Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1843/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARI Açar sözlər: mövcud borcun etirafı haqqında mücərrəd müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənimsənilən pulun qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6061/2024 nöm rəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1, Cavabdeh2 və İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamda qeyd olunur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə Cavabdeh1 vasitəçiliyi ilə İddiaçı 20000 manat məbləğində borc pul götürmüş, həmin məbləğin müqabilində “Toyota Corolla” markalı, **-BG-*** və “Nissan Xtrail” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı maşınları girov qoymuşdur.
2. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamda göstərilir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 24000 manat məbləğində borc pul götürərək qonşusu Cavabdeh2 vermiş və həmin məbləğin 1 ay ərzində qayta rılmasına zamin dayanmışdır.
3. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamda əksini tapmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 36000 manat məbləğində borc pul götürərək “Azercell”in müdiri olan X1 vermiş və həmin məbləğin 10 gün ərzində qaytarılmasına zamin dayanmışdır.
4. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamda əksini tapan məlumata görə, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 22000 manat məbləğində şəxsi məqsədləri üçün borc pul götürərək Akor adlı qonşusuna vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır.
5. Cavabdeh1 imzaladığı 8.04.2023-cü il tarixli iltizamda qeyd olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 16500 manat məbləğində borc pul götürərək qonşusu (Vasif) Kazım Abilə vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır.
6. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizama görə Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 66000 manat məbləğində borc pul götürərək daş işi ilə məşğul olan qonşusu Ruslana vermiş və həmin məbləğin 10 gün ərzində qaytarılmasına zamin dayanmışdır.
7. Cavabdeh1 tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli iltizamda əksini tapmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 35000 manat məbləğində bank borclarını bağlamaq üçün borc pul götürmüş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır.
8. Cavabdeh1 imzaladığı xx.xx.2023-cü il tarixli iltizamda bildirib ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 22000 manat məbləğində borc pul götürərək Emil adlı şəxsə vermiş və həmin məbləği n 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. 9. xx.xx.2023-cü il tarixli iltizamda əksini tapmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı 40000 manat məbləğində borc pul götürərək qonşusu Cavada vermiş və həmin məbləğin 1 həftə ərzində qaytarılmasına zamin dayanmışdır. Bu iltizam Cavabdeh1 tərəfindən imzalanmışdır.
10. Cavabdeh1 xx.xx.2023-cü il tarixli iltizamda bildirib ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 12000 manat məbləğində borc pul götürərək qonşusu Abbasa vermiş və həmin məbləğin qaytarılmasına zamin dayanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənimsənilən pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, 264550 manat əsas, 11500 manat xeyir və 10064,79 manat qanuni faizləri olmaqla, cəmi 286114,79 manat pulun cavabdeh şəxslərdən və ya zamindən alınaraq ona verilməsi, xüsusi qərar çıxarıb cinayət tərkibli olduğu təsdiqlənərək işin prokurorluğa həvalə edilməsi, ödənilmiş 576,12 manat məbləğində məhkəmə rüsumunun cavabdehlərdən və ya zamindən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıqla məşğul olur. Təxminən 3 il əvvəl işlə əlaqədar tanışı Coşqun adlı şəxs vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuşdur. Cavabdeh1 banklara kredit borcları olanlara borclarını bağlayaraq yenidən həmin şəxslərin adına kredit pul götürülməsində köməklik etdiyini və müqabilində yaxşı gəlir əldə etdi yini demiş və onu da bu işə cəlb etmişdir. Razılaşma üzrə Cavabdeh1 ilə 2 il ərzində təxminən 20-30 dəfə olmaqla banklara kredit borcları olanların borclarını bağlamaq və yenidən həmin şəxslərin adına kredit pulları götürmək işi ilə məşğul olmuş, 2 il ərzində Cavabdeh1 ona təxminən 30000 manata yaxın xeyir vermişdir. Lakin 2023-cü il fevral ayının əvvəlində Cavabdeh1la görüşlərin birində onu avtomobil işi ilə məşğul olan Cavabdeh2 ilə tanış edərək, sonuncunun 20000 manat pula ehtiyacı olduğunu, alverdən yaranan mənfəətdən 2000 manat xeyir verəcəklərini və ümumilikdə 22000 manat pulu 5 həftə ərzində qaytaracaqlarını demiş, əvəzində “Toyota Corolla” markalı, **-BG-*** və “Nissan Xtrail” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşınları girov qoyması barədə sənəd imzalamışdır. Cavabde h2 maşınları zamin olan Cavabdeh1 təhvil verdiyini demiş və zamin bunu doğrulamışdır. Lakin o, maşınları heç görməmişdir. O, 20000 manat pulu Cavabdeh1 şahidliyi və zaminliyi ilə Cavabdeh2 vermişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona Cavabdeh2 xaricdən aldığı avtomaşının gömrük qeydiyyatından keçirilməsi üçün əlavə 2000 manat pula ehtiyacı olduğunu və pul verməyini xahiş etmişdir. O, Cavabdeh2 zəng edib doğrulamış, lakin sonuncuya imzaladıqları sənədlərin məbləğlərini dəyişdirməli olduqlarını bildirəndə Cavabdeh1 zamin sənədini 24000 manat olaraq təzədən xx.xx.2023-cu il tarixli iltizam kimi imzalayacağını demişdir. Həmin gün Cavabdeh1 sənəd imzaladaraq pulu vermişdir. Ümumilikdə, Cavabdeh2 verilmiş 22000 manat puldan xeyir gəlməmiş və əsas 22000 manat puldan Cavabdeh1 5000 manat pul qaytarmışdır. Cavabdeh2 pulu Cavabdeh1 verdiyini demişdir. Cavabdeh1 ona Sədərək Ticarət Mərkəzində pərdə işi ilə məşğul olan tanışı Cavabdeh4 12000 manat pul verməyini, satışdan 1000 manat xeyir gələcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə Cavabdeh4 və Cavabdeh1 12000 manat pulu verərək Cavabdeh1 öz imzası ilə yazdığı zaminlik sənədini götürmüşdür. Cavabdeh1 Cavad adlı şəxsə 38000 manat kredit borcundan ötrü pul verməyini, əvəzində 2000 manat xeyrin və cəmi 40000 manat pulun kredit götürüləndə ona veriləcəyini demişdir. O, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 pulu təhvil vermiş və sənədi götürmüşdür. Cavabdeh1 kimyəvi məhsulların satışı ilə məşğul olan qonşusu Cavabdeh3 20000 manat pul lazım olduğunu, 2000 manat xeyir və ümumilikdə 22000 manat pul qaytaracaqlarını demişdir. O, xx.xx.202 3-cü il tarixdə pulu vermiş və sənədi götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ona Cavabdeh3 2000 manat pulun təcili lazım olduğunu demiş və pulu təhvil verərək sənədi götürmüşdür. xx.xx.2023-cu il tarixdə Cavabdeh1 banka kredit borcu olan bir şəxs üçün ondan 35000 manat pul götürmüşdür. Cavabdeh1 daş biznesi ilə məşğul olan Cavabdeh5 1 günlük 65000 manat pul verməyini, 1000 manat xeyrin və ümumilikdə 66000 manat pulun qaytarılacağını demişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 və Cavabdeh5 pulu vərərək sənədi götürmüşdür. X2 qonşusu Habil adlı şəxs ilə mal alıb satacaqlarını və ona 1500 manat xeyir vərəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə Habilə 15000 manat pulu ondan alaraq vermişdir. Cavabdeh1 onun xəbəri olmadan Habildən 16500 manat pulu onun adından alaraq meyvə ticarə ti ilə məşğul Vasif adlı şəxsə vermişdir. Cavabdeh1 daş biznesi ilə məşğul olan Anar adlı şəxsə 22000 manat verməyini, 1000 manat xeyir və ümumilikdə 23000 manat pul verəcəklərini demişdir. O, xx.xx.2023-cü il tarixdə 22000 manat pulu verərək sənədi götürmüşdür. Cavabdeh1 “Azercell” müştəri xidmətlərinin rəhbəri kimi təqdim etdiyi Cavabdeh6 35000 manat pul verməyini, 1000 manat xeyir və 36000 manat pul verəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə 35000 manat pulu verərək sənədi götürmüşdür. Cavabdeh1 kontakt mağazasından kredit yolu ilə götürəcəyi elektrik mallarını satıb pul əldə etmək üçün ondan 3550 manat pul almışdır. Bu günə kimi Cavabdeh1 5000 manat pul qaytarmışdır. 264550 manat əsas və 11500 manat xeyir pulu, ümumilikdə cəmi 276050 manat pul ona çatmamışdır. Borc götürən şəxs lərlə danışarkən onlar pulları xeyirləri ilə birlikdə Cavabdeh1 verdiklərini demişdir. Cavabdeh1 isə pulların tezliklə qaytarılacağını demişdir. Bir müddətdən sonra artıq Cavabdeh1 zəngləri açmamışdır. O, xx.xx.2023-cu il tarixdə Nizami Rayon Polis İdarəsinə müraciət etmiş lakin araşdırma düzgün aparılmamışdır.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraz edərək bildirmişdir ki, iltizamda qeyd olunan məbləğlər Cavabdeh1 tərəfindən artıqlaması ilə iddiaçıya qaytarılmışdır. Göstərilən pullar müxtəlif vaxtlarda verilmiş və qısa vaxtda qaytarılmışdır. Əgər pullar vaxtında qaytarılmış olmasa idi, Cavabdeh1 güvənərək yenidən pul verilməzdi.
14. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı faizə pul ve rməklə məşğuldur. Pula ehtiyacı olan şəxslər ona müraciət etdikdə, o, İddiaçı müraciət etmiş və ondan pul götürərək, həmin şəxslərə faizə vermişdir. İddiaçı pulu 1 həftəlik 10 faiz gəlirlə verirdi. Qeyd olunan pulları iltizama imza ataraq Rasimdən götürmüş, həmin şəxslərə vermiş və üzərində xeyri ilə birlikdə vaxtında Rasimə qaytarmışdır. Rasim pulların verilməsinə dair ona iltizama imza atdırsa da, pulları qaytaran zaman Rasimə inandığı üçün iltizamı geri almamış və ya iltizamda pulun qaytarılmasına dair qeyd etdirməmişdir. Həmçinin bildirmişdir ki, iddia ərizəsində göstərilən cehiz əşyaları üçün verilən 3550 manat pulu almamış və buna dair iltizama imza atmamışdır.
15. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə Cavabdeh1 vasitəsi ilə tanış olmuşdur. Sənan onun qapı qonşusudur. Bank ilə əlaqədar pula ehtiyacı olmuş və o, Sənana müraciət etmişdir. Sənandan 20000 manat pul götürmüş və götürdüyü pula görə həftəlik 1000 manat artıq ödəniş etmişdir. Pulu 11 həftəlik götürmüş və 11 həftə 4 gün sonra əsas məbləği Sənana qaytarmışdır. İddiaçıdan hər hansı pul götürməmişdir. Sonda iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir
16. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçını ümumiyyətlə heç vaxt görməyib və tanımır. Hesab edir ki, iddiaçı onu səhvən cavabdehlər siyahısına əlavə etmişdir. O, Cavabdeh1 tanıyır, Sənan “Azərcell”də mühafizəçi işləyirdi. Ona heç kim pul verməmiş və heç kimdən pul götürməmişdir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tari xli, 2(005)1376/2024 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 256000 manat məbləğində pulun və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 576,12 manatın 515,5 manatının tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh1 fayda əldə etmək üçün banklara kredit borcu olanların borclarını bağlayaraq yenidən onların adına kredit pul götürməklə apardığı biznesinə iddiaçını da sövq etmişdir. Müxtəlif tarixlərdə pula ehtiyacı olan ayrı-ayrı şəxsləri iddiaçıya təqdim etmiş, həm özü, həm də təqdim etdiyi şəxslər üçün y ekunda verilmiş borc məbləğinin, o cümlədən xeyirlərin əlavə olunaraq ona qaytarılması şərtilə borcun verilməsini təmin etmişdir. İddiaçı borcalan şəxslər tərəfindən gələcəkdə borcun qaytarılmaması riskini və bu biznesə başlamağında Cavabdeh1 təşəbbüskar qismində çıxış etməsini nəzərə alaraq, hər borcun məbləğinin təhvil verilməsi zamanı Cavabdeh1 ilə aralarında iltizam imzalamaq barədə şərtləşmişlər. Bu razılığa uyğun olaraq da, müxtəlif şəxslərə verilmiş borc məbləğinin qeyd olunmuş tarixlərdə tam həcmdə qaytarılmasını Cavabdeh1 zamin kimi təmin etməklə bağlı iltizamlar imzalamışdır. İddiaçı tərəfindən verilmiş borclar ona şərtləşdirilmiş müddətlərdə təhvil verilmədiyindən, o, borclu şəxslərdən borcların qaytarılmasını tələb etmiş, borclu şəxslər isə ödənilməli məbləğlərin ona qaytarıl ması üçün Cavabdeh1 verdiklərini bildirmişlər. Vasitəçi cavabdeh isə borcalanlardan borc məbləğlərini alıb iddiaçıya verdiyini qeyd etsə də, bu halı təsdiq edən heç bir yazılı sənəd təqdim etməmişdir. Borc məbləğlərinin Cavabdeh1 tərəfindən qaytarılmasını iddiaçı etiraf etmədiyindən borc məbləğlərinin iddiaçıya qaytarılması halını sübut etmək vəzifəsi vasitəçi cavadeh Cavabdeh1 üzərinə düşür.
19. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır.
20. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf ed ilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
21. Cavabdeh1 iddiaçıdan müvafiq məbləğlərdə pul almağına və müvafiq müddətlərdə qaytaracağına dair yazılı iltizamlar verərək pulu almasını etiraf etmişdir.
22. Hazırda iddiaçı cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, pulun cavabdehlərdən alını b onlara verilməsini xahiş etsə də, iddia Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 münasibətdə rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və işin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 borc məbləğlərini iddiaçıya qaytarılması üçün vasitəçi kimi çıxış etmiş Cavabdeh1 çatdırmışlar. Cavabdeh1 iddiaçı tərəfindən digər cavabdehlərə borc kimi verilmiş pulun almasını etiraf etmiş və həmçinin bildirmişdir ki, cavabdehlərdən pulu alaraq iddiaçıya qaytamışdır. Pulu iddiaçıya qaytararkən bu barədə iltizamda qeydlər aparılmamış və ya pulun qaytarılmasına dair qəbz alınmamışdır. Cavabdeh1 tərəfindən iddiaçıya pulu qaytarılması sübutetmə yükü Cavabdeh1 üzərinə düşür, lakin o, pulun qaytarılmasına dair hə r hansı sübut təqdim etməmişdir.
23. Məhkəmə iddia tələbinin digər verilmiş pulların alınması hissəsində qeyd etmişdir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlərə borc verərkən gəlir əldə etmək niyyətində olmuş və iş materiallarında olan iltizamlardan görünür ki, gəlir məbləğləri əsas borcun üzərinə toplanaraq hesablanmış və iltizamlarda ümumi məbləğ qeyd edilmişdir. Lakin iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən Cavabdeh2 münasibətdə 20000 manat, Cavabdeh4 münasibətdə 12000 manat, Cavad adlı şəxsə münasibətdə 38000 manat, Cavabdeh3 münasibətdə 22000 manat, Cavabdeh5 münasibətdə 65000 manat, Vasif adlı şəxsə münasibətdə 15000 manat, Anar adlı şəxsə münasibətdə 22000 manat və Nicat adlı şəxsə münas ibətdə 35000 manat məbləğində pul Cavabdeh1 verilmiş, həmçinin Cavabdeh1 özünə 35000 manat məbləğində pul verilmişdir. Ümumilikdə, iddiaçı tərəfindən Cavabdeh1 264000 manat pul verilmişdir. Həmin məbləğdən Cavabdeh2 münasibətdə 5000 manat və 2000 manat, həmçinin Cavabdeh3 münasibətdə 1000 manat pul qaytarılmışdır. Göründüyü kimi, əsas məbləğ kimi verilmiş puldan cəmi 256000 manat ödənilməmişdir.
24. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda qismində 11500 manat və faiz qismində 10064,79 manat pulun cavabdehlərdən tutulması ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın və faizin nədən ibarət olmasını iddia ərizəsində və məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir.
25. Həmçinin məhkəmə iddiaçının borc verdiyi puldan fa iz olaraq gəlir kimi tələb etdiyi 11500 manat pula münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı bank və ya kredit təşkilatı olmadığı üçün müqavilə üzrə faiz tələb etmək hüququ yoxdur.
26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab etmişdir ki, cavabdehə verilmiş müvafiq pul məbləğləri iddiaçıya təhvil verilmədiyindən Cavabdeh1 üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının hüququnu pozmuş və iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh1 iddiaçıya qaytarmaq üçün təhvil aldığı pulları sonuncuya qaytarmaqla bağlı iltizama imza atmadığından borc məbləğlərinin qaytarılması faktı öz təsdiqini tapmır. Bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi icra etmədiyi bütün hallar üçü n cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcu iddiaçıya ödəməlidir.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 449, 882.1, 882.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə münasibətdə öz hüquqlarını həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyərək kredit verdiyi pulları tam olaraq geri alsa da, şəxsi prinsiplərinə əsasən həmin pulların cavabdehlər tərəfindən ona geri qaytarılmadığını bildirmişdir. İşə baxan məhkəmə isə iddiaçının ifadəsini əsas götürüb qeyd olunan məbləğin Cavabdeh1 tutulmasını qət etmişdir. Məhkəmə qərar verərkən qanunlarla yanaşı daxili inamını da rəhbər tutaraq qərar qəbul etməli olduğu halda, yalnız qanunun tələblərini rəhbər tutmağa çalışmış və qətnaməni də formal olaraq əsaslandırmağa çalışmışdır. Həm iddiaçının, həm cavabdehlərin məhkəmə iclasında verdikləri ifadələrdən görünür ki, Cavabdeh1 dəfələrlə iddiaçıdan zamin duraraq başqa şəxslər üçün pul götürmüş və iddiaçının da pulunu artıqlaması ilə geri ödəmişdir. Məhz bu səbəbdən də iddiaçı ona inanaraq kreditlə pul verməyi qəbul etmişdir. Əgər Cavabdeh1 pulu vaxtında geri qaytarmış olmasaydı, iddiaçı ona yenidən pul verməz və buna etirazını bildirərdi. Qeyd olunanlardan açıq-aşkar görünür ki, iddiaçı vicdanlı davranış göstərməyərək geri aldığı pulları yenidən cavabdehlərdən tələb etməkdədir. Məhkəmə iddiaçının qanunsuz olaraq kredit verməsini müəyyən etməsinə baxmayaraq, tərəflər arasında müqavilə öhdəliyi olması qənaətinə gəlməklə qeyd olunan maddənin tələbini görməzlikdən gəlmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6061/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş material larında olan əlyazmaların hər birində Cavabdeh1 İddiaçı müxtəlif tarixlərdə və məbləğlərdə borc pul götürərək bir sıra şəxslərə verdiyi və həmin məbləğlərin 1 həftə ərzində qaytarılmasına zamin dayandığı qeyd olunmuş, onların hər biri Cavabdeh1 özü tərəfindən imzalanmışdır.
32. Cavabdehin özü tərəfindən yazılan və öz imzası ilə təsdiq etdiyi həmin qəbzlərin məzmunundan da göründüyü kimi, tərəflər arasında borc münasibətləri olmuş, həmin münasibətlər yazılı borc müqaviləsi formasında təsdiqlənməmişdir. Lakin qeyd edilən qəbzlər Mülki Məcəllənin 882-ci maddəsi anlamında mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin əsasını təşkil etmişdir. Buna görə də tərəflər arasında yazılı formada bağlanmış borc müqaviləsi olmasa da, cavabdeh tərəfindən yazılmış qəbzlərlə ümumilikdə 256.000 manat m əbləğində ödənilməmiş borcun mövcudluğunun etiraf edilməsi həmin münasibətlərin, həqiqətən var olduğuna və bu münasibətlərin mücərrəd borc müqaviləsi ilə təsdiqləndiyinə dəlalət etmişdir və hazırkı mülki işlə bağlı Mülki Məcəllənin qeyd edilən maddəsinə və həmin maddənin kökündə duran borc münasibətləri ilə bağlı normalarına istinad olunmalı, iddianın əsaslılığı həmin normaların tələblərinə uyğun olaraq yoxlanılmalıdır.
33. Mülki Məcəllənin 743.1-ci maddəsinin birinci cümləsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsi nə götürür. Göründüyü kimi, qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün ilk növbədə borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilm əsi şərtdir.
34. Borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırkı iş materiallarında olan və yuxarıda adları çəkilən əlyazmalardan da göründüyü kimi onların hər birində Cavabdeh1 İddiaçı müxtəlif tarixlərdə və məbləğlərdə borc pul götürərək bir sıra şəxslərə verdiyi və həmin məbləğlərin 1 həftə ərzində qaytarılmasına zamin dayandığı qeyd olunmuş, onların hər biri Cavabdeh1 özü tərəfindən imzalanmışdır. Cavabdeh1 sonuncu apellyasiya baxışında sözügedən qəbzlərin özü tərəfindən yazılmadığını və imzalanmadığını bildirirərək xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsinin xx.xx.2024 -cü il tarixli iclas protokolundan görünür ki, cavabdeh iddiaçıdan pulları götürərkən bu barədə qəbzləri imzaladığını bildirmişdir. Bundan əlavə apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixli iclasda iddiaçı tərəfindən təqdim edilən qəbzləri özünün yazdığını, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə qəbzlərin özü tərəfindən yazılmasa da, imzalandığını bildirmişdir. Göründüyü kimi, cavabdeh məhkəmə iclaslarının bir çoxunda sözügedən əlyazmaların özü tərəfindən tərtib edilərək imzalanmasını etiraf etmiş, sadəcə sonuncu məhkəmə iclasında hansısa tutarlı əsas olmadan bunu təkzib etmişdir. Qeyd edilən hallar, o cümlədən cavabdehin izahatları və həmin qəbzlərə istinad edilməsini istisna edən hər hansı dəlilin olmadığını nəzərə alaraq kollegiya onların işin həqiqi hallarını təsdiq etməs i qənaətinə gəlir.
35. Hazırkı işin hallarından da göründüyü kimi Cavabdeh1 məhkəmə prosesinin bütün mərhələlərində iddiaçı tərəfindən qeyd edilən məbləğlərdə pulun verilməsini inkar etməmiş, bu zaman özünün də vasitəçi olduğunu qəbul etmiş, öz etirazını yalnız həmin pulların iddiaçıya artıqlaması ilə qaytarıldığı ilə əsaslandırmışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bununla da hazırkı iş üzrə iddiaçının məhkəməyə təqdim edilən qəbzlərdə əks olunan məbləğlərdə pulu cavabdehə verməsi işin mübahisəsiz halını təşkil edir.
36. Bu halda həmin pul məbləğlərinin iddiaçıya qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərində olduğu halda sonuncu bu barədə hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmiş, sadəcə mülahizələr səsləndirməklə kifayətlənmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (mübahisənin mövcud olduğu zaman qüvvədə olan redaksiyada) 385.1, 386.1, 442, 445.2, 445.2.1, 445.2.2, 448, 739.1, 739.2, 882.1, 882.2- ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil2 ) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 743.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri iddiaçının qanunsuz olaraq kredit verməsini müəyyən etməsinə baxmayaraq tərəflər arasında müqavilə öhdəliyi olması qənaətinə gəlməklə qeyd olunan maddənin tələbini görməzlikdən gəlmişdir.
40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iddiaçı tərəfindən ödənilən və qalıq məbləğin nə qədər olması ilə bağlı sübutların məhkəməyə təqdim olunmamasına baxmayaraq məhkəmə bu fakta qiymət verməyərək iddia tələbini təmin etməklə prosessual maddələrin tələbini pozmuşdur.
41. Məhkəmə ödənilən və qalıq məbləğin nə qədər olmasını müəyyən etməməsinə baxmayaraq, xüsusi bilik tələb olunan sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza təyin etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə də iş üzrə ekspertiza təyin edə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
44. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prin siplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəl iyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
48. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2 İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi;...
49. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
50. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyn i keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
51. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
52. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
53. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Avropa İnsan Hüquqları Məhkəməsinin möv qeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəli llərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
68. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə kassasiya şikayətinin “kredit müqaviləsi üzrə borcverənin yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs olması, ödənilən və qalıq məbləğin nə qədər olmasını müəyyən etmək üçün ekspertiza təyin edilməməsi” barədə dəlilləri ilə bağlı əlavə olaraq aşağıd akıları qeyd etməyi zəruri sayır.
69. MPM-in 416.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü bu dəlillər aşağı instansiya məhkəmələrində irəli sürülməmişdi.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 40 7.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusion-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarı və s.).
71. Kassatorun “ödənilən və qalıq məbləğin nə qədər olmasını müəyyən etmək üçün ekspertiza təyin edilməməsi” barədə dəlilləri işin tam və hərtərəfli araşdırlması ilə bağlıdır və kassasiya instansiyası məhkəməsinin araşdırma predmeti deyildir.
72. Kassasiya şikayətinin “kredit müqaviləsi üzrə borcverənin yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs olması” barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunun bu göstərişinə əməl olunmaması, verilən məbləğin geri qaytarılması tələbini istisna etmir.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6061/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.