Məhkəmə qərarları › İş №2(102)-2020/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2020/2021

19.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2020/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (üçüncü şəxslər X14, X8, X22, X35, X32 və Göyçay Rayon Notariat Kontoru) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması, mirasın bir hissəsinin qəbul edilməsi, mirası qəbul etmə müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh1, onun vəkili X9, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-772/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X33 ilə X45 21.03.1948-ci il tarixdə nikaha daxil omuşlar. Onların birgə nikahından 7 övladları doğulmuşdur: 01.07.1949-cü il təvəllüdlü X15, 15.10.1951-ci il təvəllüdlü X36, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1958-ci il təvəllüdlü X10, 13.07.1960-cı il təvəllüdlü X37, xx.xx.1962-ci il təvəllüdlü X23, xx.xx.1964-cü il təvəllüdlü X24. X38 15 aprel 2003-cü il tarixdə, X33 09 oktyabr 2015-ci il tari xdə vəfat etmişdir. Qanun üzrə birinci növbə vərəsələrdən X36 29 mart 2002-ci il tarixdə, X37 isə 09 may 2015-ci il tarixdə vəfat etmişdir. X16 ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: 13.09.1973-cü il tarixdə nikaha daxil olduğu arvadı X8, 06.09. 1974-cü il təvəllüdlü X22, 09.11.1975-ci il təvəllüdlü X35, 09.07.1980-ci il təvəllüdlü X32. X17 ölümündən sonra onun aşağıdakı vərəsələri qalmışdır: birinci nikahdan olan oğlu xx.xx.1988-ci il təvəllüdlü İddiaçı5, 01.08.2008-ci il tarixdə ikinci nikaha daxil olduğu arvadı Cavabdeh1, 04.03.1997-ci il təvəllüdlü Cavabdeh2, 19.05.1999-cu il təvəllüdlü Cavabdeh3, 15.08.2005-ci il təvəllüdlü X64. X2 ilə X18 vəfatından sonra onların ümumi birgə mülkiyyətlərində olan, Göyçay rayonu Cəyirli kəndində ayrı-ayrı şəhadətnamələrlə qeydə alınmış 0,13 ha, 0,55 ha və 0,27 ha, cəmi 0,95 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Göyçay Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.02.2000-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 uşaqları ilə birlikdə X19 məxsus Göyçay rayonu Cəyirli kəndində gəlin köçdüyü iki otaqlı evə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı1 XXX oğluna qarşı evə köçürmə və süni maneələrin aradan qaldırılması barədə iddiası təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 16.02.2000-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra iddiaçılar Cəyirli kəndində olan evdə yaşamamışlar. Onlar əvvəl xxxxxxxxxx yerləşən evdə yaşamışlar. Sonra həmin evi satıb xxxxxxxxxxx yerləşən Cavabdeh1 valideynlərinə məxsus olan evə köçmüş, hazırda da orada yaşayırlar. Mübahisəli ünvanda mərhum XXXun birinci nikahından olan övladı İddiaçı5 əşyaları yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər X14, X8, X22, X35, X32 və Göyçay Rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar X33 və X11 qalmış, Göyçay rayonu Cəyirli kəndində yerləşən cəmi 0,95 ha həyətyanı torpaq sahəsinin, yəni mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Göyçay rayonu Cəyirli kəndində yerləşən, mərhumlar X33 və X11 miras qalmış, onların ümumi birgə mülkiyyəti kimi torpağın mülkiyyətə verilməsinə dair JN-411 F saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0,13 ha, JN-411 G saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0,55 ha, JN-411 H saylı (kod ********) şəhadətnamə ilə qeydə alınmış 0,27 ha həyətyanı torpaq sahəsinin qanun üzrə vərəsələr olan iddiaçılar arasında bərabər bölünməsi və bölünmüş əmlaka qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 ölümündən sonra qalan mirası qanun üzrə vərəsələrdən yalnız iddiaçılar faktiki qəbul etmişlər və hazırda da miras əmlak onların istifadələrində və sahibliyindədir. Qanun üzrə birinci növbə vərəsələrdən X36 və X37 miras qoyanların ölümündən əvvəl ölmüşlər və onların vərəsələri mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Cavabdehlərlə iddiaçılar arasında mirasa görə ixtilaf olduğu üçün miras əmlakı qanun üzrə vərəsələr arasında notariat qaydada bölə bilməmişlər. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh, eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, mübahisəli ünvana gəlin köçmüş və orada miras qoyanlarla yaşayaraq birgə təsərrüfat aparmışdır. Uşaqları da orada anadan olmuşdur. İddiaçılar isə orada yaşamamışlar. X18 ölümündən sonra ondan qalan miras əmlakı iddiaçıların atası XXX və onun mərhum əri qəbul etmişdir. İddiaçılar isə həmin mirası qəbul etməmişlər. Mərhum ərindən qalan mirası o və uşaqları qəbul et mişdir. İddiaçılar atalarından qalan mirası da qəbul etməmişlər. Həmin mirası da o və uşaqları qəbul etmişdir. Bundan başqa iddiaçılar tərəfindən iddia müddəti də ötürülmüşdür. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi X25 izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs anasıdır. Anası daim mübahisəli ünvana gedib-gəlmiş, X18 vəfatından sonra onun bəzi əşyalarını xatirə saxlamaq üçün özü ilə götürmüş və istifadə etmişdir. X12 da ölümündən sonra daim mübahisəli ünvana gedib-gəlmiş, ondan miras qalmış bəzi əşyaları qəbul etmiş, dayısı XXXin vəfatından sonra da anası oraya gedib-gəlmişdir. İddiaçılar mirası qəbul etməmişlər, mirası onun anası və cavabdehlər qəbul etmişlər. Anası da mirasdan çatası payı tələb edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindiril ən X6 ifadəsində bildirmişdir ki, İddiaçı4 ərə getdikdən sonra həmişə valideynlərinin yanına gedib-gəlmiş, anası vəfat etdikdən sonra anasına o, baxmışdır. Şahid qismində dindirilən X26 ifadəsində bildirmişdir ki, X3 şəhərində vəfat etmişdir. O, sonuncunu Cəyirli kəndində görməmiş, XXX Göyçay şəhərində yaşamışdır. Valideynlərinin və qardaşının yas mərasimini İddiaçı1 keçirmişdir. X18 vəfatından sonra mərhumənin mülkiyyətində olan torpaq sahələrinə X33 qulluq etmiş və idarə etmişdir. X12 vəfatından sonra isə mərhumdan qalan mirası İddiaçı1 qulluq və idarə etmişdir. Şahid qismində dindirilən X39 ifadəsində bildirmişdir ki, o, Cəyirli kəndində XXX xanımın bağında meyvə yığmışdır. Üç ildir ki, orada meyvəni XXX xanım ona yığdırır. Şahid qismində dindirilən X27 ifadəsində bildirmişdir ki, XXX k ənddə bağ salmışdır. Anası vəfat etdikdən sonra bağa XXX baxmışdır. XXX kənddə yaşamışdır. Şahid qismində dindirilən X28 ifadəsində bildirmişdir ki, cavabdehlər Cəyirli kəndində yaşayırlar. XXX Cəyirli kəndinə gəlin köçmüşdür. XXX da həmin kənddə yaşayır, lakin evi atasının yaşadığı evdən aralıdır. Şahid qismində dindirilən X40 ifadəsində bildirmişdir ki, o, Göyçay rayonu Yeniarx kəndində yaşayır. Mərhum XXXin bağında fəhlə işləmişdir. Lakin hansı ildə işlədiyini dəqiq xatırlamır. O, həmin bağda ağac əkmiş və gübrə vermişdir. XXXin atası vəfat etdikdən sonra Cavabdeh1 tapşırığı ilə orada işləyərək ağac əkmiş və sonuncu ona pul vermişdir. XXXin oğlu XXXXXXı XXXlə Cəyirli kəndindəki evdə yaşamışdır. Şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o, Göyçay rayonu Cəyirli kəndində ya şayır. X69 kəndində bağ salmışdır. XXX vəfat etdikdən sonra bağ sahəsini onun həyat yoldaşı Cavabdeh1 idarə etmişdir. XXXin oğlu XXX babası XXXlə Cəyirli kəndindəki evdə 2016-cı ilə kimi yaşamışdır. İddiaçı1 öz bağ sahəsi vardır. Bağ sahələrində ağaclar 2000-ci ilədək əkilmiş, 2000-ci ildən sonra isə ağac əkilməmişdir. XXX kəndə gəlib-getmişdir. Şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, 2008-ci ildə Cavabdeh1 Göyçay şəhərində yaşamışdır. Lakin Cəyirli kəndindəki bağ sahəsinə Cavabdeh1 gedibgəlirdi. Həmin bağda fəhlələr işlədiyini görmüşdür. XXX adlı fəhlə orada işləmiş, XXX a işləmişdir. Şahid qismində dindirilən X21 ifadəsində bildirmişdir ki, mərhum X69 kəndində bağ sahəsi salmışdır. Cavabdeh1 fasilələrlə Göyçay rayonu Cəyirli kəndində yaşamışdır. Bağ sahəsinə xurma ağacl arı çox əvvəllər əkilmiş, 2018-ci ildə də ağaclar əkilmişdir. Bağ sahəsini Cavabdeh1 idarə etmişdir. İddiaçı1 da bağ sahəsi vardır, həmin bağdan aralıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X29 ifadəsində bildirmişdir ki, bağı XXX deyil, onun atası XXXXXX salmışdır. XXX kişi vəfat etdikdən sonra İddiaçı1 bağı idarə və qulluq etmişdir. Bununla bağlı sonuncu atasının bağ sahəsində onu işə cəlb etmiş və ona pul da vermişdir. Həmin vaxt orada ondan başqa beş fəhlə çalışmışdır. 23.10.2018-ci il tarixdə Cəyirli kəndində tərtib edilmiş aktdakı imza ona məxsus deyil, ümumiyyətlə həmin akt tərtib olunarkən orada olmamışdır. Şahid qismində dindirilən X46 ifadəsində bildirmişdir ki, bir ildir ki, Cəyirli kəndi üzrə icra nümayəndəsi kimi çalışır. Mübahisəli bağda ağa clar əkilmişdir. Onların nə zaman əkildiyini dəqiq bilmir. Şahid qismində dindirilən X53 ifadəsində bildirmişdir ki, o, 1999-cu ildən Cəyirli kəndinin bələdiyyə sədridir. XXX, onun ailəsi və atası X62 kəndində yaşamışlar. Bağı mərhum XXX salmışdır. XXXun və XXXXXXun vəfatından sonra həmin bağı XXXun həyat yoldaşı Cavabdeh1 qulluq və idarə etmiş, əmlak və torpaq vergilərini ödəmişdir. Şahid qismində dindirilən X47 ifadəsində bildirmişdir ki, mübahisəli torpaq sahələrinə baxış keçirmişlər. Baxışda icra nümayəndəsi, müavini və bələdiyyə sədri də iştirak etmişdir. Orada əkilmiş ağaclar inkişaf səviyyəsinə görə ikiillik ağaclardır, 2017-ci ilə uyğun gəlir. Torpaq sahələrinə və orada olan ağaclara qulluq olunduğu görünür. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Göyçay Rayon İcra Hakimiyyəti Başç ısının (bundan sonra – İHB) Cəyirli kənd İnzibati ərazi nümayəndəliyinin (bundan sonra - İƏN) 10.10.2017-ci il tarixli arayışında X33 vəfat etdikdən sonra onun həyətyanı sahəsinə oğlu İddiaçı1 XXX oğlunun baxdığı qeyd olunmuşdur. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi Göyçay rayon İHB-nın Cəyirli kənd İƏNin 23.10.2018-ci il tarixli arayışında qeyd olunmuşdur ki, X2nun 0,55 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində mərhum X37, həyat yoldaşı Cavabdeh1, övladları İddiaçı5, Cavabdeh2, Cavabdeh3 və X64 yaşamışdır. Mülkiyyət sahibi X33 və X37 rəhmətə getdiyi ildən sonra evin yerləşdiyi 0.55 ha həyətyanı torpaq sahəsini, ayrı-ayrılıqda yerləşən 0,13 ha və 0,27 ha sahələrinin idarə edilməsi, həmin sahələrə qulluq xərclərinin çəkilməsi Cavabdeh1 həyata keçirmişdir. Ümumi sahəsi 0,95 ha ol an torpaq sahələrində 700-dən çox irili-xırdalı meyvə ağacları vardır. Həmin bağlara 2016-cı ildən 200-dən çox meyvə ağacını Cavabdeh1 əkdirmişdir. X33 və X17 ölümündən sonra Cavabdeh1 istifadəsində olmuşdur. Arayışa onun məzmununu təsdiq edən, Cəyirli kənd inzibati ərazi nümayəndəsi xxxxxv və onun müavini xxxxxv, kənd sakinləri xxxxxxxxxx tərəfindən imzalanmış 23.10.2018-ci il tarixli akt əlavə edilmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(046)179/2019 nömrəli iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim – Z.Quliyev) iddia tələbi qismən təmin edilərək, X18 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsindən, 0,55 ha torpaq sahəsinin ½ hissəsindən, 0,27 ha torpaq sahəsinin ½ hissəsi ndən ibarət miras əmlakların X33 tərəfindən qəbul edilmə faktının müəyyən olunması, X12 vəfatından sonra ondan qalan Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsindən, 0,55 ha torpaq sahəsindən, 0,27 ha torpaq sahəsindən ibarət miras əmlakların iddiaçılar İddiaçı1 və İddiaçı5 tərəfindən qəbul edilmə faktının müəyyən olunması və həmin əmlaklara iddiaçılar İddiaçı1 və İddiaçı5 vərəsəlik hüquqlarının tanınması qət edilmiş, digər iddiaçıların tələbləri və qalan hissədə iddia təmin olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi miras qoyanlara məxsus olmuş 0,27 ha torpaq sahəsində yerləşir, lakin bu yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. X18 15.04.2003-ci il tarixdə vəfatından sonra ondan qalan miras əmlaklar olan Göyçay r ayonu Cəyirli kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ½ hissəsini, 0,55 ha torpaq sahəsinin ½ hissəsini, 0,27 ha torpaq sahəsinin ½ hissəsini əri X33 faktiki olaraq həmin əmlaklara sahiblik etməklə və əmlakı idarə etməklə qəbul etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras əmlakları qəbul etmiş X12 09.10.2015-ci il tarixdə Göyçay rayonunda vəfatından sonra ondan qalan miras əmlaklar - Göyçay rayonu Cəyirli kəndində yerləşən 0,13 ha, 0,55 ha, 0,27 ha torpaq sahələrini oğlu İddiaçı1 və nəvəsi İddiaçı5 faktiki olaraq həmin əmlaklara sahiblik etməklə və əmlakı idarə etməklə qəbul etmişlər. Bu fakt hazırda qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin 13.09.2018-ci il tarixli qətnaməsi, Göyçay rayonu İHB-nın Cəyirli kənd inzibati ərazi nümayəndəsinin 10.10.2017-ci il ta rixli arayışı, şahidlər X26, X40, X5, X7 ifadələri ilə təsdiq olunur. Bu sübutlar arasında ziddiyyətlər mövcud deyildir, qarşı tərəf də bu sübutları inkar edəcək dəlillər irəli sürə bilməmişlər. Məhkəmə qeyd etmişdir ki, digər qanun üzrə birinci növbə vərəsələr miras qoyan şəxsin vəfat etməsindən xəbərdar olsalar da, mirası onun qəbul edilməsi müddətində nə faktiki qəbul etməmişlər, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmişlər. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 bununla bağlı sübutları məhkəməyə təqdim etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 daim mübahisəli ünvana gedibgəlməsini, anası X18 vəfatından sonra onun bəzi əşyalarını xatirə saxlamaq üçün özü ilə götürdüyünü, istifadə etdiyini qeyd etsə də, bu faktları təsdiq edən sübutları məhkəməyə t əqdim etməmiş, anasının vəfatından sonra hansı əşyaları götürməsini açıqlamamışdır. Cavabdeh1 mərhum əri XXX X1 qalan miras əmlakları X33 ilə birgə qəbul etdiyini bildirsə də, XXXun anasından qalan mirası qəbul etməsi məhkəmə baxışında mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Cavabdeh bununla bağlı şahid ifadələrinə istinad etsə də, həmin ifadələrin özlüyündə və bir-biri ilə ziddiyyətli olması, işdə olan digər sübutlarla təsdiq olunmaması səbəbindən məhkəmə tərəfindən qəbul olunmur. Miras açılan zaman yetkinlik yaşına çatmış İddiaçı5 və Cavabdeh2 özləri, Cavabdeh3 və X64 həmin vaxt yetkinlik yaşına çatmadıqlarından öz qanuni nümayəndəsi olan Cavabdeh1 vasitəsilə mirasın qəbul olunmasına yönələn hərəkətlər etməlidir. Bu hərəkətlər də qanunda göstərilən müvafiq müddət ərzində həyata keçi rilməmişsə, həmin hüquq itirilir. Məhkəmə baxışında Cavabdeh1 vasitəsilə mirasın qəbul olunmasına yönələn hərəkətlərin mirasın qəbulu müddətində həyata keçirilməsi müəyyən olunmamışdır. Məhkəmə, həmçinin iddia müddətinin ötürülməsi barədə cavabdeh tərəfin dəlillərini əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, mirası qəbul etmiş iddiaçılar İddiaçı1 və İddiaçı5 mülkiyyətçi kimi hüquqlarının pozuntularının aradan qaldırımasını tələb etdiyindən onların bu iddialarına iddia müddət şamil olunmamalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1244, 1245, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 82.3, 233.3, 375.1, 375.2, 377.1, 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-772/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla mövqeyini onunla əsaslandırmışdır ki, mirasqoyan X12 ölümündən sonra cavabdehlərin mübahisəli ünvanda yaşamadıqları Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.09.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişd ir. Həmin qətnamədə müəyyən edilən faktlar hazırkı mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi barədə cavabdeh tərəfin dəlillərini də əsassız hesab etməkdə haqlı olmuşdur. Belə ki, mirası qəbul etmiş iddiaçılar mülkiyyətçi kimi hüquqlarının pozuntularının aradan qaldırılmasını tələb etdiyindən onların bu iddialarına iddia müddəti şamil olunmamalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə tam, hərtərəfli, obyektiv baxmamış, sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarını pozmuşdur. Şikayətdə qeyd olunmuşdur ki, iddia tamamilə əsassızdır. Mirasqoyan iki şəxs olmuşdur – X38 və X33. Məhkəmə iddia tələbinə baxarkən miras əmlakın hansı illərdə kimlərin mülkiyyətində olmasını, iddiaçıların həmin miras əmlaklara tələblərinin əsaslılığını araşdırmamışdır. Cavabdeh 1996-cı ildə əri X17 yaşadığı ata evinə gəlin köçmüş, 2000-ci ildə məhkəmə qətnaməsinə əsasən həmin evə qeydiyyata alınmış, qayınanası XXX vəfat etdikdən sonra hal-hazıradək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Qətnamədə şahid ifadələri təhrif olunaraq qeyd edilmişdir. Məhkəmədən şahidlərin yenidən dindirilməsini xahiş etsə də, məhkəmə onun xahişini nəzərə almamışdır. Bağa o qulluq etmiş və orada 700-dən çox ağac var. Hal-hazırda bağ onun istifadəsindədir. Bağın bütün məhsullarını miras açılanadək və miras açıldıqdan sonra bu günədək o yığaraq satmış və övladlarını satışdan əldə edilmiş gəlir hesabına saxlamışdır. Kassator göstərmişdir ki, məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 13.09.2018-ci il tarixli qətnaməsinə istinad edərək onun miras əmlakda yaşamadığını qeyd etmişdir. Göyçay Rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli qətnaməsində sübut kimi qəbul edilən şahidlər X30 və X13 ifadələrində qeyd olunmuşdur ki, o, mübahisəli evin bağında çalışır. Onun həmin bağda çalışmağı və şahid ifadələrinin sübut kimi qəbul edilməsi onun miras əmlakın bir qismini qə bul etdiyini təsdiq edir. Onun əri mərhum XXXun anasının ölümündən sonra miras əmlakı qəbul etməsi mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi sənədlər təsdiq edir ki, sonuncunun ölümündən sonra onun faktiki varisi o, övladları və ərinin birinci nikahdan olan oğlu İddiaçı5 olmuşdur. Şikayətdə daha sonra qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunmuş məhkəmə qətnaməsinə istinad etməsi düzgün olmamışdır. Belə ki, həmin qətnamənin predmeti olan evin mülkiyyət hüququ tanınmamışdır. Belə olan halda, həmin ev vərəsəlik hüququnun obyekti ola bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hər hansı şəxsin yaşayış sahəsində və ya təsərrüfatda qeydiyyatda olması onun orada yaşaması, mirası faktiki qəbul etməsi anlamına gəlmir. Lakin məhkəmənin bu yanaşması mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsi imperativ olaraq mirasın qəbulu üçün əsaslardan biri kimi faktiki qəbulu müəyyən edir. Onun miras qoyanın əmlakında qeydiyyatda olmaqla yaşaması, müvafiq vergi və haqqları ödəməsi mirasın faktiki qəbuluna işarə edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əri XXXun birinci nikahından olan oğlu İddiaçı5 varis kimi tanınması, digər övladlarının isə varis kimi qəbul olunmaması Mülki Məcəllənin 1159.1.1-ci maddəsinin tələblərinə ziddir. Sonuncu daim onlarla yaşamış və təsərrüfatı idarə etmişdir. Kassator həmçinin göstərmişdir ki, iddiaçı vərəsəlik hüququ ilə bağlı iddia tələbi irəli sürmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Belə ki, iddiaçılar anal arı və ataları vəfat etdiyi vaxt ayrı ünvanlarda yaşamışlar və qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmişlər. Kassasiya şikayətinin əsası kimi həmçinin Mülki Məcəllənin 1151.1, 1160, 1246, 1247, 1248.1, 1255, 1269-cu maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Digər cavabdehlər məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən, MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatland ırılmalarına baxmayaraq iş üzrə iddiaçılar və üçüncü şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instans iyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsi yyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayars a, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (maddə 1248.1). Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (maddə 1248.2). MPM Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlə rin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır(maddə 80). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1) Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə ç ıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (maddə 220.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarı Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətlə ndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi- nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ib arətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutd uğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsi r göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi d ə məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Lakin hazırkı iş üzrə məhkəmələr işdə olan və məzmununda ifadə edilmiş məlumatlar arasında tam ziddiyyət olan rəsmi sənədlər və şahid ifadələrindən bir hissəsini mötəbər hesab edərək onların əsasında işin hallarını müəyyən etmiş, digər hissəsini isə inandırıcı və ağlabatan qaydada əsaslandırmadan qəbul etməmişdir. Məsələn, məhkəmələr iddiaçının şahidlərinin mərhum X52 kəndində bağ saldığını bildirsələr də, bunun tarixini ifadələrində göstərə bilmədikləri üçün həmin ifadələri mötəbər hesab etməmişdir. Yaxud məhkəmələr Göyçay rayonu İHB-nın Cəyirli kənd İƏN-nin 23.10.2018-ci il tarixli arayışının heç bir sənəd təqdim etmədən, evin yerləşdiyi əraziyə baxış keçirmədən tərtib edildiyinə əsaslanaraq həmin sənədi sübut kimi qəbul etməmiş, həmin orqanın eyni qaydada tərtib etdiyi və tamamilə əks məlumatları əks etdirən 10.10.2017-ci il tarixli arayışını işin hallarını müəyyən edən mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki sübutların bu cür birtərəfli qiymətlə ndirilməsi yuxarıda istinad olunan mülki prosessual qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında həmin tələblərlə bağlı ifadə edilmiş hüquqi mövqelərinə uyğun hesab edilə bilməz. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabehlərin miras əmlaka daxil olan torpaq sahələrindən birində yerləşən və miras qoyanların yaşadığı evdə 2000-ci ildən sonra yaşamadıqlarına istinad edərək MPM-in 82.3-cü maddəsinə əsasən onların mirası faktiki qəbul etmədikləri barədə nəticəyə gəlmişdir. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə miras qoyanlardan üç ayrı torpaq sahəsi miras qalmış və miras qoyanlar ancaq həmin sahələrdən birində yerləşən evdə yaş amışlar. Həmçinin miras qoyanların ölümündən sonra digər torpaq sahələrinin əkilib-becərildiyi də işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Normadan görünür ki, qanunverici mirasın qismən qəbuluna yol vermir. Vərəsənin miras əmlakın bir hissəsini faktiki qəbul etməsi onun bütün mirası qəbul etməsinə bərabər tutulur və bununla bağlı eyni hüquqi nəticələrə səbəb olur. Bu baxımdan hazırkı iş üzrə cavabdehlərin 2000-ci ildən sonra miras qoyanlardan miras qalmış torpaq sahələrindən birində yerləşən evdə yaşamadıqları barədə preyudisial hal cavadehlərin miras əmlak olan digər torpaq sah ələrini faktiki qəbul edib-etmədikləri ilə bağlı Mülki Məcəllənin 1243-cü maddəsi baxımından hüquqi dəyərləndirmə aparılmasına mane olmur. Apellyasiya instansiyası tərəfindən baxılan iş üzrə yol verilmiş digər maddi hüquq pozuntusu isə mübahisəyə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tətbiqi ilə bağlı olmuşdur. Belə ki, məhkəmə iddia müddətinin ötürülməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mirası qəbul etmiş iddiaçılar İddiaçı1 və İddiaçı5 mülkiyyətçi kimi hüquqlarının pozuntularının aradan qaldırımasını tələb etdiyindən onların bu iddialarına iddia müddət şamil olunmamalıdır. Halbuki mülki qanunvericilik mirasın qəbul edilməsi ilə bağlı xüsusi müddətlər müəyyənləşdirmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə müvafiq olataq vərəsə vərəsəliyə çağırıldığını bi ldiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddədə nəzərdə tutulan müddətlər iddia müddətləri deyil, kəsici müddətlərdir və tərəflərin bununla bağlı ərizə verib-verməməsindən asılı olmayaraq miras əmlakın bu müddət ərzində qəbul edib-edilmədiyi, habelə miras üzrlü səbəbdən gec qəbul edildiyi halda bu müddətin uzadılmasına əsasların olub-olmadığı barədə hallara məhkəmə tərəfindən qiymət verilməlidir. Miras əmlak müəyyən edilmiş müddət ərzində qəbul edilmişdirsə mübahisəyə hər hansı müddətin tətbiqi üçün əsas yoxdur, əgər həmin müddət ərzində qəbul edilməmişdirsə və bu müddətin uzadılması üçün əsaslar yoxdursa onda iddia tələbi Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş kəsici m üdətlərin mübahisəyə tətbiqi əsası ilə rədd olunmalıdır. Göründüyü kimi mirasın qəbul edilməsi və miras əmlaka payların müəyyən edilməsi barədə tələblər üzrə iddia müddətlərinin tətbiqi, habelə iddia müddətinin şamil edilmədiyi halların mövcudluğu üzrə hüquqi dəyərləndirmə aparılması istisna edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-772/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar