Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1856/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5005/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəməl ər işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.1998-ci il tarixdə tərtib edilmiş sadə yazılı müqaviləyə əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu ev 71-in sakini Cavabdeh Ağaşirin qızı xx.xx.1998-ci il tarixdə İddiaçı daima etibar etdiyi uzunluğu 18 metr, eni 10 metr sahənin əvəzində ondan 2.300 (iki min üç yüz) ABŞ dolları məbləğində əmanəti qəbul etmiş və almışdır. Müqavilə Cavabdeh Ağaşirin qızı tərəfindən imzalanmışdır.
3. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsuzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən evdə akta əsasən qeydiyyatsız yaşayır. Həmin ünvan üzrə bütün kommunal ödənişlər İddiaçı tərəfindən həyata keçirilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Ka dastrı və Reyestri” Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən ünvan 1 saylı fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, üzərində tərəfindən fərdi ev inşa edilmiş, ümumi sahəsi 180 (yüz səksən) kvadrat metr olan torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, faktiki yaşayış yeri ol an ünvan 1 ünvanında yerləşən, Cavabdeh tərəfindən ona satılmış, 180 kv.metr ölçüdə olan (10 m.enində x18 m uzunluqda) torpaq sahəsində inşa etdirdiyi fərdi evdə 1998-ci ildən ailəsi ilə birlikdə yaşayır. Belə ki, cavabdeh atasından onlara miras qalmış torpaq sahəsinin özünə aid hissəsindən 180 kv.metrlik hissəni ona satmış və bunun müqabilində ondan 2300 (iki min üç yüz) ABŞ dolları almışdır ki, buna dair cavabdehlə aralarında rəsmi yazılı əqd var. Cavabdeh və onun ailə üzvləri eləcə də notariat qaydasında təsdiq etdirdikləri razılıqlarında da bildirmişlər ki, ona satılan əraziyə dair heç bir iddialarının olmayacağını bildiriblər. Cavabdeh ona razılaşma zamanı bildirmişdir ki, əraziyə dair atasının adına olan texniki pasporta əsasən torpaq sahəsini adlarına sənədləşdirdikdən sonra o,özünə aid hissədən ona satdığı torpaq sahəsini adına rəsmiləşdiricəkdir. Lakin son günlərə kimi bu vəd olaraq qalıb. Artıq 25 ildir ki, cavabdeh ona satılan ərazinin rəsmiləşdirilməsi üçün hər hansı hərəkətini etmir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Hətəmzadə) 2(001)2704/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş müqavilənin surəti ilə müəyyən edilir ki, yazılı müqaviləni hər iki tərəf imzalamalı olduğu halda bu tələbə riayət edilməmiş, müqavilə Cavabdeh tərəfindən imzalanmış olsa da İddiaçı tərəfindən imzalanmamış və eyni zamanda həmin müqavilənin məzmunu ilə müəyyən edilir ki, Cavabdeh mübahisəli evi cavabdehə satdığını deyil, etiba r etdiyini qeyd etmişdir. Həmçinin ümumiyyətlə məhkəmə araşdırması zamanı cavabdehin həmin əmlakı satmasına dair alqı-satqı müqaviləsini bağlamağa hüququnun olması müəyyən edilməmişdir. Halbuki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 39, 41, 42, 43, 230-cu maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1,119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməsinin əsası kimi onunla cavabdeh arasında bağlanmış müqavilənin alqı-satqı müqaviləsi olmamasını, eləcə də həmin müqavilədə onun imzasının olmamasını göstərmi şdir. Lakin müqavilənin predmeti olan torpaq sahəsinə görə torpaq sahəsinin dəyəri olaraq cavabdehin ondan pul alması bunun əksini deyir. Torpaq sahəsinin etibar edilməsi ilə əlaqədar etibar olunan şəxsdən pul alınması məntiqi baxımından da qəbul edilən deyil. O ki, qaldı müqavilədə onun imzasının olmaması müqavilənin tərəfindən bəyənilməsi, mübahisələndirilməməsi müqavilə üzrə şərtləri qəbul etdiyinə, yəni onu dolayısı yolla imzalamağına dəlalət edən haldır və həqiqətdə də bu belədir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Cəmilə Musayeva sədrlik edən və məruzəçi, Fuad Babayev və Günay Axundova) 2(103)-5005/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin 2(001)-2704/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həqiqətən də cavabdehin həmin torpaq sahəsini başqa şəxslərin mülkiyyətinə (istifadəsinə, sahibliyinə və sərəncamına) vermək üzrə səlahiyyətli şəxs olması halı öz təsdiqini tapmayan hallardandır. İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət reyestrində mülkiyyət və ya digər əşya hüququ ilə nə cavabdehin, nə də onun atasının adına qeydə alındığı müəyyən edilmir. Cavabdeh özünə məxsus olmayan əmlak barəsində sərəncam verərkən səlahiyyətsiz şəxs olmuş, onun bu əmlakı başqa şəxsə özgəninkiləşdirmək hüququ olmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Res publikası Mülki Məcəlləsinin 39.1, 43.1, 87, 100.1-ci maddələrinə, xx.xx.2000-ci ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 146.1, 146.2, 394, 646.1-ci maddələrinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında yaranan hüquq münasibəti dövrü 1998-ci ilə təsadüf edir və həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSR-nin Mülki Məcəlləsinin əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hüquq normalarına istinad etməsinə baxmayaraq düzgün hüquqi nəticəyə gəlməyərək, mübahisəli qətnaməni qəbul etmişdir. Apellyasiya instansi yası məhkəmə kollegiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 39.Hissə İ.Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.
19. Maddə
43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda t əsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
20. Maddə 87.Mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir.
21. Maddə 100-1. Hissə İ.Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Mübahisəyə ma hiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının tələbində göstərilən müqavilənin bağlanmış hesab edilməsi üçün qanuni əsaslar mövcud deyil. Belə ki, ünvan 1 saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmiş, eləcə də Cavabdeh həmin əmlakı başqa şəxslərin mülkiyyətinə vermək səlahiyyəti olmamışdır.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin i ş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. İşin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5005/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.