Məhkəmə qərarları › İş №2(102)-210/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-210/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-210/2022 16.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" X2nın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, məmulatın qüsuru, qüsurlu məmulatın qəbul edilməsinin nəticələri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh və vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1300/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Sifarişçi” "xxxx" X2 ilə “Podratçı” Cavabdeh arasında 26 noyabr 2018-ci il tarixli 01 nömrəli işçilik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən onun qüvvədə olduğu müddət ərzində Usta, "xxxx" X2nın hörgü işlərini görməyi öhdəsinə götürür, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında ödənilmiş muzdun geri qaytarılması ilə bağlı aşağıdakı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 47.765 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etm işdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, "xxxx" X2 21 oktyabr 1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış, 04 yanvar 2005-ci il tarixdə isə vergi ödəyicisi qismində Bakı şəhər Vergilər Departamentinin 2 saylı Filialı tərəfindən qeydiyyata alınaraq hazırda da hündür mərtəbəli binaların tikintisi ilə məşğul olur. "xxxx" X2 şəhərsalma və tikinti qaydalarına əməl etməklə Bakı şəhər Zığ yolu 4 ünvanında yerləşən yaşayış kompleksində 18 mərtəbəli dörd bloklu (A, B, C və D) bina inşa etmişdir. Firma ilə Cavabdeh arasında hörgü və suvaq işlərinin görülməsinə dair 26.11.2018-ci il tarixli işçilik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən usta "xxxx" X2nın hörgü işlərini görməyi öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən binanın fasadının hörgü işlərinə görə hər bir kvadrat metr üçün 2 (iki) manat 20 qəpik, daxili arakəsmələrin hörgü işlərinə görə isə hər bir kvadrat metr üçün 2 (iki) manat, həmçinin binanın suvaq işlərinə görə hər bir kvadrat metr üçün 2 (iki) manat 20 qəpik nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun şəkildə işlərin görülməsi üçün "xxxx" X2ndan 486483 manat pul alınsa da, ümumilikdə 438718 manat dəyərində iş görülmüşdür. "xxxx" X2nın Zığ yolu 4 ünvanında yerləşən yaşayış kompleksinin tikintisində bloklar üzrə suvaq, hörgü və digər işlərin yerinə yetirilməsi vəziyyətinin Cavabdeh iştirakı ilə yoxlaması aparılmışdır. Yoxlama zamanı görülmüş iş həcmlərinə görə həqiqətən də Cavabdeh firmadan artıq pul aldığı müəyyən olunmuşdur. Binanın A blokunun 4-14-cü mərtəbələri üzrə faktiki olaraq 16955 kv.m suvaq işləri görülsə də Cavabdeh tərəfindən görülən işin həcmi 7437 kv.m artıq göstərilərək 24482 kv.m suvaq işinin hesabatı verilmişdir. Buna görə də ümumilikdə ona A bloku üzrə suvaq işlərinə görə 7437 kv.m x 2,2 manat = 16361,4 manat məbləğində artıq pul ödənmişdir. Həmçinin A blokunun 9-14-cü mərtəbələri üzrə görülən hörgü işlərinin həcmi də şişirdilmiş, bu səbəbdən nəticədə ona 367,7 kv.m x 2,0 manat = 735,4 manat artıq pul ödənmişdir. Bundan başqa binanın B blokunun 3-15-ci mərtəbələri üzrə faktiki olaraq 25184 kv.m suvaq işləri görülsə də Cavabdeh tərəfindən görülən işin həcmi 5923 kv.m artıq göstərilərək 31377 kv.m suvaq işinin hesabatı verilmişdir. Buna görə də ümumilikdə ona B bloku üzrə suv aq işlərinə görə 5923 kv.m x 2,2 manat = 13031 manat məbləğində artıq pul ödənmişdir. Həmçinin B blokunun 3-15-ci mərtəbələri üzrə görülən hörgü işlərinin həcmi də şişirdilmiş, bu səbəbdən nəticədə ona 237,8 kv.m x 2,0 manat = 475,6 manat artıq pul ödənmişdir. Bundan başqa binanın C blokunun 4-18-ci mərtəbələri üzrə faktiki olaraq 29255 kv.m suvaq işləri görülsə də Cavabdeh tərəfindən görülən işin həcmi 7705 kv.m artıq göstərilərək 37000 kv.m suvaq işinin hesabatı verilmişdir. Buna görə də ümumilikdə ona C bloku üzrə suvaq işlərinə görə 7705 kv.m x 2,2 manat = 16951 manat məbləğində artıq pul ödənmişdir. Həmçinin C blokunun 8-13-cü mərtəbələri üzrə görülən hörgü işlərinin həcmi də şişirdilmiş, bu səbəbdən nəticədə ona 247 kv.m x 2,0 manat = 494 manat artıq pul ödənmişdir. Bundan başqa bina nın D blokunun 4-18-ci mərtəbələri üzrə faktiki olaraq 30444 kv.m suvaq işləri görülsə də Cavabdeh tərəfindən görülən işin həcmi 7596 kv.m artıq göstərilərək 38250 kv.m suvaq işinin hesabatı verilmişdir. Buna görə də ümumilikdə ona D bloku üzrə suvaq işlərinə görə 7596 kv.m x 2,2 manat = 16711 manat məbləğində artıq pul ödənmişdir. Həmçinin D blokunun 4-18-ci mərtəbələri üzrə görülən hörgü işlərinin həcmi də şişirdilmiş, bu səbəbdən nəticədə ona 355,2 kv.m x 2,0 manat = 710,4 manat artıq pul ödənmişdir. Binada xarici pəncərələrin hörgü və suvağında pəncərə yerləri onun xeyrinə hesablanmışdır. Lakin mənzillərin daxili qapıları qoyulmadığından qapı qıraqlarına (künclük) suvaq vurulmamış, lakin pulu Cavabdeh tərəfindən alınmışdır. Həmçinin mərtəbələrdən bir-birinə keçmək üçün olan divarlar hörülməmişdir. Eyni zamanda aparılmış yoxlama zamanı Cavabdeh tərəfindən firmanın ofisində əlavə işlərin görüldüyü və həmin işlərin hesabatının aparılmadığı aşkar edilərək həmin görülən işlərin həcmi hesablanmış və 17704 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bununla da Cavabdeh görülən suvaq işlərinin həcmini artırmış və nəzərdə tutulmuş hörgü işlərini tam yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə işləri tam icra etməyib, işi yerinə yetirməyərək yarımçıq qoyub getmişdir. Buna baxmayaraq firma tərəfindən Cavabdeh 47765 manat artıq ödəmə həyata keçirilmişdir. Firma tərəfindən artıq ödənilmiş məbləğ geri tələb olunsa da cavabdeh bu günədək həmin pulu firmaya geri qaytarmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.3cü bəndinə əsasən müqavilədən irəli gələn mübahisələr tərəflərin qa rşılıqlı razılaşması ilə həll edilmədikdə tərəflərin aidiyyət qaydalarına əməl edilməklə məhkəməyə müraciət etmək hüququnun olması nəzərdə tutulmuşdur.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, "xxxx" X2 ilə aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun şəkildə işlərin görülməsi üçün ona 486483 manat pul ödənmişdir. Onun tərəfindən firmadan alınmış pul müqabilində suvaq və hörgü işləri tam olaraq yerinə yetirilmişdir. Görülmüş işlər hər iki tərəfin iştirakı ilə hesablanmış və bu barədə aktlar tərtib olunmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, onun cavabdehə müqavilədən irəli gələn heç bir borcu qalmamışdır. Firma tərəfindən görülmüş işlərin təkrarən hesablanması barədə ona məlumat verilmiş, görülən işlərin yenidən hesablanması ilə əlaqədar aparılmış ölçmə və hesablama işlərində iştirak etmişdir. Firmanın sonradan onun tərəfindən görülmüş suvaq işlərinin hesabatını hazırlayarkən və ölçmə işləri aparılarkən suvaq vurulmuş mənzillərdə qapı və pəncərə yerlərini çıxmaqla hesabat aparılmışdır. Halbuki təcrübədə qapı və pəncərə yerləri düşən divarlar bütöv divar kimi qəbul olunur. Firmanın əməkdaşları tərəfindən aparılmış hesabat isə bu qaydada aparılmadığına görə artıq ödəmə yaranmış və həmin artıq ödəməni ondan tələb edirlər. Bu səbəbdən də üzləşmə aktını imzalamamış, onun imzalamaqdan imtina etmişdir. Onun qənaətinə və apardığı hesabata görə əksinə firmanın ona təxminən 60000 manat məbləğində borcu qalmışdır.

6. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 15 oktyabr 2020-ci il tarixli, 2(017) -1068/2020 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 47765 manat pul vəsaitinin, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" X2na verilməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 21.2-ci, 385.1-ci, 443.1-ci, 448-ci, 759-cu maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir, lakin cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş şərtlər daxilində götürdüyü avansın əvəzinə üzərinə götürdüyü suvaq və hörgü işlərini başa çatdırılmalı olduğu halda yarımçıq qoyub gedmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Heydərov (sədrlik edən və mə ruzəçi), T.Kərimov və İ.Əhmədov) 06 iyul 2021-ci il tarixli, 2(106)-1300/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1068/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnamədə işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək maddi hüquq norlamalarının tətbiq ində səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnamə də qeyd etmişdir ki, “cavabdeh müqavilə üzrə öhdəliyini icra etməklə iddiaçıya müqavilə üzrə heç bir borcunun olmadığını bildirsə də, ona ünvanlanmış xəbərdarlıq məktubunu aldıqdan sonra işin davam etdirilməsi üçün iddiaçı şirkətə getdiyini, lakin şirkət tərəfindən onun iş görməyə buraxmadığını bildirməsi onun müqavilə üzrə öhdəliyin icra edilməsi və heç bir borcunun olmaması barədə etirazının dəlillərini təkzib edir. Belə ki, müqavilə üzrə öhdəliyi icra edərək, həmin müqavilə üzrə qarşı tərəf qarşısında borcu olmayan şəxsin müqavilə üzrə öhdəliyin icrasından ötrü xəbərdarlıq məktubundan sonra həmin şirkətə getməsi məntiqsizdir. Bu onun müqavilə üzrə öhdəliyinin vicdanlılığın tələb etdiyi tərzdə cavabdeh tərəfindən icra edilmədiyi qənaət ini qaçılmaz edir”. Halbuki məhz iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi aktlardan görünür ki, hər dəfə müəyyən işlər gördükdən sonra 4 nəfər iddiaçı şirkətin nümayəndəsi (tikinti sahəsində təcrübəyə malik şəxslərdən ibarət) və mənimlə iştirakımla görülən işlərə baxış keçirilmiş və görülən işləri tam şəkildə yerinə yetirildiyinə əmin olduqdan sonra akt tərtib edilmiş, akta 4 nəfər şirkət nümayəndəsi və cavabdeh imzaladıqdan sonra qeyd edilən akt şirkətin mühasibatlığına təqdim edilmiş və qeyd edilən akt əsasında cavabdehə gördüyü işlərin müqabilində pul ödənilmişdir. Şirkət heç vaxt görülən işləri tam təhvil almadan cavabdehə pul ödəməmişdir. Bunu şirkət tərəfindən təqdim edilmiş aktlar da sübut edir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

17. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

18. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun is tifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

19. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

20. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkət lərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

26. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik təl əb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

27. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

28. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. İddiaçı "xxxx" X2 bildirir ki, Bakı şəhər Zığ yolu 4 ünvanında inşa edilən 18 mərtəbəli dörd bloklu binada hörgü və suvaq işlərinin görülməsinə dair Cavabdehlə 26.11.2018-ci il tarixli müqavilə bağlamışlar. Görülmüş işlərə görə cavabdehə 486.483 manat pul ödəmişlər. Lakin sonradan apardıqları yoxlamalar nəticəsində aşkar etmişlər ki, Cavabdeh müqavilə üzrə işləri tam icra etməmişdir. Yerinə yetirilməyən işlərin həcmi 47.765 manat təşkil edir. Ona görə də ödədikləri puldan həmin məbləğdə vəsaiti cavabdehdən geri tələb edirlər.

34. Cavabdeh müqaviləyə uyğun şəkildə işlərin görülməsinə görə ona 486.483 manat pul ödənildiyini mübahisələndirmir. Bununla belə, bildirir ki, alınmış pul müqabilində suvaq və hörgü işlərini tam olaraq yerinə yetirmişdir. Görülmüş işlər hər iki tərəfin iştirakı ilə hesablanmış və bu barədə aktlar tərtib olunmuşdur. İddiaçı, hesabatını suvaq vurulmuş mənzillərdə qapı və pəncərə yerlərini çıxmaqla aparmış, lakin bununla bağlı ölçmə və hesablama işlərində onun iştirakı təmin edilməmişdir. Təcrübədə qapı və pəncərə yerləri düşən divarlar bütöv divar kimi qəbul olunur. Firmanın bu hesabla ortaya artıq ödənilmiş məbləğ çıxarması və ondan tələb etməsi əsaslı deyil. Onun qənaətinə və apardığı hesabata görə əksinə, firmanın ona təxminən 60.000 manat məbləğində borcu var.

35. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini vicdanlılı ğın tələb etdiyi tərzdə icra etməmişdir. Cavabdeh hesabat aparılarkən qapı və pəncərə yerlərinin çıxılmalı olmadığını bildirsə də bu barədə sübut təqdim etməmişdir. Əksinə, iddiaçı tərəf sübut vermişdir ki, suvaq işləri görülərkən əgər pəncərə və qapıların oturan yerinə suvaq vurulursa pəncərə və qapıların boşluqları kvadrat metrə daxil edilir və pul alınır. Həmin yerlərə suvaq vurulurmursa, onda qapı və pəncərələrin əhatə etdiyi sahələrə görə pul alınmamalıdır.

36. Kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə mübahisəli halların nədən ibarət olduğunu, buna müvafiq olaraq sübutetmə yükünün tərəflərdən hansının üzərinə düşdüyünü, həmin halların hansı sübutlarla təsdiqləndiyini, yekunda müəyyən edilmiş faktiki hallarla iddia tələbinin qanuni əsası arasındakı uyğunlu ğu lazımi şəkildə müəyyən etməmişlər.

37. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitəsinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

38. Tərəflərin bildirdiklə ri nəzərə alındıqda iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin podratla bağlı 752.1-ci, 762.1-ci, 766-cı maddələri və digər normaları nəzərdən keçirilə bilər (§ 15-20).

39. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

40. Hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında bağlanmış müqavilədə pəncərə və qapı boşluqlarının kvadrat metrə daxil olub-olmaması ilə bağlı razılaşmanın olub-olmaması, əgər yoxdursa bu xüsusuat üzrə mübahisənin hansı meyarlar üzrə həlli mühüm əhəmiyyət kəsb edir.

41. Belə ki, hər iki tərəf sözügedən məsələ ilə bağlı işgüzar adətlərə istinad edir, hətta iddiaçı bununla bağlı başqa bir tikinti şirkətinin verdiyi məlumatı sübut kimi təqdim etmişdir.

42. Odur ki, həmin hal müqavilə şərti, konkret və ya oxşar qanun norması yoxdursa, işgüzar adətlər də nəzərə alınmaqla müəyyənləşdirildikdən sonra cavabdehin pəncərə və qapı boşluqları ilə bağlı gördüyü işlərdə qüsurun olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, iddiaçı həmin boşluqlarla bağlı işlərin görülmədiyi halda pul ödənildiyini bildirir, cavabdeh isə bunu təkzib edərək gördüyü işlərin pulunu aldığını ifadə edir.

43. Görülmüş işin qüsurlu olub-olmaması, əgər varsa qüsurun məmulatın dəyərini nə qədər azaltması ilə bağlı mübahisəli hallar tərəflərin təqdim etdikləri sübutlarla və yaxud onların vəsatətləri əsasında dəvət edilən mütəxəssis, yaxud ekspertlərin mülahizə və rəyləri ilə yoxlanıla bilər.

44. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və y a maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 22-28).

45. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 773-cü maddəsinə görə, sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (§ 20).

46. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı görülmüş işlərə görə cavabdehə pul vəsaiti ödəmişdir.

47. Buna baxmayaraq apellyasiya məhkəməsi MM-in 773-cü maddəsinin şərtləri baxımından bir dəyərləndirmə aparmamış, sifarişçinin görülmüş işləri müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun təhvil alıb-almadığına, təhvil alınmış işlərdə qüsurların olub-olmadığına, habelə sifarişçinin təhvil-təslim anında məmulatın qüsurlu olduğunu bilib-bilmədiyinə müvafiq hüquqi qiymət verməmişdir.

48. Qeyd edilənlər ona dəlalət edir ki, məhkəmələr sadalanan maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 21, 29). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

49. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlər nəz ərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1300/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar