Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2273/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-261/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Hərracın yekunları barədə 15 mart 2019-cu il tarixli protokola əsasən ipoteka saxlayan "xxxx" ASC ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 3 saylı evin 35 saylı mənzilini (yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 65, M2, m2) almış, 19 iyun 2019-cu il tarixdə bankın mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin banka məxsus mənzildə qeydiyyatda qalmaqla bankın mülkiyyət hüququnu pozmalarını əsas göstərərək onların mənzildən istifadə hüquqlarına xitam verilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6091/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.Ə.Səmədov) bankın iddiası təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək keçirilmiş hərracın nəticələrindən məlumatsız olmalarını, hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi tələbi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmələrini və hazırda işin həmin məhkəmənin icraatında olmasını əsas göstərərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103 )-261/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6091/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarını pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qa ydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, mübahisəli mənzil bank qarşısında kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş və mülkiyyətçi ilə birlikdə yaşayanlar tutmanın evə yönəldiyi və o, satıldığı təqdirdə evi tərk etmək barədə üzərlərinə öhdəlik götürmüşlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59. 3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Lakin cavabdehlər mənzili tərk etmə k barədə üzərlərinə götürdükləri öhdəliyi icra etməmişlər. Belə olduqda, bank əmlakın mülkiyyətçisi kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğundan, kollegiya iddianın təmin edilməsinin qanuni və əsaslı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-261/2021 nömrəli iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2273/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2273/2022
20.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver