Məhkəmə qərarları › İş №2(102)-2038/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2038/2025

10.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2038/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlaka hüquqların qeydə alınması üçün ölçü işlərinin aparılmasına maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(107)- 314/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə İsmayılov Əkrəm Məcid oğluna, X3 və İddiaçı 0,38 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. X4 25 dekabr 2001-ci il tarixdə, İsmayılov Əkrəm Məcid oğlu isə 20 sentyabr 2017-ci il tarixdə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin 21dekabr 2001-ci il tarixdə ölmüş X1 miras q almış 1/3 hissəsinə və 02 oktyabr 2017-ci il tarixdə ölmüş İsmayılov Əkrəm Məcid oğlundan miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə törədilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli 0,38 ha torpaq sahəsinin 27 dekabr 2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və 02 oktyabr 2017-ci il tarixə ölmüş İsmayılov Əkrəm Məcid oğlundan miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar İdarəsinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamədən irəli gələn hüququnun üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış (plan-ölçü) sənədinin verilməsini xahiş etmişdir. Həmin idarənin əməkdaşları həmin torpaq sahəsinə gələrək ölçü və digər işləri aparan zaman cavabdeh tərəfindən əməkdaşlara maneçilik törədilmiş, mühəndisə mane olduğuna görə inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 30 iyul 2024-cü il tarixli məktubdan görünür ki, sözügedən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahi sə olduğu aşkar edilmiş və torpaq sahəsinin ölçülməsi üçün mühəndisə şərait yaradılacağı təqdirdə ərizənin qanuna müvafiq qaydada icra olunacağı bildirilmişdir.

5. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, yaşadığı evə gələn şəxslərin məhkəmə qərarı olmadan işləri aparmaq istədiyindən razılıq verməmişdir. Məhkəmə qərarı əsasında valideynlərindən miras qalmış torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına etirazı olmamışdır.

6. Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(046)-1843/2024 nömrəli qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın təmin edilməsi, Cavabdeh Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəs inin 21 dekabr 2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və 02 oktyabr 2017-ci il tarixdə ölmüş İsmayılov Əkrəm Məcid oğlundan miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının qadağan edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının vərəsəlik hüququndan irəli gələn hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılan maneələr, iddiaçının əmlakı üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 12, 13, 29cu, Mülki Məcəllənin 5.3-cü, “İnsаn hüquqlаrının və əsаs аzаdlı qlаrının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 15.2, 77.1, 78.1, 119.1, 217.4-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnаməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisindən mərhum Əkrəm İsmayılova, mərhum Siyarə İsmayılovaya və iddiaçıya 0,38 ha həyətyanı torpaq sahəsi ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair şəha dətnamə verilmişdir. Torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, artıq 0,38 ha həyətyanı torpaq sahəsi üzərində Əkrəm İsmayılovun, Siyarə İsmayılovanın və iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, eləcə də mülkiyyətə verilən torpaq sahəsinin planı və ölçüsü sənədi də tərtib edilmişdir. İddiaçı hüquqi marağı Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin 21 dekabr 2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və 02 oktyabr 2017-ci il tarixdə ölmüş İsmayılov Əkrəm Məcid oğlundan miras qalmış 1/3 hissəsinə adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına aldırmaqdan ibarətdir. İddiaçı ona qarşı deyil, miras əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edən inzibati orqana qarşı müvafiq iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməli idi. Qаnunvеricilikdə еyni ərаzidə hər dəfə hаnsısа sənəd vеrilməsi zərurəti yаrаnаrkən dönədönə ölçmə işlərinin аpаrılmаsı kimi tələb mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrini аpаrаn qurum iddiаçıyа hеç bir əlаvə çətinlik yаrаtmаdаn tələb еtdiyi sənədləri təqdim еtməli idi. Mülki işə bахаn birinci instansiya məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi iddia ərizəsini icraat götürmüş, mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(107)-314/2025 nömrəli qətnaməsi ilə (hakim E.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və E.İsayev) apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(046)-1843/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən s axlanılmışdır.

12. Apellyasiya kollegiyası apellyasiya şikayətinin iddiaçının ona qarşı deyil, miras əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edən inzibati orqana qarşı müvafiq iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməli olması, qаnunvеricilikdə еyni ərаzidə hər dəfə hаnsısа sənəd vеrilməsi zərurəti yаrаnаrkən dönə-dönə ölçmə işlərinin аpаrılmаsı kimi tələbin mövcud olmaması, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsinin iddia ərizəsini icraata götürməsi, mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, inzibati orqan olan Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları İddiaçı müraciəti üzrə daşınmaz əmlakla bağlı sənədləşdirmə işlərinin aparılması məqsədi ilə torpaq sahəsində ölçü işlərini aparmaq istəmiş, lakin cavabdehin maneçiliyi səbəbli bu baş tutmamışdır. İnzibati orqanın ölçü işlərinin aparılmasından imtinası hər hansı bir digər səbəblə deyil, məhz cavabdehin mübahisələndirməsi ilə bağlı olmuşdur ki, bu halda iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət etməsinə zərurət müəyyən edilməmiş, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında məhz Göyçay Rayon Məhkəməsində baxılması qanunvericiliyin tələbinə uyğun olmuşdur.

13. Məhkəmə kollegiyası apellyasiya şik ayətinin torpağa mülkiyyət hüququna dair şəhadətnamədən artıq 0,38 ha həyətyanı torpaq sahəsi üzərində Əkrəm İsmayılovun, Siyarə İsmayılovanın və iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasının görünməsi, eləcə də mülkiyyətə verilən torpaq sahəsinin planı və ölçüsü sənədinin də tərtib edilməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-044F Kodu 40812018 olan şəhadətnaməyə əsasən mübahisəli torpaq sahəsinin İddiaçı, X2 və İsmayılov Əkrəm Məcid oğlunun ümumi birgə mülkiyyətlərində olması işin mübahisəsiz halı olsa da, həmin torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları tərəfindən sonradan ölçü işlərinin aparılması və bunun nəticəsi üzrə torpaq sahəsinin planı və ölçüsü sənədinin də tərtib edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 153.4, 157.1, 157.2, 157.4, 213.1, 1151.1, 1255-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.8-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(107)-314/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətində istinad olunan dəlillərə uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 139.1.1.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 261.0.1, 384.0.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməs i tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlə tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya ş ikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.

25. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iş materiallarına əsasən daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində ölçü işlərinin aparılması məhz cavabdeh tərəfindən maneələr yaradılması səbəbindən mümkün olmamışdır. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində faktiki olaraq belə maneələrin yaratmamasını bildirməmişdir. Digər tərəfdən, o ölçü işlərinin aparılmasına razıdırsa və mane yaratmaq fikrində deyilsə, qətnamələrdən şikayət verməsinin məntiqi də yoxdur. Belə ki, qətnamə ilə cavabdehin üzərinə hər hansı aktiv hərəkətlərin edilməsi öhdəliyi qoyulmamış, yalnız torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə yaradılması qadağan edilmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025 -ci il tarixli, 2(107)-314/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar