Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1987/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsindən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2631/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Cəlilabad ra yonunun Uzuntəpə kəndində yerləşən 0,12 ha ölçüdə torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuş və Bələdiyyə tərəfindən həmin torpaq sahəsi 17 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. 16 avqust 2017-ci il tarixdə İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Uzuntəpə kəndinin sakini Cavabdeh həmin torpaq sahəsindən istifadəyə mane olduğuna və mülkiyyətçini həmin torpaq sahəsinə buraxmadığına görə X1 Rayon Polis Şöbəsinə müraciət etmiş və şöbənin təhqiqatçısının 22 sentyabr 2020-ci il tarixli qərarı ilə mübahisənin mülki xarakterli olması əsas göstərilməklə cinayət işinin başlanılmasından imtina olunmuş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuş dur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin oktyabr ayında torpaq sahəsinin mülkiyyətçisi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona həmin torpaq sahəsindən istifadə etməsinə mane olmasını və torpaq sahəsinə buraxmamasını əsas göstərməklə Cavabdeh həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsni xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-300/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: E.Ə.Əmirəliyev) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək mübahisəli torpaq sahəsində 1998-ci ildə ev tikilməklə orada yaşamasını, belə vəziyyətdə torpaq sahəsinin İddiaçı satılmasının qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2631/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Zeynalov (sədrlik edən və məruzəçi), Z.M.Allahyarov və M.K.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(073)-300/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüqu q normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (146.2) Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsi nə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmə lə gəlir. (146.2) Müəyyən olunduğu kimi İddiaçı mübahisəli torpaq sahəsini notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Uzuntəpə Bələdiyyəsindən almış və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Beləliklə, İddiaçı 2017-ci ildən torpaq sahəsinə mülkiyyət hüququ əldə etməklə həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Cavabdeh isə iddiaçını həmin torpaq sahəsinə buraxmamaqla və ondan istifadə etməsinə mane olmaqla onun mülkiyyət hüququnu pozur. Cavabdeh həmin torpaq sahəsinin 1998-ci ildən onun istifadəsində olmaqla orada fərdi yaşayış evi tikməsini və belə olduqda torpaq sahəsinin ilk növbədə ona təklif edilməli olmasını əsas göstərməklə iddianın rədd edilməsini tələb etsə də, məhkəməyə bunu təsdiq ed ən heç bir sübut təqdim etməmişdir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsi əkin altında olmaqla orada hər hansı bir tikinti işi aparılmamışdır. Göstərilənlər cavabdehin göstərdiklərini inkar etdiyindən, eləcə də, cavabdeh torpaq sahəsindən istifadə üçün hər hansı bir hüquqi əsasa malik olmadığından məhkəmə iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab ed ir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2631/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1987/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1987/2022
06.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver