məxsus evə köçmək istəyir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2048/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə, yəni iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlərin yaşadığı mübahisəli evə gəlin köçsə də, həmin mənzildə fasilələrlə yaşa mışdır. Belə ki, tərəflər ailə qurduqdan bir ay sonra Bakı şəhərində kirayədə yaşamış, Bakı şəhərindən qayıtdıqdan sonra Tərtər şəhərində kirayədə qalmışlar. 2018-ci ildə isə mübahisəli evə qayıtmış, 2020-ci ilin iyun ayına kimi mübahisəli evdə yaşamışlar. İddiaçı 2020-ci ilin iyun ayından mübahisəli evdən çıxmış və uşaqları ilə birlikdə öz atası evinə getmişdir. O, hazırda da valideynləri ilə birlikdə qalır. İddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi qeydiyyata alınmasa da, evin yerləşdiyi 0,03 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərin ailə üzvlərinin mülkiyyətindədir. Belə olan təqdirdə, cavabdehlərin həmin torpaq üzərində yerləşən fərdi yaşayış evinə də gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı isə cavabdehlərin ailə üzvü hesab olunmur. Məhkəmə Tərtər şəhər İcra Nümayəndəliyinin 18 oktyabr 2012-ci il tarixli 05 nömrəli qərarı əsasında müəyyən etmişdir ki, Cavabdeh1 həmin tarixdən ayrı təsərrüfat kimi qeydə alınmışdır. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsi, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyat ına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Mənzil Məcəlləsinin 30.4 maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə öz mövqeyini, həmçinin iddiaçının valideynlərinə məxsus evdə qeydiyyatda olmaqla 2020-ci ilin iyun ayından həmin evdə yaşaması, iddiaçı və cavabdehlərin münaqişəli münasibətdə olması ilə əsaslandı rmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində Konstitusiyanın 17, 34, 43-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 49.2, 49.3, 58.2, 60.1-ci maddələrinə istinadla qeyd olunmuşdur ki, məhkəmə mübahisəli evdə anadan olmuş azyaşlı uşaqların mənafeyini nəzərə almamışdır. İddiaçının valideynləri 2018-2019-cu illərdə vəfat etmişlər, iddiaçı faktiki iki azyaşlı uşaqla şəraitsiz vəziyyətdə yaşamaq məcburiyyətində qalmışdır. Məhkəmə gəldiyi nəticə ilə Mülki Məcəllənin 228.3-cü, Konstitusiyanın və Ailə Məcəlləsinin istinad olunan maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda cavabdehlər mübahisələndirilən qətnamənin qanuni və əsaslı olduğunu qeyd etməklə şikayətin təmin olunmamasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdi. Cavabdehlər və onların vəkili ayrı-ayrılıqda apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2048/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1713/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1713/2022
04.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver