Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2173/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə, qanunun anologiyası, ər-arvadın əmlakının qanuni rejimi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9969/2021 nömrəli mülki iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 may 2022-ci il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) 2010-cu ildən faktiki nikah münasibətlərində olmaqla, 05.04.2011-ci il tarixdə bu nikahdan Elmir adlı uşaqları doğulmuş və 30.08.2013-cü il tarixdə nikahları qeydə alınmışdır. Sonradan ailə münasibətləri pozularaq, tərəflər ayrılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1245/2021 saylı, 12.02.2021-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan uşağın ananın yanında qalması və onun xeyrinə aliment tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
2. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) özbaşına tikili olmaqla, yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsininn 16.11.2006-cı il tarixli, 633 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 ayrılmış və sonuncu 23.09.2011-ci il tarixdə həmin torpaq sahəsinə sair iddiaçının adına 50 il müddətinə etibarnamə (digər səlahiyyətlərlə yanaşı, həmçinin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikmək, torpağın və evin özəlləşdirilməsi ilə bağlı onun adından hərəkətlər etmək səlahiyyətlərini nəzərdə tutan) vermişdir.
3. Bundan sonra, tərəflərin birgə nikahda olduğu dövrdə qeyd olunan torpaq sahəsi üzərində mübahisə predmeti olan fərdi yaşayış evi tikilmiş və tərəflər 2015-ci ildən həmin evə köçərək, orada yaşamağa başlamışlar.
4. Hazırda cavabdeh azyaşlı oğlu ilə birlikdə sözügedən evdə yaşayır. İddiaçı isə aralarında yaranmış ailədaxili münaqişələr nəticəsində evdən çıxaraq, başqa ünvanda kirayə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, nikahları pozulduqdan sonra cavabdeh ona mübahisəli evdə yaşamamağı və evin özünə məxsus olduğunu bildirmişdir. Qarşılığında evin birgə nikahda olduqları dövrdə onun tərəfindən tikildiyini və tikintisini şəxsən özünün təşkil etdiyini bildirsə də, cavabdeh bu nu inkar etmişdir. Tikinti sahəsində çalışdığı üçün evin tikintisinə sərf olunan materialları özü almış, hətta, az da olsa ustalıq etmişdir. Göründüyü kimi, onun evə olan hüquqları təkcə istifadə, habelə yaşamaq hüququnun mövcudluğu ilə məhdudlaşmır, həm də cavabdehlə birlikdə həmin evin ümumi birgə mülkiyyətçisidir. Buna baxmayaraq, hazırda başqa ünvanda 300 manata kirayədə yaşayır.
7. Cavabdeh isə, məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı ilə 2010-cu ildə nikaha daxil olmuş, 2011-ci ildə torpaq sahəsini öz vəsaiti hesabına etibarnamə əsasında almış və 2012-ci ildə tikinti işlərinə başlamışdır. İddiaçı yalnız bir fəhlə kimi evin inşasında iştirak etmiş, heç bir vəsait qoymamışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3429/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanun, şəxsi yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin əşya üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun.
10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə al ınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Əks yanaşma, yəni evin özbaşına tikili olmasına əsaslanmaqla iddiaçının həmin evə köçürülməsindən imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 25, 43-cü və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayət belə əsaslandırılmışdır ki, qətnamədə cavabdehin izahatı təhrif olunmuş, iddiaçının mübahisəli evin tikilməsində heç bir iştirakı olmamışdır. Bu faktı torpağı, tikinti materiallarını aldığı şəxslər, qonşular, habelə evi tikən ustalar təsdiq edə bilərlər. İddiaçı tikinti sahəsində çalışdığını göstərsə də, bu həqiqətə uyğun deyil, 20052015-ci illərdə rəsmi olaraq "xxxx" Firmasında reklam üzrə bölmə rəhbəri işləmişdir. Bundan başqa, iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəmədiyindən rəsmi axtarışda olmuş, bu barədə məhkəməyə bildirsə də, heç bir tə dbir görülməmişdir.
14. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, iddiaçı ilə ailə quraraq, bir müddət kirayə yaşadıqdan sonra 2011-ci ildə onun tərəfindən torpaq sahəsi alınmış, 2012-ci ildə həmin torpaq sahəsində anasıgil tərəfindən mübahisəli ev tikilmiş və onlar 2015-ci ildən tam hazır olmasa da, həmin evə köçmüşlər.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9969/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli evin cavabehə məxsus olmaqla onun vəsaiti hesabına tikilməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır.
17. İddiaçının axtarışda olmasına münasibətdə isə qeyd olunmuşdur ki, Sabunçu rayon İcra şöbəsi tərəfindən Sabunçu rayon Polis İdarəsinə müraciət olunaraq, iddiaçı barəsində axtarış işinə xitam verilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayət i ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin dəlilləri üzrə heç bir araşdırma aparılmadığı, cavabdehin təqdim etdiyi sübutların tədqiq edilmədiyi göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərli yinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz (İ-İV hissələr).
22. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (İ hissə). Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunve ricilik normaları tətbiq edilir (qanunun analogiyası).
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
28. Maddə
213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
29. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümu miliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respubikasının Ailə Məcəlləsi
31. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
33. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə e tdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
34. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirili r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi daş ınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi mövcud olmaqla, tərəflərin (ərarvad) birgə nikah dövründə tikilmişdir.
44. Belə olan halda, Kollegiyanın qənaətinə görə, hazırkı mübahisəyə qanunun analogiyası üzrə mülki və ailə qanunvericiliyinin ər-arvadın əmlak rejiminə dair normaları tətbiq olunmalı və nəzərə alınmalıdır ki, bu istiqamətdə qanuni prezumpsiya birgə nikah dövründə tikilmiş mübahisəli evin ər-arvadın ümumi birgə mülkiyyəti olması yönündədir. Əksi iddia onunduqda isə, bunu sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.
45. Hazırkı işdə cavabdeh əksini iddia etsə də, məhkəməyə bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, əksinə birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının evin tikintisində fəhlə kimi iştirak etdiyini bildirməklə, iddiaçının həmin əmlakın əldə olunmasında iştirakını qəbul etmişdir. Sonradan verdiyi şikayətlərdə məhkəmə tərəfindən izahatının təhrif olunuğunu bildirsə də, onun bununla bağlı məhkəmə iclas protokoluna qeydlər vermək hüququ olmuş, lakin bu hüququndan istifadə etməmişdir.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmaqla işin həqiqi hallarına uyğun olmuş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
47. Kassasiya şikayətində qeyd olunan dəlil lər isə, mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir.
48. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9969/2021 nömrəli mülki iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.