Məhkəmə qərarları › İş №2(102)-1914/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1914/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1914/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qurban qızına qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: tələbin qanuni əsası; ədalətli məhkəmə araşdırması hüququ; vərəsəlik hüququnun konstitusion təminatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Qurban qızına qarşı “özbaşına tikilidən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnam əsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əzizbəyov RİH Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə, iddiaçıya Binə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Əzizbəyov RİH Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə, iddiaçının adına 1 mərtəbəli, 3 otaqdan ibarət 61 kv.m yaşayış sahəsi, 57,26 kv.m köməkçi sahəsi, cəmi torpaq sahəsi 754.kv.m olan ev və torpaq sahəsi qeydə alınmışdır.

3. Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Binə qəsəbəsi, İ.Nəsimi küçəsindəki 3 otaqdan ibarət 61 kv.m yaşayış sahəsi, 118.3 kv.m ümumi sahəsi olan 16 saylı fərdi yaşayış evi 2005-ci ildən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

4. Cavabdeh iddiaçının baldızıdır.

5. Hazırda iddiaçı və cavabdeh hasara alınmış eyni torpaq sahəsində yerləşən iki ayrı evdə yaşayırlar. Hasarlanma bir olsa da, evlərin iki ayrı darvazası mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sonra, iddiaçı iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evin ünvanının “ünvan 1anda ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz və özbaşına tikilmiş evin onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli ev və üzərində yerləşdiyi torpaq sahəsi mülkiyyət hüquq u ilə ona məxsusdur. Cavabdeh mərhum atasının – iddiaçının qayınatasının yas mərasimini yola vermək üçün iddiaçının icazəsi ilə müvəqqəti olaraq ora köçmüşdür. Hazırda iddiaçı cavabdehdən evi tərk etməsini tələb etsə də, cavabdeh evi boşaltmaq istəmir. Cavabdehin mübahisəli evlə hər hansı bağlılığı, qeydiyyatı olmamaqla, orada əsassız yaşayır. Cavabdehin ayrı yaşayış yeri olmasına baxmayaraq mübahisəli evdən çıxmır. Bununla bağlı bir neçə dəfə ərazi üzrə sahə rəisinə müraciətlər edilmişdir.

9. X4 Qurbanovna məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının baldızı, cavabdehin isə bacısıdır. Mərhum atası iddiaçının icazəsi ilə ona məxsus torpaq sahəsində ev tikmişdir. Belə ki, torpaq sahəsini atası tutmuşdur. İddiaçı ilə cavabdeh arasında torpaq sahəsinə görə həmişə mübahisə olmuşdur.

10. X2 izahatında bildirmişdir ki, tərəflər ilə qonşudur. 2014-cü ildə Qurban kişidən torpaq sahəsi almışdır. 2017-ci ildə Qurban Ramazanoviç özünə məxsus bütün əmlakını qızı olan – cavabdehə vəsiyyət etmişdir. Vəsiyyətnamə tərtib olunarkən o şahidlik edərək vəsiyyətnaməyə imza etmişdir.

11. X6 Məhəmmədhənifəyevna izahatında bildirmişdir ki, hazırkı iş üzrə tərəflər onun qonşuları olmuşlar. Kənd sakinləri boş torpaq sahələrini tutan zaman, o və cavabdeh də torpaq sahəsi tutmuş, sonuncunun atası isə həmin torpaq sahəsini hasarlamışdır. O vaxt iddiaçı başqa ünvanda yaşayırdı.

12. Məhkəmə tərəfindən yerli baxış keçirilmişdir. Baxış zamanı iddiaçı bildirmişdir ki, birinci evi 2000-ci ildə özü, ikinci evi isə 2011-ci ildə onun köməkliyi ilə qayınatası tikmişdir.

13. Cavabdeh iddia əri zəsinə dair verdiyi etirazda bildirmişdir ki, iddiaçı mübahisəli evin onun mülkiyyətində olan torpaq sahəsində tikildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bir halda ki, onun mülkiyyət hüququ yoxdur, belə olduğu təqdirdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət hüququ da yaranmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən sübutlarda ona aid olduğu iddia edilən torpaq sahəsinin ölçüləri ilə, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin ölçüləri arasında ziddiyyət vardır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 3 müxtəlif sənəddə torpaq sahəsinin ölçüsü 700 kv.m, 754 kv.m və 600 kv.m olaraq göstərilmişdir. Göründüyü kimi, iddiaçı nəinki mübahisəli evin ona məxsus torpaq sahəsində yerləşdiyini, heç özünə aid torpaq sahəsinin ölç ülərini də dəqiq müəyyən etməmişdir. Odur ki, iddia ərizəsi təmin olunmamalıdır.

14. Daha sonra, iddiaçı yenidən iddia ərizəsinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsindən və özbaşına tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsində özbaşına tikili mövcuddur. Cavabdeh orada arabir qanunsuz yaşayaraq, özbaşınalıq edir. Bu özbaşınalığa dözməyən iddiaçının arvadı vəfat etmişdir.

16. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermişdir.

17. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, atasının qayğısına qalmaq üçün mütəmadi olaraq mübahisəli evə gəlib-getmiş, atası öləndən sonra – 2019-cu ildən isə həmin özbaşına tiki lidə yaşayır. Atasının inşa etdiyi tikilidə yaşaması üçün əsas mövcuddur, çünki mərhum atası öz əmlakını ona vəsiyyət etmişdir və həmin torpaq sahəsinə görə illərlə vergi ödəmişdir. Mübahisəli ev iddiaçıya aid torpaq sahəsində yerləşmir. İddiaçının hasarladığı torpaq 0.09 ha yaxındır. O isə, uzun müddət ki, 0.03 ha torpaq sahəsinə görə vergi ödəyir.

18. Xəzər Rayon Məhkəməsinin 2(003)-40/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Emin Məmmədli).

19. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən bir ev iddiaçının mülkiyyətindədir və hal-hazırda o ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçının mülkiyyət hüququ ilə qeyd alınmış evi və həmin evin yerləşdiyi torpaq sahəsi hasara alınmış, həmin hasarın daxilində digər mübahis əli özbaşına tikili olan ev vardır. Həmin torpaq sahəsində hər iki evin küçəyə ayrıca çıxışı olsa da, evlər bir-birindən hasarla təcrid edilməməklə eyni hasar daxilində yerləşir.

20. Belə ki, mübahisəli tikili iddiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi daxilində iddiaçının özünün də iştirakı ilə mərhum qayınatasının yaşaması üçün tikilmiş, qayınatası ölən günə qədər həmin tikilidə yaşamış, cavabdeh isə yalnız atası öləndən sonra müvəqqəti olaraq (atasının yas mərasimləri dövründə) yaşamağa başlamış və sonradan həmin tikilidə qalmışdır. Belə olan halda işin faktiki halları ilə müəyyən edildiyi kimi cavabdehin həmin tikili ilə hər-hansı bağlılığı (maddi və fiziki baxımından) olmamaqla həmin tikiliyə hər-hansı hüququ olmadan yaşamaqda davam edir.

21. Lakin, iddiaçı mü bahisəli torpaq sahəsini hasara almaqla üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınmış evi olmaqla ümumilikdə torpaq sahəsini faktiki sahiblik etməklə istifadə edir və həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin sahəyə gələcəkdə mülkiyyət kimi gözlənti hüququ digər şəxslərə münasibətdə daha üstündür. Cavabdehin atasının həmin tikilidə qalması ona həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı hüquq verməməklə, cavabdehin də atasına münasibətdə həmin tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə hər-hansı hüququnun yaranmasını da istisna edir.

22. Məhkəmə mövqeyini Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 180.1, 180.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində ki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması zamanı iddiaçının mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim etmədiyi halda, məhkəmə iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Apellyator onu da əlavə etmişdir ki, mərhum atasının bu əraziyə dair vergi ödəməsi faktına da birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

25. Apellyasiya icraatı zamanı verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən, cavabdehin faktiki istifadəsində olan mübahisəli evin Əzizbəyov (Xəzər) RİH başçısının xx.xx.1992-ci il sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsini müəyyən etmək olmamışdır. Vahid elektron kadastr bazasında koordinatları verilmiş torpaq sahəsi (820,0 kv.m) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində olmaqla keçmiş Hövsan Tərəvəzçilik-südçülük sovxozundan Bakı şəhəri İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazilərdə yerləşir. Vahid elektron kadastr bazasında koordinatları verilmiş torpaq sahəsi (820,0 kv.m) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində olmaqla keçmiş Hövsan Tərəvəzçilik südçülük sovxozundan Bakı şəhəri İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazilərdə yer ləşir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyət torpağıdır.

26. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspertiza rəyinin nəticə hissəsi yuxarıda qeyd olunan mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, mülki iş materiallarında olan (1-ci cild, səh.172) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC tərəfindən tərtib edilmiş "torpaq sahəsinin yerləşmə sxemin"ə əsasən, mübahisəli torpaq sahəsinin hüdudları daxilində 2 ədəd yaşayış evi mövcud olduğu müəyyən olunur. Lakin, həmin yaşayış evlərinin kimə (kimlərə) məxsus olması barədə yuxarıda qeyd olunan sxemdə məlumat olmadığından həmin yaşayış evinin (evlərinin) Cavabdeh Qurban qızının faktiki istifadəsində olan yaşayış evi olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Mülki iş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən vahid elektron kadastr bazasında koordinatları verilmiş torpaq sahəsi (820,0 kv.m) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin inzibati hüdudları daxilində olmaqla keçmiş Hövsan Tərəvəzçilik-südçülük sovxozundan Bakı şəhəri İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış ərazilərdə yerləşir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyət torpağıdır.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-15/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Xumar Mərdanovasədrlik edən və məruzəçi, Vahid Sadıqov və Sabit Bəhrəmzadə).

29. Məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, ekspert rəyini yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elşad Gülüşovun tərtib etdiyi mütəxəssis rəyində olanları göstərməklə kifayətlənmiş, lakin iş materiallarında olan (i.v. 172) mübahisəli tikintinin faktiki yerləşmə sxemində torpaq sahəsinin və həmin sahədə yerləşən hər iki evin döngə nöqtələrinin koordinatlarını n qeyd edildiyini nəzərə almamışdır. Həmin rəy Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Bakı Layihə Tədqiqat İdarəsinin mühəndisi E.Həsənov tərəfindən tərtib olunmuşdur. Qeyd olunan torpaq sahəsinə dair sənəd təqdim edilməməsi rəylərdə göstərilsə də, faktiki olaraq həmin sahənin dövlət mülkiyyət torpağı sahəsi olması əsaslandırılmışdır. Lakin bu əsaslandırma mübahisəli yaşayış evinin Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli 520/44 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi ilə bağlı qoyulmuş sualı tam cavablandırılmasına xidmət etmir. Göründüyü kimi rəy natamam və yaranmış mübahisənin obyektiv və ədalətli həlli baxımından hazırkı iş üzrə de mək olar ki, heç bir sübut əhəmiyyətinə malik rəy kimi qiymətləndirilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır.

30. Apellyasiya şikayətinin isə əsas dəlili ondan ibarət olmuşdur ki, özbaşına tikilinin məhz iddiaçıya məxsus torpaq sahəsində yerləşməsini təsdiq edən hər-hansı bir sənəd təqdim edilməmişdir. Belə olan halda iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, həmin rəy işin araşdırılması üçün kifayət etmədiyindən və ekspert qarşısında qoyulmuş suallar (xüsusən ilk sual) əhatəli şəkildə tədqiq edilmədiyindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün təkrar məhkəmə ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır.

31. Məhkəmə kollegiyası, sonuncu ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı rəydə eks pert tərəfindən cavabdehin yaşadığı ev (özbaşına tikili) məhz iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdir.

32. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsini hasara almaqla üzərində mülkiyyət hüququ ilə qeydiyyata alınmış evi olmaqla ümumilikdə torpaq sahəsini faktiki sahiblik etməklə istifadə edir və həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin sahəyə gələcəkdə mülkiyyət kimi gözlənti hüququ digər şəxslərə münasibətdə daha üstündür.

33. Məhkəmə kollegiyası əlavə etmişdir ki, şahid qismində dindirilmiş X1 ifadəsində göstərilənlər işin digər sübutları ilə tamamlanmadığı üçün ifadəsi sübut əhəmiyyətli sayıla bilməz.

34. Məhkəmə kollegiyası mövqeyini birinci instansiya məhkəməsinin də istinad etdiyi normalara istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassator şikayətini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisəli evin ona məxsus olan torpaq sahəsində yerləşməsinə dair hər hansı sübut təqdim edilməmiş, iş üzrə keçirilmiş ekspertizaların rəylərinin heç birində buna dair qəti nəticə əldə olunmamışdır. Halbuki, mübahisəli ev cavabdehin atası – iddiaçının qayınatası tərəfindən tikilmiş və onun özü həmin evdə yaşamışdır. Cavabdehin mərhum atasının bütün əmlakını ona vəsiyyət etməsinə dair vərəsəlik şəhadətnaməsi iş materiallarına əlavə olunsa d a, işə baxan məhkəmə kollegiyası buna sübut kimi Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələbi baxımından düzgün qiymət verməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

38. Maddə 29, hissə

7. Dövlət vərəsəlik hüququna təminat verir.

39. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

41. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq bu qənaətə gəlir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının tətbiq edilməsi zamanı pozuntuya yol verilmiş, bu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

53. Bu qənaətə gələrkən məhkəmə kollegiyası aşağıdakılara istinad edir.

54. İş üzrə iddia tələbi iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsində qanuni əsaslar olmadan inşa edilmiş tikilidən və bu tikilinin yerləşdiyi torpaq sahəsindən cavabdehin çıxarılması ilə bağlıdır.

55. İddiaçı öz tələbinin faktiki əsası kimi ona torpaq sahəsinin ayrılmasına dair sərəncama, bu torpaq sahəsində inşa etdiyi və mülkiyyət hüququ ilə ona məxsus olan evə dair çıxarışa və texniki pasporta, habelə şahid qismində dəvət etdiyi mərhum arvadının digər bacısının verdiyi ifadəyə istinad etmişdir.

56. Məhkəmələr tərəfindən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, qeyd edilən mübahisəli ev cavabdehin atası X3 tərəfindən inşa edilmiş və o, 2019-cu ildə ölənədək uzun illər ərzində həmin tikilidə yaşamış, onun ölümü ilə bir vaxtda isə cavabdeh həmin evdə yaşamağa başlamışdır.

57. Həmçinin, mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılmasına dair sərəncamda torpağın ölçüsü 700 kv.m, qeydiyyatla bağlı verilmiş digər sərəncamda isə 754 kv.m göstərilsə də, hazırda tərəflərin yaşadıqları evlərin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü bundan artıq olmuşdur (İş materiallarında kı ayrı-ayrı sənədlərdə torpaq sahəsi 820 kv.m və 830 kv.m olduğu göstərilir).

58. İddia tələbinin mahiyyəti, habelə işin yuxarıda sadalanan halları onu deməyə əsas verir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə mübahisəli evin iddiaçının məhz qanuni əsaslarla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşib-yerləşmədiyinin müəyyən edilməsi ilə bağlı olmuşdur.

59. İş materiallarından görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən bu istiqamətdə zəruri prosessual addımlar atılmış, o cümlədən mübahisəli ərazinin məhkəmə tərəfindən yerində müayinəsi həyata keçirilmiş, habelə həll edilməli məsələ xüsusi bilik tələb etdiyindən bununla bağlı zəruri ekspertiza təyin edilmişdir.

60. Lakin həm yerli baxış protokolunun, həm də iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizası nın rəyləri ilə mübahisəli evin iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşməsi birmənalı olaraq müəyyən edilməmişdir.

61. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən sübutlarla kifayətlənməklə, daha doğrusu məhkəmə ekspertizasının sonuncu rəyinə istinad etməklə mübahisəli tikilinin məhz iddiaçıya ayrılmış torpaq sahəsində yerləşdiyi qənaətinə gəlmiş və bu əsasla iddia tələbini təmin etmişdir.

62. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, mübahisənin həlli baxımından ilk növbədə qanuni istifadədə olan torpaq sahəsinin dəqiq konfiqurasiyası, daha sonra isə mübahisəli tikilinin həmin sahədə yerləşib-yerləşmədiyi müəyyən edilməlidir.

63. Bu halın müəyyən edilməsi həm də o mənada əhəmiyyətlidir ki, iş materiallarında olan sənədlərdən mərhum Q.Bazayevin hələ 2000-ci ildən başlayaraq 2011-ci ilədək mübahisəli ərazidə torpaq vergisi ödəyicisi kimi qeydiyyatda olduğu bəlli olur. İş üzrə dindirilmiş şahidlərdən biri də tərəflərin qonşusu olduğunu və torpaq sahəsini mərhum Q.Bazayevdən aldığını göstərmişdir. Bu isə mərhum Q.Bazayevin əvvəllər həmin ərazidə istifadəsində torpaq sahəsinin olduğunu göstərir. Həmçinin, müəyyən edilir ki, mübahisəli ev iddiaçıya məxsus digər evlə ümumi həyətdə yerləşsə də, onların kommunal xidmətləri ayrıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddia tələbinin əsaslılığına qiymət verilərkən sadalana bu hallar nəzərə alınmalı və aidiyyəti sübutlar əsasında əlaqəli şəkildə dəyərləndirilməli idi.

64. Lakin iş materiallarından görünür ki, mübahisəni həll edən məhkəmə tərəfindən bu istiqamətdə ətraflı ara şdırma aparılmamışdır.

65. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən sübutetmə yükünün müəyyən edilməsi ilə bağlı da səhvə yol verilmişdir.

66. Belə ki, məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən digər hallarla yanaşı, həm də cavabdeh tərəfin mübahisəli evin iddiaçıya məxsus torpaq sahəsi ilə üstüstə düşmədiyini sübut edə bilməməsinə istinad etmişdir.

67. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbləri baxımından cavabdehin belə bir prosessual vəzifəsi olmamışdır, əksinə göstərilən halın əksini sübut etmək yükünü iddiaçı daşımışdır.

68. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianı təmin edərkən Cavabdeh mübahisəli evlə bağlı hər hansı hüquqlarının olmamasına dair gəldiyi nəticə də düzgün olmamışdır və məhkəmə bununla bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

69. Belə ki, iddiaçı mübahisəli evin və torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olmasına istinad edərək, cavabdehin sözügedən tikilidən çıxarılmasını məhkəmədən xahiş etmişdir.

70. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, sözügedən ev iddiaçıya məxsus olan torpaq sahəsində tikilmədiyi üçün, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Eyni zamanda, mərhum atası bütün əmlakını ona vəsiyyət etmişdir ki, bu da özlüyündə onun həmin evdə yaşaması üçün qanuni əsasdır.

71. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçının mübahisəli tikilinin inşası ilə bağlı faktiki və hüquqi münasibətlərə girdiyi şəxs cavabdehin özü deyil, onun mərhum atası, eyni zamanda iddiaçının qayınatası Qurban Baza yev olmuşdur. İddiaçı adıçəkilən şəxsin ona məxsus torpaq sahəsində mübahisəli tikilini öz hesabına inşa edərək orada yaşamasına razılıq vermiş, həmin şəxs də evi inşa etdikdən sonra vəfat edən tarixədək uzun illər ərzində mübahisəsiz qaydada orada yaşamışdır. Həmin ev hüquqi baxımdan özbaşına tikili olsa da, mərhum Q.Bazayev onu öz vəsaiti ilə inşa etdiyi və orada daimi olaraq yaşadığı üçün müəyyən iqtisadi dəyərə malik olmuşdur.

72. Bu baxımdan evin tikilməsinə razılıq verməsi iddiaçıdan aralarında olan razılığa hörmətlə yanaşmağı tələb etməklə yanaşı, onun üzərinə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyət hüquqlarından istifadə edərkən qarşı tərəfə münasibətdə vicdanlı davranmaq öhdəliyi qoymuş olur. Bu öhdəliyin onun tərəfindən pozulması qarşı tərəfə imkan verir ki, mül kiyyətçinin öz hüquqlarından vicdansızcasına istifadə etməsi ilə bağlı kompensasiya tələb etsin. Bu məsələdə əks yanaşma iddiaçının hüquqdan sui-istifadə edərək əsassız varlanması ilə nəticələnmiş olardı.

73. Qeyd edilən tələb hüququ şəxsi xarakter daşımır və yalnız mərhum Q.Bazayevə məxsus ola bilən bir hüquq olmamaqla, əvvəldə də qeyd edildiyi kimi müəyyən iqtisadi əhəmiyyətə malikdir.

74. Belə olan halda, həmin tələb hüququnun əmlak xarakterli hüquq olmaqla, mərhum Q.Bazayevin ölümündən sonra miras kütləsinə daxil olub-olmamasına qiymət verilməlidir.

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

76. Həmin Məcəllə nin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyə t və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

78. Habelə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2024-cü il tarixli Qərarının 1.3-cü bəndində göstərilir ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.

79. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli əmlaka münasibətdə hüquqlarının olub-olmamasına hazırkı iddianın əsaslılığı baxımından qiymət verilərkən yuxarıda şərh edilən hallar, yəni mərhum Q.Bazayevə məxsus olmuş tələb hüququnun miras kütləsinə daxil olması və onun birinci növbəli vərəsəsi olan Cavabdeh tərəfindən qəbul edilməsi məsələsi mirasın açıldığı zaman qüvvədə olmuş vərəsəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında araşdırılmaqla, nəzərə alınmalıdır.

80. Məhkəmə kollegiyası qeyd edilənləri və kassasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

81. Təkrar apelyasiya baxışı zamanı ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada və yuxarıda şərh edilən hüquqi mövqe nəzərə alınmaqla yekun hüquqi qiymət verilməlidir.

82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15/2025 nömrəli iş üzrə 10 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar