Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-180/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “öhdəliyin lazımi qaydada icra edilməməsinə görə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi, yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)1259/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 30 iyun 2017-ci il tarixli, 20 saylı müqavilə ilə Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 29 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsi müqabilində həmin ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binasında 55 kv.m-dən ibarət təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 2. 26 may 2020-ci il tarixində 30 iyun 2017-ci il tarixli müqaviləyə 1 saylı Əlavə edilmiş, müvafiq müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m-dən ibarət təmirsiz mənzilin əvəzinə B blokunun 5-ci mərtəbəsində yerləşən 73 saylı, ümumi sahəsi 52,03 kv.m-dən ibarə t təmirsiz mənzilin İddiaçı mülkiyyətinə verilməsi və arada yaranmış yaşayış sahəsinin fərqinin əvəzinə 6000 manatın ona ödənilməsi razılaşdırılmışdır.
3. MTK-nın nümayəndəsi və İddiaçı tərəfindən tərtib olunmuş 23 may 2020-ci il tarixli aktda göstərilmişdir ki, B blokunda 73 saylı mənzilin sahəsi 50,7 kv.m-ə bərabərdir.
4. İddiaçı 26 may 2020-ci il tarixli ərizəsində göstərmişdir ki, MTK ilə arasında 30 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ona veriləcək 55 kv.m-dən ibarət mənzilin əvəzinə ona yaşayış binasının B blokunun 5-ci mərtəbəsində yerləşən 73 saylı, ümumi sahəsi 52,83 kv.m olan mənzil verilmiş, lakin o, mənzilin ölçüsünün az olması ilə bağlı şirkət rəhbərliyinə etirazını bildirmişdir. Mənzil yenidən ölçüldükdən sonra mənzilin sahəsinin 50,7 kv.m olduğu məlum olmuş v ə onun iştirakı ilə aktlaşdırılmışdır. Arada yaranmış 2,06 kv.m sahə fərqinə görə MTK tərəfindən ona 6000 manat ödənilmiş, bunu qəbul edir, gələcəkdə MTK-ya qarşı hər hansı iddia irəli sürməyəcəkdir.
5. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzil (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) İddiaçı adına 29 iyul 2022-ci il tarixində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş müvafiq çıxarışda mənzilin ümumi sahəsinin 44,40 kv.m olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra etməməsinə görə cavabdehdən 23.309 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 29 ünvanında iddiaçının mülkiyyətində yaşayış sahəsi mövcud olmuş, həmin ünvanda yerləşən yaşayış sahələrinin sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə cavabdehə həvalə olunmuş, bundan sonra cavabdehlə arasında 30 iyun 2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh tərəfindən mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi və əvəzində həmin ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binasında 55 kv.m-dən ibarət təmirsiz mənzilin ona verilməsi razılaşdırılmışdır. Sonradan aralarında aparılmış danışıqlar nəticəsində 26 may 2020-ci il tarixdə qeyd olunan müqaviləyə 1 saylı Əlavə bağlanmış, Əlavənin şərtlərinə əsasən müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m-dən ibarət təmirsiz mənzilin əvəzinə B blokunda, 5-ci mərtəbədə yerləşən 73 saylı, ümumi sahəsi 52,03 kv.m-dən ibarət təmirsiz mənzilin onun mülkiyyətinə verilməsi və arada yaranmış kvadrat fərqinin əvəzinə 6000 manatın birdəfəlik olaraq ona ödənilməsi barədə razılığa gəlinmişdir. Həmin əlavənin müddəaları cavabdeh tərəfindən tam şəkildə icra olunmamışdır. Belə ki, cavabdeh tərəfindən 6000 manatlıq birdəfəlik ödəmə həyata keçirilsə də, təhvil verilməsi nəzərdə tutulmuş 52,03 kv.m-lik təmirsiz mənzil ona göstərilən ölçüdə təqdim olunmamış, həmin mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılan zaman müəyyən edilmişdir ki, həmin mənzilin ümumi sahəsi 44,40 kv.m-dir. Bu ölçülər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş texniki pasport və reyestrdən çıxarışda öz əksini tapmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən 30 iyun 2017-ci il tarixli 20 №-li müqavilə və onun 26 may 2020ci il tarixli 1 saylı Əlavəsi lazımi şəkildə icra edilməmiş və ona təqdim olunmalı olan sahə ilə faktiki təqdim olunmuş sahə arasında 8,43 kv.m fərq mövcuddur. Yaranmış fərq üzrə cavabdeh tərəfindən ona 1 saylı Əlavədə nəzərdə tutulan şərtlərə uyğun kompensasiya ödənilməlidir. 1 saylı Əlavəyə əsasən, 2,17 kv.m-ə görə ona 6000 manat, yəni 1 kv.m üçün 2765 manat ödənilmişdir. Deməli, ona təqdim olunmalı olan 8,43 kv.m yaşayış sahəsinin əvəzinə cavabdeh tərəfindən 23309 manat (8,43 kv.m x 2765 manat = 23309 manat) ödənilməlidir. Bununla bağlı tərəfindən cavabdehə rəsmi qaydada pretenziya ilə müraciət edilmiş, həmin pretenziya məktubu 31 avqust 2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilsə də, hər hansı cavab verilməmişdir.
8. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2023-cü il tarixli rəyində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 30 mart 2017-ci il tarixli və 26 may 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 46,4 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə (52,83 kv.m) arasında 6,43 kv.metr fərq olduğu müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 26 may 2020-ci il tarixli müqavilədə mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından sahələr arasında yaranmış fərqin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 29 ünvanında yerləşən mənzil üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri təqribən 1935 manat məbləğində müəyyən edilmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(005)-390/2023 nömrəli qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 6442,05 manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh MTK, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 52,83 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 46,4 kv.metr olan mənzil vermiş, bununla da müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ümumi sahəsi və faktiki ümumi sahəsi arasında 6,43 kv.metr fərq olduğu, iş üzrə verilmiş ekspert rəyi ilə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 29 ünvanında yerləşən mənzil üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri təqribən 1935 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, sahə fərqinə görə ödənilməli ümumi məbləğ 12.445,05 manat təşkil edir.
11. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında tərtib olu nmuş aktla Cavabdeh MTK tərəfindən İddiaçı mənzildə olan sahə fərqinə görə 6000 manat ödəniş edilmişdir. Buna görə də, bu məbləğ Cavabdeh MTK tərəfindən ödənilməli olan ümumi məbləğdən çıxılmalı və İddiaçı 6442,05 manat ödəniş edilməlidir.
12. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçının Cavabdeh MTK-yə qarşı gələcəkdə hər hansı iddia tələbinin olmayacağı barədə cavabdehin etirazları ilə bağlı məhkəmə qeyd etmişdir ki, şəxsi məhkəmə müdafiəsi hüququndan məhrum etməyə yönəlmiş bu razılaşma şərti qanunvericiliyə zidd olmaqla, şərtin əlavə edildiyi zaman nəzərdə tutulmuş hüquqi nəticə doğurmur.
13. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 390.1, 425.1, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı razılaşma ilə nəzərdə tutulan ölçüdə yaşayış sahəsi verildiyini və bunu qəbul etdiyini 26 may 2020-ci il tarixli ərizədə etiraf etmişdir. 23 may 2020-ci il tarixdə tərəflər tikintisi tam başa çatmış 73 saylı mənzildə ölçü işləri apararaq, mənzilin sahəsinin (işgüzar adətlərə uyğun olaraq artıq formalaşmış qaydalara uyğun olaraq çöl divarların ortasından hesablanmaqla) 7,8 metr x 6,5 metr olduğunu (7,8x6,5=50.7) və bu ölçünü İddiaçı Cavabdeh MTK-dan əlavə 6000 manat almaqla qəbul etdi yi barədə akt imzalamışlar, o cümlədən İddiaçı gələcəkdə heç bir iddia və tələbi olmayacağı barədə 26 may 2020-ci il tarixdə yazılı ərizə yazmış və imzalamışdır. Məhkəmənin iş üzrə istinad etdiyi 26 may 2020-ci il tarixli 1 saylı Əlavə isə texniki səhvlərə yol verilməklə imzalanmışdır. Belə ki, həmin əlavədə səhvən mənzil sahəsi 52,83 kv.m. kimi göstərilmiş, halbuki tərəflər arasında ondan 3 gün əvvəl bağlanılmış aktla mənzilin sahəsi 50,7 kv.m. olduğu göstərilmiş, eyni zamanda İddiaçı tərəfindən eyni tarixdə yazılmış ərizədə də açıq göstərmişdir ki, əvvəllər 52,83 kv.m. mənzil sahəsi onun mülkiyyətinə verilmiş, hazırda həmin mənzilin 50,7 kv.m. ümumi sahəsi olduğunu təsdiq edir və əlavə 6000 manat məbləğində pul alaraq gələcəkdə heç bir iddiası olmayacaqdır. Bütün bu göstərilənlərdən sonr a mənzilin açarı iddiaçıya verilmişdir. Tikintisi başa çatmış və iddiaçının naturada mülkiyyətinə keçmiş mənzilin sahəsinin cavabdehin sonradan dəyişdirməsi faktiki olaraq qeyri-mümkün olduğu mübahisəsizdir. Lakin iddiaçı mənzilin təmirini həyata keçirdiyi üçün arakəsmə divarların və sair sahələrin tikilməsi ilə bağlı olaraq mənzilin istifadə sahəsinin müəyyən qədər azalması təbiidir. Ekspert öz rəyində qeyd etmişdir ki, ayrı-ayrı şəxslər tərəfindən saytlarda verilmiş elanlarda həmin binada mənzillərin qiymətlərinə baxdıqda təxminən 1 kv.m. mənzilin dəyəri 1935 manat göstərilir (yəni 2023-cü il elanlarında, halbuki mübahisə 2020-ci il ilə bağlıdır). Mənzil satıcıları elanda ilkin qiymətləri göstərirlər və real satış zamanı həmin məbləği xeyli miqdarda aşağı qiymətlərlə hesablanır. Digər tə rəfdən, mənzilin mərtəbəsi, şəhərə mənzərəsi, təmirli-təmirsiz olması, sahənin ölçüsünün böyüklüyü-kiçikliyi və mənzilin layihəsi qiymətdə xüsusi rol oynayır. İstinad edilən elanlarla bu barədə konkret bir nəticəyə gəlmək qeyri-mümkündür. O cümlədən, tərəflər arasında razılaşma və təhviltəslim işlərinin 2020-ci il tarixdə, “Covid-19” pandemiyasının tüğyan elədiyi dövrdə həyata keçirildiyi nəzərə alınarsa, həmin tarixdə mənzilin 1 kv.m. sahəsinin 1935 manat kimi qəbul edilməsi absurddur. Məhkəmə həqiqətə nail olmaq üçün daha dəqiq sənədlərə istinad edə bilərdi.
16. Apellyasiya icraatında təyin edilmiş əlavə məhkəmə-tikinti texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147, 149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədə kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 46,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147, 149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 52,7 kv.m təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147, 149, 73 saylı mənzilin (yeni qaydalarla AZ1022, Bakı şəhə ri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) təmirsiz vəziyyətdə olan ölçülərinə dair məlumat olmadığından, mənzilin təmir olunmasından sonra nə qədər azalmasını müəyyən etmək mümkün olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-1259/2024 nömrəli qətnaməsi ilə (hakim E.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək m üvafiq iddia tələbini irəli sürür, cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər.
19. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir.
20. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü halı (mübahisəli halı) yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli rəyində, iddiaçıya məxsus mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə (52,83 kv.m) aras ında 6,43 kv.metr fərq olduğu vurğulanaraq, mənzilin təmirsiz olaraq 1 kv.m-i üçün bazar qiymətinin dəyərinin təqribən 1935 manat təşkil etdiyi qeyd olunmuşdur.
21. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə tikinti-texniki ekspertizasını rəyində də mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla) 46,4 kv.m təşkil etdiyi göstərilmişdir.
22. Təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tik inti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.
23. Apellyasiya kollegiyası tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 752.1, 766, 773, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59.2-59.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 76.1, 76.2, 77.1, 88, 97.1, 97.5, 101.7, 102.1, 102.2, 103.1, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
25. Cavabdeh MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-1259/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 21, 404, 421.1, 425, 1091.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.
27. Belə ki, mübahisəli mənzil iddiaçıya təhvil verilməmişdən əvvəl həmin mənzildə tərəflər ölçü işləri apararaq 23 may 2020-ci il tarixli Akt tərtib edilmiş və aktda göstərilmişdir ki, 73 saylı mənzilin sahəsi 50,7 kv.m.-ə bərabərdir. Həmin aktı iddiaçı imzalamış və mənzilin sahəsi ilə razılaşmışdır. Lakin, bununla bağlı tərəflər arasında imzalanmış 30 iyun 2017-ci il tarixli müqaviləyə edilmiş 26 may 2020-ci il tarixli 1 saylı Əlavədə texniki səhvə yol verilərək, səhvən mənzil sa həsi 52,83 kv.m. kimi göstərilmişdir. Razılaşmadan həm əvvəl, həm də sonra iddiaçı özü şəxsən 73 saylı mənzilin sahəsinin 50,7 kv.m. olduğunu təsdiq etmişdir. İddiaçı ilə cavabdeh arasında mənzilin sahəsi ilə bağlı müvafiq razılaşma əldə edilmiş və iddiaçı mənzili qəbul etmişdir. Bundan əlavə, cavabdeh müqavilə öhdəliyinin məsuliyyətini tələb etdiyi şəkildə, qarşı tərəfə heç bir halda ziyan dəyməsin deyə əlavə ödəniş etməklə də yerinə yetirmişdir. Lakin, məhkəmə tərəfindən cavabdehdən 6442,05 manatın tutulması qərara alınmış, bununla da cavabdeh əlavə olaraq 6442,05 manat zərərə düşmüşdür. Məhkəmə ekspertiza rəyində qiymətləndirilmə tamamilə səhv aparılmışdır. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, ayrı-ayrı şəxslər tərəfindən saytlarda verilmiş elanlarda həmin binada mənzillərin qiy mətlərinə baxdıqda təxminən 1 kv.m. mənzilin dəyəri 1935 manat göstərilir. Ekspertin istinad etdiyi elanlar 2023-cü ilə aid olmuş, halbuki mübahisə 2020-ci il ilə bağlıdır. Bundan əlavə, mənzil satıcıları elanda ilkin qiymətləri göstərirlər və real satış zamanı həmin məbləği xeyli miqdarda aşağı qiymətlərlə hesablanır. Digər tərəfdən mənzilin mərtəbəsi, şəhərə mənzərəsi, təmirli-təmirsiz olması, sahənin ölçüsünün böyüklüyü-kiçikliyi və mənzilin layihəsi qiymətində xüsusi rol oynayır. İstinad edilən elanlarda bu barədə konkret bir nəticəyə gəlmək qeyri-mümkündür.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Re spublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Cav abdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər ə saslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən im tina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
33. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaş ayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən ekspert rəyi alınmış, müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
37. Kassasiya şikayətinin dəlilləri əsassızdır.
38. Cavabdeh həm apellyasiya, həm də kassasiya şikayətində mübahisəli mənzilin iddiaçıya təhvil verilərkən - 23 may 2020-ci il tarixdə Aktın tərtib edilməsinə və iddiaçının mənzilin sahəsi ilə razılaşmasına istinad edir. Lakin, işin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçıya faktiki təhvil verilmiş mənzilin sahəsi qeyd olunan aktda göstərilən sahədən də az olmuşdur. Belə olan halda, iddiaçı Mülki Məcəllənin 766 və 773-ci maddələrinə əsasən mənzil sahəsinin fərqinin dəyərini tələb etmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının xeyrinə tutulmalı olan vəsaitin məbləğini müəyyən edərkən, cavabdehin istinad etdiyi akta əsasən qaytarılmış 6000 manatı nəzərə almışdır.
39. Kassasi ya şikayətinin ikinci dəlili mənzilin 1 kv.m. dəyərinin məhkəmə tərəfindən düzgün müəyyən olunmaması, bununla bağlı ekspert rəyinin əsassız olması ilə bağlıdır.
40. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Kassator iş materiallarında olan rəyi mübahisələndirsə də, mənzilin 1 kv.m.-nin dəyərinə dair başqa sübut təqdim etməmişdir. Halbuki, cavabdeh mübahisəli mənzilin yerləşdiyi binanın inşası və mənzillərin satışı ilə məşğul olmaqla, həmin binada mənzillərin dəyəri barədə dolğun (o cümlədən başqa şəxlərlə bağlanınan müqavilələr üzrə mənzillərin dəyərinə dair) məlumatlara malikdir.
42. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1ci maddələrinin tələblərinə riayət etmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(103)-1259/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.