Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2209/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əsassız varlanma ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1436/2023 saylı, 13 fevral 2023-cü il tarixli qətnaməsindən İddi açı2 Xalıq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 30 may 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 56 nömrəli müqaviləyə əsasən, icraçı Sumqayıt şəhəri, Bakı küçəsində inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binada yerləşən ümumi sahəsi 139.7 kv.m olan mənzili sifarişçiyə satmağı, sifarişçi isə bu müqavilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən 3 otaqlı, ümumi sahəsi 139.7 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 450 manat, mənzilin ümumi qiyməti 62.865 manat məbləğində məüyyən edilmişdir.
3. Bina xx.xx.2014-cü il tarixdə Dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir.
4. Sonradan həmin mənzil İddiaçı1 oğlu İddiaçı2 adına sənədləşdirilmişdir.
5. Sözügedən mənzilə dair İddiaçı2 Xalıq oğluna xx.xx.2016-cı il tarixdə texniki pasport, xx.xx.2016-cı il tarixdə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və orada mənzilin ümumi sahəsi 116.1 kv.m qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmiş 10.620 manat və 152 manat dövlət rüsumunun, ümumilikdə isə 10.772 manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, çıxarış alan zaman iddiaçıya məlum olmuşdur ki, daşınmaz əmlakın ümumi sahəsi 116.1 kv.metr olmuşdur. Cavabdeh 139.7 kv.metr yaşayış sahəsi olduğunu müqavilədə göstərsə də, faktiki olaraq yaşayış sahəsi 116.1 kv.metr olmuşdur. İddiaçı 23.6 kv.metr yaşayış sahəsinin pulunu (hər kv.metrə görə 450 manat) əlavə olaraq cavabdehə ödəmişdir.
8. Cavabdeh iddiaya qarşı etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək bildirmişdir ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 23.6 kv.m əskik olduğunu göstərmişdir. Əvvəla mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, te rras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtb edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələr qeyd edilsə də, mənzilin ümumi sahəsi qeyd edilərkən azalma əmsalları əsasında müəyyən olmuş sahə əsas götürülür. Texniki pasporta əsasən azalma əmsalı tətbiq edilmədən dəhliz 22.9 kv.m, yaşayış otağı 25.7 kv.m, lociya 4.1 kv.m (azalma əmsalı ilə 4.1 kv.m x 0.5 əmsal = 2.1 kv.m), mətbəx 15.6 kv.m, sanitar qovşağı 5.7 kv.m, sanitar qovşağı 5.1 kv.m, yaşayış otağı 20.9 kv.m, yaşayış otağı 15.6 kv.m və lociya 4.9 kv.m (azalma əmsalı ilə 4.9 kv.m x 0.5 əmsal = 2.5 kv.m) olmaqla, cəmi 120.5 kv.m müəyyən edilmişdir. Texniki pasportda mənzilin ara divarların altındakı sahələr nəzərə alınmamışdır. İddiaçı isə hətta ara və bayır divarların altındakı sahələr nəzərə alınmadan mövcud olan 120.5 kv.m sahə ilə kifayətlənməyərək, əskik sahənin 23.6 kv.m olmasını qeyd etmişdir və həmin məbləğə görə 10.772 manat maddi ziyan tələb etmişdir. Halbuki, heç bir əlavə sübutetməyə ehtiyac olmayan texniki pasportda ümumi sahə qeyd edilmişdir. Müqavilədə mənzilin sahəsi 139.7 kv.m göstərilmişdir və bu sahə mənzilin bayır və ara divarlarının altındakı sahələr nəzərə alınmaqla hesablanmışdır. Hesab edir ki, iş üzrə ekspertiza təyin edilərək ara və bayır divarların altındakı sahələr nəzərə alınmaqla və azalma əmsalı tətbiq edilmədən mənzilin ümumi sahəsinin həqiqətən də 139.7 kv.m olması qənaətinə gəlmək mümkündür. Təbii ki, qarşı tərəf bu cür hesablanmanın qanunsuz və şəhərsalma qanunvericiliyinə uyğun olmaması fikrini bildirə bilər. Lakin qeyd edilməlidir ki, əqd və ya onun hər hansı bəndi nə qədər ki, etibarsız hesab edilməyib, həmin anadək onun hüquqi qüvvəsi əqdin tərəfləri üçün qüvvədədir. Qeyd edilənlərlə yanaşı, iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Belə ki, iddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda, 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə, “Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Odur ki, iddia müddətinin tətbiqi, hazırkı halda iddianın rədd edilməsi əsaslarından biri kimi çıxış edir və hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hətta hazırkı mübahisəyə əsassız varlanmadan irəli gələn müddətin deyil, müqavilədən irəli gələn mübahisələr üzrə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiqi fikri ortaya atılarsa, yenə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Belə ki, müqavilədən göründüyü, kimi iddiaçı mənzili xx.xx.2013-cü il tarixdə almışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə mülkiyyət hüququna dair çıxarış və xx.xx.2016-cı il tarixli texniki pasport almışdır. Mülkiyyət hüququna dair çıxarış və texniki pasportda mənzilin sahəsi açıq şəkildə qeyd edilmişdir və iddiaçı sənədlərdə qeyd edilmi ş sahənin ölçüsünü görmədiyini inkar edə bilməz. İddiaçı iddianı xx.xx.2022-ci il tarixdə qaldırmışdır (iddia ərizəsindəki tarixə əsasən). Buna görə də hesab edir ki, mübahisəsiz sənəd olan mülkiyyət hüququna dair çıxırışın və texniki pasportun alınması tarixləri iddia müddətinin axımının başlanğıc tarixi kimi nəzər alınmalıdır. Beləliklə, xx.xx.2016-cı il tarixdən (texniki pasportun alındığı tarix və ya çıxarışın alındığı xx.xx.2016-cı il) etibarən iddia müddətinin axımı başlamaqla əsassız varlanmaya görə qanunla müəyyən edilmiş 2 illik iddia müddətinin sonuncu günü xx.xx.2018-ci il tarixdə bitmişdir (əgər bu münasibətə adi iddia müddəti kimi yanaşılıb 3 illik müddəti tətbiq edərsək, müddət xx.xx.2019-cu ildə bitmiş olacaq). Halbuki, iddia müddətinin axımının mübahisəsiz olması məqsədi il ə hüquq müəyyənedici sənədlərin alındığı tarixdən göstərilsə də, əslində müddətin axımı faktik olaraq mənzil iddiaçıya təhvil verildiyi tarixdən başlamışdır. Belə ki, bina 2014-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən istismara qəbul edilmiş və həmin tarixdən etibarən mənzil sakinlərin faktiki istifadəsinə verilərək təmirə buraxılmışdır. Beləliklə, mənzil istismara verildiyi tarixdən etibarən iddiaçı bu mənzilə daxil olmaq, ölçü işi aparmaq və s. hüquqları faktiki olaraq mövcud olmuşdur. İddiaçı hüququnun pozulduğunu bilməli olduğu vaxtdan heç bir tədbir görməmiş və məsələ barədə heç bir iddia qaldırmamışdır. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci i l tarixli, 2(004)- 5276/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin olunmamışdır.
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü tərəflər arasında daha kiçik sahəli olduğu iddia edilən mənzilə dair müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmış, bina 2014-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən istismara qəbul edilmiş və həmin tarixdən etibarən mənzil sakinlərin faktiki istifadəsinə verilərək təmirə buraxılmışdır. Sözü gedən mənzilə dair İddiaçı2 Xalıq oğluna xx.xx.2016-cı il tarixdə texniki pasport, xx.xx.2016-cı il tarixdə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və mənzilin sahəsi 116.1 kv.m qeyd edilmişdir. Bunu nla belə iddiaçılar həmin tarixlərdən sonra cavabdehə qarşı mənzilin sahəsinin əskik olduğuna dair, başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair hər hansı tələb irəli sürməmiş, yalnız xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmasından və mənzilin təhvil verilməsindən 9 ildən artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə çıxış etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsasdır. Məhkəmə ümumilikdə iddiaçıların iddia tələbini cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq edərək rədd etdiyindən, digər əsaslarla iddianın rədd edilməsinin əsaslandırılmasını zəruri hesab etməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 377.1, 382, 752.1, 766, 773, 776.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzili alan vaxt mənzilin sahəsinin 139,7 kv.m. olduğu onlara bildirilmiş və onlar da bu ölçüdə olan mənzilə görə hər kv.m. 450 manat olmaqla ödəniş etmişlər. Yalnız 2016-cı ilin oktyabr ayının 14-də həmin mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra mənzilin sahəsinin birdən birə 23,6 kv.m. az olduğunu görmüş və əvvəlcə elə bilmişdirlər ki, bu reyestr xidmətinin y ol verdiyi texniki səhvdir. Lakin 2017-ci ildə mənzildə ölçmə işləri apardıqdan və mütəxəssislə maraqlandıqdan sonra məlum olmuşdur ki, həqiqətən də cavabdeh satdığı mənzili 23,6 kv.m artıq ölçülü mənzil kimi təqdim etməklə onlardan əlavə pul almışdır. Şərifov X2 vətəndaşıdır və Azərbaycanda çox qala bilmədiyi üçün ora qayıtmış, sonradan baş vermiş pandemiya, səhhətində olan problemlər üzündən Azərbaycana gələ bilməmiş və yalnız 2021-ci ilin axırlarında yollar açıldığı üçün Azərbaycana gəlmiş və bundan sonra cavabdehə bu məsələ ilə bağlı pretenziya göndərmiş, bir neçə ay onun cavabını gözləmiş, lakin cavabdeh bu mübahisəni məhkəmədənkənar həll etmədiyi üçün məhkəməyə müraciət etmişdir. Ona hüquqlarının pozulması qeyd edilən evə dair çıxarışı alan vaxt, yəni 2016-cı ilin axırlarında məlum o lmuş, lakin səhhətində yaranmış problemlər, 2019-cu ilin dekabr ayından bu ilə qədər pandemiya səbəbindən yolların və gediş-gəlişin dayanması üzündən o, məhkəməyə müraciət edə bilməmişdir. Pandemiya şəraitində yolların bağlı olması, səhhətində baş qaldırmış problemlər məhkəməyə bu iddia müddətinin bərpası üçün tam əsas verdiyi halda məhkəmə bunu etməmiş və onun hüquqlarını pozan qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə bu halları nəzərə alaraq iddia müddətinin ötürülməsini üzrlü hesab edə bilərdi və bunun üçün real əsaslar da mövcuddur, lakin məhkəmə bu mübahisənin rahat həlli yolunu iddia müddətinin tətbiqində görərək onun əsaslı olan iddia tələbini rədd etmişdir. Konkret halda yaranmış mübahisə daşınmaz əmlakla bağlıdır, yəni burada iddia müddəti 6 il müəyyən olunur, onun üzürlü səbəblərd ən Azərbaycana gələ bilmədiyi müddətləri bu müddətdən çıxdıqda aydın olur ki, o hüquqlarının pozulduğunu bildiyi vaxtdan 3 il ərzində məhkəməyə müraciət etmiş, lakin məhkəmə bu halları nəzərə almamış, müddəti bərpa etməmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Xalıq oğlu (eyni zamanda digər iddiaçı X1 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və ona verilmiş suallara cavab olaraq bildirdi ki, mənzilə görə ödənişlər onun tərəfindən edilmiş, Rusiya vətəndaşı olduğu üçün ipoteka götürə bilməmiş və bu səbəbdən mənzilin müqaviləsi atasının – digər iddiaçının adına bağlanılmış, çıxarış aldıqdan sonra mənzilin sahəsinin az təhvil verildiyini aşkar etmiş, müqavilə və çıxarışda olan fərqi aşkar etdikdən sonra cavabdeh MTK-nı n rəhbərliyinə şikayətini bildirmiş, vəkili ona üç il iddia müddətinin və ilk olaraq etiraz yazmalı olduğunu bildirmiş, poçt vasitəsilə göndərdiyi etirazı cavabdeh qəbul etməmiş, Rusiyaya getdikdən sonra üç ildən sonra qayıda bilmiş, 2015-ci ildə xəsarət almış, pandemiyadan sonra yol açıldıqdan sonra Azərbaycana gəlmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1436/2023 nömrəli iş üzrə 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin ötürülməsinin üzrlü sayılmasının, yəni bərpasının da özünəməxsus halları vardır. Belə ki, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Üzrlü səbəblərə ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və s. aiddir. Əgər iddia müddətinin buraxılmasında öz səhlənkarlığına, diqqətsizliyinə görə vaxtında iddia qaldırmayan maraqlı şəxs özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddiaçı2 Xalıq oğlu məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddia müddəti ilə bağlı vəkili ona məlumat vermiş, buna baxmayaraq o, məhkəməyə özü, habelə nümayəndəsi və ya vəkili vasitəsilə vaxtında müraciət etməmişdir. Bundan başqa, iddia müddətinin son altı ayında ağır xəstəliyə düçar olması ilə bağlı hər hansı mötəbər sübut da məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mənzilin dəyəri İddiaçı2 Xalıq oğlunun bildirdiyinə əsasən onun tərəfindən ödənildiyinə görə digər İddiaçı1 hazırki pul tələbinə dair iddianı qaldırmağa subyektiv hüququ da yoxdur.
17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 377.1, 382, 752.1 və 776.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etira zın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı2 Xalıq oğlu (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
24. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
25. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutu lan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnı z məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmən in gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 Xalıq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1436/2023 nömrəli, 13 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.