Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2049/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iş üzrə müəyyən edilmiş halların ətraflı araşdırılmaması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1226/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfind ən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 09 aprel 2018-ci il tarixli 316/K saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. 2. xx.xx.2022-ci il tarixli 360/K saylı əmrlə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 360/k saylı əmrinin ləğv edilərək, onun işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə ona əmək haqqının ödə nilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-də satış məsləhətçisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin 360/k saylı əmrinə əsasən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. həmin əmr əsassızdır və ləğv edilməlidir. O, 4 ildən artıqdır ki, sözügedən yerdə satış məsləhətçisi vəzifəsində işləmişdir və öz əmək funksiyalarını lazımi şəkildə yerinə yetirmişdir. Son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gərginliyə görə sonuncular onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmişlər. Əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyy ən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən hər bir halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən 70-ci maddənin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə ciddi əməl etməlidir. Hansı ki, cavabdehin Məcəllənin bu normalarına əməl etmədiyi aydın olur. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndnin ikinci hissəsində göstərilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasını işçinin əmək vəzifələrini kobud şəkildə pozması təşkil edir. Əmək Məcəlləsinin 71ci m addəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Mübahisələndirilən əmrdə onun vəzifə borcunu yerinə yetirmədiyinə dair hər hansı ciddi sübut göstərilmir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı əvvəl Opti mal Elektronikada işləmişdir. Orada mübahisələr saldığı üçün Optimal Mebelə keçirilmişdir. Həmişə aqressiv münasibət göstərmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi işə gəlməmişdir. Bu da kobud pozuntu halıdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: S.Cəfərov) 31 avqust 2022-ci il tarixli, 2(006)-2907/2022 saylı, qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və iş materiallarında olan sənədlərə əsasən mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabde h tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz.
8. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gərginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Kazımov) 2(103)-1226/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti t əmin olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunaraq Cavabdeh MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 360/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı göstərmişdir ki, iddiaçının istinad etdiyi hallar sübut olunur. Bu barədə 2 sübut var: 1) səs yazısı; 2) işə davamiyyətin qeydiyyat jurnalı.
14. İşə davamiyyətin qeydiyyatı jurnalından görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının adının qarşısında işçinin imzası üçün nəzərdə tutulan yerdə “işə gəlməməsi tapşırıldı” yazılıb. Bu səbəbdən də iddiaçının həmin jurnalı imzalaması mümkünsüz olub.
15. İddiaçı heç bir üzrlü səbəb olmadan işə gəlməməkdə təqsirləndirilə bilməz. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddənin “a” bəndində göstərilmiş əsaslar yoxdur.
16. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh MMC (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərilən hallar həqiqətə uyğun deyil. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasını onun öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi olmuşdur. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, o işlədiyi dövrdə iş yoldaşları ilə münasibətləri normal olmamış, lakin mağazanın inzibatçı gəldikdən sonra onunla yola getməmiş və onu işdən çıxarmaq qərarına gəlmişdir. İddiaçı ona qarşı rəhbərlik tərəfindən təzyiqlərin başlanmasına dair iddiası əsassızdır. Belə ki, X3 inzibatçısı X2 xx.xx.2020-ci ildən həmin mağazanın inzibatçı vəzifəsinə təyin ed ilmiş, xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçı mütəmadı olaraq müxtəlif vaxtlarda işə vaxtında gəlməmiş və yaxud iş vaxtı bitməmiş heç kimə məlumat vermədən çıxıb getmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən, xx.xx.2022-ci il tarixinə qədər üzrsüz olaraq iş buraxmışdır. Üzrsüz iş buraxma halı ilə bağlı işçiyə xx.xx.2022-ci il tarixli, 1086/K saylı bildiriş məktubu göndərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı 10 fevral 2022-ci il tarixli 1086/K saylı məktub ünvanlayaraq onun xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə qədər işəgötürənə heç bir məlumat vermədən işlədiyi X4 işə gəlməyərək, icazəsiz iş günü buraxdığını, etdiyi pozuntunun, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən birtərəfli q aydada xitam verilməsinə əsas olduğu bildirilmişdir. İddiaçı tələb edilmişdir ki, bu bildirişi poçt vasitəsi ilə aldıqdan sonra, 3 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq, sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etsin. Əks halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-cimaddəsinin «ç» bəndinə əsasən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. İddiaçı üzrsüz iş günü buraxmanı əsaslandıran heç bir sənəd təqdim etməmiş, Cavabdeh MMC-nin direktoruna işə gəlməməsi ilə bağlı izahat yazmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzrsüz iş g ünləri buraxdığını etiraf edərək, buraxılmış həmin iş günlərinin üzrlü hesab edilməsini xahiş etmişdir. Bundan sonra işçi İddiaçı işinə qayıtmaması və bir daha belə hallara yol verməməsi barədə şifahi qaydada bildirilmişdir. Bundan sonra, İddiaçı işə gəlməməkdə davam etmiş və bu hal xx.xx.2022-ci il tarixədək davam etdirmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixə qədər olan müddət üzrə xəstəlik vərəqəsi təqdim etmişdir. ******* nömrəli xəstəlik vərəqəsinə əsasən, İddiaçı 22 fevral 2022-ci il işə başlama tarixi müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixinə qədər X4 işə gəlməmişdir. İşçiyə qeyd olunan üzrsüz iş buraxma günləri ilə bağlı xx.xx.2022-ci il tarixdə 11653/K saylı məktub göndərilmişdir. İddiaçı buraxma halı ilə bağlı izahat təqdim etməmiş, üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İşçi İddiaçı işəgötürənə məlumat vermədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üzrsüz iş günü buraxmışdır. İşçiyə qeyd olunan üzrsüz iş buraxma günləri ilə bağlı xx.xx.2022-ci il tarixdə 11653/K saylı məktub göndərilmişdir. İddiaçı üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İşçinin yol verdiyi pozuntu, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsas olduğu bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsi yalnız iddiaçının xx.xx.2022 -ci il tarixdən, xx.xx.2022-ci il tarixə qədər olan dövrlər üzrə işə gəlməməsinə münasibət bildirmiş, xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixinə qədər olan dövr üzrə gəlməməsinə münasibət bildirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsiəsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozu lmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı etiraz verərək, şikayətin təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişidirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
20. Maddə 70, ç bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sa dalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
21. Maddə 72, a bəndi Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
22. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarı lması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işə gəlməməsinin səbəblərini araşdıraraq iddiaçının həmin dövr ərzində işə gəlm əməsini üzrlü hesab etməklə əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndində və 72-ci maddənin “a” bəndində göstərilmiş əsasların olmadığını bildirərək iddianın təmin olunması barədə nəticəyə gəlmişdir.
34. Məhkəmə tərkibi aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə işin həqiqi hallarına və hərtərəfli yoxlanılmış və qiymətləndirilmiş sübutlara uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz.
35. Əmək müqaviləsinə xitam verilməsi barədə 18 mart 2022-ci il tarixli, 360/5 nömrəli əmrin verilməsinə əsas Cavabdeh MMC-nin X5 müdirinin 18.03 2022-ci il tarixli və həmin MMC-nin X3 inzibatçısının xx.xx.2022-ci il tarixli təqdimatları olmuş, həmin təqdimatların verilməsinə əsas kimi iddiaçının xx. xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək üzrsüz işə gəlməməsi göstərilmişdir.
36. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr aralığında işə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir.
37. Həmçinin, işdən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üzrə xəstəlik vərəqəsi təqdim etmişdir. ******* nömrəli xəstəlik vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il işə başlama tarixi müəyyən edilmiş, lakin iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər işə gəlməmişdir. İddiaçıya qeyd olunan üzrsüz iş buraxma günləri ilə bağlı xx.xx.2022-ci il tarixdə 11653/K saylı məktub göndərilmiş, iddiaçı iş buraxma halı ilə bağlı izahat təqdim etməmiş, üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd təqdim etməmişdir.
38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
39. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövrlər üzrə işə gəlməməsinə münasibət bildirmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə işə gəlməməsinə dair işin halına hüquqi qiymət verməmiş və öz qətnaməsində bu hala münasibət bildirməmişdir.
40. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
41. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamə nin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1226/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.