Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1991/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-13/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Dəvəçi rayonun Dağ Bilici kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN-005F KOD 30405028 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-005F KOD 30405028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sa həsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, keçmiş qonşusu olan cavabdeh Əliyev X1 və Bakı şəhərlərində olduğu halda, onun torpağını kəsib öz torpağına qatıb. Bu üsulla vaxtilə əkdiyi torpaq sahəsindən çıxması barədə müraciət edilmiş, lakin cavabdeh müraciətə əməl etməmişdir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir.
4. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onun tərəfindən zəbt olunması barədə irəli sürdüyü iddia əsassızdır. İddiada istinad edilən Azərbaycan Respublikasının MM-nin 157.1-ci maddəsinin tələblərinə görə mülkiyyətçi öz əmlakını geri tələb etmək h üququna malikdir. Qanunvericiliyin bu maddəsi ona tətbiq edilə bilməz. Çünki o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddiaçı Mülki Məcəllənin müxtəlif maddələrini sadalayaraq (180.1, 180.2, 139.2) onun həmin qanunun tələblərini pozduğunu sübut etməyə çalışır. Lakin bir əsrə yaxındır həmin yurdda onun ata-babası yaşamışdır. Regionlarda mülklərin və əmlakların kütləvi qeydiyyata alınması başlandığı vaxtdan onların yurdlarında qeydiyyata alınmış, aidiyyatlı icra orqanı tərəfindən ölçüləri götürülmüş, xəritəsi çəkilmiş və Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi anası X2 adına rəsmiləşdirilərək ailələrinə təqdim olunmuşdur. İddia üzrə təyin olunmuş ekspert birtərəfli və qərəzli rəy vermi şdir. Ekspert ölçüləri düzgün göstərməmiş, onun həyətinin giriş hissəsində iddiaçıya məxsus 89 kv.m sahənin zəbt edildiyini göstərilmişdir. Halbuki, həmin hissədə onun torpağının ilk xətdə 14.40 çıxarışda olduğu kimi olsa da, qonşuları ilə olan sərhəd zolağı boyunca onun ərazisi kiçilmişdir. Onun ərazisi mərkəz xəttində 36 kv.m olmalı olduğu halda, 30 metr qalmışdır. İddiaçı irəli sürdüyü iddianın müddətinin keçmiş olduğuna və eləcə də əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 fevral 2021-ci il tarixli, 2(031)-35/2021 saylı qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-005F KOD 30405028 saylı şəhadətnaməyə əsasən İddiaçı mülk iyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin boşaldılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş mütəxəssis (ekspert) rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçının mülkiyyətinə JN-005F KOD 30405028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.26 ha həyətyanı torpaq sahəsinin 89 kv.m hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür.
7. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə, onun mülkiyyətlə qorunan hüquqlarını pozmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.1.7, 6.1.8, 6.1.9, 152.1, 157.2, 157.4, 180. 1-ci, Torpaq Məcəlləsinin 5.1, 18.1, 68, 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 76-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Apellyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni deyildir. Məhkəmə onun tərəfindən verilən etirazı nəzərə almamışdır. İddiaçı “keçmiş qonşum torpağı zəbt etmişdir” ifadəsi işlədir. Halbuki o, keçmiş qonşu deyil. Adı çəkilən torpaq sahəsi babasının mülkiyyətində olub. Ondan atasına, daha sonra isə onunla qardaşına miras qalmışdır. Onların əmlakı qeydiyyata alınmış, müvafiq icra orqanı tərəfindən ölçüləri götürülmüş, xəritəsi çəkilmiş və Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008ci il tarixdə özəl mülkiyyəti təsdiq edən çıxarış sənədi anası X2 adına rəsmiləşdirilərək ailəsinə təqdim edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-13/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh Şabran rayonu Dağbilici kəndi ərazisində yerləşən İddiaçı məxsus 0,26 ha torpaq sahəsinin cənub-qərb hissəsinin 89.0 kvadrat metrindən çıxarılması və həmin hissənin Cavabdeh tərəfindən boşaldılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddia tələbləri Cavabdeh zəbt olunmuş torpaq sahəsindən çıxarılması və boşaldılmasından ibarət olduğu halda, birinci instansiya məhkəməsi mübahisəyə aidiyyəti olmayan Mülki Məcəllənin 152.1, 157.4-ci maddələrini tətbiq etmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 15 7.2-ci maddəsi ilə yanaşı 152.1, 157.4-cü maddələrinə istinad etməsi düzgün olmamışdır. Çünki həmin normalar baxılan iş üzrə iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməz. Ona görə ki, iş üzrə əmlakdan məhrum olmamış mülkiyyətçinin öz hüququna törədilən qəsd və ya başqa maneələrə son qoyulması ilə bağlı mübahisə mövcud deyil.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/4486 nömrəli 27 dekabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, mübahisə predmeti olan torpaq sahələrinin naturada forma və ölçülərinin sənədlərdə qeyd olunmuş forma və ölçülərdən fərqli olduğundan iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsini m üəyyən etmək mümkün olmamışdır.
14. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü mütəxəssis rəyi ilə ekspert rəyi arasında ziddiyyəti araşdırmaq məqsədilə təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/9371 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-005 kod 30405028 saylı şəhadətnaməyə əsasən 0,26 ha torpaq sahəsinin cənub-qərb hissəsindən 89 kv.metr hissəsi Cavabdeh faktiki istifadə etd iyi torpaq sahəsi ilə üst-üstə düşür.
15. Göründüyü kimi Şabran rayonu Dağbilici kəndində yerləşən 0,26 ha torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin cənub-qərb hissəsindən 89.0 kv.m hissəsinin Cavabdeh sahibliyində olması və bu sahibliyin qanunsuz olması öz təsdiqini tapmışdır.
16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, MPMin 88,103-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməs i barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti birinci instansiya məhkəməsində cavabdehin iddiaya qarşı etiraz dəlilləri və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hərtərəfli, tam, obyektiv araşdırılmasını aparmamış, qanuni və əsaslı olmayan qətnamə çıxarmışdır. Hesab edir ki, torpaq sahəsinin üst-üstə düşməsi həmin torpaq sahəsinin zəbt olunması anlamına gələ bilməz. Çünki Məhkəmə Ekspertiza Mərkəzinin 10/4486 nömrəli 27 dekabr 2021-ci il tarixli rəyinə əsasən də mübahisə predmeti olan torpaq sahələrinin naturada forma və ölçülərinin sənədlərdə qeyd olunmuş forma və ölçülərdən fərqli olduğundan iddiaçıya məxsus torpaq sahəsinin zəb t edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə belə nəticəyə gəlib ki, iddiaçının torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunub. Əgər zəbt olunsaydı rəylərdə məhz “zəbt olunub” kimi qeyd olunardı. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi zəbt olunmayıb. Əgər hazırkı qətnamə qüvvədə qalarsa cavabdehin mülkiyyət, istifadə və sahiblik hüququ pozulmuş olacaq. Mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində, sahibliyində və istifadəsindədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29 (İİ hissə). Mülkiyyətin heç bir növünə üstü nlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.2. Dövlət orqanlarının və yer li özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları....
25. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
26. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
27. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib ol maq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
30. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq s ahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
31. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
32. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, iddiaçı onun mülkiyyətində olan 0.26 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
44. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə qanuni sahibliyini təsdiq edən sübut kimi Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilməsi barədə JN-005F KOD 30405028 saylı şəhadətnaməni təqdim etmişdir.
45. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139.1-1-ci maddəsində, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən olunub.
46. Qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilməsi barədə Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli 02 saylı qərarı və onun əsasında tərtib olunmuş JN-005F KOD 30405028 saylı şəhadətnamə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edir.
47. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasının müəyyən edilməsindən ibarətdir.
48. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması xüsusi bilik tələb edildiyinə görə ekspertiza təyin etmiş və yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırlmasını təmin etmək üçün təkrar ekspertiza təyin etmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-005 kod 30405028 saylı şəhadətnaməyə əsasən 0,26 ha torpaq sahəsinin cənub-qərb hissəsindən 89 kv.metr hissəsi Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq o lunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-13/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.