Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1739/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi (qüsurlu icranın nəticələri), öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi (real zərər), sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-nə qarşı “öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-763/2023 nömrəli, 26 yanvar 2024-cü il ta rixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında 19 mart 2020-ci il tarixdə podrat müaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə podratçı, yəni cavabdeh müvafiq təmir-tikinti işlərini yerinə yetirməyi, sifarişçi, yəni iddiaçı isə təmir-tikinti işlərinin razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Tərəflər arasında razılaşdırılmış ümumi məbləğ bütün vergilər daxil olmaqla 15760 (on beş min yeddi yüz altmış) manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, c avabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehə mənzilin təmiri üçün ödənilmiş 15761 (on beş min yeddi yüz altmış bir) manat, mənzilin təmiri dövründə kirayədə qaldığı 4 aya görə hər ay 500 (beş yüz) manat olmaqla 2000 (iki min) manat, məhkəmə xərclərinə görə ödənilmiş 148 (yüz qırx səkkiz) manat dövlət rüsumu, vəkil xidməti üçün ödənilmiş 1500 (min beş yüz) manat, ümumilikdə 19409 (on doqquz min dörd yüz doqquz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin mənzili müqavilədə göstərilən tarixdə təhvil verilməsi bir tərəfə, heç t əmiri belə demək olar ki, aparılmamışdır. Buna baxmayaraq, o, müqavilə üzrə göstərilən məbləği tam olaraq ödəmişdir. Sözügedən mənzilin təmiri gecikdiyindən 4 ay, hər ay 500 (beş yüz) manat ödəməklə kirayədə qalaraq 2000 (iki min) manat zərərə düşmüşdür. Podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən, podratçı işləri bu müqavilənin 1 saylı Əlavəsi ilə müəyyənləşdirilmiş şərtlərlə qüsursuz şəkildə həyata keçirir və razılaşdırılmış müddətdə sifarişçiyə təhvil verir. Müqavilənin 3.2-ci bəndinə əsasən, icra olunmuş işlərdə qüsur, nöqsan və ya çatışmazlıqlar aşkar olunarsa, sifarişçi podratçıdan yaranmış qüsur, nöqsan və ya çatışmazlıqların aradan qaldırılmasını tələb edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən, podratçının hərəkət və ya hərəkətsizliyinin nəticəsi olaraq sifarişçi tərəfindən bu mü qaviləyə vaxtından əvvəl xitam verilərsə, tərəflər müvafiq təhvil sənədi əsasında qarşılıqlı hesablaşmalar aparır və görülməmiş işlər üçün əvvəlcədən ödənilmiş pul vəsaiti olarsa, həmin pul vəsaiti tam həcmdə podratçı tərəfindən sifarişçiyə geri qaytarılır. Podrat müqaviləsinə əsasən, cavabdeh müqavilə üzrə göstərilən, yəni 15.761 (on beş min yeddi yüz altmış bir) manat məbləği ondan 4 dəfəyə nağd şəkildə almışdır. Həmin məbləği nağd şəkildə alması onunla cavabdeh arasındakı “votsap” azışmalarında öz əksini tapmışdır. O, dəfələrlə cavabdehdən mənzilin təmirinin nə vəziyyətdə olduğunu, təmirin gecikmə səbəbləri barədə məlumat almaq istəsə də, cavabdeh telefon zənglərinə cavab verməmiş, onu xəbərsiz buraxmışdır.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(008)774/20 22 nömrəli qiyabi qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia təmin edilmişdir.
6. Qiyabi qətnamə 10 iyun 2022-ci il tarixli qərardad ilə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki və məhkəmə-iqtisad ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə 21 iyul 2023-cü il tarixli məktub ünvanlanaraq, məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat verilmiş, imtinaya səbəb kimi qeyd olunmuşdur ki, tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi ) 31 avqust 2023-cü il tarixli, 2(008)-257/2023 saylı qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi və bunun nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ekspertə evdə olan nöqsanları, yarımçıq təmir işlərini, təmir-tikinti işlərinin düzgün aparılmamasını göstərsə də, ekspert bunu görməzlikdən gəlmişdir. Bundan başqa, iddiaçı ekspertə, sonra isə məhkəməyə cavabdeh tərəfin mənzili hansı formada qoyub getdiyini sübut edən şəkilləri və çəkilişi göstərsə də, heç bir şey dəyişməmiş, sonda iddia təmin olunmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-763/2024 nömrəli iş üzrə 26 yanvar 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Cəfərov (sədrlik edən və məru zəçi), Fuad Abdıyev və Xəyal Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yaranmış mübahisənin düzgün həlli üçün mümkün prosessual hərəkətləri etmiş, ekspetiza təyin etmiş, lakin iddiaçının iddiasını sübuta yetirən hər-hansı nəticə əldə edə bilməmişdir.
15. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdirir ki, hazırda sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, lakin onun cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rə dd etməkdə haqlı olmuşdur.
16. Məhkəmə kollegiyası şikayətin digər dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdəki mənzilin hansı məznil olması, habelə həmin fotoşəkillərin hansı tarixlərdə çəkilməsi şübhəli məqam olduğundan, həmin fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Podrat müqaviləsində isə təhvil-təslim aktının tərtib olunmasına dair imperativ şərt olmadığından, qeyd olunan aktın olmaması iddiaçının tələbinin təmin edilməsinə əsas vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməs barədə yeni qərar qəbul edilməsini xahiş edir.
18. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı dəfələrlə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində təkrar ekspertiza tələbi ilə şifahi qaydada vəsatət versə də, bu məsələyə ümumiyyətlə məhkəmə tərəfindən təmin olunmamışdır. Apallyasiya məhkəməsi qətnamə qəbul edərkən MPM-in 106-cı maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumata baxış zamanı tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Lakin ekspertə iddiaçı tərəfindən mənzil göstərilərkən əlavə olaraq mənzilin nə vəziyyətdə cavabdehdən təhvil alınmasını göstərən fotoşəkillər və video çəkilişlər olmuşdur. Hə mçinin iddiaçı mənzildə hələ də cavabdeh tərəfindən qeyri-peşəkar aparılan təmirin fəsadları göstərilmişdir. Amma ekspert bunları görmədən gəlmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı:
20. Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Azərbaycan Respublikası Konstitusiya sının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarı:
21. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini ar aşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. İddiaçı kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələ blərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
33. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
34. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-763/2023 nömrəli iş üzrə 26 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.