Məhkəmə qərarları › İş №2(102)-1776/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1776/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1776/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: pulun qaytarılması Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə həmin tarix üçün Azərbaycan manatı məzənnəsi ilə 2354 manat təşkil edən 3000 ABŞ dolları və 22646 manat, xx xxxx 2015-ci il tarixdə isə 17000 manat, ümumilikdə 42000 manat məbləğində borc pul vermişdir. İddiaçı Şirvan Şəhər Polis Şöbəsinə şikayət verdikdən sonra 24500 manat məbləğində pul ona qaytarılmış, daha sonra işə Şirvan şəhər Məhkəməsində baxılarkən Cavabdeh tərəfindən yenidən ödənişlər edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(032)-108/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 4500 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Cavabdeh xx xxxx 2018-ci il tarixdən həb sdə və ev dustaqlığında olması müddəti nəzərə alınmaqla təyin edilmiş cəza 2500 manat məbləğinədək yüngülləşdirilmişdir. Cavabdeh 2019-cu ilin may ayının 3-dən 25-nə kimi hissə-hissə olmaqla, cəmi 7500 manat pulu yenidən İddiaçı alaraq qaytaracağını desə də, həmin borcu da qaytarmamış, İddiaçı şikayəti üzrə Xətai rayon Polis şöbəsində izahat verərək ona 7500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2020-ci il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21000 manat məbləğində borc pulun, gecikdirilməyə görə (Mərkəzi Bankın uçot faizinə uyğun olaraq) illik 15% olmaqla 3150 manat, ümumilikdə 24150 manat pulun və 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxar ılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-516/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev) iddia qismən təmin edilmiş, 21000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi işə üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin hökmü ilə cavabdehin birinci borcu götürməsi halı müəyyən edilmiş, cavabdeh Xətai rayon Polis şöbəsindəki izahatında ikinci borc götürdüyü 7500 manatı da etiraf etdiyinə görə bu halların sübuta yetirilməsinə ehtiyac qalmır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın qismən təmin edilməsini, 16500 manat məbləğ ində pulun ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış və qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2089/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Əhmədov, E.Ə.Camalov, R.M.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticəni düzgün hesab etmiş və qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh 9 ay ərzində hər ay 500 manat olmaqla cəmi 4500 manat pulu iddiaçıya ödədiyini göstərsə də, buna aid sübutları nə birinci instansiya m əhkəməsində təqdim etmiş, nə də apellyasiya şikayətinə əlavə etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predme ti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar