Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2027/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması və reyestrdən çıxarış verilməsi tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)113/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2023-cü i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə torpaq mülkiyyətçisi qismində Cavabdeh (bundan sonra – cavabdeh) və ailə üzvləri (arvadı və uşaqları) X7, X2 (bundan sonra – iddiaçı), X6, X3 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,39 ha torpaq sahəsi (bundan sonra – mübahisə predmeti olan torpaq sahəsi) ayrılmış və bu barədə torpağa mülkiyyət hüququna dair JN1549 Kod 30319018 saylı dövlət aktı verilmişdir.
2. İddiaçı X5 adını “Əsma”ya dəyişdirmiş və bu barədə Soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 07 may 2015-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan 1.39 ha ümumi mülkiyyətdə olan bağ torpaq sahəsinin payına düşən 0.2316 ha hissəsinin yol saxlanılmaqla ümumi torpaq sahəsinin cənub və qərb kənarındakı başlanğıc nöqtəsindən şimaldan cənuba doğru 80 metr, cənubdan qərbə doğru 29 metr, qərbdən şimala doğru 80 metr, şimali qərbdən-şərqə doğru 29 metr olmaqla, naturada ayrılması, ayrılmış torpaq sahəsinə özünün hesabına çıxarış verilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, ona aid torpaq payından bu vaxta qədər istifadə etməsinə imkan verməmiş və ümumi torpaq sahəsinin özünün olduğunu bildirmişdir. Ona düşən torpaq payının naturada ayrılmasına cavabdehdən başqa digər payçılar etiraz etmirlər. Bundan əlavə, ümumi mülkiyyətdə olan torpaq sahəsinə giriş 5-6 metr enində yoldan ibarətdir və ümumi giriş qapısının açarı cavabdehdədir. Hazırda həmin torpaq sahəsi ümumi mülkiyyətdə olsa da, cavabdehlə münasibəti olmadığından torpaq sahəsinə istədiyi kimi sahiblik və istifadə edə bilmir. Həmçinin, torpaq sahəsinə dair təkbaşına sərəncam vermək hüququ da yoxdur. Pay torpağına təkbaşına sərəncam vermə hüququ olmadığı və torpaqdan istifadə edə bilmədiyi üçün ümumi paylı mülkiyyətdən payın naturada ayrılması üçün məhkəməyə müraciət etməyə məcbur olmu şdur. Ümumi torpaq sahəsinin bir kənarından 0.23 ha torpaq payının ayrılması cavabdehin, digər payçıların və qonşuların hüquqlarını pozmur və qanuni mənafelərinə zidd deyildir
5. Cavabdeh məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsində iddianı qəbul etsə də, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, həmin ərazidə 1.39 ha torpaq sahəsi mövcud deyil. İddiaçının iddia etdiyi yerdə və ölçülərdə olan torpaq sahəsi onun mülkiyyətində deyil. Həmin torpaq sahəsini iddiaçının istədiyi qaydada bölmək qeyri-mümkündür.
6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühəndislik, torpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 10/1185 say lı rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən mübahisə predmeti olan torpaq sahəsinin payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də, qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir).
7. Quba Rayon Məhkəmə sinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(027)-73/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin rəyini əsas götürərək gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 220.1-220.3, 223.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd e dərkən qoyulmuş suallar üzrə heç bir tədqiqat aparılmamış ekspert rəyinə istinad etmişdir. Ekspertiza keçirilərkən onun təqdim etdiyi suallar qərardadda qoyulmamış, ekspertizanın keçirilməsində iştirakı təmin edilməmişdir. Bundan başqa, cavabdeh iddia tələbini etiraf etmiş, lakin həmin etiraf barəsində qərardad qəbul edilməmişdir.
11. Apellyasiya baxışında əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının həvalə edildiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert vəsatəti (mübahisəli əraziyə baxış keçirilməsi və zəruri sənədlərin təqdim edilməsi barədə) təmin edilmədiyinə görə 05 noyabr 2022-ci il tarixli məktubla ekspertizanın aparılmasından imtina edilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-113/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Cabbarova (sədrlik edən və məruzəçi), S.Qafari və A.Süleymanova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuş, ekspertiza tədqiqatının dəyəri kimi 50 manat iddiaçıya aid edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Çünki tələbin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətçi öz payının naturada ayrılmasını tələb edə bilər. İndiki halda isə tərəflərin mübahisə predmeti olan torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququ üzrə hər birinin pay hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Hansı ki, mülki qanunvericiliyin tələbinə əsasən birgə mülkiyyətdə olan əmlakın naturada ayrılmasını tələb etmək hüququ məhz birgə mülkiyyətçilərinin hər birinin payı müəyyən edildikdən sonra yaranır. Başqa sözlə, məhkəmə tərəfindən ilk öncə birgə mülkiyyətçilərin hər birinin payı müəyyən edilməli, pay hüququna uyğun naturada bölgünün aparılıb-aparılmamasının mümkünlüyü yoxlanılmalıdır.
14. Odur ki, iddiaçının hazırda birgə mülkiyyətçi qismində müəyyən edilməyən pay hissəsinin naturada ayrılmasını tələb etmək hüququ yoxdur. Birinci instansiya məhkəməsi isə göstərilən hallara əhəmiyyət verməmiş, iddiaçının tələb hüququnun olubolmaması halını aydınlaşdırmamış, iş üzrə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, işin nəticəsinə təsir edən bütün halları aydınlaşdırmamışdır. Halbuki, qeyd olunan məsələlər mübahisəli hüquq münasibətinin həlli üçün ilk addımda aydınlaşdırılmalı idi.
15. Həmçinin, hazırkı mülki iş üzrə cavabdehin iddia tələbini etiraf etməsinə dair hal müəyyən edilməmişdir (birinci instansiya məhkəməsində iddia tələbinə etiraz etməməsinə dair yazılı ərizə təqdim etsə də, sonradan iddia tələbini qəbul etməmişdir). Hətta, cavabdeh iddia tələbini etiraf etmiş olsa idi belə, qeyd edilən etiraf qanunun tələbinə (Mülki Məcəllənin 213-cü maddəsinə) zidd olduğundan, onun nəzərə alınması mümkün olmazdı.
16. Bundan əlavə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarına da əməl etməmişdir. Belə ki, i ş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edilmiş, məhkəmə tərəfindən qeyd edilən ərizə qəbul edilərək, işə əlavə edilmiş olsa da, qətnamədə qeyd edilən tələbə qiymət verilməmiş, bununla da, prosessual hüquq normalarının tələbləri pozulmaqla, düzgün olmayan qətnamə çıxarılmasına səbəb olmuşdur.
17. Məhkəmə kollegiyası həmin tələbə münasibətdə qeyd etmişdir ki, qeyd edilən tələb (ayrılmış pay torpağına iddiaçının hesabına çıxarış verilməsi) əsas tələbdən törəmə tələb olduğundan və əsas tələb təmin edilmədiyindən, bu tələb də təmin edilə bilməz. Həmçinin, qeyd edilən hissədə iddia tələbi qeyri-müəyyən şəkildə ifadə edildiyindən məhkəmə icraat qaydası baxımından da aydınlaşdırılması mümkün olmamışdır.
18. Kollegiya öz möv qeyini, Mülki Məcəllənin 139.1, 139.3, 213.1, 213.2, 213.4, 213.5, 220.1-220.6, 222.1, 222.2, 223.1-223.4, 238.1-ci, Torpaq Məcəlləsinin 14.1, 52.2, 67, 68-ci və MPM-in 14.2, 52, 53, 77.1, 88, 191.4, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ümumi mülkiyyətin bölünməsini deyil, öz payının məhkəmə qaydasında naturada ayrılmasını tələb etmişdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdə o na aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətdə olan pay hüququna sərəncam vermək hüququnun formalarından biridir. İddiaçı təkbaşına sərəncam vermə hüququnu məhz ümumi mülkiyyətdən torpaq payının naturada ayrılmasından sonra həyata keçirə bilər ki, bununla bağlı apellyasiya məhkəməsi Mülki Məcəllənin 220.3-cü maddəsini düzgün tətbiq etməmişdir.
21. Budan başqa, apellyasiya baxışında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsinə baxmayaraq, ekspertizanın dəyəri kimi 50 manatın iddiaçıdan tutulması MPM-in 117.1-ci maddəsinin tələblərinə ziddir. Digər tərəfdən, ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilməsinin səbəbi kimi məhkəmə tərəfindən əlavə materialların təqdim edilməməsi v ə tədqiqat obyektinə baxış keçirilməməsi (tərəflər arasında münaqişə səbəbindən) göstərilmişdir. Ekspertin bu məlumatı məhkəmə iclasında müzakirə edilməmiş, qiymətləndirilməmiş və iddiaçının ekspertiza ilə bağlı iki vəsatəti təmin edilməmişdir. b)
22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 213.1-213.3. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranm asının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
24. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
25. Maddə 220.1-220.2. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
26. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
27. Maddə
52. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmə lidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 41 6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
34. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, payın naturada ayrılması barədə hazırkı iddia tələbinin predmeti olan torpaq sahəsi iş üzrə tərəflərin ümumi paylı deyil, ümumi birgə mülkiyyətinə verilmişdir.
40. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı y aranır.
41. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Bu hüquqi mövqe eyni hüquqi statusda olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında da əks olunmuşdur.
42. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında mübahisəli torpaq sahəsi üzərində payların müəyyən edilməsi barədə birgə mülkiyyət iştirakçıları arasında hər hansı razılaşma və yaxud buna dair məhkəmən qə rarı da mövcud deyil.
43. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin qeyd olunanlardan əsaslardan çıxış edərək, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması barədə gəldiyi qənaət qanuni və əsaslıdır.
44. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-113/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.