Məhkəmə qərarları › İş №2(102)-1966/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1966/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1966/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9116/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil (bundan sonra - mübahisəli mənzil) 14 dekabr 2014-cü il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən əldə edilmiş, mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18.02.2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, cavabdehi tanımır, onunla heç bir qohumluq əlaqəsi yoxdur. Hal-hazırda cavabdeh onun mülkiyyətində olan mübahisəli mənzildə qeydiyyatda olmaqla oranı zəbt edib yaşayır. Mövcud vəziyyət onun istifadə hüququnu pozur, ümumiyyətlə mülkiyyət hüququnun tam həyata keçirilməsinə məhdudiyyət yaradır.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatlarında iddiaya etiraz edərək, onun rədd edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1897/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, cavabdehin mübahisəli mənzilindən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etm işdir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

7. Mübahisəli mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.

9. Məhkəmə iddiaçının istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi cavabdeh mübahisəli mənzildə 2015-ci il tarixdən qeydiyyatdadır, həmin mənzildə iddiaçının atası ilə birgə yaşamışlar. Yeni mənzil qanunvericiliyi tətbiq olunmaqla müəyyən olunur ki, mübahisəli mənzildə cavabdehin istifadə hüquqları yaranmamışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, mövcud olmayan hüququn xitamı mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-9116/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarix li qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətində işin faktiki halları sadalanmış və qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları, o cümlədən Mülki Məcəllənin sahibliklə bağlı 159 və 163.1- ci maddələrinin tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.

16. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri cavabdehin həmin mənzildən istifadə edərək sahiblik etdiyi hallara düzgün qiymət verməmişdir.

17. Bundan əlavə cavabdeh mübahisəli mənzildə yaşamaqla mənzilin balkon hissəsini əsaslı təmir etdirmiş, mənzilin yaxşı vəziyyətdə saxlanılmasını həyata keçirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək qeyd etmişdir ki, cavabdehin şikayəti işin hallarının təkrarlanmasından ibarət olmaqla maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması göstərilməmişdir. Qətnamə qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarını bərpa etmiş, onun mülkiyyətini cavabdehin qanunsuz istifadəsindən qurtarmış, iddiaçının mülkiyyətində olan mənzilindən çıxarılmasını qanuni hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkə tlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MPM

23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2).

24. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

25. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar la əsaslandırır (maddə 217.4).

26. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2).

27. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

32. Belə ki, baxılan iş üzrə mülkiyyətçi olan iddiaçı öz əmlakını cavabdehin qanunsuz sahibliyindən geri tələb edir və məhkəmələr tərəfindən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olduğu, cavabdehin mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə, o cümlədən hazırkı məhkəmə baxışının predmeti nə aid olmayan hallarla bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9116/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar